Ömər Ələkbərov
05 yanvar 2021 19:10 (UTC +04:00)

Ömər Ələkbərov

12 il gözlənilən şad xəbər, cəllad həkimlər, cəhənnəmdən xilas - SƏBUHİ MƏMMƏDLİ YAZIR

“Onlar məni ələ keçirə bilməzdilər. Heç vaxt. Yaralanmışdım. Qan götürüb getmişdi. Gizləndiyim yer belə ağıllarına gəlməzdi. Onlar qanın iziylə məni tapdılar. Qanım axıb gedirdi, qarın üstündə izi qalırdı”. 

 

Ömər deyir bunları Lent.az-a. Azərbaycan ordusunun giziri. Bir qədər əvvəl əsirlikdən azad olunmuş Ömər Ələkbərov. Taleyin işinə bax, bütün Azərbaycan noyabrın 10-u, Qələbə müjdəsini alan gün ağır yaralanıb Ömər. Xocavənddə döyüş tapşırığını yerinə yetirərkən. 

 

*** 

 

Füzulidən başlayıb döyüş yolu. Deyir, qarış-qarış azad etmişik yurd yerlərini. “Hər bir kənd, hər bir oba şahidlərimizin qanı bahasına başa gəldi”. 

 

Döyüş yolu isə Xocavənddə bitib. Əslində yox, İrəvana qədər gedib çıxıb deyək. Çünki Ermənistan paytaxtındakı həbsxanada belə əsgər ləyaqətini qoruyub saxlayıb. Bütün bunlar barədə danışacağıq. İndilikdə isə çox yox, bir il əvvələ gedək. Əslində bir qədər də əvvələ. 

 

***

 

Gəncəlidi Ömər. Bu şəhərdə doğulub boya-başa çatıb. 13 yaşında ata və anasını itirib. Amma sınmayıb. Ayaqda qalmağı bacarıb. Orta məktəbi bitirəndən sonra müddətli həqiqi hərbi xidmətə çağırılıb. Xidmətini, Ermənistanla sərhəddə, səngərdə başa vurub. Və bundan sonra həyatını həmişəlik orduya bağlayıb. 6 ildən çoxdur ki, Vətənə sədaqətlə xidmət edir. Nümunəvi davranışı, nizam-intizamı və döyüş qabiliyyəti, peşəkarlığı ilə silahdaşlarının və komandirlərinin rəğbətini qazanıb. Cəbhə bölgəsində xidmətlərinə görə dəfələrlə mükafatlandırılıb. Motoatıcı taqım komandirinin müavini vəzifəsinə kimi ucalıb. Keçən il, hə, məhz keçən ilin Novruz bayramı Ələkbərovlar ailəsi üçün o qədər düşərli olur ki… 

 

İnanmazsınız, nə az, nə çox, düz 12 illik evlilikdən sonra Ömərin 3 övladı dünyaya gəlir. Deyir, sevincimdən dəli olmaq vəziyyətinə gəlib çıxmışdım. 

 

“Təsəvvür edin, 3 uşaq: iki oğul, bir qız. Düz 12 ildən sonra”. 

 

Uşaqlara erməni vəhşiliyinin qurbanı olan məsum körpə Zəhranın və milli qəhrəmanlarımız Mübarizlə Çingizin adlarını qoyur. Müdafiə naziri Zakir Həsənov isə Ömərlə bağlı xüsusi tapşırıq verir. Nazirlik və Ələkbərovun xidmət etdiyi hərbi hissənin komandanlığı ailənin bütün problemlərini qarşılamağı öz üzərinə götürür. Həmin vaxt kiçik çavuş rütbəsində xidmətdə olan Ömər göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirərək deyir: “Mən Azərbaycan Ordusunun əsgəri olmağımla fəxr edirəm. Mən Ali Baş Komandanımızı və Müdafiə Nazirliyinin rəhbərliyini əmin edirəm ki, bundan sonra da Vətən qarşısında əsgəri borcumu şərəflə yerinə yetirəcək və əməli fəaliyyətimlə ümidləri doğruldacağam”.

 

***

 

Və o zaman bu il sentyabrın 27-də yetişir. Azərbaycan Ordusu vətəninin azadlığı uğrunda müqəddəs savaşa başlayır. O savaşın önündə gedənlərindən biri də Ömər olur: düz 44 gün, əldə avtomat döyüşlərin ən qızğın yerində. Qələbə günü isə son döyüş tapşırığını yerinə yetirərkən sərt dumana düşürlər. 

