Bu il “Abituriyent” jurnalının 12-ci sayında 9-cu siniflər arasında 38 nəfərin oxuyub yaza bilməməsi qeyd olunub.
9 il az bir müddət deyil. Bu müddət ərzində bu uşaqların hərfləri tanımaması, hətta yaza bilməməsinin heç kim fərqinə varmadı?
Ən pis halda deyək ki, həmin uşaqlar dərsdə iştirak etməyib. Bəs, niyə? Bunun məsuliyyəti tək uşaqlardadı... Ya uşaqları öyrətsin deyə tapşırılan məktəbdə...
Lent.az xəbər verir ki, jurnalda 2021-ci ildə IX sinif şagirdləri arasında oxuyub, yaza bilməyən şagirdlərin sayının 38 nəfər olduğu qeyd olunub.
Bildirilib ki, IX sinif şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəyənlər, hətta oxuyub-yazmaqda çətinlik çəkənlər və ya ümumiyyətlə, oxuyub-yazmağı bacarmayanlar da aşkar olunub:
"Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmasını nəzərə alsaq, bu faktların daha çox olduğunu ehtimal etmək olar. Rayonlar üzrə oxumağı və yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı aşağıdakı kimidir:
Cəlilabad - 5 nəfər, Goranboy və Ucar rayonlarının hərəsində 4 nəfər, Füzuli, Masallı və Tərtər rayonlarının hərəsində 3 nəfər, Lerik və Şəmkir rayonlarının hərəsində 2 nəfər və Ağcabədi, Balakən, Beyləqan, Gədəbəy, Kəlbəcər, Kürdəmir, Lənkəran, Oğuz, Salyan, Şirvan, Tovuz və Zaqatala rayonlarının hərəsində 1 nəfər".