Dünyada bu gün - VİDEO
08 oktyabr 2020 09:03 (UTC +04:00)

Dünyada bu gün - VİDEO

MARİNA SVETAYEVA

(1892-1941)

Məşhur rus şairi, filoloq və sənətşünas Marina Svetayeva 1892-ci il oktyabrın 8-də Moskvada doğulub. Kiçik yaşlarından şeir yazmağa başlayıb. ilk təhsilini Moskvada alıb, 16 yaşında Fransanın Sarbonna şəhərində qədim fransız ədəbiyyatı üzrə mühazirələrdə iştirak edib. “Axşam albomu” və “Sehrli çıraq” ilk şeir kitabları böyük rəğbətlə qarşılanıb. “Verstlər”, “Peşə”, “Gözəllər gözəli” kitablarında onun yaradıcılığı üçün səciyyəvi olan romantik məhəbbət, vətən və təbiət mövzuları əsas yer tutur. Rusiyada Oktyabr inqilabını qəbul etməyərək, 1922-ci ildə Praqaya mühacirət edib. 1925-ci ildə oradan Parisə köçüb. Kitabları bir çox dillərə, o cümlədən Azərbaycan dilinə tərcümə olunub. Marina Svetayeva 1939-cu ildə SSRİ-yə qayıdıb, 1941-ci il avqustun 31-də Tatarıstanın Yelabuqa şəhərində özünü asaraq intihar edib.

ÜMNİSƏ MUSABƏYOVA

(1902-1974)

Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, oftalmoloq, tibb elmləri doktoru, professor Umnisə Süleyman qızı Musabəyova 8 oktyabr 1902-ci ildə Qəbələdə anadan olub. Azərbaycan Dövlət Uni­versitetinin Tibb fakültəsində təhsil alıb. Azərbaycan Dövlət Tibb İnstitutunun Göz xəstəlikləri kafedrasında assistent, do­sent, professor və kafedra müdiri vəzifələrində çalışıb. 200-ə yaxın elmi əsərin, ilk dəfə Azərbaycan dilində yazılmış “Göz xəstəlikləri” dərsliyinin, terminoloji lüğətin, 3 monoqrafi­yanın, dərs və­saitləri və metodik tövsiyələrin müəllifi və həmmüəllifi olub. Bir sıra orden və medallarla təltif edilən Ümnisə Musabəyova 1974-cü il noyabrın 15-də Bakıda vəfat edib.

İSMƏT QAYIBOV

(1942-1991)

Müstəqil Azərbaycanın ilk baş prokuroru İsmət İsmayıl oğlu Qayıbov 8 oktyabr 1942-ci ildə Gəncədə anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin axşam şöbəsində təhsil alıb. Gəncə şəhərindəki 1 saylı orta məktəbi və Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1963-cü ildə əmək fəaliyyətinə başlayıb, Neft Maşınqayırması Layihə-Texnologiya İnstitutunda texnik və baş texnik işləyib. 1969-cu ildə Əli Bayramlı şəhər Komsomol Komitəsinin birinci katibi seçilib. 1971-ci ilin mart ayında Azərbaycan SSR-in prokurorluq orqanlarına qəbul olunub. 26 Bakı komissarı rayonunun prokuror köməkçisi, Şəhər Prokurorluğunda cinayət işlərinin baxılmasına nəzarət şöbəsinin prokuroru, Bakı Şəhər Prokurorluğunun ümumi nəzarət şöbəsinin rəisi vəzifələrində çalışıb. 1978-ci ildə İsmayıllı rayonunun prokuroru, 1982-ci ildə Əli Bayramlı şəhərinin prokuroru, 1987-ci ildə Sumqayıt şəhərinin prokuroru təyin olunub. 1990-1991-ci illərdə Azərbaycanın Baş prokuroru olub. “Şərəf nişanı” ordeni, “Rəşadətli əməyə görə” medalı ilə təltif edilib. III dərəcəli dövlət ədliyyə müşaviri İsmət Qayıbov 1991-ci il noyabrın 20-də Dağlıq Qarabağın Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Mİ-8 markalı vertolyotun ermənilər tərəfindən vurulması nəticəsində yüksək vəzifəli dövlət xadimləri ilə birlikdə həlak olub və I Fəxri Xiyabanda dəfn edilib. Gəncə şəhərində təhsil aldığı 1 saylı orta məktəb, Bakıdakı Bakıxanov qəsəbə stadionu, neft tankeri, ölkədə bir çox məktəb və küçələr onun adını daşıyır.

