Göyçay Rayon Mərkəzi Xəstəxanasının xüsusi rejimli pandemiya xəstəxanası kimi müəyyənləşdirilməsi ilə bağlı qərarın ləğv edilməsi həqiqəti əks etdirmir.
Bu barədə Lent.az-a TƏBİB-dən məlumat verilib: “Bildiririk ki, ötən gün tərəfimizdən xüsusi rejimli xəstəxanalar kimi fəaliyyət göstərəcək xəstəxanaların siyahısı ictimaiyyətə təqdim edilib. Qeyd edilən xəstəxanalar ehtiyac yarandığı təqdirdə mərhələli şəkildə koronavirus xəstələri üçün xüsusi rejimli xəstəxanalar kimi fəaliyyət göstərəcək”.
***
10:40
Göyçay Rayon Mərkəzi Xəstəxanası COVİD-19-la mübarizə xəxtəxanası kimi fəaliyyətini dayandırıb, əvvəlki qayda ilə xəstə qəbuluna başlayıb.
Göyçay RMX PHŞ-in direktoru Elçin Bilalov APA-nın yerli bürosuna bildirib ki, bu səhiyyə ocağı iyunun 17-də koronaviruzla mübarizə məqsədilə karantin xəstəxanasına çevrilmişdi: "Sonra TƏBİB-də bu məsələ yenidən müzakirə edilib, Göyçay RMX-nin bölgənin ən böyük xəstəxanası olması, Göyçaydan xəstələrin uzaq məsafəyə - Ağsu, Yevlax, Mingəçevir və Kürdəmir xəstəxanalarına gedə bilməməsi, eləcə də Göyçay xəstəxanasında çalışan tanınmış həkimlərə görə və orada quraşdırılan müasir tibbi müayinə avadanlıqlarına görə Göyçay və ətraf rayonlardan hər gün minlərlə xəstənin müraciət etməsi nəzərə alınaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasının COVİD-19-la mübarizə xəstəxanası kimi yox, əvvəlki qaydada fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilib".
Bu gün səhər saatlarından başlayaraq Göyçay RMX-nın kollektivi adi qaydada xəstə qəbuluna başlayıb.