3700 il gələcəyə SƏYAHƏT : Bir kəndin milyarderləri, qırmızı villalar, muğam oxuyan yəhudi
05 oktyabr 2021 20:15 (UTC +04:00)

3700 il gələcəyə SƏYAHƏT: Bir kəndin milyarderləri, qırmızı villalar, muğam oxuyan yəhudi

Qudyalçayın o biri sahilinə keçən kimi dostumuz Dəyanət dilləndi:

- Bax, biz ən azı üç min beş yüz gələcəkdəyik. 
- Anlamadım? 
- Onların təqviminə görə 5782-ci ildi, biləsən. Və ardınca da danışır,  Roş-xa-Şana bayramından, yəhudilərin yeni ilindən. 

“Qafqazın Qüdsü” deyirlər bura - Qırmızı Qəsəbəyə. Azərbaycanın şimalında, Quba rayonunda yerləşir, bunu bütün dünya bilir. Niyə dünya? Səbirli olun, hələ. 
Qəsəbə müxtəlif zamanlarda müxtəlif cür adlanıb: Zidkovskaya qəsəbəsi, Yəhudi qəsəbəsi, Krasnoselsk, Fətəli xan. Amma bura daha çox Qırmızı Qəsəbə kimi tanınır və dağ yəhudilərinin postsovet məkanında kompakt yaşadığı yeganə yerdir. Qırmızı Qəsəbə dünyada həm də yeganə yerdir ki, müsəlmanlarla yəhudilər yüz illərdi, necə deyərlər bir-birini içində mehriban və xoşbəxt yaşayır. 


Yəhudilərin Azərbaycanda yaşamasının tarixi çox qədimdir. Eşitdiyimizə, oxuduğumuza görə dağ yəhudilərinin Azərbaycana gəlişinin tarixi 2500 ilə yaxındır. 

Dağ Yəhudi İcmasını sədri Milix Yevdayev Amerikada nəşr olunan nın “The Jewish Journal” nəşrinə yazırdı: “Bu, bizim yurdumuzdur. Bizim Qırmızı Qəsəbəmizdir. Bura Azərbaycandır. Hələ indi də bəziləri özlərinə yurd tapa bilmədikləri halda, Azərbaycan 2 min il boyunca bir çox yəhudinin arzusunda olduğu vətən olub. Tarixən Azərbaycanda məskunlaşan yəhudilər nəhayət ki, İsrailə qayıda bilənlərdən - romalıların qətliamına məruz qalanlardan, İspaniyadan qovulanlardan, Hitlerin soyqırımını yaşayanlardan daha şanslı olublar”.

Qırmızı Qəsəbə sakinləri hələ də öz dillərini, mədəniyyətlərini, adət və ənənələrini qoruyub saxlaya biliblər. Kəndin ilkin adı isə Kulqat imiş. Quba xanı Hüseynəli xan yəhudilərə Qudyalçay boyunca şəhər yaratmağa və qorxusuz yaşamağa şərait yaradıb. Yaşayış məskəninin adı Azərbaycan 1920-ci ildə sovet hakimiyyəti qurulanda məcburən dəyişdirilib. Uzun illər boyunca kənd Qırmızı Qəsəbə adlandırıldığından, ad elə də qalıb. Qəsəbə 7 məhəllədən ibarətdir: Kulqat, Qusar, Qarçoq, Giləki, Ağacani, Çapkəni və Mizrahi. Bütün bu kvartallar əslində bu əraziyə köçən dağ yəhudilərinin gəldiyi ərazini və soyunu göstərir. Qırmızı Qəsəbə bir yaşayış məntəqəsi kimi Azərbaycana gələn bütün əcnəbi qonaqların diqqət mərkəzindədir. Təsəvvür edin, Qəsəbədəki dağ yəhudilərinin tarix muzeyi dünyadakı tək muzeydir və orada onların sənədləri, ev əşyaları və müxtəlif əsərləri sərgilənir. Dağ yəhudilərinin keçmişinə və mədəniyyətlərinə həsr olunan bu muzey həm də yəhudilər və Azərbaycan xalqı arasındakı qarşılıqlı əlaqəni və hörməti də hiss etdirir. 

Qırmızı qəsəbəs özünə spesifik olan memarlıq tərzinə görə Azərbaycanın digər bölgələrindən fərqlənir. Burada yaşayan dağ yəhudiləri əsrlər boyu adət ənənələrini qoruyub saxlayıb. Qəsəbədə təbii ki ibadət yerləri, sinaqoqlar fəaliyyət göstərir. Vaxtikən burada 13 sinaqoq olub. Onların 11-i ibadət fəaliyyəti göstərən sinaqoq imiş. İkisi isə mədrəsə tipli, təlim üçün fəaliyyət göstərib. 


