Avtobuslarda sıxlığın azalması üçün tək ÇARƏ - 4 il əvvəl də təklif edilib
19 iyun 2020 19:58 (UTC +04:00)

Avtobuslarda sıxlığın azalması üçün tək ÇARƏ - 4 il əvvəl də təklif edilib

Koronavirus pandemiyasına yoluxmaların daha çox müşahidə olunduğu günlərdə sosial məsafə qorunması ilk əməl olunmalı qaydalardan biridir. Təəssüf ki, xüsusən pik saatlarda avtobuslarda sərnişin sıxlığının demək olar hamımız şahidi olmuşuq. Əksəriyyət  bunun günahını intervalların uzun olması və marşrut xətlərinə az sayda avtobus buraxılmasında görür.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məsələ ilə bağlı Lent.az-a danışarkən bildirib ki, xəttə buraxılan avtobusların sayı kifayət qədərdir və bu baxımdan ötən illə müqayisədə 20 faiz artım da var. Onun sözlərinə görə, sıxlığın azalması üçün hələ 4 il əvvəl BNA təklifini irəli sürüb:

“Avtobuslarda sıxlığın aradan qalxması üçün əvvəlcə onu yaradan səbəblərə nəzər yetirməliyik. Tez-tez müraciətlər daxil olur ki, avtobusların sayı artırılsın. Bu gün sərnişin sıxlığının qarşısını almaq üçün avtobus sayının artırılması uyğun variant deyil. Onsuz da xəttə kifayət qədər avtobus buraxılır. Ötən il yay fəslindən fərqli olaraq, bu il gündəlik xəttə buraxılan avtobusların sayında 20 faiz artım var. Gün ərzində 1900-2000 avtobus xidmət göstərir. Bunun özü də göstərir ki, avtobusların sayının artırılması sıxlığın azalması üçün effektiv deyil.

Sərnişin sıxlığının azalması üçün 2016-cı ilin dekabrında pilləli iş rejimi ilə bağlı BNA təklif irəli sürüb. Həmin təklif indi də aktual olaraq qalır. Bakıda və ölkənin demək olar hər yerində dövlət və ictimai təşkilatlarda iş vaxtı səhər 9-da başlayıb, axşam 18:00-da bitir. Həmin yerlərdə çalışan çox sayda insanın eyni vaxtda evdən çıxması və eyni vaxtda geri dönməsi sıxlığa səbəb olur. Pilləli iş rejiminin tətbiqi həm sərnişin sıxlığının, həm də nəqliyyat axınının 20 faiz azalmasına səbəb olar. Eyni zamanda, sərnişinlərin daha rahat daşınması və nəqliyyatın düzgün qaydada hərəkətinə şərait yaradır.

Pilləli iş rejimindən əlavə, görülməli olan işlərdən biri də, ictimai nəqliyyatın hərəkəti üçün ayrıca xətt zolağının olmasıdır. Bu hərəkət zolaqlarının qurulmasını bacarsaq, sərnişin sıxlığının azalmasına və daha çox sərnişinin daşınmasına nail ola bilərik. Ancaq pandemiya dövründə, xüsusən, pilləli iş rejiminin tətbiqi həm insanların kütləvi şəkildə toplaşması, həm də sərnişin axını və s. baxımdan məqsədəuyğundur”.

Bir məqamı da təəssüflə qeyd etmək olar ki, avtobus və digər qapalı məkanlarda tənəffüs yollarının qorunması üçün tibbi vasitədən istifadə olunması tələb edilsə də, əksər sərnişinlər bu qaydaya riayət etmir. "Sürücülər maska taxmağı sərnişinlərdən tələb edə bilərmi" sualına qurum rəsmisi belə cavab verib:

“Sürücülərimiz sərnişinlərin maska taxmasına nəzarət edə bilməz. Onların belə bir səlahiyyəti yoxdur. Bunu ancaq tövsiyə etmək olar. Metodiki göstərişlərdə əks olunub ki, sərnişin-sürücü ünsiyyəti aradan qalxmalıdır. Belə bir halda, necə sürücüdən tələb edək ki, sərnişindən maska taxmasını tələb etsin?”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7762
avatar

Mehman Nəbiyev

Oxşar yazılar