Azərbaycanda klaviaturanın standartı olacaq
15 dekabr 2010 12:50 (UTC +04:00)

Azərbaycanda klaviaturanın standartı olacaq

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya Texnologiyaları” Texniki Komitəsi (TK 05) tərəfindən təqdim edilmiş “AZS 495-2010” və “AZS 496 – 2010” dövlət standartlarını təsdiqləyib.

Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, standartların tətbiq vaxtı bu il dekabrın 20-dən ildən müəyyənləşdirilib.

“AZS 495-2010” “Azərbaycan əlifbası hərflərinin dildən asılı klaviatura düzümü” standartı 32 hərfdən ibarət latın qrafikalı Azərbaycan əlifbası hərflərinin dildən asılı düzümünü müəyyən edir. Bu düzüm kompüter və digər avadanlıqların klaviaturalarının hazırlanması, istehsalı və proqram məhsullarında işlədilməsi üçün nəzərdə tutulur. Standarta əsasən klaviaturanın hərf daxil edən düymələrinin düzümünü tənzimləyir. Funksional və kursoru idarə edən düymələrin, həmçinin klaviaturanın redaktə və rəqəm (NumLock) bloklarına daxil olan düymələrin düzümü beynəlxalq standartlara müvafiq qaydada müəyyənləşdirilir.

“AZS 496-2010” “Azərbaycan əlifbası hərflərinin dildən asılı olmayan klaviatura düzümü” standartı 32 hərfdən ibarət latın qrafikalı Azərbaycan əlifbası hərflərinin dildən asılı olmayan düzümünü müəyyən edir. Bu standart klaviatura düymələrinin ölçülərini, formalarını, onlar arasındakı məsafəni və digər fiziki parametrləri əhatə etmir. Bu məsələlər beynəlxalq standartlarda nəzərdə tutulmuş tələblərlə tənzimlənir.

Bundan başqa, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Qida məhsullarının standartlaşdırılması üzrə Texniki Komitə (TK 07) tərəfindən İSO standartları əsasında hazırlanmış 12 Dövlət standartını da təsdiq edib və tətbiq vaxtı 2011-ci il yanvarın 10-dan müəyyən edilib.

“AZS 507-2010” (İSO 1574:1980) “Çay. Suda həll olunan ekstraktiv maddələrin təyini” standartı çaya aid edilir və suda həll olan ekstraktiv maddələrin təyini üsulunu müəyyən edir. Su ekstraktı - çay nümunələrindən müəyyən şərtlər daxilində qaynayan su vasitəsi ilə ekstraksiya olunan maddələrdir. “AZS 508-2010” (İSO 1575:1987) “Çay. Ümumi, suda həll olmayan və suda həll olan külün təyini üsulları” standartı çaya aid edilir və ümumi, suda olmayan və suda həll olan külün təyini üsullarını müəyyən edir. Ümumi kül - məhsulun, (525 25)0C temperaturda, bu standartın müəyyən etdiyi şəraitdə qızdırılmasından alınan qalıqdır. Suda həll olmayan kül - ümumi külün, su ilə emaldan sonra həll olmayaraq qalan hissəsidir. Suda həll olan kül - bu standartla müəyyən edilmiş şəraitdə, ümumi külün, suda həll olan hissəsidir.

“AZS 509-2010” (İSO 1839:1980) “Çay. Nümunə alma” standartı çaydan nümunə alma üsullarını müəyyən edir. Bu standart istənilən ölçüyə malik qablaşdırma vahidindən nümunə götürmək üçün istifadə oluna bilər. “AZS 511-2010” “Çay. Xam sellülozun təyini” da standartı çaylara aid edilir və xam sellülozun kütlə payının təyini üsulunu müəyyən edir. Xam sellüloz - çayın tərkibində, suda həll olmayan, turşu və qələvi emalından sonra qalmış, yana bilən maddələrin cəmidir. Bu üsul xırdalanmış çay nümunəsinin məlum qatılıqlı sulfat turşusu ilə qaynadılmasına, filtrdən süzülməsinə, qalığın yuyulmasına, natrium hidroksidlə qaynadılmasına, yenidən filtrdən süzülüb yuyulmasına, qurudulmasına, həll olmayan qalığın çəkilməsinə və yandırılma zamanı kütlə itkisinin təyininə əsaslanır.

