Dünyada bu gün - VİDEO
16 sentyabr 2020 09:04 (UTC +04:00)

Dünyada bu gün - VİDEO

MİXAİL KUTUZOV

(1745-1813)

 

Məşhur rus sərkərdəsi, dövlət xadimi və diplomat, geenral-feldmarşal Mixail İllarionoviç Kutuzov-Qolenişşev 1745-ci il sentyabrın 16-da Sant-Peterburqda anadan olub. Artilleriya mühəndisliyi məktəbində təhsil alıb. 1762-ci ildə Aleksandr Vasilyeviç Suvorovun başçılıq etdiyi Həştərxan Piyada Alayına rota komandiri təyin olunub. 1764-1765-ci illər Rusiya-Polşadakı müharibəsində, 1768-1774-cü, 1787-1791-ci və 1806-1812-ci illər Rusiya-Türkiyə müharibələrində iştirak edib. Borodino döyüşü zamanı Napoleon ordusuna qarşı rus qoşunlarına komandanlıq edib. Mixail Kutuzov 1813-cü il aprelin 28-də Polşada vəfat edib və iyunun 25-də Sankt-Peterburqda dəfn olunub.

 

 

İZZƏT ORUCZADƏ

(1909-1983)

 

Azərbaycanın ilk milli kinoaktrisası, texnika elmləri doktoru, professor, əməkdar elm və texnika xadimi, akademik İzzət Mirzəağa qızı Oruczadə 16 sentyabr 1909-cu ildə Bakı şəhərində doğulub. 1932-1959-cu illərdə Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda işləyib, 1959-1967-ci illərdə həmin institutun əsasında yaradılan Neft Kimyası Prosesləri İnstitutunun laboratoriya müdiri, 1967-1997-ci illərdə Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru, 1971-1983-cü illərdə isə Aşqarlar Kimyası İnstitutunda motor yağları üçün aşqar kompozisiyaları hazırlama laboratoriyasının müdiri vəzifələrində çalışıb. Cəfər Cabbarlının tövsiyəsi ilə ilk azərbaycanlı aktrisa olaraq “Sevil” və “Almaz” filmlərində baş rollarda çəkilib. 1935-ci ildə qonşuluğunda yaşayan Mövsüm İsmayılzadə adlı həkimlə ailə qurub. Lakin 1937-ci ildə Mövsüm İsmayılzadə "xalq düşməni" damğası ilə həbs edilib. Əvvəlcədən həbs olunacağını hiss edən əri dərhal boşanmaya ərizə verib, bununla da İzzət Oruczadə və körpə oğlu Yılmaz sürgün təhlükəsindən xilas olub. Dövrünün ən nüfuzlu ordenləri və bir sıra medalları ilə təltif edilən İzzət Oruczadə Validə Tutayuqdan sonra Azərbaycanda ikinci qadın akademikdir. O, 1983-cü il aprelin 22-də Bakıda vəfat edib. Paytaxtda “Nizami” metro stansiyasının qarşısındakı “Azad qadın” heykəli onun “Sevil” filmində yaratdığı obrazın prototipidir.

 

 

SALEH QAZIYEV

(1893-1971)

 

Azərbaycan arxeoloqu, tarix elmləri namizədi Saleh Mustafa oğlu Qazıyev 1893-cü ilin bu günü Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. Əvvəlcə mollaxanada, sonralar kənddə açılmış "Rövzət-ül-Maarif" adlı məktəbdə, 1928-1932-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda, 1935-1938-ci illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan filialının aspiranturasında oxuyub. Müxtəlif illərdə məktəb və texnikumlarda müəllim, şöbə müdiri, direktor müavini və direktor vəzifələrində çalışıb. Tarix Muzeyinin elmi işçisi, direktoru, Azərbaycan EA Tarix İnstitutunun arxeologiya və etnoqrafiya şöbəsinin rəhbəri olub, Mingəçevir arxeoloji ekspedisiyasına başçılıq edib. 40-dan çox elmi əsərin və məqalənin müəllifi, Azərbaycanda arxeologiyaya aid ilk sanballı əsər olan "Azərbaycan arxeologiyası"nın müəlliflərindən biridir. Saleh Qazıyev 1971-ci il iyulun 17-də Bakıda vəfat edib.

