Dilqəm Əsgərov, Şahbaz Quliyev
07 yanvar 2021 18:09 (UTC +04:00)

Dilqəm Əsgərov, Şahbaz Quliyev

77 aylıq zülm, sevinc gətirən mərmi, qeyb olan əsir - SƏBUHİ MƏMMƏDLİ YAZIR

“Müharibənin başladığını top səslərindən duyduq. Şuşada, Şuşa türməsində. Hər gün daha yaxından eşidilirdi bu səs. Onda bildik ki, müharibə başlayıb, döyüşlər lap yaxınlıqda gedir”.

Dilqəm deyir bunları. 6 il 5 ay Şahbaz Quliyevlə birgə erməni girovluğunda olan qəhrəmanımız.

Kəlbəcərdə girov götürülən, Xankəndiyə aparılan və məhkəməsi qurulan, oradan Şuşa türməsinə, ordan isə Gorusa, daha sonra İrəvana yatab edilən bu şəxslər düz 6 il beş aydan sonra Vətənə gətirildilər. Bu 6 il beş ayda, adlarını sadaladığımız bu şəhər və rayonlarda onların başına gələnlər isə bəlkə də 65 seriyalı bir filmin mövzusudur…

 

***

 

Azərbaycan onların adını 2014-cü ilin iyulunda eşitdi. Məlum oldu ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Onlarla birgə olan digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. Sonradan işğal altındakı Dağlıq Qarabağda qondarma rejim Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz məhkəmə qurublar. “Məhkəmə”nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilir. Hə, qoy bunu da deyək: hələ 2009-cu ildə Dilqəm Əsgərov və Şahbaz Quliyevin Kəlbəcərin Şaplar kəndində olduqları ilə bağlı video yayılmışdı. Videoda çıxış edən Dilqəm Əsgərov Kəlbəcər rayonunun Şaplar kəndinin onlar üçün “ikinci Mədinə” olduğunu demişdi...

 

- Mən Ermənistan ərazisinə keçməmişdim, kəndimizə, öz ata-baba yurduma getmişdim. Və mən ora ilk dəfə getməmişdim. Məni öz doğma yurdumda həbs etdilər.

Dilqəm deyir bunları. Onu Kəlbəcərdə həbs edirlər. Kəlbəcərə üçü bir yerdə getsələr də, əvvəl Şahbaz erməni girovluğuna düşür. Dilqəmlə Həsən isə düşməndən yayınaraq təxminən Söyüdlü kəndinə kimi gedib çıxırlar. Burda isə…

 

Ardını Dilqəm danışır:

 

- Mən iki gün Həsənlə birgə oldum. Qızıl mədənləri yaxınlığında mühasirəyə düşdük. Hərəmiz bir tərəfə çəkilib atışmağa başladıq. Mən atışa-atışa geri çəkildim. Çünki həm mühasirə daralırdı, həm də onlar sayca çox idi. Elə həmin vaxt Həsəni itirdim. Ondan sonra onun başına nə gəldiyindən xəbərim olmadı. Biz ayrı düşdük. Ancaq mən bilmirdim ki, Həsən vurulub.

 

4 gün az qala bütün Kəlbəcəri dolaşıb. İz azdırmaq istəyirmiş. Amma yenidən Həsən vurulan yerə qayıdıb:

 

- Fikirləşdim ki, bəlkə yaralı olar, yaxud qaçıb. Amma hər tərəfi axtarsam da, tapa bilmədim. Ağlıma iki şey gəlirdi: ya onu da Şahbaz kimi əsir alıblar, ya da öldürüblər. Həmin yerə çatanda mən də ayağımdan yaralanmışdım. Bir də gördüm ki, erməni əsgərləri gəlir. Müqavimət göstərmək mənasız idi. Bir yandan da qan məni aparırdı…

 

Ermənilər onu Şahbazın yanına Xankəndindəki həbsxanaya gətirirlər. İlk sualları da bu olur: Neçə nəfər idiniz?

 

- Mən dedim ki, dörd nəfər. Erməni zabit qayıtdı ki, sən burda, Şahbaz burda, Həsən öldürülüb. Dedim ki, dördüncü qayıtdı getdi. Onda bildim ki, Həsəni öldürüblər.

 

Xankəndidə isə onları bir il cəhənnəm əzabı gözləyirdi.

 

- Hər gün döyürdülər. Dəyənəklə, təpiklə, taxta parçasıyla, nəylə gəldi. Məni iki dəfə toka verdilər. Barmaqlarımı qırdılar. Baş nahiyəmdə hələ də qırıqlar var. Xankəndidə qaldığım bir il müddətində bizə yemək vermirdilər. Dəmir boşqabda qızdırılmış su və az miqdarda makarondan başqa heç nə. Tutulan vaxt çəkim 100 kiloqramdan çox idi, amma sonradan 55 kiloqrama düşdü. Taqətim qalmamışdı. Hər dəfə məni aparanda avtomatın qundağı ilə döyürdülər. Elə vaxt olub ki, 15 nəfər  döyüb.
 

Şahbaz deyir ki, axşam yatmağa qoymurdular. Çarpayının altına səsgücləndirici aparat qoymuşdular.

 

- Səhərə kimi ulartı səsi verirdilər. Qulaqlarımızı bağlamağa da qoymurdular. O səs hələ də mənim qulağımdan getmir. Bir də görürdün ki, çəkiclə kameranın dəmir qapılarını döyürlər.   

