TQDK İKT-nin imkanlarından necə istifadə edir? – ARAŞDIRMA
10 iyun 2011 15:51 (UTC +04:00)

TQDK İKT-nin imkanlarından necə istifadə edir? – ARAŞDIRMA

2015-ci ilə kimi internet-trafik dörd dəfə artaraq 966 eksabayta çatacaq. “Cisco” şirkətinin proqnozlarına görə, 2015-ci ildə internet istifadəçilərinin sayının 3 milyarda yaxın olacağı gözlənilir. Hazırda trafik həcminin 97 faizi fərdi kompüter və noutbukların payına düşür. Lakin yaxın dörd il ərzində smartfon, planşet kompüter və internetə çıxış imkanlı televizorlara olan tələbatın artması nəticəsində fərdi kompüterlərlə bağlı bu göstərici 87 faizədək enəcək.

Azərbaycanda da internet istifadəçilərinin sayı sürətlə artmaqdadır və rəsmi statistikaya görə, söhbət artıq 4 milyon civarında istifadəçidən gedir. Bu isə həm dünyada, həm də Azərbaycanda müasir informasiya-kommunikasiya texnologiyalarından (İKT) geniş tətbiq olunmasını zəruri edir. Dövlət qurumlarının bu sahədə daha fəal olması gərəkdir və Azərbaycanda elektron hökumət layihəsinin həyata keçirilməsi də bu məqsədə hesablanıb.

Bəs bu günlərdə Azərbaycanda ictimaiyyətin hər xəbərini xüsusi həssaslıqla və diqqətlə izlədiyi, gözlədiyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) İKT-nin imkanlarından istifadə yönündə hansı addımlar atır?

Son yeniliklər

TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyir ki, TQDK İKT-nin imkanlarından istifadə məsələsini xüsusi diqqətdə saxlayır. Məsələn, bu il bütün imtahan fənləri üzrə ən yaxşı ekspertlərin müvafiq fənnin bütün bölmələrini əhatə edən çıxışları videomühazirə formatında hazırlanıb və TQDK-nın saytında yerləşdirilib. Bu layihə qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün əvəzsiz töhfədir. İnternetə çıxış imkanı olan hər bir şəxs heç bir əlavə ödəniş etmədən respublikanın fənlər üzrə ən yaxşı mütəxəssislərinin, ekspertlərinin mühazirələrini dinləməklə qəbul imtahanlarına səmərəli hazırlaşa bilərlər. Abituriyentlər TQDK-nın saytından bu mühazirələri fayl şəklində flaş-kartlarla, disklərdə götürərək də baxa bilərlər.

Elnur Nağızadə mobil texnologiyaların imkanlarından istifadə edən TQDK-nın yeni bir xidməti – SMS Məlumatlandırma xidmətini istifadəyə verdiyini də xatırladıb. TQDK-nın Azercell və Bakcell mobil rabitə operatorları ilə bağladığı müqavilə əsasında abituriyentlər TQDK-nın yenilikləri barədə gündəlik məlumatları mobil telefonları vasitəsilə əldə edə bilirlər. Bu xidmətə 1 aylıq abunə haqqı cəmi 53 qəpikdir. Məlumatlandırma xidməti vasitəsi ilə sınaq imtahanları, ali və orta ixtisas təhsili müəssisələrinə, magistratura səviyyəsinə qəbulla bağlı bütün məlumatları mobil telefon vasitəsilə öyrənmək mümkündür. Bu xidmətdən yararlanmaq üçün sadəcə müvafiq açar sözlərin baş hərflərini - A (abituriyent), B (bakalavr), S (sınaq) və ya O (orta ixtisas) yazıb 82002-yə göndərmək kifayətdir. Abunə olmaq istəyən şəxs 4 məlumat blokundan hər hansı birinə, yaxud hamısına abunə ola bilər: “Bu, çox faydalıdır. Bu xidmət hansısa bir yenilikdən xəbər tutmağa imkanı məhdud olan insanların informasiya almasını təmin edir. İlkin mərhələdə olan bu layihənin istifadəçiləri günü gündən artır”.

Türkiyəni geridə qoymuşuq

Qeyd edək ki, artıq bir neçə ildir ki, sınaq imtahanlarına yazılış yalnız internet vasitəsi ilə aparılır. Eləcə də ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu internetlə həyata keçirilir. TQDK-nın keçirdiyi sınaq və qəbul imtahanlarının nəticələri həm TQDK-nın saytında yerləşdirilir, həm də abituriyentlərə İMTAHANCELL xidməti vasitəsilə də bu məlumatları öyrənə bilirlər. Nəticələr elan olunduqda “Azercell” şirkəti ilə yanaşı, “Bakcell” mobil operatorunun istifadəçiləri olan abituriyentlər də iş nömrələrini 7727 nömrəsinə göndərməklə imtahan nəticələrini öyrənə bilərlər.

Son 2 ildə TQDK-nın regional bölmələrində həmin bölgəni təmsil edən müvafiq fənn müəllimlərinin də TQDK-nın iclaslarında, müşavirələrində iştirak etmək üçün Bakıya, yaxud müşavirənin, iclasın keçirildiyi başqa regiona gəlmələrinə ehtiyac qalmayıb. Artıq 3-cü ildir ki, videobağlantı əsasında bütün fənlər üzrə seminar iclaslarında Bakı və Sumqayıt şəhərlərinin təhsil işçiləri ilə bərabər, TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki və Quba regional bölmələrində həmin bölgələri təmsil edən müvafiq fənn müəllimləri də eyni vaxtda bu iclaslarda iştirak edib və onlayn sistemində öz fikirlərini bildiriblər.

Elnur Nağızadə bildirib ki, TQDK onlayn rejimdə abituriyentlərin, valideynlərin sorğularını da cavablandırır. TQDK-nın elektron poçtuna hər gün onlarla məktub gəlir: “Biz mümkün olan ən maksimal sürətlə, optimallıqla o məktublara cavab veririk. Bütün bunlar abituriyentlərin rahatlığı üçündür. Yəni onlar məsafə qət etmədən, birbaşa müraciət etmədən istədikləri suallara cavab alırlar”.

TQDK-nin mütəxəssisləri hazırda isə 3G-nin imkanlarından istifadə yönündə araşdırma aparır. Elnur Nağızadənin sözlərinə görə, ümumiyyətlə, texnologiya sahəsində hər hansı yenilik həyata keçirilirsə, TQDK onu tətbiq etməyə çalışır: “Ancaq yenilik tətbiq edəndə yalnız bizim özümüzün buna hazır olmağımız qiymətləndirilmir. Bu yeniliklərin yönəldiyi qarşı tərəf də buna hazır olmalıdır. 3G və digər yeni formatlı texnoloji yeniliklərdən istifadə etmək imkanlarını bizim proqramçılar araşdırırlar. Azərbaycanda elektron imzanın tətbiqi reallaşdıqdan sonra TQDK sənəd qəbulu prosesində bundan da istifadə etməyi düşünür”.

Yeri gəlmişkən, TQDK sədri Məleykə Abbaszadə keçirdiyi son mətbuat konfranslarından birində Lent.az-ın sualına cavab olaraq Türkiyədə olduğu kimi imtahan sualları ilə bağlı problemin Azərbaycanda yaşanmayacağını vurğulayıb: “Suallar imtahana 1-2 gün qalmış 200 min sualın olduğu bankdan avtomatlaşdırma sistemi vasitəsi ilə seçilir. Bunkerdə olan müəllimlər yalnız seçilmiş sualları oxuyurlar. Çünki avtomatlaşdırmış sistem vasitəsi ilə seçilən suallarda texniki səhv ola bilər. Yəni bunkerdəki müəllimlərin sualları seçmək səlahiyyəti, hüququ yoxdur. Bu, dəqiqliklə yoxlanmış sistemdir və Türkiyədə belə bir proqram yoxdur. Bu proqram təminatını biz özümüz hazırlamışıq”.

Həlli aktual problem

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz də hesab edir ki, TQDK Azərbaycanda İKT-nin effektiv istifadə olunduğu qurumlardan biridir. Onun sözlərinə görə, TQDK-da uzun müddətdir ki, bir təcrübə formalaşıb və onlar zaman-zaman bunu təkmilləşdirirlər: “Əgər bir neçə ilə əvvəl xidmətlər primitiv formada idisə, ildən-ildə ərizələrin qəbulu və digər xidmətlərin elektron formaya çevrildiyini görürük”.

Osman Gündüz 3G-nin imkanlarının öyrənilməsi sahəsində TQDK-nın indidən hazırlığa başlamasını da təqdirli sayır. Digər tərəfdən onu da vurğulayır ki, hələ ki, Azərbaycanda bu xidmətlə bağlı lisenziya alan mobil şirkətin istifadəçilərinin sayı azdır: “Gərək yetərli istifadəçi olsun ki, 3G-dən istifadə etmək mümkün olsun. Azərbaycandakı digər mobil şirkətlərə də 3G lisenziyası verilməlidir. O şirkətlər də dəfələrlə bəyan ediblər ki, bu xidmətə hazırdırlar. Əgər zamanında digər iki mobil şirkətə 3G xidməti üçün lisenziya verilsə idi, indi Azərbaycanda 3G daha yüksək səviyyədə olardı. TQDK-nın 3G-nin imkanlarını öyrənməyə başlaması isə özlüyündə müsbət məqamdır”.

Ancaq bütün bunlara baxmayaraq, İKT-nin imkanlarından istifadə sahəsində problemlər də var. Osman Gündüz əsas çatışmazlığın elektron ərizələrin təsdiqi sahəsində olduğunu söyləyir: “Məsələn, bu il də orta məktəbi bitirən məzun elektron formada ərizə verəndən sonra elektron ərizəni təsdiqləmək üçün attestatını Sənəd Qəbulu Komissiyasına təqdim etməlidir. Bu halda İKT-nin tətbiqi yetərli sayıla bilməz”.

Xatırladaq ki, TQDK sədri Məleykə Abbaszadə də son mətbuat konfranslarından birində bu məsələyə toxunub. O bildirib ki, bu il orta məktəbi bitirənlərin bu problemlə üzləşməsinin səbəbi Təhsil Nazirliyinin hələ də məzun bazasını TQDK-ya təqdim etməməsidir: “Məlumat bazası təqdim edilmədiyi üçün biz builki məzunların attestat qiymətlərinin nə dərəcədə doğru təqdim edildiyinə əmin ola bilmirik. Əgər məzun bazası bizə təqdim edilsəydi, biz abituriyentlərin elektron ərizələrini avtomatik olaraq yoxlayacaq və attestat qiymətlərinin nə dərəcədə doğru olduğunu müəyyən edəcəkdik. Ancaq məzun bazası bizdə olmadığı üçün bu məsələ ləngiyir...”

Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1048

Oxşar yazılar