Mətbuat Şurasında Nəriman Zeynalovu anım mərasimi keçirilib
05 iyun 2009 17:45 (UTC +04:00)

Mətbuat Şurasında Nəriman Zeynalovu anım mərasimi keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasında (MŞ) milli jurnalistikanın tanınmış nümayəndəsi Nəriman Zeynalovu anım mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, MŞ sədri Əflatun Amaşov tədbiri açaraq bildirib ki, bu toplantı Şuranın “Görkəmli jurnalistlərin anımı” silsiləsindəki mərasimlərdən sayca dördüncüsüdür. O, N.Zeynalovun həyat və fəaliyyətinə, keçdiyi ömür yoluna nəzər salaraq mərhumun müasir Azərbaycan mediası üçün də örnək ola biləcək cəhətlərindən söhbət açıb.
Sonra ölkə mediasının tanınmış nümayəndələri, alimlər, mütəxəssis və publisistlər çixiş ediblər. Oqtay Cəfərovun, Mailə Muradxanlının, Əhməd İsayevin, Cahangir Məmmədlinin, Kamran Nəzirlinin, Yusif Kərimovun, Əlövsət Bəşirovun, Mahmud Mahmudovun, Akif Rüstəmovun, Vaqif Bəhmənlinin çıxışlarında yenilikçi-jurnalist, cəsarətli redaktor kimi xarakterizə olunan N.Zeynalovun elm xadimi kimi də xidmətlərindən danışılıb, müasir jurnalistikamızın inkişafında oynadığı misilsiz rol ətraflı təhlil olunub.

Sonda mərhumun övladları adından oğlu Namiq Zeynalov çıxış edərək atası ilə bağlı xatirələrindən söz açıb. O, istedadlı qələm sahiblərinin irsinin yaşadılması istiqamətindəki təşəbbüslərinə və anım tədbirlərinə görə Azərbaycan Mətbuat Şurasına minnətdarlığını bildirib.
Qeyd edək ki, N.Zeynalov 1933-cü ildə Göyçay rayonunda anadan olub. 1956-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika şöbəsini bitirib. İstedadı, təşəbbüskarlığı və çalışqanlıq keyfiyyətləri nəzərə alınaraq universitetin mətbuat tarixi kafedrasında müəllim saxlanılıb. Paralel olaraq, “Xalq qəzeti”ində (o zamankı “Kommunist” qəzeti) ədəbi işçi, şöbə müdiri vəzifələrində çalışıb. Sonrakı illərdə taleyini BDU-nun jurnalistika fakültəsi ilə bağlayan N.Zeynalov “Molla Nəsrəddin” jurnalının tarixi ilə bağlı 1967-ci ildə namizədlik, 1988-ci ildə isə doktorluq dissertasiyaları müdafiə edib. Azərbaycanın mətbuat tarixi ilə bağlı 2 cildlik dərslik hazırlayıb.
N.Zeynalov peşəkar fəaliyyətində jurnalistikanın nəzəri və praktik sahələrinə paralel surətdə diqqət ayırıb. O, 1977-ci ildən başlayaraq 10 ilə qədər “Sovet kəndi” qəzetinə redaktorluq edib. Ömrünün son illərində doğma jurnalistika fakültəsinə qayıdan Nəriman müəllim dekan seçilib. 1989-cu ilin yazında dünyasını dəyişib.
N.Zeynalov həm də istedadlı publisist, gənc yazarlar üçün ustada çevrilmiş bir qələm sahibi idi. 1971-ci ildə oçerkləri “Qızıl qələm” mükafatına layiq görülüb. “Gümüş dəstəkli qılınc” romanının, “Oğul o kəsdir ki”, “Dağlar oğlu”, “Bərəkətli torpaq” oçerklər kitablarının müəllifi olub. Dövrü mətbuatdakı bir çox hekayə və məqalələri hələ də yaddaşlardadır.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1003

Oxşar yazılar