Məcəllə qanunla toqquşur
18 mart 2011 15:42 (UTC +04:00)

Məcəllə qanunla toqquşur

Bu ilin fevralında “Normativ hüquqi aktlar haqqında” qanun qüvvəyə mindikdən sonra dövlət və bələdiyyə müəssisələrinin qeydiyyatı dayandırılıb. Səbəb kimi qanunvericilikdə dövlət və bələdiyyə qurumları tərəfindən kommersiya müəssisələrinin yaradılmasını qadağan edən Mülki Məcəllənin, belə cəmiyyətlərin yaradılması hüququnu tanıyan qanunlardan üstün qüvvəyə malik olması göstərilir. Buna görə də Vergilər Nazirliyi Mülki Məcəlləni əsas götürərək, dövlət qurumları və bələdiyyələr tərəfindən kommersiya müəssisələrini qeydiyyata almaqdan imtina edir.

Xatırladaq ki, bir sıra qanunlar, o cümlədən bələdiyyə qanunvericiliyi yerli özünüidarə qurumlarının öz fəaliyyətlərinin həyata keçirmək üçün kommersiya müəssisəsi yaratmaq hüququnu tanıyır. Məsələn, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” və “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanunlarda bələdiyyələrin gəlir mənbələrindən biri kimi bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi göstərilib. Həmçinin “Bələdiyyələrin su təsərrüfatı haqqında” qanunun 7.2-ci maddəsində qeyd edilir ki, bələdiyyələr su təsərrüfatı obyektlərinin idarə olunmasını həyata keçirmək üçün müəssisə yarada bilər. Üstəlik, Vergi Məcəlləsi də bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisini yerli vergilər qismində təsdiq edir. Mülki Məcəllənin 64.6 maddəsində isə göstərilir ki, dövlət orqanları və yerli özünüidarə orqanları təsərrüfat ortaqlıqlarının və cəmiyyətlərinin iştirakçıları kimi çıxış edə bilməzlər. Bu maddənin 4-cü bəndinə əsasən, yalnız fərdi sahibkarlar və ya kommersiya təşkilatları tam ortaqlıqların iştirakçıları və kommandit ortaqlıqlarında tam ortaqlar ola bilərlər. Bu isə dövlət orqanları və bələdiyyə qurumlarının səhmdar və ya məhdud məsuliyyətli cəmiyyətlər yaratmasını qadağan edir.

Lent.az iki qanun arasındakı ziddiyyətin aradan qaldırılması mümkünlüyünü araşdırarkən maraqlı nüanslar ortaya çıxıb. Məlum olub ki, bütün maraqlı tərəflər qanundakı bu ziddiyyətin aradan qaldırılmasını istəyir. Amma bunun üçün irəli sürülən təkliflər və təşəbbüslər fərqlidir.

Məcəllə dəyişməlidir

Millət vəkili Tahir Rzayev Mülki Məcəllə ilə “Bələdiyyələr haqqında” qanun arasında ziddiyyətli müddəaların olduğunu təsdiqləyir. Onun fikrincə, bələdiyyə qanunvericiliyində yerli idarəetmə orqanlarına özlərinin müəssisələrini, istehsal sahələrini yaratmaq icazəsi verilirsə, bu, Mülki Məcəllədə də əksini tapmalıdır: “Amma Mülki Məcəllədə belə bir müddəa yoxdur. Ona görə də bələdiyyələrin yaratdığı istehsal müəssisələri vergi orqanlarında qeydiyyata alınmır”.

Millət vəkili deyir ki, qanunvericilikdəki bu ziddiyyətin aradan qaldırılması üçün Mülki Məcəlləyə dəyişiklik vacibdir. Onun sözlərinə görə, artıq bu məsələ Milli Məclisdə və müvafiq dövlət orqanları qarşısında bir neçə dəfə qaldırılıb: ”Bu məsələyə Milli Məclisin iqtisadiyyat komitəsi də münasibət bildirib və deyilib ki, əslində burada ciddi bir uyğunsuzluq yoxdur. Amma Mülki Məcəllə bələdiyyələrin kommersiya qurumları yaratmasına qadağa qoyur və bu, hökmən aradan qaldırılmalıdır. Hazırda biz bu məsələnin üzərində çalışırıq və düşünürəm ki, Mülki Məcəllədə belə bir dəyişiklik olmalıdır“.