 

Düz bir il Xankəndidə amansız işgəncələrə məruz qalırlar. Nəhayət, 2015-ci il dekabrın 31-də məhkəmə önünə çıxarılırlar. Bilirsiniz ayın neçəsi? Dekabrın 31-i, Dünya Azərbaycanlılarının Həmrəylik Günü. “Məhkəmə”nin qərarı ilə Əsgərov ömürlük, Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilir.

 

Bundan sonra isə onlar Şuşa türməsinə köçürülürlər.

 

Süz beş il soyuq, rütubətli Şuşa türməsində eyni aqibəti yaşayacaqdılar.

 

- Nə qapısı, nə pəncərəsi, nə istiliyi, nə düz-əməlli yeməyi vardı. Həftədə 5 gün, o da cəmi yarım saat gəzintiyə çıxarırdılar. Bu müddət ərzində Beynəlxalq Qızıl Xaç Komitəsinə işgəncə altında olmaları barədə məlumat verirlər. Bu təşkilat bizə verilən işgəncəni görürdü. Bizə verilən işgəncələr haqda məktublarda yazmağa imkan vermirdilər. Məktub demişkən, Şahbaz deyir ki, evlərindən gələn məktublar bəzən 45 gün, iki ay gecikirdi. Onların evə göndərdikləri və ya Qırmızı Xaça ünvanladıqları məktublarda isə xoşlarına gəlməyən cümlələri isə qaralayırdılar.

Dilqəmin məktubundan: “Hər kəsə salam deyin. Vəziyyətim yaxşıdır. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi Tomas mənə gəlib baş çəkdi. Həftədə bir dəfə hamam olur. Gündə bir saat gəzinti olur. Köhnə tanışlarıma salam deyin. Hazırda Şuşadayam. Kamerada yanımda su kranı var. “Məhkəmə”lərim tamamlanıb. Yuxumda meşəçi Ələddini görmüşəm. Vəziyyəti necədir ? ”

 

Şahbaz deyir ki, bu illər ərzində ermənilər Qırmızı Xaça o qədər də önəm vermirdilər. – Bizə verilən işgəncələrin hamısını Beynəlxalq Qızıl Xaç Komitəsi bilirdi, ancaq heç bir ölçü götürmədilər. Hüquqlarımı Beynəlxalq Qırmızı Xaç Komitəsindən tələb edirdim. Ancaq ondan sonra onlar mənə radio verdilər. Radiodan eşidirdim ki, bizim dövlət başçısı ac qalmağımız, əsir götürməyimizlə bağlı işlər görür. Ümidli idim ki, Prezident bizi xilas edəcək.

 

- Müharibənin başlamasını artilleriyanın səsindən bildim. Onlar bizə heç nə deməmişdilər. 2-3 gün keçmədi, mərmi artıq Şuşa həbsxanasının qarşısına düşdü”. Ermənilər qorxu içindəydilər. Orda bir mayor vardı, təsəvvür edin, məndən soruşurdu ki, nə baş verir. Dedim əsgərlərimiz gəlir. Bundan sonra daha da zülm eləməyə başladılar.

 

Azərbaycan ordusunun əks-hücum əməliyyatlarının artıq Şuşaya da çatdığını görən, ermənilər oktyabrın 4-də Dilgəm Əsgərov və Şahbaz Quliyev saxlanıldıqları Şuşa həbsxanasından Ermənistana aparırlar. 2020-ci ilin noyabrında Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Beynəlxalq Qızıl Xaç Komitəsi əməkdaşlarının verdiyi məlumata istinad edərək, atasının Şuşa qalasından oğurlanaraq, əvvəlcə Gorusa, bir müddət sonra, noyabrın 13-də isə Şiraka aparıldığı, “Artik” adlı həbsxanada saxlanıldığı barədə açıqlama verir.

 

Onları doğrudan da əvvəlcə Gorusa aparırlar. Dilqəm deyir ki, onları gecə ilə maşına mindirərək, İrəvanda yerləşən türməyə aparıblar: “Gorusda qəsdən məni maşından endirib, təpiklədilər. Evdən göndərilən əşyalarımın əksəriyyətini oğurladılar. Yolda İrəvandan gələn qrup üst paltarlarımı çıxardı, maşında ayaqyalın idim. Başıma torba salmışdılar, nəfəs ala bilmirdim. Bizimlə birgə bir azərbaycanlı əsir də vardı. Yaralı idi. Onu yox elədilər. Öldüsü-qaldısı bilinmədi. Şahbazla məni isə İrəvana apardılar. Bakıya gətirilənədək orda qaldıq. Nəzarətçilər qapını qaynaqlamışdılar. Yalnız nəfəslik açıq qalırdı. Həmin nəfəslikdən bizi söyürdülər. Bizi sonra yenidən qaytardılar - Gorusa. Bir neçə gün qalandan sonra ruslara təhvil verdilər və Bakıya göndərdilər...

 

Şahbazın məktubundan:

 

“Bakı, Yerevan, Rusiya, Goranboy xəbərlərinə qulaq asıram. Hər şeydən xəbərim var. Mənə görə narahat olmayın. Altda qalanın canı çıxsın”.

 

...Canları çıxdı, Azərbaycan əsgərinin ayağı altında qaldılar...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8868
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar