Yeni dərs ilinə hansı yeniliklərlə gedirik? - ANALİZ
14 sentyabr 2010 20:15 (UTC +04:00)

Yeni dərs ilinə hansı yeniliklərlə gedirik? - ANALİZ

Lent.az yeni dərs ilinin yenilikləri, bu il özünü daha qabarıq göstərən problemlərə işıq salmağa çalışıb. Əvvəlcə yeni dərs ilinə aid bəzi statistik göstəricilər barədə. Təhsil Nazirliyində bildirirlər ki, bu il respublika üzrə 17434 şagird yerlik 49 yeni məktəb binasının, 10 mövcud məktəbdə 1418 şagird yerlik əlavə tədris korpuslarının və 3 məktəbəqədər təhsil müəssisəsinin inşası başa çatdırılıb. Həmçinin 7 ümumtəhsil məktəbi, 2 peşə liseyi, 6 körpələr evi-uşaq bağçası əsaslı, 356 ümumtəhsil məktəbi, 9 peşə liseyi, 32 məktəbəqədər və 5 məktəbdənkənar təhsil müəssisəsi təmir olunub. Hazırda 6980 şagird yerlik 25 yeni məktəb binasının tikintisi davam etdirilir.

1 universitet, 1 filial arxivə köçdü

Yeni dərs ilinin ən mühüm yeniliklərindən biri ali təhsil müəssisələrinin sayı ilə bağlıdır. Belə ki, Azərbaycanda fəaliyyət göstərən 1 özəl universitetin və 1 xarici ali məktəbin filialı bağlanıb. Təhsil Nazirliyinin Lisenziya Komissiyası bu ilin aprelində Moskva Dövlət Açıq Universitetinin Bakı filialının, avqust ayında isə Azərbaycan Beynəlxalq Universitetinin lisenziyasının dayandırılması barədə qərar qəbul edib. Bununla da ölkədə fəaliyyət göstərən özəl ali məktəblərin sayı 17-dən 15-ə enib. Dövlət universitetlərinin sayı isə 36-dır və onlardan 7-si xüsusi təyinatlı ali məktəblərdir.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Universiteti rəsmən 1997-ci ildən fəaliyyət göstərirdi. Onun fəaliyyəti göstərməsi üçün sonuncu dəfə müddətli lisenziya 30.06.2005-ci ildə 003283 nömrəsi ilə verilmişdi və mövcud qanunvericiliyə uyğun olaraq, xüsusi razılığın (lisenziya) qüvvədəolma müddəti 5 ildir. 02.09.2010-cu il tarixdə isə təhsil nazirinin 1200 nömrəli əmri ilə universitetin lisenziya müddəti uzadılmayıb.

Məktəbli forması qalmaqalı

Məktəbli forması bu dəfə də yeni dərs ilinin ən çox müzakirə mövzusu oldu. Yeni dərs ilində övladlarına məktəbli forması almaq istəyən valideynlərin Bakı Tikiş Fabrikinin qarşısında yorucu və hay-küylü növbəsi yarım aydan çoxdur ki, davam edir. Səbəb bəllidir: Bakı şəhəri üzrə Təhsil İdarəsi paytaxt məktəblərinin I-IV siniflərində məktəbli formasının məcburi tətbiqi barədə qərar qəbul edib. Məktəb direktorları isə yalnız Bakı Tikiş Fabrikindən istehsalı olan geyim formalarını məqbul sayır. Hətta valideynlərdən formanı həmin fabrikdən aldıqlarını təsdiqləyən çek də tələb edilməsi barədə xəbərlər var. Elə bu səbəbdən valideynlər həm fabrik qarşısındakı uzun növbələrdən, həm də geyim formalarının qiymətinin bahalığından, istədikləri ölçüləri tapa bilməmələrindən narazıdır.

