Dağlarla döyüş - REPORTAJ
25 may 2011 16:43 (UTC +04:00)

Dağlarla döyüş - REPORTAJ

İlk dəfə bu ilin yanvar ayında da jurnalist həmkarlarımla bura gəlməyimə səbəb Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyasının (FAİREX) təşkil etdiyi dağlarda buza dırmanma üzrə respublika çempionatı olmuşdu.

Mayın 21-i Bakıda isti may günü hökm sürsə də, təxminən 200 kilometr şimalda olan Qusarda, Ləzə dağlarındakı qar hələ də insanlardan ayrılmaq istəmirdi. Səhər tezdən mikroavtobusla Bakıdan Qusara yola düşən bir qrup jurnalistlərdən yol boyu əl çəkməyən şirin mürgünü də həmin dağların qarı dondurdu. Bu dəfə FAİREX-in sərt dağlarda təşkil etdiyi qayaya dırmanma üzrə açıq respublika çempionatına yollanmışdıq.
Təxminən bir-iki saat rayon mərkəzində ləngidikdən sonra əlavə 20 kilometr qət edərək 2500 metr hündürlüyə, Ləzə dağlarına qalxdıq. Buranı həqiqi mənada söz ilə ifadə edib təsvir etmək yetərsizdir. Bircə onu deyə bilərəm ki, hər tərəf hündür, xırda meşəli dağlar və vahiməli qayalıqlarla əhatə olunan bu yerdə insanlar məskən də salıb (bu barədə bir qədər sonra).

Biz ora çatanda, çempionatın keçirildiyi məkan əməlli-başlı bayram düşərgəsinə çevrilmişdi. İdmançılar bir qədər hündürlükdə dağların arasında təxminən 100-120 metr hündürlükdə olan qayalardan birinin ətəyinə yığışmışdı.

Yarışda FAIREX-in “Salavat”, “Zirvə”, “A+A”, “Ekosport”, “Climb-club”, Turizm İnstitutunun “AMEAST”, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “AzDBTİA”, “Qərb Universitetinin idman klubu”nun, o cümlədən digər qurumların 60-dan çox idmançısı iştirak edirdi. İdmançılar əvvəlcə təsnifat, daha sonra 1/8, 1/4, 1/2 və final yarışlarında birinci yer uğrunda mübarizəyə qoşulmuşdular. Distansiya və marşrutların təşkili üçün IFSC-nin (Beynəlxalq İdman Qayayadırmanma Federasiyası) tövsiyəsi ilə FAIREX tərəfindən Türkiyədən və ABŞ-dan beynəlxalq dərəcəli mütəxəssislər də dəvət olunmuşdu.

“O, mənə görə indi ayaqsızdır”

Biz ora çatanda, demək olar ki, yarışın qızğın nöqtəsi idi. İdmançılar arasında yerli uşaqlar daha fəal idi - onlar qaya üzərində daha çox məsafə qət edə bilirdilər. Yadıma qədim yunan əfsanəsində Axillesin öz torpağında güc almaq məsələsi düşdü.

Bakıdan gələn idmançılar növbə ilə qayaya yaxınlaşıb dırmanırdılar. Onlardan bəzisi alqışa layiq görülürdü, bəzisi isə təsəlliyə. Amma səs- küy aləmi götürmüşdü.

Bu məqamda dərhal bir neçə gün əvvəl Bakıda süni relyefdə keçirilən yarışda böyük həvəslə iştirak edən Qusardan olan Günay İsrafilova adlı gənc idmançını xatırladım (ötən yazıda onun haqqında bəhs etimişdim). İdmançılar və oraya toplaşan tamaşaçılar arasında onu nə qədər soraqlasam da, bir qismi onu hələ görmədiyini, bir qismi isə ümumiyyətlə elə bir idmançı tanımadığını bildirdi. Elə onu axtara-axtara yarışdan, qayalıqların vahiməli hissələrindən bir neçə şəkil çəkib bir kənara çəkilərək daşlar üzərində əyləşib dincimi almaq istədim. Oturduğum yerdə bir neçə yeniyetmə idmançı da əyləşmişdi. Söhbət əsnasında onların elə Qusardan olmaları bəlli oldu. Bunu eşidən kimi o dəqiqə Günayı soruşdum. Onların arasında sarışın, qıvrımsaç, qulaqları güləşçi qulağı kimi sınıq, əsl idmançı bədəninə malik birisi təəccüblə üzümə baxdı:

- Siz onu haradan tanıyırsınız?

