Azərbaycan və ÜST arasında maliyyə yardımı ilə bağlı saziş imzalanıb
13 mart 2020 17:36 (UTC +04:00)

Azərbaycan və ÜST arasında maliyyə yardımı ilə bağlı saziş imzalanıb

Martın 13-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Cenevrədəki baş qərargahında “Azərbaycan Respublikası və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında Donor Sazişi” imzalanıb.

APA-nın məlumatına görə, sözügedən donor sazişi dünyada koronavirus epidemiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə Azərbaycan Respublikası Hökumətinin ÜST-ə könüllü maliyyə yardımının ayrılması barədə 6 mart 2020-ci il tarixli qərarına əsasən imzalanıb.

Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov və ÜST Baş direktoru Tedros Gebreyesus tərəfindən imzalanmış donor sazişi Azərbaycan Respublikası Hökuməti tərəfindən ÜST-ün “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVİD-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının ayrılmasını nəzərdə tutur.

Sənədin imzalanma mərasimi zamanı, ÜST Baş direktoru Azərbaycan Hökuməti tərəfindən verilmiş bu qərarın çox təqdirəlayiq olduğunu vurğulayaraq, ölkəmiz tərəfindən səhiyyə sektoruna, xüsusilə hazırda COVİD-19 virusu ilə mübarizəyə yönəlmiş diqqət və qayğının, həyata keçirilən bütün lazımı ehtiyat  tədbirlərinin ÜST tərəfindən diqqətlə izlənildiyini və yüksək qiymətləndirildiyini bildirib.

ÜST Baş direktoru Azərbaycan tərəfindən COVİD-19 virusu ilə mübarizə üçün ayrılmış könüllü maliyyə töhfəsinin qlobal həmrəyliyin nümunəvi nümayişi olduğunu diqqətə çatdıraraq, ÜST  adından Azərbaycan Hökumətinə verilmiş bu qərara görə dərin minnətdarlığını ifadə edib.

ÜST Baş direktoru qeyd edib ki, 2018-ci ilin iyul ayında başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi və keçirilmiş bir sıra digər görüşlər ölkəmizin ÜST ilə əməkdaşlığının yüksək səviyyədə olmasının təzahürüdür. 

 Cavab olaraq, daimi nümayəndə V. Sadıqov Azərbaycan tərəfindən ÜST ilə əməkdaşlığa yüksək önəm verildiyini vurğulayaraq, Azərbaycan Hökumətinin müraciəti əsasında ÜST ekspert qrupunun ölkəmizə hazırda davam edən səfərinə görə minnətdarlığını ifadə edib.

Görüş əsnasında V. Sadıqov Azərbaycanda səhiyyə sahəsində və COVİD-19 virusu ilə mübarizədə görülən işlər və həyata keçirilən tədbirlər barədə qarşı tərəfi məlumatlandırıb. Daimi nümayəndə Azərbaycan Respublikası tərəfindən ÜST-ün qlobal miqyasda COVİD-19 virusuna qarşı mübarizə səylərinin yüksək qiymətləndirildiyini bildirərək, COVİD-19 virusu ilə bağlı ÜST-ün tövsiyələrinin Azərbaycan tərəfindən nəzərə alındığını və tətbiq edildiyini nəzərə çatdırıb.

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycan Respublikasının səhiyyə sahəsində əməkdaşlıq etdiyi əsas beynəlxalq qurumdur. Azərbaycan Respublikasının ÜST ilə əməkdaşlığı təşkilatın baş qərargahı və Kopenhagen şəhərindəki ÜST-ün Avropa üzrə Regional Ofisi vasitəsilə həyata keçirilir. Eyni zamanda, ÜST-ün Azərbaycanda ofisi mövcuddur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 666
avatar

Aygün İbrahimli

Oxşar yazılar