“Ədalət carçısı” və “Cəmiyyət” qəzetləri “qara siyahı”ya düşə bilər
11 mart 2011 16:17 (UTC +04:00)

“Ədalət carçısı” və “Cəmiyyət” qəzetləri “qara siyahı”ya düşə bilər

Bu gün Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, Mətbuat Şurasının sədrinin müavini Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiya 5 məsələni müzakirə edib.


İclasda əvvəlcə Şəki Şəhər Təhsil Şöbəsinin “Azərbaycan gündəmi” qəzeti ilə bağlı şikayətinə baxılıb. Təhsil Şöbəsinə cəmi iki ay əvvəl şöbə müdiri təyin olunan qadın barədə fevralın 23-də bu mətbu nəşrdə gedən “Şəkinin TŞ müdiri nazirlikdən gileylidir” sərlövhəli yazının peşə etikasının tələbləri gözlənilmədən səhifəyə çıxarıldığı vurğulanıb. Eyni zamanda qarşı tərəfin qəzetdə dərc olunan münasibəti də məsələnin həlli üçün yetərli sayılmayıb. Mətndə təkzibin tələblərinin gözlənilmədiyi, eyni zamanda məsələyə yanaşmada jurnalist fəaliyyəti ilə bir araya sığmayan məqamların mövcudluğu nəzərə alınaraq “Azərbaycan gündəmi” barədə araşdırmaların Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası tərəfindən davam etdirilməsi məqsədə müvafiq sayılıb.



Şikayətlər üzrə Komissiyada Bakı Şəhər 9 saylı Uşaq Poliklinikasının və Bakı şəhər 171 saylı orta məktəbin “Ədalət carçısı”» qəzeti ilə bağlı müraciətlərinin müzakirəsi zamanı yekdil rəy belə olub ki, bu nəşrin də fəaliyyətinin əsasını mətbu prinsiplərə zidd hallar təşkil edir. Araşdırmalar zamanı müəyyənləşdirilib ki, şikayət doğuran materialın dərc olunduğu 17 fevral 2011-ci il tarixli sayda gedən yazıların əksəriyyəti bu baxımdan müzakirə predmetinə çevrilə bilər. Mətbuat Şurasının qəzetlə bağlı yekun qərarı Şuranın “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının rəyindən asılı olacaq.


Komissiya Bakı şəhər 171 saylı orta məktəb barədə “Cəmiyyət” və “Bizim dövr” qəzetlərində gedən yazıları da müzakirə edib. Komissiya bu rəyə gəlib ki, bunlar jurnalistika, yaradıcılıq maraqları baxımından mətbu həmkarlıq nümunəsi sayıla bilməz. Həmin materiallarda peşə prinsiplərinə sayğısızlıq özünü aşkar biruzə verməkdədir. İclasda “Cəmiyyət” qəzeti ilə bağlı sənədlərin “Reket jurnalistika”»ya qarşı mübarizə Komissiyasına təqdim olunmasına qərar verilib. Komissiya həmçinin son vaxtlar Mətbuat Şurasına “Bizim dövr” qəzeti barədə çoxsaylı şikayətlərin ünvanlanmasına xüsusi diqqət yetirib. Qəzetin adı Şuranın “qara siyahı”sında yer aldığına görə toplanmış sənədlərin inzibati orqanlara göndərilməsi üçün Mətbuat Şurasının İdarə Heyəti qarşısında məsələ qaldırılması məqsədə uyğun sayılıb.



Komissiyanın iclasında Beyləqan rayonunun “Sirik” obasında məskunlaşan məcburi köçkün Firdovsi Abbasovun “Son olay” qəzetinin baş redaktoru Ramin Məhəmmədoğlu və redaktoru Ali Məhəmmədin peşə fəaliyyəti ilə bir araya sığmayan hərəkətləri barədə şikayətinin Mətbuat Şurasında təmsilçisi tərəfindən araşdırılmasına dair arayış da müzakirə olunub. Arayış və məsələ ilə əlaqədar toplanmış sənədlər nəzərdən keçirilərək rəyə gəlinib ki, məsələnin mahiyyətində hüquq-mühafizə orqanlarının araşdırılmalı olduğu məqamlar mövcuddur. “Son olay”ın “reket qəzet” kimi adının Mətbuat Şurasının “qara siyahı”sına salınması əsas götürülərək nəşrlə bağlı toplanmış materialların Beyləqan Rayon Prokurorluğuna göndərilməsi də məqsədəmüvafiq sayılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1320

Oxşar yazılar