Onlardan biri,  “Giləki” adlı sinaqoq Cənubi Azərbaycanın Gilan vilayətindən gəlmiş mühacirlər tərəfindən inşa edilmişdir. Məbədin memarı Gilel ben Xaimdir. Onun adı sinaqoqun kərpic fasadında həkk olunub. Özül daşının üzərindəki yazıdan məlum olur ki, məbəd 1896-cı ildə ucaldılıb. Amma giriş qapısının üzərində başqa bir lövhə də var. Burada isə başqa bir tarix, yəni 1857-ci il yazılıb. Ola bilər ki, bu lövhə gilanlı yəhudi mühacirlərin daha əski məbədindən gətirilib və sinaqoqun giriş qapısı üzərinə vurulub. Dördsütunlu dam üzərində ucalan ensiz, altı guşəli günbəz Giləki məbədinə xüsusi gözəllik verir. Sinaqoqun binasında İsrail qolunun sayına uyğun olaraq 12 pəncərə var. Keçmişdə Giləki sinaqoqunda dağ yəhudilərinin digər məbədlərindəki kimi, qadınlar üçün ayrıca otaqlar yox idi. Qadınlar yalnız bayram vaxtı buraya gəlirdilər və sinaqoqun Həyətində otururdular. Hazırda isə qadınlar bayram vaxtı məbədə buraxılırlar. 
Qırmızı qəsəbədəki sinaqoqların birində yəhudi mədəniyyət mərkəzi fəaliyyət göstərir. Burada uşaqlar dərsdən kənar vaxtlarda yəhudilərin adət-ənənələrini öyrənirlər. Bu mədəniyyət mərkəzində uşaqlar ivrit dilini də öyrənirlər. Əlbəttə ki, sovetlər dövründə bu, mümkün deyildi. Belə bir şeyi ancaq yuxuda görmək olardı. Amma müasir Azərbaycanda bu, adi bir haldır. 

Bu yerdə Nisim müəllimdən danışmamaq olmur.  

Nisim Nisimov qeyri adiliyi ondadır ki, o, Quba yəhudilərindən olan ilk müğənni-xanəndədir. Nisim müəllim Azərbaycan dilində oxuyanda heç kim deyə bilmir ki, o azərbaycanlıdır, yoxsa yəhudi.  Bu da ondan irəli gəlir ki, Nisimov Azərbaycana, daxilən böyük sevgi ilə bağlıdır. N.Nisimovun sözlərinə görə, Azərbaycan muğamı onun üçün sonu olmayan bir dəryadır və muğamsız həyatı o təsəvvür edə bilmir. O, bir çox ölkələrdə, xüsusi ilə də ABŞ-ın və Kanadanın iri şəhərlərində Azərbaycan muğamının sehrini xarici vətəndaşlara böyük məharətlə tanıtdırıb. Yeri gəlmişkən, illər öncə onun haqqında sənədli film də çəkilib. Adı da belədi: “Azərbaycan mənim vətənimdir”. 

Qırmızı Qəsəbə Azərbaycan əyalətinin digər kəndlərindən fərqlənir. Əslən burdan olan  yəhudi milyonçuların tikdirdiyi, sanki bir-biriylə yarışırmış kimi, olduqca möhtəşəm villalar, təmiz və səliqəli küçələr, küçələrdəki maşınlar. Qırmızı Qəsəbə dünyada bəlkə də yeganə yerdir ki, dünyaca məşhur ”Forbes”in siyahısına düşmüş milyarderləri, milyonçuları var. Qəsəbənin ən dəbdəbəli ev də onlardan biri, Rusiyadakı  şirkətlərin TOP-200-nə daxil olan “Kiyevski ploşad” şirkətlər qrupunun ortağı Qod Nisanova məxsusdur. Onun şəriki, Rusiyanın daşınmaz əmlak krallarından sayılan Zarax İliyevin də Qəsəbədə evi var. 
Əslən qəsəbədən olan German Zaxaryayev, Rusiyada dağ yəhudilərinin ilk televiziyası olan STMEGİ TV-nin əsasını qoyub. İri sahibkarlıq fəaliyyəti ilə yanaşı Rusiya Yəhudi Konqresinin vitse-prezidenti və "STMEGİ" Beynəlxalq Dağ Yəhudiləri Fondunun prezidentidir. STMEGİ 6 qardaşın yaratdığı bir təşkilatdır, onlar bu qəsəbədə doğulublar, kökləri burdandır, indi Moskvada yaşayırlar. Onlar qəsəbənin imkansız sakinlərinə yardım edir, xərclərini ödəyirlər. 
Qəsəbədə olduqca sakitlikdi.  Burda çox az sayda sadə kənd evi tapmaq mümkündür. Fasadları bəzəkli, yəhudi simvolları ilə bəzədilmiş villalar, qırmızı kərpicdən tikilmiş 3-4 mərtəbəli evlər, uca hasarlar göz oxşayır... 


Amma ən əsası insanlardı. Yüz illərdi bir-biriylə mehriban yaşayan insanlar. 
- Aramızda heç bir problem yoxdur. Olmayacaq da.  Demək olar ki, adət-ənənələrimiz də oxşardır. Toylarımız da. Allah bu iki xalıq sanki qardaş yaradıb. Və kimsə bu qardaşlığı poza bilməz.
Bunu da Dəyanət deyir...
 

Quba-Bakı

# 183792
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar