Firudin Qurbansoy: “Evdə də olsaydım o qəza olacaqdı...” - MÜSAHİBƏ
13 yanvar 2011 18:36 (UTC +04:00)

Firudin Qurbansoy: “Evdə də olsaydım o qəza olacaqdı...” - MÜSAHİBƏ

Filologiya elmləri namizədi, münəccim Firudin Qurbansoyun Lent.az-a müsahibəsi

- İlin başlanğıcında görüşməyimiz təsadüfi deyil. Mətbuatda dəfələrlə elm adamı, pedaqoq olmağınızı xüsusi vurğulasanız da, insanlar sizi münəccim kimi diqqətdə saxlayırlar.

- O mənim günahım deyil. Bu saat camaat ekzotik əhval-ruhiyyədədirlər, onlar üçün qəribə görünə bilən hər şeyə meyl edirlər. Mən elmlə məşğul olmağı xoşlayıram. Orta əsrlər mütəxəssisiyəm, özü də pis mütəxəssis deyiləm. Elmdən başqa şeylər maraqlıdır. Mən öyrənirəmsə, elm müstəvisində öyrənirəm. Hətta münəccim sənətini də elm çərçivəsində öyrənirəm. Münəccimlik elmdən doğan sənətdir. Orta əsrlərlə bağlı ciddi tədqiqatlarım var. Hətta qədim dövr yazıları ilə bağlı deyərdim ki, Azərbaycanda mütəxəssis yoxdur. Müstəqil olaraq özümün öyrəndiyim sahələr var. Nə imkanım olubsa, öyrənmişəm. Elmi öyrətməyə mühit yoxdur. Milli Konservatoriyada kafedra müdiriyəm. Gələcək sənətçilərə şerin incəliklərindən musiqişünaslara nitqin gözəlliyindən dərs keçirəm. Bundan başqa, Azərbaycan ədəbiyyatı tarixi nəzəriyyəsi adında bir kurs açmışam. Şərq poetikasını çalışıram müğənnilərə öyrədim. Müğənnilər ədəbiyyatçı deyil, ona görə də müğənnilik səviyyəsində qəbul etməyə çalışıram. İndi bu saat maraq var deyə, münəccim sənətini inkişaf etdirirəm...

- Sizin hesablamalarınız və proqnozlarınız özünü təsdiqləmir... Bu gün mənə gözəl gün vəd etmişdilər. Amma xoşagəlməzliklə başladı.

- Ola bilər. Elə şeylər var ki, adamı ovqatdan salır, ona görə də qan qaraltmağa ehtiyac yoxdur. Qan qaraltmaq üçün səbəb yoxdur, əgər bunun mahiyyətini bilirsənsə, qan qaraltmağa dəyməz. Ümumiyyətlə, bunun mahiyyətini bilirsənsə, düşün ki, mənə yamanlıq edənin də günahı yoxdur. Sadəcə olaraq, ulduzlarımız rəqib vəziyyətdədirlər, ona görə də belədir. İndi vəziyyət gərginləşərsə, arada çatlar əmələ gələr, sonra da yarğanlar yaranar.

- Adətən proqnozların başlığında bu sözlər yazılır: ulduzlar vəd edir...

- Onu yazan qələt edir. Ulduzlar heç nə vəd etmir. Ulduzlar sadəcə olaraq güzgüdür. Bu vəziyyət sənə uyğundursa, qane edirsə, bu hərəkəti et!

- İnsan ulduzların məsləhətinə qarşı gedib özü istədiyi şəkildə günü başa vura bilər?

- Burada artıq ruhun böyüklüyündən söhbət gedir. Əgər enerjini bir yerə toplaya bilirsənsə, əlbəttə, günü istədiyin şəkildə başa vura bilər. Hətta sənin üçün uğursuz vəziyyət olsa belə! Hətta o günün təsirini azalda bilər.