 

 

GÜLLÜ ƏBİLOVA

(1924-1994)

 

Azərbaycan arxeoloqu, tarix elmləri namizədi Güllü Əbil qızı Əbilova 1924-cü il sentyabrın 16-da Bakıda neftçi ailəsində dünyaya göz açıb. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb, daha sonra bu ali məktəbin arxeologiya kafedrasında fəaliyyətə başlayıb. Tarix Muzeyində elmi və təşkilati fəaliyyətlə məşğul olub. İlk dəfə olaraq Azərbaycan dilində arxeologiya fənninə aid dərs proqramını çap etdirib. Azərbaycanın ayrı-ayrı bölgələrinə arxeoloji səfərlər edib, Mingəçevir və Gədəbəy qazıntıları xüsusilə uğurlu olub. Güllü Əbilova 1994-cü il iyulun 17-də vəfat edib.

 

 

VASİF BABAYEV

(1940)

 

Azərbaycanın xalq artisti, televiziya və kino rejissoru Vasif Hacağa oğlu Babayev 1940-cı il sentyabrın 16-da Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda və Leninqrad Televiziyası nəzdində ali televiziya rejissoru kurslarında təhsil alıb. Müxtəlif illərdə Azərbaycan Televiziyasında rejissor köməkçisi, assistent, rejissor, baş rejissor, bədii rəhbər, "MİR" Dövlətlərarası Teleradio Şirkətinin direktoru, "SARA" Müstəqil Teleradio Şirkətinin icraçı direktoru, Moskvada Rusiyanın "İNTER-AZ" Müstəqil Teleradio Şirkətinin vitse-prezidenti vəzifələrində çalışıb. 40-a yaxın sənədli filmin müəllifi və rejissoru olub, müxtəlif janrlarda yüzlərlə veriliş və proqramlar hazırlayıb. Bir çox filmi müxtəlif kinoforumlarda mükafatlara layiq görülüb. Vasif Babayev görkəmli televiziya və kino rejissoru Arif Babayevin qardaşıdır.

 

 

ZAKİR MİRZƏYEV

(1943)

 

Azərbaycanın əməkdar artisti, qarmon ifaçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zakir Qulam oğlu Mirzəyev 1943-cü ilin bu günü Bakıda doğulub. 7 yaşından qarmon ifaçılığı sənətini öyrənməyə başlayıb. Bakıdakı 36 №li orta məktəbi və Azərbaycan İncəsənət İnstitutunu bitirib, daha sonra Sumqayıt Musiqi Texnikumunda qarmon ixtisası üzrə müəllim təhsili alıb. 1953-1957-ci illərdə Bakıda keçirilən baxış və olimpiadalanda, 1959-cu ildə Moskvada keçirilən “Azərbaycan Mədəniyyətinin Ongünlüyü Dekadası”na hazırlıq məqsədilə keçirilən festival baxışında iştirak edib, birinci dərəcəli medal və fəxri fərmanlarla təltif olunub. Bakı Musiqi Kollecində və Azərbaycan Dövlət Konsert Birliyində işləyib. Bir çox əsərlərin, tezis və məqalələrin müəllifidir. Zakir Mirzəyev Azərbaycan Radiosunun “qızıl fond”una daxil olmuş 135-ə qədər musiqi nümunəsi ifa edib, 100-ə qədər rəqs musiqisi bəstələyib, onlardan 50-dən çoxu müntəzəm şəkildə radio və televiziya kanallarında səsləndirilir.

 

 

ÖMƏR MUXTAR

(1860-1931)

 

Liviyada İtaliya işğalına qarşı mübarizənin lideri, "Səhra Aslanı" ləqəbli Ömər Muxtarın anım günüdür. O, 20 avqust 1860-cı ildə Liviyanın dağlıq bölgəsi Cəbəl Ahdarda dünyaya gəlib. Mədrəsədə və İslam Elmləri Akademiyasında dini təhsil alıb. 1899-cu ildə Çadda fransızların müstəmləkə və missionerlik fəaliyyətinə qarşı silahlı mübarizə aparıb. 1911-ci ildən Liviyanın İtaliya tərəfindən işğalına qarşı silahlı mübarizəyə qoşulub. 1923-cü ildən müqavimət hərəkatına rəhbərliyi üzərinə götürüb. Ömər Muxtar 1931-ci il sentyabrın 11-də faşist İtaliyasının ordusu tərəfindən əsir götürülüb və məhkəmənin qərarı ilə sentyabrın 16-da əsir düşərgəsində tərəfdarlarının gözü qarşısında edam olunub.