KAMİL NƏSİBOV

(1946-1992)

Azərbaycanın Milli Qəhrəmanı Kamil Baladə oğlu Nəsibov 1946-cı ilin bu günü Laçın rayonunun Bozlu kəndində anadan olub. 1963-cü ildə orta məktəbi Minkənd kəndində bitirdikdən sonra ordu sıralarına çağırılıb. Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsində təhsil alıb. Bozlu kəndində yerləşən Tikinti Materialları Bazasının müdiri olub. 1992-ci ildə Laçın erməni silahlı dəstələrinin hücumlarına məruz qaldığı zaman könüllülərdan ibarət özünümüdafiə bölüyü yaradıb. 30 nəfərdən ibarət bölük Sadınlar, Malıbəyli, Xanallar, Suarası kəndlərinin müdafiəsində böyük rəşadət göstərib. Kamil Nəsibov 1992-ci il iyunun 29-da Qonaqgörməz yüksəkliyi uğrunda gedən qanlı döyüşlərdə şəhid olub və Ağcabədi rayonunda dəfn edilib. Azərbaycan Prezidentinin 5 fevral 1993-cü il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

ELŞAD HÜSEYNOV

(1960-1992)

Azərbaycanın Milli Qəhrəmanı Elşad Eynulla oğlu Hüseynov 1960-cı il oktyabrın 8-də Masallı rayonunun Xıl kəndində anadan olub. 1978-ci ildə burada məktəbi bitirib və sovxozda işləyib. 1979-1981-ci illərdə Batumidə hərbi xidmətdə olub. Daha sonra Bakıda DİN-in milis nəfəri kimi işə qəbul edilib. Ermənilərin doğma torpaqlarımıza təcavüzü başlayandan sonra cəbhəyə yola düşüb. Cuvarlı, Ağbulaq və bir çox başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşub. 1992-ci il iyunun 15-də Ağdam-Fərrux istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olub və doğulduğu kənddə dəfn edilib. Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Masallı rayonunda adına küçə var, büstü qoyulub.

TOĞRUL ŞAHTAXTİNSKİ

(1925-2010)

AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, kimya elmləri doktoru, professor Toğrul Nemət oğlu Şahtaxtinskinin anım günüdür. O, 1925-ci il oktyabrın 22-də Bakı şəhə­rində anadan olub. Azərbaycan Sənaye İnstitutu­nun Kim­ya-texnologiya fakül­təsində təhsil alıb. Azərbaycan SSR EA Neft-Kimya Prosesləri İnstitutun­da elmi işlər üzrə direktor müavini, labora­toriya müdiri, Mono­merlər şöbəsinin, Naxçıvan Elmi Mərkəzinin rəhbəri, Azərbay­can SSR EA Kimya Texno­logiyasının Nəzəri Problemləri İnstitu­tunun, Kimya Problemləri İns­titutunun direktoru, Azərbaycan EA Kimya Elmləri Bölməsinin akademik-katibi və AMEA-nın akademik-katibi, “Azərbaycan kimya jurnalı”nın baş redaktoru vəzifələrində çalışıb. 500 elmi əsərin, o cümlədən 120-dən çox ixtira və pa­tentin, 12 monoqrafiyanın müəllifidir. Dəfələrlə Bakı Şəhər Sovetinin deputatı seçilib. “Şərəf nişanı, “Xalq­lar Dostluğu”, “Şöhrət”, “İstiqlal” ordenləri, “Fədakar əməyə görə” medalı, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. Toğrul Şahtaxtinski 8 oktyabr 2010-cu ildə Bakıda vəfat edib.