- Deyirlər ki, insanın taleyi əvvəldən yazılıb. Allah yaratdığı bəndənin nəyə qadir olduğunu bilir. Və insanın taleyini də bu şəkildə yazır...

- ...Əlbəttə, sən öz yolundan çıxmadan düz yolda gedirsənsə, problemin yoxdur. Sən dindən danışırsansa saat dayanır, ömrünün üstünə əlavə olunur. İnsan Allahın qoyduğu yoldan çıxmamaqla, günahın cazibəsinə düşməməklə öz yolunu müəyyənləşdirir. Bununla da xoş taleyini təyin edirsən. Hamı deyir filan şey pisdir. Misal üçün, zəhər öldürücüdür. Desən ki, yox, inanmıram, zəhər öldürücü deyil, yoxlayıb ölərsən... İkinci ilə imtahan etmək olmaz. Bu mənada, ötüb keçənlərin təcrübəsindən istifadə etmək lazımdır. Ağıllı kitabları oxumaq lazımdır. Birinci növbədə “Qurani-Kərim”i, peyğəmbər hədislərini oxuyandan sonra dünya sənin üçün çox maraqlı olur. Mənə gülməli gəlir insanlar dünyanın çətinliyindən şikayət edəndə! Sual verirəm onlara, sənə elə gəlmirmi, Allahın ədalətinə şübhə edirsən? Allah ən gözəlini verib, insanlar sadəcə bu gözəlliklərə müxtəlif bucaq və dərəcələrdən baxıb qiymətləndirir. Yumurta adi əşyadır, ona elə nöqtədən baxarsan, yumru, elə baxarsan kürə, elə də baxarsan ki, oval kimi görünər. Unuduruq ki, dünya idarə olunur, özü də ədalətlə idarə olunur.

Qədim yunan mifi var, biri xəstəliyə tutulur və başlayır şikayətlənməyə ki, bezdim artıq bu əzablardan. Gələn dəfə dostu onun yanına gələndə bir bıçaq gətirir və deyir, ki, çox şikayət edirsən, əzablar səni əzir. Al bu bıçağı əzabları əz! Deyir, ay nadan, mən sənə demirəm məni həyat əzir, deyirəm ki, əzablar məni əzir. Əzab ayrıdır, həyat ayrı... Əzabları həyat vermir, özümüz qazanırıq.

- Qədim rəvayətə görə, kahinlər şahın suda boğulub öləcəyini xəbər verirlər. Şah gözdən uzaq bir qəsr tikdirir və bu qəsrin ətrafında dəniz nədir, hətta gölməçə belə olmur. Bir gün şah su içdiyi yerə möhkəm öskürək tutur və öskürəyin şiddətindən təngnəfəs olub ölür. Qədərə qarşı gəlmək olarmı? Sağlam ruh yazılı qədərin qarşısında aciz qala bilir?

- Baş verəcək qəza onsuz da baş verir. Mən özüm qəzaya düşdüm. Evdə də olsaydım o qəza olacaqdı. İnancımız, imanımız nə dərəcədə yüksəkdirsə, zülmlərimiz də bir o qədər çox olacaq. Qəzavü-qədər olacaq işdir. Qədərin baş verməsini istəyirsənsə, taleyin qarşısını almaqla deyil, Allahdan olacaqları uzaqlaşdırmaqla xahiş etmək və günahlardan qaçmağa çalışmaq lazımdır. Onsuz da bu həyatda günahlardan qaçmaq qeyri-mümkündür, sadəcə, olacaqları dəyişdirməkdən ötrü ən azı bağışlanacaq günahlara yol vermək lazımdır. Şah rütbəli, şah olduğu üçün düşündü ki, taleyin qarşısını ala bilər...
Füzuli deyir, “Sordum əhvalımı eşqində münəccimlərdən, baxdılar tale evinə, dedilər: qan görünür...” Yəni bu eşqin sonu yoxdur da... Əslində “Qurani-Kərim” də, peyğəmbər hədisləri də bunu inkar etmir. Bəli, xoş tale var, bəd tale var. Bəd taleyi yaradan səbəblər var. Ata-ananın etdiyi böyük qələtlər görk olsun deyə, cəza şəklində övlada keçə bilər.