Tahir Rzayev bildirib ki, qanundakı ziddiyyətin aradan qaldırılması üçün Ədliyyə Nazirliyinə də müraciət olunub. Ancaq millət vəkilləri səviyyəsində olan bu müraciətlərə hələlik ciddi münasibət göstərilməyib: “İndi isə dövlət və bələdiyyə müəssisələrinin qeydiyyatının tamamilə dayandırılması bu məsələni aktuallaşdırıb və artıq hamı başa düşür ki, problemin həlli yolları tapılmalıdır. Əgər bələdiyyələr qanunvericiliyə uyğun olaraq, özlərinin istehsal sahələrini yaratmaq hüququna malikdirlərsə, Mülki Məcəllə buna mane olmamalıdır. Ona görə də yaxşı olar ki, Mülki Məcəlləyə dəyişiklik olunsun, dövlət və bələdiyyə müəssisələrinin yaradılması üçün bu qurumlara tam sərbəstlik verilsin”.

Bununla belə, Tahir Rzayev hesab edir ki, ziddiyyətlərin aradan qaldırılması üçün Ədliyyə Nazirliyi də reaksiya verməlidir. Həmçinin Maliyyə və Vergilər Nazirliklərinin də rəyi öyrənilməlidir. Onun sözlərinə görə, adıçəkilən nazirliklərə bu məsələ ətrafında bir neçə dəfə müzakirələr aparılıb. Ancaq qanuna təklif ediləcək dəyişikliklər hələ konkret şəkildə müəyyənləşməyib.

Çıxış yolu - “unitar müəssisə”

Məsələni ilk dəfə gündəmə gətirən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev isə təmsil etdiyi qurumun bununla bağlı konkret təkliflərinin olduğunu deyir. Ekspert hesab edir ki, Mülki Məcəllə “unitar müəssisə” anlayışı ifadə olunsa və onun funksiyaları müvafiq maddədə göstərilsə, dövlət və bələdiyyə müəssisələrinin qeydiyyatı problemi aradan qalmış olacaq. Onun sözlərinə görə, Məcəllədə belə bir maddə var ki, dövlət və bələdiyyələr təsərrüfat ortaqlıqlarının istifadəçiləri, yəni iştirakçıları ola bilməz. Həmin qanunvericiliyə “unitar müəssisə” anlayışının əlavə edilməsi isə bu problemi aradan qaldırar: “Belə olsa, Mülki Məcəlləyə də ciddi dəyişikliyə ehtiyac olmayacaq və yalnız bu anlayışın əlavə olunması kifayət edər”.

Bundan başqa, Samir Əliyev hesab edir ki, Azərbaycanda kommersiya müəssisələrinin özünün təsnifləşdirilməsinə ehtiyac var. Xatırladaq ki, bu cür təsnifatlaşdırma dünyanın əksər dövlətlərində, o cümlədən Rusiyada, Qırğızıstanda, Ukraynada və digər postsovet ölkələrində geniş yayılıb. Samir Əliyevin sözlərinə görə, Azərbaycanda da müəyyən sahələr üzrə təsnifatlaşdırma var. Ancaq onun fikrincə, əslində kommersiya müəssisəsinin məqsədi təkcə hər hansı xidmət göstərib gəlir götürməkdən ibarət deyil: “Bu cür müəssisələrin onun təyinatına da uyğun təsnifləşdirilməsinə ehtiyac var. Söhbət ondan gedir ki, bir var müəssisə gəlir götürür və bu gəlir payçılar arasında bölüşdürülür, bir də var, əldə olunan gəlir müəssisəni yaradan qurumun sırf nizamnamə fəaliyyətinə yönəldilir”.

Belədə məlum olur ki, bu iki kommersiya müəssisələri arasında kifayət qədər böyük fərq var. Elə Samir Əliyev də hesab edir ki, MDB ölkələrində bələdiyyə müəssisələri digər müəssisələrdən fərqlənir və bunlar adətən, unitar müəssisələr hesab olunur. Unitar müəssisə Məhdud Məsuliyyətli Cəmiyyətlərdən, Səhmdar Cəmiyyətlərdən fərqləndirən əsas cəhət odur ki, ikincilərin nizamnamə kapitalı pay bölgüsü əsasında formalaşır. Unitar müəssisələrdə isə nizamnamə kapitalı onu yaradan dövlət və ya bələdiyyə qurumu tərəfindən qoyulur. Həmçinin unitar müəssislərin bir mühüm xüsusiyyəti də var ki, bu da əldə olunan gəlirlərin yalnız nizamnamə tələbləri əsasında xərclənməsi ilə bağlıdır.

Yeri gəlmişkən, unitar müəssisələri yalnız bir qurum – dövlət və ya bələdiyyə tərəfindən yaradılır. Məhdud Məsuliyyətli Cəmiyyətlərdə isə təsisçilərin sayı bir neçə nəfər ola bilər. Digər fərq isə odur ki, unitar müəssisələr əsasən, müəyyən sahələr üzrə ixtisaslaşmış olur. Samir Əliyev hesab edir ki, dövlət və bələdiyyə müəssisələri yaradılarkən bu xüsusiyyətlər mütləq nəzərə alınmalıdır. Həmçinin Mülki Məcəlləyə unitar müəssisə anlayışı daxil edilməlidir və kommersiya müəssisələrinin bir növü kimi qanunda öz təsdiqini tapmalıdır. Əks halda belə çıxır ki, bələdiyyə müəssisə yaradır və onun əldə etdiyi gəlir bölüşdürülməlidir. Unitar tipli müəssisələrdə isə bələdiyyə əldə etdiyi gəliri istədiyi kimi xərcləyə bilməz və bu vəsaitləri yalnız nizamnamədə nəzərdə tutulan istiqamətlərə xərclənməlidir.

“Ona görə də biz təklif edirik ki, Mülki Məcəllədə kommersiya müəssisələrinin tərkibinə “unitar müəssisə” anlayış daxil edilsin. Bu, həm də Mülki Məcəllədə bələdiyyə müəssisələrinin yaradılmasına qadağa qoyan maddənin aradan götürülməsinə gətirib çıxara bilər” – deyə, Samir Əliyev əlavə edib.

Xatırladaq ki, bu problem təkcə bələdiyyə yox, həm də digər qurumların da kommersiya müəssisələri yaratmasına qarşı olan hüquqi maneədir. Samir Əliyev hesab edir ki, əslində unitar müəssisə bir qayda olaraq, dövlət və bələdiyyə tərəfindən yaradılmış müəssisələrə şamil olunur. Bu müəssisələrin kommersiya qurumlarından fərqi odur ki, əldə olunan gəlir yalnız nizamnamə fəaliyyətinə yönəldilir. Digər bir fərq ondadır ki, əgər MMC-lərdə mülkiyyətə sahiblik və sərəncam vermək hüququ varsa, unitar müəssisədə onun əmlaka sərəncam vermək hüququ yoxdur, ancaq istifadə etmək hüququ var. Yəni MMC öz binasını istədiyi şəxsə sata və ya icarəyə verə bilər. Unitar müəssisə isə həmin inzibati binadan yalnız istifadə edə bilər. Bu baxımdan unitar müəssisənin yaradılması bələdiyyələr və dövlət qurumları üçün daha çox fayda verə bilər: “Unitar müəssisələrin yaradılması həm də ona görə lazımdır ki, bələdiyyə ictimai xidmət göstərən bir qurum kimi inkişaf edə, öz təsərrüfatını yarada bilsin. Beynəlxalq aləmdə bələdiyyəyə kommersiya qurumu, gəlir gətirən bir təşkilat kimi baxmaq qəbuledilməzdir”.

Bir cümləlik cavab və ümumi qayda

Vergilər Nazirliyinin isə problemə münasibəti bir cümləlikdir. Nazirliyinin analitik informasiya şöbəsindən Lent.az-a bildiriblər ki, nazirliyin qeydiyyat orqanları dövlət və bələdiyyələr tərəfindən yaradılan təsərrüfat cəmiyyətlərinin qeydiyyata alınması işini ümumi qaydada davam etdirir.

Tanınmış hüquqşünas, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev isə bildirir ki, əslində Vergilər Nazirliyinin məsələyə bu cür yanaşması başadüşüləndir. Çünki Azərbaycan Respublikası Konstitusiyası qanunların iyerarxiyasını da müəyyənləşdirir və qaydalara uyğun olaraq, konstitusiya qanunlarından iyerarxiyada sonra ikinci yerdə məcəllələr gəlir. Bu isə o deməkdir ki, mülki Məcəllə bələdiyyə və dövlət müəssisələrinin yaradılmasını şərtləndirən qanunlardan daha üstündür. Onun sözlərinə görə, qanunlarla məcəllələr arasında hansısa ziddiyyətlər yaranarsa, o halda Məcəllənin tələbləri tətbiq edilməlidir.

Bununla belə, Əliməmməd Nuriyev də hesab edir ki, Mülki Məcəllədə dövlət və bələdiyyə müəssisələrinin yaradılmasını şərtləndirən müddəalara dəyişiklik edilməlidir. Onun fikrincə, dövlət və bələdiyyə orqanlarının hüquqi şəxs yaratmasını qadağan edən maddə Mülki Məcəllədən çıxarılması daha məqsədəuyğundur: “Burada məcəlləyə hansısa dəyişiklikdən yox, müvafiq maddənin çıxarılmasından gedir. Belə olan halda dövlət və bələdiyyə orqanlarının yaratdığı hüquqi şəxslər digərləri ilə bərabər hüquqa malik olurlar”.

Elxan SALAHOV

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 861

Oxşar yazılar