- Keçən dəfə Bakıda keçirilən yarışdan tanıyıram. Necə məgər?

- O, mənim əmim qızıdır.

- Doğurdan?! Nə xoş təsadüf... Bəs nə əcəb buralarda yoxdur?

- Problemi var... Gələ bilmədi...

- Nə problem idi? Onun Bakıdakı həvəsi dillər əzbəri olub. Onun bu marağına güc gələn problem nədir elə?

- ...

Onun bir qədər qızararaq başını aşağı salıb susması mənə maraqlı gəldi. Lakin Günayın gəlməməsi səbəbini ikinci dəfə soruşa bilmədim...

Onun adı İlham İsrafilovdur. Günaydan 3 yaş böyükdür - 22 yaşı var. Milliyətcə ləzgi olan İlham qayaya dırmanmadan savayı həm də güləşçidir, bir neçə çempionatlarda yer də tutub. Deyir qayaya dırmanma ilə Günaydan əvvəl məşğul olub. Günay bununla məşğul olmağa başlayarkən ailələrində hamının onun bu istəyinə qarşı çıxdığı vaxt (Günay özü bunu danışmışdı) yalnız İlham ona dəstək olub: “Bizim nəsildə idmançılar çox olub: güləşçilər, pəhləvanlar... Bizdə Günayın qayaya dırmanmaya qarşı marağı ciddiləşəndə, mən evdəkiləri başa saldım ki, bu nəsildən gələn həvəsdir. Sadəcə bu idman özü bir az müasirdir. Amma vaxt gələcək bu bizim ölkədə oturuşacaq, onda bəlkə də Günay öz qələbələri ilə tək bizim nəslin yox, bütün Azərbaycanın başını uca edəcək...”

- Bəs sən?

- Mən daha çox güləşlə məşğul olmuşam. Qayaya dırmanmaya sonradan həvəs yarandı...əvvəllər arzularım daha çox idi...

- Bəs indi nə olub?

- İndi də yarışlardan qalmıram, “Zirvə” komandasındayam... Ötən il bir hadisə oldu, ondan sonra hər qayaya dırmananda o yadıma düşür... Bu Dağıstanda olub. Mən ora qohumlarıma qonaq getmişdim. O ailədə məndən bir yaş böyük oğlan vardı. Uşaqlıqdan bir-birimizin evinə yolumuz düşəndə yoldaşlıq edirdik. Ötən il də mən onlara gedəndə təklif elədik kəndlərindəki məşhur qayalıqlarından birində qayaya dırmanmanı ona öyrədim. Mən ona nə qədər izah etsəm də ki, bu qorxuludur, o, əl çəkmədi. Əlacsız qalıb razılaşdım, birlikdə kəndin kənarındakı dağlara getdik. Əvvəlcə mən alçaq qayalıqlarda bir-iki hərəkət göstərdim. O da təkrar etməyə çalışsa da, alınmadı. Bir neçə dəfə bu təkrar olduqdan sonra dedim ki, “daha bəsdir, gedək burdan”. Yenə əl çəkmədi ki, “sən çıxdığın yerə qədər qalxmasam gedən deyiləm”. Mən qayanın münasib bir yerini tapıb göstərdim ki, “yaxşı, gəl burdan çıx”. O da həvəslə yerləri işarələyib başladı çıxmağa. Bu dəfə pis qalxmırdı. Artıq demək olar ki, 20 metrdən çox qalxmışdı. Bir kənarda oturmaq üçün, gözümü ondan çəkib kənara çəkilmişdim ki, qəfildən dəli kimi qışqırıq eşitdim. Başımı yuxarı qaldıranda gözlərimə inanmadım: o, çıxdığı yerdən bir xeyli aşağı düşərək qayaya çırpılıb kəndirdən sallana qalmışdı. Belinə bağladığı kəmərin bəndlərinin ikisi tab ağırlığa tab gətirməyib qopmuşdu. Təcili xəstəxanaya çatdırsaq da, xeyri olmadı. Belə... o, indi mənə görə ayaqsızdır.

