Dünyanın bu günü - VİDEO
27 iyun 2020 09:16 (UTC +04:00)

Dünyanın bu günü - VİDEO

NATİQ SƏFƏROV

(1943-2004)

1. "Qızıl Qələm" mükafatı laureatı, tərcüməçi Natiq Əli oğlu Səfərov 1943-cü il iyunun 27-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə 1966-cı ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində texnik kimi başlayıb, burada kiçik redaktor və redaktor işləyib. Daha sonra "Azərbaycan" jurnalında ədəbi işçi, böyük redaktor, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ştatdankənar müxbir olub. "Yazıçı" nəşriyyatında bədii tərcümə şöbəsinin böyük redaktoru, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində şöbə müdiri, sədr müavini, 1989-1991-ci illərdə "Qanun" jurnalının baş redaktoru vəzifələrində çalışıb. Dünya ədəbiyyatından etdiyi peşəkar tərcümələri oxucular tərəfindən rəğbətlə qarşılanıb. Natiq Səfərov 2004-cü il sentyabrın 26-da dünyasını dəyişib.

YAVƏR ƏLİYEV

(1956-1992)

2. 27 iyun eyni zamanda Azərbaycanın Milli Qəhrəmanı Yavər Yaqub oğlu Əliyevin doğum günüdür. O, 1956-cı ildə Bakı şəhərində dünyaya gəlib. Pirallahı adasında 235 saylı tam orta məktəbi bitirdikdən sonra Kremençuq Aviasiya Məktəbinə daxil olub. Tükənməz səyi və zəhməti sayəsində müxtəlif tipli vertolyotların idarə olunmasını dərindən öyrənib. Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranmasında böyük əməyi olub. Bir neçə dəfə Qarabağa Mi-24 vertolyotundan düşmən mövqelərinə ağır zərbələr endirib. 1992-ci il fevralın 29-da vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində həlak olub və Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 14 sentyabr 1992-ci il tarixli fərmanı ilə Yavər Əliyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

MALİK ƏSƏDOV

(1962-1992)

3. Azərbaycanın Milli Qəhrəmanı Malik Hamil oğlu Əsədov 27 iyun 1962-ci ildə Yevlax rayonunun Havarlı kəndində doğulub. 1979-cu ildə orta məktəbi bitirdikdən sonra Qazaxıstanda hərbi xidmətdə olub. Qarabağ müharibəsinin başlanğıcında Xocalı, Əsgəran, Ağdam və Şuşa cəbhələrində döyüşüb. 1992-ci il yanvarın 18-də ermənilərin Şuşanın Nəbilər kəndinə hücumunu dəf edərkən qəhrəmancasına həlak olub və doğulduğu kənddə dəfn edilib. Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Malik Əsədov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif olunub.

RUSLAN MURADOV

(1973-1992)

4. Azərbaycanın Milli Qəhrəmanı Ruslan Həmid oğlu Muradov 1973-cü ilin bu günü Mingəçevir şəhərində dünyaya göz açıb. 1990-cı ildə burada 10 saylı məktəbi bitirdikdən sonra Mingəçevir Texniki Rezin Məmulatı zavodunda çalışıb. 1992-ci il 22 yanvar tarixdə Milli Ordu sıralarına daxil olub. Bir müddət hazırlıq keçdikdən sonra Ağdamın Papravənd kəndinə göndərilib və burada qızğın döyüşlərə qatılaraq kəndin erməni işğalçılarından azad edilməsində rol oynayıb. 1992-ci ildə Azərbaycana məxsus təyyarələrdən biri düşmən əlində olan əraziyə düşdüyündən yaralıları xilas etmək üçün aparılan əməliyyatda xüsusilə fərqlənib. Ruslan Muradov 1992-ci il 22 avqust Ağdam rayonunun Papravənd kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə ölümündən sonra ona "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Mingəçevir şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Bu şəhərdəki Texniki Humanitar Lisey qəhrəmanımızın adını daşıyır, burada büstü qoyulub.