QARA MUSTAFAYEV

(1931-2018)

Biologiya elmləri doktoru, professor, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki Qara Teyfur oğlu Mustafayevin xatirə günüdür. O, 25 dekabr 1931-ci ildə Kürdəmir rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini bioloq-zooloq ixtisası üzrə bitirib. 1958-1960-cı illərdə AMEA-nın Zoologiya İnstitutunda elmi işçi, 1960-cı ildən ömrünün sonunadək Bakı Dövlət Universitetinin biologiya fakültəsində baş müəllim, dosent, dekan müavini, dekan və kafedra müdiri vəzifələrində çalışıb. 600-dən çox məqalə və 65 kitabın müəllifidir. Uzun illər Azərbaycan Dövlət Televiziyasında “Təbiəti sevənlər” verilişini aparıb. "Şöhrət" ordeni ilə təltif olunan Qara Mustafayev 8 oktyabr 2018-ci ildə dünyasını dəyişib.

ƏLİBALA HACIZADƏ

(1935-2009)

Görkəmli Azərbaycan yazıçısı, filologiya elmləri namizədi Əlibala Qüdrət oğlu Hacızadə də bu gün xatırlanır. O, 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Rayonun Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil alıb. "Mənim müəlliməm" adlı ilk hekayəsi 1956-cı ildə "Gəncliyin səsi" almanaxında dərc olunub. Əmək fəaliyyətinə 1958-ci ildə Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi kimi başlayıb. Əfqanıstanda tərcüməçi kimi çalışdığı illərin məhsulu olan "İtkin gəlin", "Əfsanəsiz illər" və "Ayrılığın sonu yoxmuş" romanlarından ibarət trilogiya ona böyük şöhrət qazandırıb. "İtkin gəlin" romanı əsasında yazdığı ssenarisinə 12 seriyalı bədii televiziya filmi çəkilib. "Təyyarə kölgəsi", "Vəfalım mənim" və "Möcüzə" romanlarının müəllifidir. Ömrünün son illərini Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda çalışıb. Əlibala Hacızadə 8 oktyabr 2009-cu ildə vəfat edib.

KAMİL MƏHƏRRƏMOV

(1941-1993)

Azərbaycanın teatr və kino aktyoru Kamil Fərman oğlu Məhərrəmovun anım günüdür. O, 9 may 1941-ci ildə Şamaxıda dünyaya gəlib. Ailəsi ilə birlikdə Bakıya köçdükdən sonra rejissor Lütfi Məmmədbəyovun teatr dərnəyinə yazılıb. Energetika Texnikumunda, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda təhsil alıb. Peşəkar karyerasına Sumqayıt teatrında başlayıb. “Axırıncı aşırım”, “Bəyin oğurlanması”, “Dərviş Parisi partladır”, “Yol əhvalatı”, "Mən mahnı qoşuram" və başqa filmlərdə, eləcə də "Mozalan" satirik kinojurnalında yaddaqalan obrazlar yaradıb. Kamil Məhərrəmov 1993-cü il oktyabrın 8-də Sumqayıtda vəfat edib.

ELXAN ƏHƏDZADƏ

(1948-2010)

Azərbaycanın xalq artisti, müğənni və aktyor Elxan Yəhya oğlu Əhədzadənin xatirə günüdür. O, 30 yanvar 1948-ci ildə Bakıda musiqiçi ailəsində doğulub. İlk sənət təhsilini 1967-ci ildə açılan “Azərbaycanfilm” Kinostudiyasının kino aktyoru kursunda Ədil İsgəndərovun sinfində alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili komediya aktyoru fakültəsini bitirib. 1969-cu ildə Rus Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və bir çox tamaşalarda çıxış edib. Opera və Balet Teatrının, Musiqili Komediya Teatrının səhnələrində bir çox yaddaqalan obrazlar yaradıb. Elxan Əhədzadə 2010-cu ilin oktyabrın 8-də Bakıda vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 679
avatar

Oxşar yazılar