 

 

BAHADUR ƏLİYEV

(1933-2002)

 

Aktyor Bahadur Atabala oğlu Əliyevin xatirə günüdür. O, 1933-cü il fevralın 24-də Masallı rayonunun Sığıncaq kəndində dünyaya göz açıb. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Kino və dram aktyorluğu fakültəsində təhsil alıb. 50 ilə yaxın “Azərbaycanfilm” kinostudiyasında çalışıb. 80-dək filmdə rol alıb və səsləndirilməsində iştirak edib. “Böyük dayaq”, “Axırıncı aşırım”, “Babək”, “Dərviş Parisi partladır”, “Əlibaba və 40 quldur”, özbəklərin sevilən “Şerəli və Aybərçin” və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb. “Ulduz” filmində oynadığı Qədir obrazı ona böyük populyarlıq qazandırıb. Bahadur Əliyev 16 sentyabr 2002-ci ildə Sumqayıtda vəfat edib.

 

 

NAZİM ABBAS

(1938-2000)

 

Azərbaycanın əməkdar incəsənət xadimi, rejissor Nazim Abbasın anım günüdür. Nazim Hüseynqulu oğlu Abbasov 1938-ci il dekabrın 14-də Lənkəranda anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatr və kino fakültəsini bitirib. Elə həmin ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi, rejissor assistenti, rejissor və baş rejissor işləyib. 1979-1991-ci illərdə "Bakı" televiziya stansiyasının direktoru və baş rejissoru, 1993-2000-ci illərdə "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin direktoru olub. 5 bədii, 17 musiqili və 127 sənədli filmin rejissoru və bəzilərinin ssenari müəllifidir. Onun çəkdiyi filmlər Azərbaycan Televiziyasının “qızıl fond”unda qorunub saxlanılır. Nazim Abbas 2000-ci il sentyabrın 16-da Bakıda vəfat edib.

 

 

TARIK AKAN

(1949-2016)

 

Türkiyənin məşhur kino aktyoru Tarık Akan da bu gün xatırlanır. Əsl adı Tarık Tahsin Üregül olan aktyor 13 dekabr 1949-cu ildə İstanbulda anadan olub. Yıldız Texniki Universitetində təhsil alıb. İlk dəfə 1971-ci ildə "Solan bir yarpaq kimi" filmində çəkildikdən sonra "Yeşilçam"ın ən yaraşıqlı oyunçusu kimi məşhurlaşıb. "Mavi boncuk", "Sev kardeşim" və "Hababam sınıfı" kimi filmlərdə canlandırdığı rollarla adını türk filminin tarixinə yazdırıb. Karyerası ərzində 111 film və 4 serialda rol alıb. Tarık Akan 16 sentyabr 2016-cı ildə İstanbulda vəfat edib.

 

 

RƏŞİD ÖZBƏYOV

(1953-2001)

 

Sovet və Azərbaycan futbolçusu, futbol məşqçisi Rəşid Yaqub oğlu Özbəyovun xatirə günüdür. O, 1953-cü il yanvarın 31-də Bakıda anadan olub. Futbolda ilk böyük nailiyyətini 18 yaşında ikən qazanıb. Bakının “Neftçi” klubunun heyətində 177 oyun keçirib, 3 qol vurub. 1983-cü il iyunun 24-də Kutaisinin “Torpedo” komandası ilə görüşün 10-cu dəqiqəsində aldığı ciddi zədədən sonra sevdiyi idman növündən ayrılıb. 1985-ci ildə Azərbaycan Futbol Federasiyası təhsilini davam etdirmək üçün onu Moskvaya Ali Məşqçilər Məktəbinə göndərib. Təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra Bakıya qayıdıb. Müəyyən dövrlərdə “Göyəzən”, “Qarabağ”, “Xəzər”, “Nicat”, “İnşaatçı” və “Xəzri” komandalarında baş məşqçi vəzifələrində çalışıb. Rəşid Özbəyov 2001-ci il sentyabrın 16-da Bakıda vəfat edib.

# 1408
avatar

Oxşar yazılar