 

“Heç gözləmədiyimiz halda bir qrup düşmən əsgəriylə üz-üzə gəldik. Ağır döyüş oldu. Biz mühasirəni yarıb çıxmaq istəyirdik. Düşmən gülləsi məni tutdu”.   

 

Gözündən və ayağından yaralanır Ömər. Bir gün düşməndən gizlənə bilir. Amma durmadan qanaxma onu taqətdən salırdı. Nəhayət, növbəti dəfə yerini dəyişəndə, düşmən onun qarın üstünə səpələnmiş qanının izinə düşür. 

 

“Məni əvvəlcə naməlum bir yerə apardılar. Dəhşətli işgəncələr verirdilər. Çalışırdılar ki, daxili orqanlarımızı zədələsinlər. Bir gözüm görmürdü. Onlar ikinci gözümü də vurub çıxaracaqlarını deyirdilər. Qorxudurdular, deyirdilər ki, denən Qarabağ Ermənistanındır. Mən isə əksini deyirdim. Onda işgəncələri daha da çoxaldırdılar. Yarama barmaq soxub, qurdalayırdılar. Barmaqları sümüyümə dəyirdi. İnanın, o ağrını təsəvvür etmək belə çətindi. Onlar da ağrıdan, qışqırmağımızdan həzz alıb gülürdülər. Eyni hal İrəvandakı həbsxanada da baş verirdi. İrəvanda mənimlə əsirlikdə olan uşaqlara deyirdim ki, ağrıdan ölsək də, qışqırmayaq, əksinə, gülək. Belə edəndə onlar ümumiyyətlə dəli olurdular. Bəzən o qədər döyürdülər ki, huşumuzu itirirdik. Üstümüzə su atıb, oyadırdılar. Sonra yenidən təpikləyirdilər”. 

 

Ömər deyir ki, onlara ən çox zülm verənlərdən biri də həkimlər və tibb bacıları idi. “Təsəvvür edin, mənim damarıma sistem vurmaq çox asandı. Necə deyərlər, ən naşı tibb bacısı da ilk cəhddən damarıma düşə bilir. Erməni tibb bacıları isə qəsdən, azı 20 dəfə iynəni batırıb çıxarırdılar. Özü də bunu gülə-gülə edirdilər. Onlar şəfqət bacısı deyildilər, sanki cəllad idilər. Həkimlər şprislə dərimizin içinə spirt vururdular. Dərimizin altına o qədər spirt yeritmişdilər ki, iki qolum qapqara olmuşdu”. 

 

Ömər danışır ki, günlərlə ac-susuz qalıblar. Kefləri istəyəndə azca su verirdilər, ya da bir parça çörək. “Bu cəhənnəmə, yatmağa belə qoymurdular. Azca gözünü yuman kimi gəlib təpikləyirdilər ki, niyə yatmısan. Ən sevimli işgəncələri də yaralarımızı təpikləmək idi. Deyir, əsirlikdə olduqları vaxt bəzi beynəlxalq təşkilatlar onlarla maraqlanıb: “Qırmızı Xaçdan nümayəndə gəlmişdi. Beynəlxalq təşkilatlara şikayətimizi deyə bilmirdik ki, sonra işgəncə verəcəklər. Onlar gedəndən sonra psixoloji təsirə keçirdilər. Deyirdilər xəbəriniz yoxdu, Gəncəni yenə bombaladıq. Müharibə bitməyib. Sizi heç kim daha xilas edə bilməyəcək. Uşaqlara deyirdim ki, bunlara fikir verməyin, Ali Baş Komandan bizi darda qoymayacaq, bizi xilas edəcək”.

 

Hə, onlar xilas edilir. İrəvandan qalxan təyyarə bir saat sonra Bakıya enir. Deyir sanki bir il çəkdi uçuş. Cəhənnəmdən xilas olmuşdular, bir saat sonra cənnət Vətənə çatacaqdılar.

 

“Dilqəmlə Şahbaz da bizimlə eyni təyyarədəydilər. Fikirləşəndə ki, 6 il yarım bu adamlar düşmən zindanında olublar, nələr yaşamayıblar. Onlar gerçək qəhrəmanlardı”.

 

Yox Ömər, hamınız gerçək qəhrəmansız. Tarix yazan QƏHRƏMANLAR!!!!

# 35208
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar