Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanlara Tədbirlər Proqramını həyata keçirməyi təmin etmək tapşırılıb. Nazirlər Kabinetinin məlumatında qeyd olunur ki, Azərbaycanda rəsmi statistikaya əsasən, irsi qan xəstəliyi olan hemofiliyadan əziyyət çəkənlərin 1300-ə yaxındır. Hər il 40-60 yeni xəstə qeydiyyata alınır. Bu xəstəlik insan qanında laxtalanma faktorlarının çatışmazlığı nəticəsində əmələ gələn, anadan, əsasən oğlan uşaqlarına irsən ötürülən xəstəlikdir. Hemofiliyalı xəstələr mütəmadi olaraq, laxtalanma faktorları qəbul etmədikdə, dəfələrlə baş verən şiddətli qanaxmalar, oynaqlara və yumşaq toxumalara qansızmalar onların uşaq və gənc yaşlarında şikəst olmasına, bəzi hallarda isə ölümünə səbəb olur.
Nazirlər Kabineti bildirir ki, son illər hemofiliyadan əziyyət çəkən insanların müalicəsi istiqamətində mühüm tədbirlər görülüb. 2006-2010-cu illəri əhatə edən “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi bu xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə, onların laxtalanma faktorları ilə təminatının yaxşılaşmasına səbəb olub. Görülən tədbirlər nəticəsində hemofiliyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunmasına, ömürlərinin uzanmasına, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasına nail olunub.
Lakin buna baxmayaraq, hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsinə ehtiyac var. Hemofiliyalı xəstələrdə qanaxmaların profilaktikası məqsədi ilə faktor preparatları ilə müalicənin təşkili, faktorlarla müalicə nəticəsində baş verən ağırlaşmaların aradan qaldırılması, artropatiyaların cərrahi reabilitasiyası üsullarının tətbiqi həllini gözləyən məsələlərdir. 2011-2015-ci illəri əhatə edən bu Tədbirlər Proqramı hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın həcminin və keyfiyyətinin artırılmasına yönəlib.
Proqram çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər
Sıra | Tədbirin adı | İcraçı təşkilatlar | İcra müddəti (illər üzrə) |
1 | 2 | 3 | 4 |
1. Hemofiliyalı xəstələrin müalicəsi | |||
1.1. | Hemofiliyalı xəstələrdə qanaxmaların profilaktikası üçün faktor preparatları ilə müalicənin və hemofiliyanın inhibitor formasının müalicəsinin tətbiqi | Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi | 2011-2012 |
1.2. | Hemofiliyalı xəstələrdə oynaqlarda baş verən fəsadların qarşısının alınması və ya aradan qaldırılması məqsədi ilə artroskopik sinovektomiya, eləcə də oynaqların müasir endoprotezlərlə əvəz olunması əməliyyatlarının Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda təşkili | Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi | 2011-2012 |
1.3. | Hemofiliyalı xəstələrə tibbi yardımın göstərilməsi üzrə rayonlararası kabinetlərin təşkil edilməsi | Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi | 2011 |
1.4. | Hemofiliya üzrə kliniki protokolların, metodik vəsaitlərin və elmi ədəbiyyatın hazırlanması | Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi | 2011-2012 |
1.5. | Hemofiliyalı xəstələrin registrinin yaradılması | Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi | 2011 |
2. Hemofiliyaya dair maarifləndirmə | |||
2.1. | Hemofiliyaya dair populyar ədəbiyyatın, bukletlərin, vərəqələrin, plakatların çap edilməsi | Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi | 2011-2015 |
3. Kadr hazırlığı | |||
3.1. | Hemofiliya üzrə mütəxəssislərin hazırlanması (o cümlədən xarici ölkələrdə) | Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi | 2011-2015 |
3.2. | Hemofiliya üzrə mütəxəssislərin beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirakının təmin edilməsi | Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi | 2011-2015 |
Tədbirlər Proqramının həyata keçirilməsi nəticəsində hemofiliyalı xəstələrə tibbi yardımın təkmilləşməsi, hemofiliyalı xəstələrin ömürlərinin uzadılması və həyat keyfiyyətinin yaxşılaşması və hemofiliya xəstəliyinin fəsadlarının və bu xəstəlikdən əlillik və ölüm hallarının azalması gözlənilir.