Maraqlıdır ki, eyni problem region məktəblərində də müşahidə olunur. Belə ki, bölgələrdə yaşayan valideynlər də uşaqlarına məktəbli forması almağa məcbur edilir. Hətta bəzi rayonlarda, o cümlədən əhali məcburi köçkün olan rayonlardan uşaqların təhsil aldığı məktəblərdə Bakı Tikiş Fabrikinin istehsalı məktəbli geyimləri zorla satılır. Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi isə məktəbli geyimlərinin yalnız Bakı Tikiş Fabrikindən alınması barədə rəsmi və ya qeyri-rəsmi göstəriş verilmədiyini israr edir.

Dərslikdə uğur

Məktəblərin dərsliklərlə pulsuz təmin olunması təhsil sektorunda son illərin ən uğurlu nəticəsi kimi qiymətləndirilir. Təhsil Nazirliyində bildirirlər ki, ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərlə pulsuz təminatı üçün ayrılmış 8 milyon manat vəsait hesabına 2010-2011-ci tədris ilinə 127 adda 4641700 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap edilib. Bu sıraya yeni kurrikulum tətbiq edilən III siniflər üçün 40 adda 1088250 nüsxə dərslik və müəllim üçün metodik vəsait, I, VI və VIII-XI siniflər üçün isə 70 adda 3417800 nüsxə dərslik və 1 adda 600 nüsxə müəllim üçün metodik vəsait, xüsusi məktəblər üçün 12 adda 1070 nüsxə xüsusi şriftlərlə və “brayl” əlifbası ilə hazırlanmış dərsliklər daxildir.

Xatırladaq ki, 2010-cu ildə I siniflər üçün “Azərbaycan dili” dərslik komplekti (təlim rus dilində olan ümumtəhsil məktəbləri üçün), II siniflər üçün “Ərəb dili”, “Alman dili” və “Fransız dili”, VIII siniflər üçün “Rəsmxət”, IX siniflər üçün “Coğrafiya” və “Azərbaycan Respublikasının Konstitusiyası”, XI siniflər üçün “İnformatika”, II sinif üçün “Udin dili” dərslikləri yeni hazırlanıb və çap olunub.

Bundan başqa, III siniflər üçün bütün dərslik komplektləri də hazırlanıb. Bu komplektə III sinif şagirdləri üçün dərsliklər, iş dəftəri və müəllimlər üçün hazırlanan vəsaitdən ibarətdir.

İş dəftərləri valideynləri “işə salıb”

Yeri gəlmişkən, məktəblərdə şagirdləri məcbur edirlər ki, mütləq əlavə vəsaitdən istifadə etsinlər. Hazırda bütün əsas fənlərin testləri ilə yanaşı, iş dəftərləri də mövcuddur. Şagirdlər məcburi qaydada həm testləri, həm də iş dəftərlərini almalıdır. Ancaq yeni dərs ili ərəfəsində iş dəftərlərinin keyfiyyəti və qiyməti barədə narazılıqlar da eşidilməkdədir. Belə ki, valideynlər iş dəftərlərinin aşağı keyfiyyətli kağızdan hazırlanmasından və qiymətlərin isə hətta dərsliklərdən baha olmasından narahatdır.

Yeri gəlmişkən, bir çox hallarda şagirdlər ayrı-ayrı fənlər üzrə olan iş dəftərlərindən istifadə etmir. Həm də tutaq ki, ötən il 7-ci sinifdə oxuyan şagirdin işlətmədiyi iş dəftəri və testləri yeni dərs ilində onun yeddinci sinifdə təhsil alacaq bacı-qardaşı istifadə edə bilməz. Müəllimlər şagirdlərə dərs ilinin sonunda xəbərdarlıq edir ki, gələn tədris ilində, 7-ci sinif şagirdləri başqa test və iş dəftərlərindən istifadə etməlidir. Odur ki, bəzən şagirdlərin ilboyu işlətmədiyi iş dəftərləri quru kağız parçasına çevrilir.

Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı isə narahatlıq üçün əsas görmür. Onun sözlərinə görə, iş dəftərləri məktəblərdə kurikulumun tələblərini əsasında hazırlanır və hər bir şagirdin belə bir vəsaiti olmalıdır: “İş dəftərləri kurikulum əsasında olan fənlər üçündür. Bu il biz III sinif şagirdləri üçün iş dəftərləri çap olunub və hər bir fənnin iş dəftəri var”.

Faiq Şahbazlı deyir ki, iş dəftərləri dövlət vəsaiti hesabına çap olunmadığından pulla satılır. Bu vəsaitlərin qiyməti isə onun həcmindən asılı olaraq müəyyən edilir. Onun sözlərinə görə, “Azərbaycan dili” dərsliyinin iş dəftəri ilə “Təsviri incəsənət”in iş dəftəri eyni qiymətə satıla bilməz: “Çünki onların çap vərəqlərinin sayı fərqlidir. Qiymətlər də onun əsasında müəyyən olunur”.

Bununla belə, şöbə müdiri deyir ki, nazirlik iş dəftərlərinin qiymətinə qarışa bilməz. Onun sözlərinə görə, dərsliklərdən fərqli olaraq, Təhsil Nazirliyinin iş dəftərlərinin qiymətinə, onun satışına müdaxilə imkanları məhduddur: “Dərsliklər dövlət vəsaiti hesabına çap olunduğu üçün bizə ona elə qiymətlər qoymuşuq ki, nəşriyyatlar da buna qane olur. Tutaq ki, biz nəşriyyatlardan 120 min nüsxə dərslik alırıq. Amma onlar özləri 120 min iş dəftərini bir yerdən sata bilmir, axı. Ona görə də, iş dəftərlərinin qiyməti baha kimi görünə bilər. Lakin əslində belə deyil”.

Faiq Şahbazlı bildirib ki, Təhsil Nazirliyi heç bir halda iş dəftərlərinin qiymətinə nəzarət edə bilmir. Amma onun fikrincə, nazirlik görsə ki, qiymətlər həqiqətən də onun maya dəyərindən çox baha satılır, bu halda müvafiq tədbirlər görər: “Ola bilsin ki, valideynlər iş dəftərlərinin baha qiymətə satıldığı qənaətindədir və buna görə narahatdır. Ancaq dərslik çapı ilə məşğul olanlar bilir ki, kağız bahadır, üstəlik xaricdən gətirilir və çap zamanı istifadə olunan materiallar da bahadır”.

Bəzi işbazların bundan istifadə edərək iş dəftərlərini ikiqat baha qiymətə satmasına gəlincə, şöbə müdiri bu məlumatları həqiqətəuyğun hesab edir. Onun sözlərinə görə, dərslik bazarında iş dəftərlərinin və əlavə vəsaitlərin qiymətində nəzərəçarpacaq bahalaşma müşahidə olunmur: “Lakin biz bununla bağlı bazarlarda monitorinq aparıb vəziyyəti dəyərləndirmək niyyətindədir. Monitorinq zamanı belə hallar təsdiqi taparsa, müvafiq tədbirlər görməyə çalışacağıq ki, valideynlər narazı qalmasın”.

Xatırladaq ki, təhsil naziri Misir Mərdanov bir müddət əvvəl jurnalistlərə açıqlamasında iş dəftərlərinin gələcəkdə dövlət vəsaiti hesabına çap edilə biləcəyini, lakin bunun hələ real olmadığını söyləmişdi.

Beləliklə, ölkənin təhsil ictimaiyyəti yeni dərs ilinə bir çox yeniliklərlə qədəm qoyur. Bu yeniliklərin bir çox müsbət irəliləyiş kimi dəyərləndirilə bilər. Ancaq əvvəlki illərdəki problemlərin bir hissəsini yenə də təzə dərs ilinə daşımalı olduq. Bu sırada məktəbli forması ən çox müzakirəyə və səs-küyə səbəb olaraq liderliyini “qoruyub saxladı”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1768

Oxşar yazılar