Yarış əsnasında vəziyyətinin dəyişdiyini görüb, mövzunu bitirmək qərarına gəldim.

Arzuların boğulduğu kənd

Nədənsə danışmaq istəyirdim ki, bu zaman yarışın keçirildiyi qaya tərəfdən güclü alqış- qışqırıq səsləri gəldi. Yanımızda oturanlarda sevinclə çığırdılar ki, bəs, onların yerli idmançıları yaxşı dırmanıb. Gedib onu dövrəyə alıb biz oturduğumuz yerə gətirdilər. Onu adı Şirxan Şığayevdir. 19 yaşı var, yarışlara yeni qoşulub.

Oradakı beş-altı nəfərin hamısı elə Qusar sakinləri idi. Hamısı yarış iştirakçısı olmasa da, qayaya dırmanmada bacarıqlıdırlar. Qəfil ağlıma haradan gəldisə, onların ali təhsilləri ilə maraqlandım. Bir qismi gülümsədi, bir qismi də təəccüblə üzümə baxdı. Peşəmi bildikdən sonra adını demək istəməyən 22 yaşlı bir oğlan mənə dedi ki, soruşsan bu kəndlərdə ali təhsil alan, ya da almaq istəyən adam çıraqla tapılar.

Məlum oldu ki, xüsusilə ərazisində olduğumuz Ləzə kəndi cəmi 30 evdən ibarətdir. Orta məktəb isə dörd illikdir. Dördüncü sinifdən sonra təhsili davam etdirmək üçün bu vahiməli dağ yolları ilə hər gün 15-16 kilometrlik yolu rayon mərkəzinə gedib-gəlmək lazım olur. Bunu da az-az uşaqlar edir. Əksəriyyəti elə dördüncü sinifdən təhsilin “daşını atır”. Həmsöhbətim dediklərindən məlum olur ki, bu dağlar onların yollarını həyatda çoxdan şeydən uzaq salır.

Məsələn, söhbət əsnasında yarışlara tamaşaçı kimi baxmağa gələn Ləzə kənd sakini, 15 yaşlı Feruzxan Pirallahıyev buna misaldır. Elə Feruzxanla söhbətləşəndə uşaqlar əllərini uzadıb Ləzə kəndinin evlərini mənə göstərdilər. Oturduğumuz yerdən təxminən 500 metr kənarda dərənin dibində bir ovuc evlərdən ibarət kənd idi. O kənddən olan Feruzxan təəssüf ki, Azərbaycanca çətin danışırdı. Ümumiyyətlə o qədər dağlarla yoldaşlıq etmişdi ki, yad adamla ünsiyyətdən ürkürdü. Erkən yaşlarından sifəti zəhmətkeş tablosuna çevrilmişdi. Bir təhər ünsiyyət qurandan sonra məlum oldu ki, ailələrində üç uşağın böyüyüdür. Dördüncü sinifdən sonra maddi imkanları üzündən təhsilini davam etdirmək üçün rayon mərkəzinə gedib-gəlməyə ailəsinin gücü çatmayıb. Əksinə ailəsinə kömək etmək üçün yaxınlıqdakı sərhəd zastavasında muzdla müxtəlif işlər görməyə başlayıb. Zabitlərə siqaret almaqdan tutmuş, hərbi hissənin atlarının altını təmizləməyə qədər hər işi görür ki, təki pul qazansın, evdəkilərə kömək edə bilsin. Bu yaşdan elə bir təbiət üstə köklənmişdi - ondan gələcək arzular, təhsil, harasa səyahət və s. gənclik xüsusiyyətlərindən nəsə soruşmağa “ağzım ağrıdı”. Ümumiyyətlə Feruzxanla söhbətdə yadıma tez-tez Çingiz Aytamatovun “Manqurt”u düşürdü. Hansı ki, Feruzxan o kənddə tək deyil. Hansı ki, onun və onu kimi həyat tərzi keçirən yaşıdlarının içlərində özlərindən də xəbərsiz böyük həvəs, sirli dünyalar yatır. Məsələn, mən bunu Feruzxanın yarış əsnasında qaya dırmanmaya olan fantastik marağından hiss etdim. Gözlərini zilləyərək idmançıların bütün manevrlərini diqqətlə izləyirdi.