KÖVKƏB SƏFƏRƏLİYEVA

(1907-1985)

5. Azərbaycanın ilk pianoçu-pedaqoqu, xalq artisti, professor Kövkəb Kamil qızı Səfərəliyevanın anım günüdür. O, 1907-ci il yanvarın 3-də Bakı şəhərində anadan olub. 1915-ci ildə Kövkəb Marinski adına ümumtəhsil məktəbinə daxil olub. 1916-cı ildə təhsilini musiqi texnikumunda davam etdirib. 1926-cı ildə dəvət edildiyi Türk Qadın Seminariyasında pedaqoji fəaliyyətinə başlayıb. Məhz bu seminariyada dahi bəstəkar Üzeyir Hacıbəyovla tanışlığı və birgə fəaliyyəti başlayıb. 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsini bitirib. 1937-ci ildə Konservatoriyanın nəzdində orta ixtisas musiqi məktəbini yaradıb və 1937-1952-ci illərdə onun direktoru olub. Bir sıra elmi-metodik dərsliklərin, fortepiano üçün külliyyatın tərtibçisi və musiqi haqqında məqalələrin müəllifidir. Bəstəkar Asəf Zeynallı ilə evli olan Kövkəb Səfərəliyeva 1985-ci ildə dünyasını dəyişib. Bakı şəhərindəki 16 saylı Uşaq Musiqi Məktəbi onun adını daşıyır.

TAĞI TAĞIYEV

(1917-1993)

6. Azərbaycanın xalq rəssamı Tağı Tağıyevin anım günüdür. O, 1917-ci il noyabrın 7-də dünyaya gəlib. 1931-1935-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, 1940-1941-ci illərdə Moskva Rəssamlıq İnstitutunda təhsil alıb. Azərbaycanda realist boyakarlığının yaradıcılarından olub. Əsasən tematik tablolar, natürmort, portret, mənzərə və məişət səhnələrinin müəllifi olub. Əsərləri Moskvada Şərq Xalqları İncəsənəti Muzeyində, Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında və digər muzeylərdə saxlanılır. Tağı Tağıyev 27 iyun 1993-cü ildə Bakı şəhərində vəfat edib.

SƏYAVUŞ ASLAN

(1935-2013)

7. Azərbaycanın xalq artisti, görkəmli teatr və kino aktyoru Səyavuş Məmmədağa oğlu Aslan da bu gün xatırlanır. O, 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulub. 1947-1953-cü illərdə müxtəlif dram dərnəklərində çıxış edib. 1954-cü ildə Musiqili Komediya Estrada Truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. 1959-cu ildə Bakıya qayıdıb və Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işə qəbul olunub. 1994-1996-cı illərdə uzun illər çalışdığı bu teatrın bədii rəhbəri işləyib. 1984-cü ildən Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Bir sıra filmlərdə yaddaqalan obrazlar yaradıb. Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü olub, "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif olunub. Səyavuş Aslan uzun sürən xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib. II Fəxri xiyabanda dəfn olunub.

SƏXAVƏT MƏHƏRRƏMOV

(1973-1992)

8. Azərbaycanın Milli Qəhrəmanı Səxavət Ələmdər oğlu Məhərrəmovun xatirə günüdür. O, 5 dekabr 1973-cü ildə Qərbi Azərbaycanın Şörəyel mahalında, Amasya rayonunun Qaraçanta kəndində anadan olub. 1988-ci ildə ailəsi ilə birlikdə Ermənistandan deportasiya olunub. Əvvəlcə Gürcüstanda, sonra Qaradağ rayonunun Lökbatan qəsəbəsində məskunlaşıb. 1991-ci ildə burada 106 saylı məktəbi bitirib. Milli azadlıq hərəkatının fəal üzvlərindən biri olub. 1992-ci il iyunun 27-də Ağdərənin Kiçik Qarabəy kəndi uğrunda döyüşlərdə düşmən mühasirəsinə düşüb və qəhrəmancasına həlak olub. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə Səxavət Məhərrəmov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

ƏHMƏD MEHBALIYEV

(1968-1993)

9. Qarabağ müharibəsi şəhidi Əhməd Suliddin oğlu Mehbalıyevin anım günüdür. O, 1968-ci il sentyabrın 1-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Qıvraq kəndində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsilini bitirdikdən sonra ali hərbi təhsil almaq üçün Kazana yollanıb. Buradakı Kazan Ali Tank Məktəbini 1989-cu ildə tank komandiri kimi leytenant rütbəsi ilə bitirib. Daha sonra Kiyevdə və Moskvada SSRİ-nin tank qoşunları diviziyalarında xidmət edib. Qarabağ müharibəsi başlayandan sonra Azərbaycana geri dönüb. Şuşa, Laçın, Qubadlı, Kəlbəcər və Tərtər bölgələrində gedən ağır döyüşlərdə iştirak edib. Taqım komandiri Əhməd Mehbalıyev 25 iyun 1993-cü ildə Ağdamın Qızıl Kəngərli kəndi uğrunda döyüşlərdə şəhid olub. Azərbaycan Prezidentinin 25 iyun 1994-cü il tarixli fərmanı ilə “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2410
avatar

Oxşar yazılar