Azərbaycanda qadınların 50,6 faizi nəsilvermə qabiliyyətinə malikdir
04 mart 2009 18:00 (UTC +04:00)

Azərbaycanda qadınların 50,6 faizi nəsilvermə qabiliyyətinə malikdir

Onların hər biri orta hesabla 2 uşaq doğub

2009-cu il martın əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,6 faizini və ya 4 milyon 424 min nəfərini qadınlar təşkil edir. Azərbaycan qadınlarının yarıdan çoxu şəhər yerlərində yaşayır. Dövlət Statistika Komitəsindən Lent.az-a bildiriblər ki, qadınların 50,6 faizi nəsilvermə qabiliyyətinə malikdir və onların hər biri orta hesabla 2 uşaq doğub. Ötən il doğulmuş 152 min körpənin 46 faizini qızlar təşkil edib.

Qız uşaqlarına verilmiş adlar içərisində ən çox “Fatimə” adına təsadüf olunur. Şəhər yerlərində “Fatimə” adından başqa daha çox verilən ad “Fidan”, kənd yerlərində isə “Nərmin” üstünlük təşkil edir. Bu adlarla yanaşı, Aysu, Zəhra, Nuray, Nəzrin, Leyla və Zeynəb də geniş yayılmış adlardandır.

Komitənin hesablamalarına görə, hazırda ölkədə 28 doğum evi, 317 qadın məsləhətxanası, 590 uşaq poliklinikası və ambulatoriyası, 1735 feldşer-mama məntəqəsi fəaliyyət göstərir. Hazırda qadınların gözlənilən ömür uzunluğu 75,1 yaş təşkil edərək kişilərdən 5,4 yaş yüksəkdir.

Azərbaycan qadını ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır və onların cəmiyyətdəki rolu daim artır. Qadınlar ölkə iqtisadiyyatının demək olar ki, bütün sahələrində çalışır və onların məşğul əhalinin ümumi sayında payı 49,5 faizdir. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu təsdiq edir. Ümumtəhsil məktəblərində müəllimlərin 73 faizi, orta ixtisas məktəblərində 74 faizi, ali məktəblərdə 46 faizi, həkimlərin isə 62 faizi qadınlardır.

Qadınların təhsil səviyyəsi də ildən ilə artır, 15 yaşından yuxarı olan hər 1000 qadından 745-i ali və tam orta təhsilə malikdir. Ümumtəhsil məktəbləri şagirdlərinin 47 faizi, orta ixtisas məktəblərinin 69 faizi, ali məktəblərinin isə təxminən yarısı qızlardan ibarətdir. Hazırda aspirantların və doktorantların 33 faizini, bütün elmi işçilərin isə 50 faizini qadınlar təşkil edir. Son 5 ildə elmlər doktoru dərəcəsi alan qadınların sayı 44 faiz, elmlər namizədi dərəcəsi olan qadınların sayı isə 18 faiz artıb. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlərindən 12-si və akademiklərdən 3-ü qadındır.

Qadınların ictimai-siyasi fəallığı da sürətlə artır. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 1990-cı ildə Azərbaycanda bütün deputatların 4,3 faizini qadınlar təşkil edirdisə, indi bu göstərici 11,2 faizdir. Dövlət qulluğunda çalışanlar arasında qadınların payı 29 faiz, sahibkarlar arasında isə 15 faiz təşkil edir. İdman seksiyalarında məşğul olanların 21 faizi qadınlardır. Hazırda ölkənin hər 5 ev təsərrüfatlarının birinə qadınlar başçılıq edir.

Elxan SALAHOV
# 1581

Oxşar yazılar