“AZS 512-2010” (İSO 1572:1980) “Çay. Xırdalanmış nümunənin hazırlanması və quru maddələrin təyini üsulu” standartı çaya şamil olunur və analitik məqsədlər üçün xırdalanmış çay nümunəsinin hazırlanması və quru maddələrin təyin üsulunu müəyyən edir. Quru maddə - müəyyən şəraitdə, məhsulun xırdalanmış nümunəsinin sabit çəkiyədək qurudulmasından sonra qalan maddədir. Bu üsul, nümunənin xırdalanmasını və xırdalanmış nümunənin (103 ± 2) 0C temperaturda, sabit çəkiyədək qurudulması yolu ilə quru maddə miqdarının təyinini müəyyən edir.

“AZS 514-2010” (ISO 5555:2001) “Bitki və heyvan yağları və piyləri. Nümunə götürmə” standartı mənşəyindən asılı olmayaraq bərk və ya maye halda olan, xam və ya emal olunmuş bitki və heyvan yağları və piylərindən nümunə alma üsullarını müəyyən edir. Həmçinin, bu proses üçün istifadə edilən avadanlıqları təyin edir. “AZS 516- 2010” (ISO 662:1998) “Bitki və heyvan yağları və piyləri. Nəmlik və uçucu maddələrin miqdarının təyini” standartı heyvan və bitki piyləri və yağlarında nəmlik və uçucu maddələrin miqdarının təyininin üsullarını müəyyən edir. “AZS 518-2010” (İSO 3960:2007) “Bitki və heyvan yağları və piyləri. Peroksid ədədinin təyini” standartı müxtəlif təmizlik dərəcəli bitki və heyvan yağları və piylərinə aid edilir və 1 kq - na 0,1 - dən 45 mmola - dək aktiv oksigen düşən (1⁄2O) yağların peroksid ədədinin təyini üsulunu müəyyən edir.

“AZS 519-2010” (İSO 3961:2009) “Bikti və heyvan yağları və piyləri. Yod ədədinin təyini” standartı bitki və heyvan yağları və piylərində yod ədədinin (IV) təyininin istinad üsulunu müəyyən edir. “AZS 523-2010” (İSO 3657:2002) “Bitki və heyvan yağları və piyləri. Sabunlaşma ədədinin təyini’ standartı bitki və heyvan yağları və piylərində sabunlaşma ədədinin təyini üsulunu müəyyən edir. Sabunlaşma ədədi yağlardakı sərbəst və mürəkkəb efir şəklində olan turşuların və yağ turşularının miqdarının göstəricisidir. Bu üsul xam və saflaşdırılmış bitki və heyvan yağları üçün tətbiq olunur. Əgər yağın tərkibinə mineral turşular da daxildirsə, mineral turşuların miqdarı ayrılıqda təyin olunmalıdır.

“AZS 524-2010” (İSO 663:2007) “Bitki və heyvan yağları və piyləri. Həll olmayan qarışıqların miqdarının təyini” standartı bitki və heyvan yağları və piylərinin həll olmayan qarışıqlarının miqdarının təyini üsulunu müəyyən edir. Həll olmayan qarışıqlar kimi, sabunların (xüsusilə, kalsium sabunları) və ya oksidləşmiş yağ turşularının da təyin olunması istənilmədikdə, başqa həlledici və təyin üsulu tətbiq edilməlidir. Bu halda maraqlı tərəflər arasında razılaşma əldə edilməlidir. “AZS 527-2010” (İSO 6320:2000) “Bitki və heyvan yağları və piyləri. Refraksiya indeksinin təyini” standartı bitki və heyvan yağları və piylərində refraksiya indeksinin təyini üsulunu müəyyən edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 715

Oxşar yazılar