Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il martın 13-dəki məlumatı nəzərə alınaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi martın 20-dək fəaliyyətini dayandırır.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar nazirliyin rəsmi [email protected] elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən də yararlana bilərlər.
Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.
***
Bakı şəhəri üzrə Təhsil İdarəsində də vətəndaşların qəbulu müvəqqəti dayandırılıb.
İdarədən Lent.az-a verilən məlumata görə, koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın martın 13-dəki məlumatı və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il martın 20-dək fəaliyyətini dayandırıb.