“İllər sonra atamla anam gəldi, onlarla görüşə çıxmadım...” - REPORTAJ
“Heç nə istəmirəm, heç nə də lazım deyil... Ümumiyyətlə, heç təsəvvür etməzsiniz mən nə qədər həyatımdan razıyam, məni bura atıb gedənlərdən də çox razıyam...”
Bunu mənimlə söhbətində Sünarə deyir... O, Abşeron rayonu Saray qəsəbəsində yerləşən qüsurlu uşaqlar üçün nəzərdə tutulmuş 7 saylı Uşaq İnternat Evində... düz 22 ildir yaşayır.
Bir qrup jurnalist bura deputat Fuad Muradovun təşəbbüsü, Parlament Jurnalistlər Birliyinin (PJB) təşkilatçılığı ilə 22 İyul Günün əlil uşaqlarla qeyd eləmək üçün gəlmişdik.
Sünarə ilə də burada İnternat Evinin uşaqları üçün təşkil olunmuş şənlikdə söhbət etdik. Fiziki cəhətdən qüsurludur, ömrünü əl arabasında keçirir. Əqli cəhətdən də qüsurlu olduğunu dedilər, amma ünsiyyətə girdikcə adama elə gəlir ki, hansısa filosofla danışırsan...
Anadangəlmə qüsurlu olan Sünarə Qərbi Azərbaycanın Sisyan rayonunun Urud kəndində doğulub, amma orada çox yaşaya bilməyiblər. 1988-ci ildə digər azərbaycanlı ailələri kimi onun ailəsi də erməni zülmündən qurtulmaq üçün öz yurdundan didərgin düşüb, Bakıya gəlir. Amma Sünarə üçün əsl didərginlik bundan sonra başlayır...
“Məni bura atmaqla onlar yox, mən onlardan azad oldum...”
Valideynləri Bakıya çatan kimi onu gətirib bu İnternat Evinə verirlər və özünə də deyirlər ki, “üç-dörd gün gözlə, ev tapaq, gəlib səni də aparacağıq, istəmərik ev axtaran vaxt əziyyət çəkəsən...”
Lakin bu üç-dörd gün düz üç ay çəkir, ümid dolu gözü yolda qalan Sünarənin arxasınca heç kim gəlmir: “Üç ay sonra ata-anamı gözlədiyim halda böyük bacımın yoldaşı gəldi, dedi məni bacımla qalmağa aparır... Soruşdum ki, atam-anam salamatdırmı, dedi hə, amma sən bizimlə qalacaqsan. Anladım ki, valideynlərim məndən imtina edib, ona görə də heç kürəkənimizlə də getmədim. Hər şeydən imtina etdim! O vaxtdan buradayam...”
Deyir, illər keçəndən sonra arada ata-anası görüşə gəlib, amma onlarla görüşdən imtina edib: “Artıq buraya yerləşəndən sonra az-çox oxumağı öyrədiblər, İnternat Evi olsa da öz müstəqil həyatımı qurmuşam. Böyüdükcə anlayıram ki, heç kimə yük olmaq lazım deyil, adam kiməsə yük olduqca azad olmur. Mən indi çox azadam. Artıq heç incimirəm valideynlərimdən. Ona görə ki, məni bura atmaqla onlar yox, mən onlardan azad oldum...”
Mən onun aram, səlis nitqinə qulaq asa-asa, demək olar ki əl arabasına yapışmış balaca vücuduna tamaşa edirdim. Özümü saxlaya bilməyib soruşdum:
- Neçə yaşın var indi?
- Qadından yaş soruşmazlar...
- Üzr istəyirəm...
İnternat Evindəki güzəranı, göstərilən qayğı barədə soruşmaq istəyirdim ki, sözümü yarıda kəsdi:
- Hər şey qaydasındadır, bizə yaxşı baxırlar və heç bir şikayətimiz yoxdur. Mənim buranın sakini kimi yaşım çoxdan keçib, əlavə yer ayrılmalıdır. Ayrılan kimi bizi ora yerləşdirəcəklər...
Üzünə baxıb, İnternat Evi barədə az qala əzbərdən dediyi sözlərin səmimiyyətinə inanmaq istədim. Susdu və əli ilə arabasının təkərlərini fırladıb, məndən uzaqlaşmağa cəhd elədi. Onu daha yormaq istəmədim...
“Elə bil valideynləri bunları unudublar...”
İnternat Evinin direktoru Qətibə Əsədova bizimlə söhbətində bildirdi ki, hazırda buranın 122 qüsurlu sakini var: “Bizdə əsasən 8 yaşdan 18 yaşa kimi qüsurlu uşaqlar saxlanılır. Amma hazırda 23 nəfər 18 yaşdan yuxarı qüsurlu sakinimiz var, dövlət müvafiq yerlər ayırdıqdan sonra onları da buradan ora köçürəcəyik”.