- “Qurani-Kərim”də hər insanın öz əməlinə görə taleyini yaşadığı yazılıb.

- Valideyn elə yaşamalıdır ki, övlad əziyyət çəkməsin. Misal üçün şikəst uşaqlar valideynlərin günahından doğulub. Onsuz da şikəst uşaqlar cənnətlikdir. Ata-anaları böyük günahlarla övladın bu şəraitdə böyüməsinə vasitədirlər. Biz ruhlar aləmində deyilik. Ruhlara böyük şeylər lazım deyil. Lakin insanlar ən azı fiziki tələbatını ödəmək, məişətini qurmaqdan ötrü günaha girirlər. İnsan iki yerə bölünür: qurşaqdan yuxarı və qurşaqdan aşağı hissələrə. Qurşaqdan yuxarı hissələr ruhlar aləmi, qurşaqdan aşağı hissələr yerlə bağlayır bizi. İnsan nə yerin altındadır, nə də göyün üstündədir. Yer öz cazibəsi ilə insanı çəkir. Çünki yer günah yeridir. Seyid Əzim deyir: “Nə deyim Adəmə ki, saldı bu dünyaya bizi”... Əgər o günahı etməsəydi, biz indi cənnətdə yaşayardıq.

- Elə insanlar var ki, xasiyyəti və əməli çox günah işlətdiyindən xəbər vermir. Lakin onlarla ünsiyyətdə olanda aldığımız enerji və dözülməz aura istər-istəməz ruhumuzu əzir.

- Sənin imanın var, bilirsən ki, hər şey Allahdandır və sınaq içindəsən. Elə “Qurani Kərim”də də bu sözlər var, “bəs onlar bilmirlər ki, ildə bir dəfə iki dəfə imtahandan keçirlər?”

O ruh düşkünlüyü yaşayan insanların ruhu zəifdir. Ruhu təmiz olsa da, Allahın yanında deyil! Nəsiminin dərisini soyublar, “uf” da deməyib! Canı çıxana kimi! Nağıl deyil! İnsan ruhla doğulur. Ana bətnində olan məxluqa dörd ayında ruh qovuşur. Ana bətnində tərpənir. Ruh o vaxt zəif olur ki, onu qorxuzurlar, incidirlər, üstünə qışqırırlar, ruh zərbə alır. Valideyn ağıllı olsa, uşağını körpəlikdən sağlam ruhla böyüdər. Uşaqla beş yaşınadək şah kimi rəftar etmək lazımdır, beş yaşından 15-dək övlad qul kimidir, 15 yaşından yuxarı dost kimi.

- Ata-ananın böyüdüb tərbiyə etdiyi övladların biri iradəli, digəri iradəsizdirsə, bu da tərbiyənin nəticəsidir?

- Hətta əkizlər arasında minimum 10 dəqiqə fərqi var. Pələng saatı var, dovşan saatı var. Bu on dəqiqə arasında fərq edə bilər. Allah hər bir fərdə fərqli missiya verib. Rəssam olacaq insan üçün fərqi yoxdur, taleyində varsa, olacaq. Allah rəhmət eləsin, Böyükağa Mirzəzadə rəngsaz olub. Dostlarının tövsiyəsi ilə sənədlərini rəssamlıq texnikumuna vermişdi və iki almışdı. Sən demə, texnikumda ikinci Böyükağa Mirzəzadə rəssamlığa qəbul olub, bu səhvən onun yerinə birinci kursda oxuyub. Bu il müddətində o qədər ürəklə oxuyub ki, çalışqanlığına görə, ikinci il onu texnikumda saxlayıblar. Olub xalq rəssamı Böyükağa Mirzəzadə! On minlərlə belə misal var. Allah birini ucaldırsa, kim onu alçalda bilər?

- Münəccimlik sənətini dindarlar inkar edir...

- Onu deyən dindən xəbəri olmayan insanlardır. İlahiyyat fakültəsində islam dininin əsaslarından dərs də demişəm. Təncim elminin əleyhinə qaldırılan iddiaların heç birinin elmi və dini əsası yoxdur. “Qurani-Kərim”dən ayələr misal gətirərəm ki, onlar bilmədiklərindən danışırlar.

Bu çox böyük imkanlara malik olan bir sənətdir. Kiçik sənətkarlıqdan tutmuş dövlət işlərinədək, şəxsi və iş münasibətlərini hesablayıb dolğun məlumat əldə etmək olar. Əlbəttə ki, insan bunun elminə yiyələnə bilsə...

- “Qurani-Kərim”də tez-tez təkrarlanan “biz sizə işarələr göndərdik, lakin siz onu anlamaqda çətinlik çəkdiniz” fikri təncim elminə yiyələnməyən insanlar üçün nəzərdə tutulub?

- Öncəgörmələrə ehtiyac yoxdursa, hava proqnozunu dinləməyək, qadınlar “UZİ”yə getməsinlər, ana bətnindəki embrionun inkişafı ilə maraqlanmasınlar. Qayıdaq daş dövrünə? İslam insanların qarşısına böyük şərtlər qoyur. Elm dalınca gedən insanlar şəhid adı qazanırlar. Allah insanlara o qədər imkan verib ki, elmlə məşğul olsun! Başına papaq qoyub özünü dindar kimi göstərən insan nə bilir ki, günah nədir! Açıb “Qurani-Kərim”i oxusunlar, hər bir kəskin fikrin qarşısında yumşaldıcı cümlə var. Donuz ətini yemək olmaz. Aclıq ölüm təhlükəsi qarşısında qalanda donuz ətini yemək məqbul sayılır. Sən Allahın səxavətinə bax, bu nadanların hökmünə bax! “Qurani-Kərim”də o qədər nümunə var ki, sənə özünü tanımaq üçün yol göstərir. “Səffat” surəsində nəql olunub ki, İbrahim peyğəmbər ulduzlara baxır və deyir ki, “mən xəstələndim”. Ulduzlara baxıb dedi! Güzgüyə baxıb demədi ki! Ulduzlarla insanlar arasında vəhdətin olmağı bu ayələrdə açıq-aydın görünüb. Bunu sübut etmək üçün “Qurani-Kərim”i oxumaq lazımdır. Allahın sözünü də məsxərəyə qoyurlar!
İnsanlar öz savadsızlıqları ucbatından başqalarını da əzib səhv yol göstərirlər. “Günəbaxan” proqramında bir nəfər var, adını da çəkmək istəmirəm, heç adı da yadımda deyil. Deyir, Əzrayıl islam mələyi deyil... Nadanlığının dərəcəsinə bax! Vəhhabiliyi təbliğ edir. Həmişə dindən danışır. Dörd böyük mələk varsa, biri də Əzrayıldır, o islam mələyidir. Mən hələ demirəm efirlərdə islam söhbətləri getmir, onsuz da getmir.

- Madam ki, proqnozun günah olmadığını iddia edirsiniz, onda Dovşan ilində insanları nə gözlədiyini açıqlayın.

- Bürclərə görə deyiriksə, hava və od ünsürlü bürclər üçün bu il rahat illərdən biridir. Torpaq və Su ünsürlü bürclər isə qismən çətinlik çəkəcəklər. İllərə gəldikdə Qaban, Toyuq, Qoyun, İlan, Dovşan və Öküz ilində dünyaya gələnlər uğurlu olacaq adını çəkmədiklərim qismən problem yaşayacaqlar. Ona görə də daha az bədxərc olmaq, qənaət etmək lazımdır.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2339

Oxşar yazılar