Bələdiyyələr aztəminatlı ailələrə mənzil verəcək – MÜSAHİBƏ
16 oktyabr 2009 20:00 (UTC +04:00)

Bələdiyyələr aztəminatlı ailələrə mənzil verəcək – MÜSAHİBƏ

Azərbaycanda yeni Mənzil Məcəlləsi qüvvəyə minib. Milli Məclisin uzun müddət üzərində işlədiyi məcəllədə bir çox yeniliklər əksini tapıb. Bu yeniliklər bəzi vətəndaşlar üçün xoş ümidlər yaradır, bəzilərində isə əksinə, narahatlıqları bir az da artırır.

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədr müavini, millət vəkili Vahid Əhmədovun Lent.az-a müsahibəsi bu barədədir:

- Bu məcəllə mənzil mülkiyyəti ilə bağlı fiziki şəxslərlə dövlət arasında olan münasibətlərin hüquqi tənzimlənməsi üçün qəbul olunub. Burada fiziki şəxslərin, vətəndaşların mənzil mülkiyyəti barədə hansı hüquqlara malik olduğu, orta çıxan problemləri icra orqanlarında və ya məhkəmədə necə həll etməyin hüquqi yolları əksini tapıb. İndiyədək Azərbaycanda belə bir məcəllə yox idi. Amma tikinti sahəsinə dair köhnədən qalmış müəyyən qanunlar vardı, lakin həmin qanunlar mənzil məsələlərini tənzimləmirdi. Yeni məcəllədə isə hər şey aydın şəkildə əksini tapıb.

- Məcəllədə ən ciddi yenilik nədir?

- Son illər Azərbaycanda tikinti biznesi həddən artıq genişlənib. Bu, Azərbaycan üçün çox böyük əhəmiyyət daşıyır. Həm də müəyyən layihələrin icrası ilə əlaqədar vətəndaşlara məxsus evlər sökülür, yeni mənzillər veriləndə hansısa problemlər yaranır və bunlar yeni hüquqi yanaşma tələb edir. Mühüm yeniliklərdən biri bələdiyyənin aztəminatlı ailələrə sosial kirayə müqavilələri əsasında mənzil verməsi ilə bağlıdır. İlk növbədə isə bələdiyyənin mənzil fondu yaradılacaq. Bu fonddakı mənzillərə cavabdehliyi də bələdiyyə daşıyacaq. Binanın istifadəyə və saxlanmasına, sanitariyasına, texniki normaya uyğunluğuna nəzarəti bələdiyyə həyata keçirəcək. Əgər ailə üzvlərinə adambaşına normadan az yaşayış sahəsi düşürsə, yeni qanunda sosial müqavilə əsasında həmin ailələr bələdiyyədən mənzil götürə biləcəklər. Yaşamaq üçün tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar da bu imtiyazdan yararlana biləcək.

- Bələdiyyələrin buna imkanı çatacaqmı?

- Bələdiyyələrin imkanı genişdir. Son vaxtlar qanunlarda müəyyən dəyişikliklər edilib, bələdiyyələr daha geniş status verilib. Belə olan halda bələdiyyələr öz ərazilərində tikinti aparmaq üçün şirkətlərlə müqavilələr bağlaya, torpağı tikinti şirkətlərinə satıb oradan gəlir götürə bilər. Həmin gəlirlər isə mənzil tikintisinə yönəltməklə aztəminatlı insanların mənzillə təminatına yönəldiləcək. Hətta bələdiyyələr özləri də yaşayış sahələri tikməklə vətəndaşlara mənzil verə bilər. Bu isə mənzil növbəsində dayanan insanlar üçün müəyyən şəraitin yaranmasına gətirib çıxaracaq. Bundan başqa, məcəllədə təmir məsələsi öz əksini tapıb. Elə insanlar var ki, öz mənzillərini təmir edə bilmirlər. Onların dövlət tərəfindən himayə edilməsi, yaxud da yenidənqurma ilə əlaqədar evləri sökülmüş vətəndaşlara kompensasiyaların verilməsi də məcəllədə əksini tapıb.

- Aztəminatlı ailələrin mənzillərinin təmiri üçün vəsaitləri kim ödəyəcək?

- Bu xərcləri icra orqanları ödəyəcək. Yəni icra orqanları dövlət vəsaiti hesabına mənzillərdə təmir işləri aparacaq. Amma bu, baxır həmin insanlar hansı təbəqədəndir. Elə aztəminatlı insanlar var ki, mənzilini təmir etdirmək imkanına malikdir. Belələri üçün əlbəttə ki, təmir xərcləri ayrılmayacaq. Bununla belə, həqiqi imkanı olmayan şəxslər, məsələn, pensiyaçıların mənzil fondunun normal saxlanması üçün dövlət müəyyən qədər vəsait ödəyə bilər.

- Bəs, bu təbəqədən olan insanlar necə müəyyən olunacaq?

- İcra hakimiyyəti orqanları, bələdiyyələr onun ərazisində yaşayan sakinlərin maddi durumunun necə olduğunu bilir. Elə mənzil fondu var ki, orada yaşayanların böyük əksəriyyəti, hətta hamısı kasıb insanlardır və onların öz mənzillərini təmir etdirmək imkanı yoxdur. Əvvəlki qanunda nəzərdə tutulurdu ki, həmin mənzillərdə yaşayanlar oradan çıxarılmalı və bina öz hesablarına təmir olunmalıdır. Amma insanların buna imkanı yoxdur, ona görə də mənzili təmir edə bilmir. Ona görə də yeni məcəllədə göstərilir ki, belə ailələrə dövlət yardım etməlidir.

- Mənzil növbəsində dayananların problemi necə həll olunacaq?

- Keçmiş SSRİ dövründə insanlar mənzillə əsasən dövlət tərəfindən təmin olunurdu. Bazar iqtisadiyyatı yolunu seçən bir çox dövlətlər vətəndaşların mənzillə təminatında çıxış yolları tapıb. Bu yolların bir qismi, o cümlədən növbəlilik məsələsi yeni məcəllədə əks olunub. Mənzil növbəsində durmaq indi də ləğv olunmayıb. Amma çalışmaq lazımdır ki, bələdiyyələrin, icra hakimiyyətinin mənzil fondları hesabına növbəlilik prinsipi tam təmin olunsun. İndi Türkiyədə də faktiki olaraq, bütün mənzilləri bələdiyyələr tikir və əhalinin mənzilə olan tələbatını onlar ödəyir. Biz gözləyirik ki, bu təcrübə Azərbaycanda da geniş yayılsın. Təbii ki, Azərbaycan iqtisadi inkişaf yoluna hələ indi qədəm qoyub. Ümid edirik ki, bu inkişaf genişləndikcə bələdiyyələr Türkiyə təcrübəsindən yararlana biləcək.

- Yeni məcəllədə qanunsuz evlərin hansısa formada sənədləşdirilməsi, onların qeydiyyatının aparılması nəzərdə tutulurmu?

- Yeni tikilən və qanunsuz tikilən evlərin qeydiyyata alınması dövlətin ixtiyarında olan məsələdir. Yəni belə evlər qanuniləşdiriləcəksə, onlar müvafiq sənəd də veriləcək. Məcəllədə nəzərə alınıb ki, bundan sonra qanunsuz tikililərə yol verilməsin. Yəni bütün tikililər müvafiq icra orqanları ilə tam razılaşdırılmalı, kommunal infrastrukturları ilə təmin olunmalıdır və yalnız bundan sonra ona dövlət sənədi verilə bilər. İndiyədək tikilmiş və qanuni sənədləri olmayan evlər isə fərdi qaydada araşdırılmalıdır. Bundan sonra həmin tikililərin ya sökülməsinə, ya da özəlləşdirilməsinə dair qərar veriləcək. Amma yenə də deyirəm, bu cür tikililərlə bağlı istənilən qərar dövlətin ixtiyarındadır və hansı qərar veriləcəksə, o da icra olunacaq.

- Sovet dövründə mənzil növbəsində dayanan, amma indiyədək mənzillə təmin olunmayan vətəndaşlarla bağlı hansı qərar veriləcək?

- Belə insanlar ya dövlət fondundan, şəhər icra hakimiyyətinin, yaxud da bələdiyyənin fondu hesabına yavaş-yavaş mənzillə təmin olunacaq. Çünki o dövrdəki növbələr hələ ləğv olunmayıb və həmin insanlar mənzil alacaqlarını gözləyir.

- Bəs, bu mənzillərə görə vəsaitlər necə ödəniləcək?

- Kooperativlərin tikdiyi mənzillərdə növbə gözləyənlər üçün vəsaiti həmin qurumlar özləri ödəyəcək. Dövlət müəssisələrində, fabriklərdə mənzil növbəsində dayananların isə bu problemi icra hakimiyyəti orqanları vasitəsilə həll oluna bilər. Çünki təsərrüfat hesablı fabrik və zavodların da mənzil fondları ləğv olunaraq icra orqanlarının balansına keçib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1529

Oxşar yazılar