Yarışın keçirildiyi qayalıqdan 50-60 metr aşağıda isə irili xırdalı 10-12 çadır qurulmuşdu. Çünki, yarış üç gün davam etməli və iştirakçılar da gecəni orada keçirməli idilər. Mən yarışçılar arasında bir az da dolandıqdan sonra çadır qurulan yerə düşdüm. Burada iri səsgücləndirici ilə Şimali Qafqaz xalqlarının rəqslərini səsləndirirdilər. Həm yaxın kəndlərdən, həm də rayondan olan idmançılardan qızışıb rəqs edənlər də vardı. Bu sadə kəndlilər o qədər gözəl rəqs edirdilər ki, mən bunu ancaq televizorda rəqqasların ifasında görmüşdüm. Bunların arasında bir az əvvəl həmsöhbəti olduğum İlham da vardı. Əla rəqs edirdi. Bir az keçmişdi ki, rəqs edənlər necə qızışdılarsa, həmkarım Murad Əliyevlə məni də özlərinə qatdılar. Tər dabandan çıxana qədər rəqs etdik...

Media nümayəndələri artıq hazırlaşıb aşağı - rayon mərkəzinə düşürdü. Nədənsə, elə Bakıya qayıdanda da yolboyu özümü narahat hiss edirdim. Orada gördüyüm kənd uşaqları, onların idmana olan həvəsi, ürəklərində bəlkə də birdəfəlik yatan arzuları yadıma düşdükcə, bərk dilxor olurdum. Və kənddən uzaqlaşdıqca yolda cürət edib arxaya da boylana bilmirdim. Mənə elə gəlirdi ki, biz sivilizasiyanın onların rastına çıxan yeganə bir parçası idik, birdəfəlik onları tərk edirik. Yadıma öz uşaqlıq illərim, kəndimiz düşdü... Bəlkə də buna görə yol boyu əsəbi idim...

Yeri gəlmişkən Ləzədə keçirilən çempionat da uğurla başa çatdı. Təsnifat yarışlarının nəticələrinə görə yarımfinala 14 qadın və 21 kişi idmançı buraxılıb. Onlar bu mərhələdə yeni distansiyalar üzrə yarışaraq finala çıxan 8 qadın və 8 kişi idmançıları müəyyənləşdiriblər. Birinci yarış gününün axırına ancaq qadınların finalını keçirmək mümkün olub. Növbəti gün boulderinq yarışları ilə başlanıb. İdmançılara 15 tras təklif olunub ki, bunlardan 10-nu kişilər və 10-nu da qadınlar keçməli idilər. Bu marşrutların keçilməsinə 3 saat vaxt ayrılıb, lakin cəhdlərə məhdudiyyət qoyulmayıb. Boulderinq yarışlarından sonra isə mürəkkəblik mərhələsi üzrə final yarışları baş tutub. Yarışların nəticələrinə görə yüksək pillələrə əsasən Dağçılıq idman klubunun idmançıları sahib olublar.

Mübariz Aslanov

[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1375

Oxşar yazılar