Qətibə xanım uşaqların burada lazımı şəkildə müalicə aldıqlarını və hər şeylə təchiz olunduqlarını da bildirdi.
Şənliyin keçirildiyi salonda direktorun dediyi 122 nəfərin hamısını görmədim və buna görə də ondan qalanlarının harada olduğunu soruşdum:
- Salon balaca olduğu üçün daha ağır xəstə olanlar yuxarıda otaqlarındadır, - dedi.
Direktor deyir ki, hər həftə uşaqların valideynləri ilə görüş günü olsa da əksər valideynlər görüşə gəlmirlər: “Elə bil unudublar bunları. Məsələn, bu gün görüş günüdür, amma günorta olmasına baxmayaraq, hələ də bir valideyn gəlməyib”.
Qətibə xanım sonda bizi İnternatın bütün infrastrukturu ilə tanış etdi.
İnternat Evi, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın tapşırığı ilə, sözün əsl mənasında, əsaslı şəkildə təmir olunub. Giriş qapısından tutmuş yeməkxanasına qədər hər yer müasir üslubdadır. Tanış olduğumuz çörəkbişirmə yeri isə təmizliyi ilə göz oxşayırdı.
Bundan başqa, İnternatın həyətində kiçik tərəvəz əkini və gül bağçası da var. Direktor deyir ki, bu, əli iş tuta bilən uşaqların həvəskarlığının məhsuludur.
Qətibə xanım bizi buradakı uşaqların bəzilərinin xüsusi bacarıqları ilə də tanış etdi. Bu uşaqlar ağacdan və qamışdan müxtəlif bəzək əşyaları, Azərbaycan gerbi, qlobus və sair əşyalar düzəldirlər. Həmin uşaqlardan biri Azərbaycanın gerbi olan əl işini həmin gün doğum günü olan deputat Fuad Muradova hədiyyə etdi.
“Allah bunu heç bir valideynə göstərməsin...”
İnternatın həyətini gəzərkən oturacaqların birində orta yaşlı bir qadınla kişinin əlil bir uşağı aralarına alaraq yedirtmələrini gördüm. Fürsətdən istifadə edib onlara yaxınlaşaraq tanış oldum və öyrəndim ki, bu gün buradakı uşaqları ilə görüşə gələn yeganə valideynlərdir. Onların aralarına alıb yedirtdikləri isə 14 yaşlı qızları Türkandır. Türkan həm fiziki, həm də əqli cəhətdən qüsurludur, əsəbləri isə tamamilə pozulub. Valideynləri ilə söhbətdə məlum oldu ki, Türkan anadangəlmə belədir, daha doğrusu, doğuş zamanı aldığı travmanın nəticəsində bu vəziyyətə düşüb.
Valideynləri, xüsusilə atası Əfqanla (anası qəhərdən danışa bilmirdi - M.A.) söhbətimiz zamanı məlum oldu ki, iki ay əvvəl Türkanı bura yerləşdirənə qədər onu yanına aparmadıqları həkim qalmayıb. Hətta İrana belə müalicə üçün aparıblar. Atası Əfqan deyir ki, son dəfə respublikanın tanınmış uşaq nevropatoloqlarından biri deyib ki, Türkanın xilas yolu yoxdur və edilən bütün cəhdlər əbəsdir: “Bu elə bir şeydir ki, yaşamayan valideyn bilməz, ona görə də Allaha dua edirəm ki, bunu heç bir valideynə göstərməsin”.
- Burada lazımi müalicə edilirmi?
- Müalicə haqqında eşitməmişəm, amma qızıma yuxu dərmanı tez-tez lazım olur, onu da mən alıb gətirirəm...
Oradan ayrılarkən direktor Qətibə xanım ilə ayaqüstü söhbətimiz oldu. Bizə çoxlu təşəkkür edəndən sonra direktor jurnalistlərlə bağlı narazılığını da bildirdi. O, bəzi jurnalistlərin tez-tez ondan və rəhbərlik etdiyi internatın fəaliyyətindən tənqid dolu yazılar yazmasından şikayətlənirdi. Deyir, biri hətta onu zəngləri ilə bezdirirmiş, deməyinə görə Qətibə xanımdan pul tələb edirmiş. Axırda bundan xəbər tutan Qətibə xanımın qohumu jurnalisti görüşə çağırır və onun yaxşıca cavabını verir. “Adı Cənnət idi həmin jurnalistin, axırda əhvalı cəhənnəmlik oldu” – deyib, ürəkdən güldü.
Düzü, biz də güldük, amma Qətibə xanımın görüşün sonunda bu əhvalatı danışması bir az qəribə göründü...
Mübariz Aslanov
[email protected]

1649