Dünyada bu gün - VİDEO
25 iyun 2020 09:01 (UTC +04:00)

Dünyada bu gün - VİDEO

CORC ORUELL

(1903-1950)

1. Əsl adı Erik Artur Bleyer olan ingilis yazıçısı Corc Oruell 1903-cü il iyunun 25-də Hindistanın Motixari şəhərində doğulub. 15 yaşında Londonun elitar məktəblərindən sayılan İton kollecinə daxil olub. Tələbəlik illərindən bədii yaradıcılığa başlayıb, ilk hekayələrini kollecin dərgilərində çap etdirib. Təhsil haqqını ödəyə bilmədiyindən, kolleci yarımçıq qoyaraq Birmaya gəlib və kral polisində direktor köməkçisi işləməyə başlayıb. İkinci Dünya müharibəsi illərində BBC telekanalında və "Observer" qəzetində işləyib. Bir neçə əsərin müəllifidir. 1943-cü ildə özünün məşhur "Heyvanıstan" əsərini yazıb. Yazıçıya dünya şöhrəti gətirən ikinci əsəri isə "1984" romanıdır. Corc Oruell 1950-ci il yanvarın 21-də Londonda vəfat edib.

 

 

SONA HACIYEVA

(1907-1979)

 

2. Azərbaycanın xalq artisti, teatr və kino aktrisası Sona Salman qızı Hacıyeva 25 iyun 1907-ci ildə Şəkidə xalq artisti, aktrisa Əzizə Məmmədovanın ailəsində dünyaya gəlib. Tiflis və Aşqabadda yaşadıqdan sonra Bakıya gəlib. Səhnə qabiliyyətini, istedadını hiss edən görkəmli aktyorlar Mirzağa Əliyev və Hacıağa Abbasov onu Bakı İşçi Teatrına dəvət ediblər. Opera və Balet Teatrında, 1920-ci ildən ömrünün sonuna kimi isə Akademik Dövlət Dram Teatrının səhnəsində müxtəlif obrazlar yaradıb. Səhnədə 200-dən artıq həm lirik, həm də komik obrazlar yaradıb. "Bəxtiyar", "Qızmar günəş altında", "O olmasın, bu olsun", "Səhər" filmlərində çəkilib. "Şərəf nişanı" ordeni və başqa medallarla təltif edilən Sona Hacıyeva 1979-cu il dekabrın 4-də Bakı şəhərində vəfat edib.

 

 

ZİYAD SƏMƏDZADƏ

(1940)

 

3. AMEA-nın həqiqi üzvü, iqtisad elmləri doktoru, professor Ziyad Əliabbas oğlu Səmədzadə 1940-cı ilin bu günü Bakının Buzovna kəndində anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirib. Müxtəlif illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi Elmi-Tədqiqat İqtisadiyyat İnstitutu direktorunun birinci müavini, Xalq Təsərrüfatı İnstitutunun elmi işlər üzrə prorektoru, Azərbaycan KP MK iqtisadiyyat şöbəsinin müdiri, Ali Sovet sədrinin birinci müavini, Baş nazirin birinci müavini, Dövlət Plan-İqtisad Komitəsinin sədri, TASİS və TRASEKA proqramları üzrə Azərbaycanın Milli Koordinatoru olub. 500-dən çox əsərin müəllifidir. Ziyad Səmədzadə 1999-cu ildə "İqtisadiyyat" adlı qəzet təsis edib. 2005-ci ildən Milli Məclisin deputatıdır. Xalq artisti, bəstəkar Aygün Səmədzadənin atasıdır.

 

 

 

 

 

 

 

 

 

 

ELNARƏ DADAŞOVA

(1952)

 

4. Azərbaycanın xalq artisti, bəstəkar, professor Elnarə Rəhimağa qızı Dadaşova 1952-ci ilin iyunun 25-də Bakıda anadan olub. Bülbül adına orta ixtisas musiqi məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayevin sinfində təhsil alıb. Müxtəlif janrlarda 100-dən artıq əsər yazıb, əsərləri ABŞ, Kanada, Fransa, İtaliya, Almaniya kimi ölkələrin konsert salonlarında səsləndirilib. 80-nə yaxın əsəri Azərbaycan Televiziyası və Radiosunun fonotekasında saxlanılır. Bir neçə dərs vəsaitinin, xor topluları və tədris proqramlarının rəhbəridir. 1970-ci ildən televiziya və radioda silsilə verilişlər aparır, AzTV-də "Mahnılarımızı öyrənirik" adlı silsilə verilişin müəllifidir. Elnarə Dadaşova Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyətlə məşğuldur.

 

 

XƏLİL HƏSƏNOV

(1979-1999)

 

5. Şəhid sərhədçi Xəlil Qədir oğlu Həsənov 25 iyun 1979-cu ildə Laçın rayonunun Daşlı kəndində doğulub. Ailəsi ilə Qobustan rayonunun Hilmilli kəndində məskunlaşıb və 1997-ci ildə burada orta məktəbi bitirib. 1998-ci ildən Sərhəd Qoşunlarında xidmət edib. 1999-cu il avqustun 20-də sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədinin pozulmasının qarşısını alarkən həlak olub və Qobustan rayonunun Hilmilli kəndində dəfn edilib. Ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.

 

 

HƏSƏN SEYİDBƏYLİ

(1920-1980)

 

6. Əməkdar incəsənət xadimi, yazıçı və kinossenarist Həsən Mehdi oğlu Seyidbəylinin anım günüdür. O, 22 dekabr 1920-ci ildə Bakıda doğulub. Moskva Kino İnstitutunun rejissorluq fakültəsini bitirib. Uzun müddət “Azərbaycanfilm” kinostudiyasında rejissor işləyib. Azərbaycan Kinematoqrafiya İdarəsinin sədri seçilib. 20-dən çox kitabın, o cümlədən «Kənd həkimi», «Telefonçu qız», «Cəbhədən cəbhəyə», «İllər keçir», İmran Qasımovla birgə yazdığı «Uzaq sahillərdə» kitablarının müəllifidir. «Telefonçu qız», «Bizim Cəbiş müəllim», «Nəsimi» və digər filmlərin rejissorudur. Həsən Seyidbəyli 1980-ci ilin iyununda Bakıda vəfat edib.

 

 

İSRAFİL MƏMMƏDOV

(1927-2019)

 

7. Əməkdar mədəniyyət işçisi, tarix elmləri namizədi, nasir, publisist və tərcüməçi İsrafil Süleyman oğlu Məmmədov da bu gün xatırlanır. O, 1927-ci il noyabrın 8-də Qərbi Azərbaycanın Mehri rayonunun Əmrəkar kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqojin İnstitutunun tarix fakültəsini bitirib. Müxtəlif illərdə "Sovet Ermənistanı" qəzeti redaksiyasında müxtəlif vəzifələrdə çalışıb. Ermənistan SSR xalq təhsili nazirinin müavini, AMEA-nın Tarix institutunda şöbə müdiri, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində “Erməni redaksiyası”nın müdiri olub. İrəvan Pedaqoji Universitetində dərs deyib. 1957-ci ildən ədəbi yaradıcılığa başlayıb, hekayə, oçerk və publisist yazıları dövri mətbuatda və "Ədəbi Ermənistan" almanaxında çap olunub. Bir neçə kitabın müəllifidir. Azərbaycanlıların soyqırımı haqqında Azərbaycan və Türkiyədə lentə alınan 12 sənədli filmin baş məsləhətçisi, aparıcı çıxışçısı olub. İsrafil Məmmədov 2019-cu ilin iyununda Bakıda vəfat edib.

 

 

SƏYAVUŞ HƏSƏNOV

(1964-1992)

 

8. Azərbaycanın Milli Qəhrəmanı Səyavuş Həsən oğlu Həsənovun xatirə günüdür. O, 20 yanvar 1964-cü ildə Şərur rayonunun Yengicə kəndində anadan olub. Orta məktəbi kənd məktəbində səkkizinci sinfə qədər oxuduqdan sonra təhsilini Bakıda 54 saylı texniki-peşə məktəbində davam etdirib. Daha sonra hərbi xidmətə çağırılıb və Stavropolda xidmətini başa vurduqdan sonra Tümenə işləməyə gedib. 1990-cı il 20 Yanvar hadisələrindən sonra Bakıya qayıdaraq xalq hərəkatına qoşulub. Qarabağı erməni qəsbkarlarının hücumlarından qorumaq üçün könüllü olaraq silaha sarılıb. Goranboy, Şuşa və Gədəbəydə döyüşüb. 1992-ci ilin iyunun 25-də Tərtər rayonunun Qırmızıkənd kəndi uğrunda döyüşdə erməni tankını vurub, özü isə qəhrəmancasına həlak olub və Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 21 iyul 1992-ci il tarixli fərmanı ilə Səyavuş Həsənov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

 

 

SEYİDAĞA MÖVSÜMLÜ

(1954-2018)

 

9. Bu gün Azərbaycan Ordusunun ilk hərbi operatoru Seyidağa Mövsümlünün anım günüdür. O, 1954-cü ildə Ucar rayonunda anadan olub. Bakı Dəmir Yolu Texnikumunda təhsil alıb. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator assistenti vəzifəsində başlayıb. 1988-ci ildə başlayan xalq hərəkatından sonra tanınmağa başlayıb. O, xalq hərəkatını, 20 Yanvar faciəsini, Xocalı soyqırımını, bütövlükdə Qarabağ müharibəsini lentə alan ilk operatorlardandır. Dövlət televiziyasında çalışan vaxtlarda Azərbaycan Müdafiə Nazirliyinin yaratdığı ilk batalyonun - "Şıxov" batalyonunun ilk könüllülərindən olub, bu batalyonda erməni işğalçılarına qarşı qəhrəmancasına döyüşüb və iki dəfə yaralanıb. 1992-2002-ci illərdə Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2002-ci ildə ordudan tərxis olunub və AzTV-yə qayıdıb. Operator kimi bir neçə filmi lentə alıb. Seyidağa Mövsümlü 25 iyun 2018-ci ildə Bakı şəhərində dünyasını dəyişib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

MAYKL CEKSON

(1958-2009)

 

10. "Pop musiqisinin kralı" olaraq tanınan afroamerikalı müğənni, musiqiçi, bəstəkar və rəqqas Maykl Cozef Cekson da bu gün xatırlanır. O, 29 avqust 1958-ci ildə ABŞ-ın İndiana ştatının Qari şəhərində doğulub. Kiçik yaşlarından musiqi qabiliyyəti və qeyri-adi səsi ilə fərqlənib. Atasının qurduğu və özündən böyük dörd qardaşının daxil olduğu “Jackson 5” ailə ansamblının ən gənc vokalçısı olub. İlk albomu olan “Off the Wall” 1979-cu ildə işıq üzü görüb. XX əsrin 80-ci illəri yaradıcılığının “qızıl” dövrü sayılır. 1982-ci ildə işıq üzü görən “Thriller” albomu dünyada ən çox satılan albom kimi də tarixə düşüb. Bir nəfərin əldə etdiyi rekordların sayına görə Ginnesin Rekordlar Kitabında birinci yeri tutur. Qızıl, platin və brilyant diskləri nəzərə almasaq, 372 rəsmi mükafat qazanıb. Maykl Cekson 2009-cu ilin iyununda dozadan artıq dərman qəbul etməsi səbəbindən vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1654
avatar

Oxşar yazılar