Daş ceyranın belində... - REPORTAJ
05 sentyabr 2010 14:30 (UTC +04:00)

Daş ceyranın belində... - REPORTAJ

Həyətyanı ev tikdirərək kirayədən can qurtarmaq, yaxud binada mənzili olsa da, ancaq həyətyanı ev tikdirərək özü üçün daha rahat şərait yaratmaq istəyənlərin torpaq aldıqdan sonra üz tutduqları ikinci yer paytaxtda “Daş bazarı” adlanan məkanlardır. Adı “Daş bazarı” olsa ada, bu bazarlarda tək mişar daşı satılmır. Ev tikintisində lazım olan mişar daşı, qum, çınqıl, sement, dəmir məmulatlar və s. bu bazarlarda var.

Qeyd edək ki, yay mövsümü tikintilər üçün əlverişli sayılmır. Bənnalar yayda quma qarışdırılan sementin istilər səbəbindən yaxşı “tutmadığını”, bu səbəbdən də tikilinin keyfiyyətli olmadığını söyləyirlər. Qışda don, mənfi temperatur da sementi sıradan çıxarır. Payız və yaz mövsümləri isə tikintilər üçün ən əlverişli vaxtlar sayılır. Payız mövsümü yaxınlaşdığı üçün biz də bu “Daş bazar”larından birinə baş çəkib, qiymətlərlə maraqlanmaq qərarına gəldik. Binəqədi rayonunda Sulutəpə adlanan ərazidə, Bakı-Sumqayıt yolunun kənarında yerləşən bazara üz tutduq.

Ay müştəri, gəl bəri!

Bazarın girişindən ayağını içəri qoymaq kifayətdir. İlk növbədə qum-çınqıl satışı ilə məşğul olanlar hərəkətə keçir, müştəri kimi sizi cəlb etməyə çalışır, sizə qiymətlərdə güzəştə gedəcəklərini bildirirlər. Sement satışı ilə məşğul olanlar da sement lazım olub-olmadığını soruşurlar. Bazarın aşağısında isə mişar daşı yüklənmiş KAMAZ və ZİL markalı minik avtomobillərinin sürücü-satıcıları sizi əhatəyə alırlar. Müşahidələrimiz göstərdi ki, bazarda müştəri qarşısına canfəşanlıqla yüyürməyənlər yalnız dəmir məmulatlarının satışı ilə məşğul olanlardır.

Onu da öyrəndik ki, son iki həftədə bazarda qiymətlər, xüsusən mişar daşının qiyməti əməllicə bahalaşıb. Mişar daşının müxtəlif növləri 8-10 qəpik bahalaşıb. Məsələn, bir həftə əvvəl Güzdəkdəki daş karxanalarında çıxarılan və bazarda 30 qəpiyə təklif olunan 1 mişar daşının qiyməti indi 38 qəpikdir. Nəmliyə dözümlü olması ilə seçilən və “Güzdək daşı”ndan keyfiyyətli sayılan “Qızılqaya daşı” adlandırılan mişar daşını 40 qəpikdən aşağı satan yoxdur. Bir həftə əvvəl bu mişar daşı 33-34 qəpik olub. Qaradağdakı daş karxanalarından çıxarılan və ən keyfiyyətli daş sayılan mişar mişar daşı isə Sulutəpədəki bazardakı sürücü-satıcılarda yoxdur. KAMAZ və ZİL sürücüləri bu daşı müştərinin sifarişi ilə 42-45 qəpiyə gətirdiklərini söyləyirlər. Bir həftə əvvələ qədər 36-38 qəpiyə gətirirlərmiş.

Qısası, mişar daşı 1 həftə ərzində 10-20 faiz civarında bahalaşıb. Əli adlı ZİL sürücüsü ilə söhbətimiz zamanı məlum oldu ki, mişar daşının belə sürətli bahalaşmasının səbəbi tək tikinti üçün əlverişli mövsümün başlaması ilə əlaqədar deyil. Bu yay Sabirabadda evləri sel suları altında qalanlar üçün hökumət tərəfindən çoxlu sayda evlərin tikintisinə başlanılıb. Bu tikinti üçün mişar daşları isə əsasən Bakıdakı daş karxanalarından aparılır. Hökumət qurumları qarşısında müəyyən qiymətə böyük miqdarda daş satmaq öhdəliyi götürmüş karxana sahibləri özləri satıcı qismində çıxış edən KAMAZ və ZİL sürücülərinə isə daşı həvəssiz və nisbətən baha qiymətə satırlar. Əli bildirdi ki, bir gün əvvəl daş karxanasında 12 saat növbə gözləməli olub. Onun sözlərinə görə, Sabirabadda ev tikintisi olmasaydı, daşın qiyməti 2-3 qəpikdən çox bahalaşmayacaqdı.

Beləliklə, Azərbaycan paytaxtında bir mişar daşının qiyməti 1 çörəkdən bahadır. “Hər yetənə daş atma” məsəli də bəlkə babalarımız tərəfindən elə bu günlər üçün deyilibmiş...

Mingəçevirdən qum gətirilməsi qadağan olunub

Qumun müxtəlif növlərində isə hələ elə də ciddi bahalaşma yoxdur. Onu da deyək ki, mişar daşı yalnız yük maşınlarında satılsa da, qum həm yük maşınlarında, həm də həm də yerdə satılır. Başqa sözlə, bazarda “toçka”sı olan satıcıların sifarişi ilə əsasən böyük yük tutumuna malik KAMAZ-ların sürücüləri yükləri gətirib bazarda müəyyən yerlərə tökürlər. Yerə tökülmüş qum kubla satılır. Əslində burada kub anlayışı da elə dəqiq deyil. Anadolu türklərinin təbirincə desək, kəpçəli, bazardakıların sözü ilə desək, çömçəli traktorlar ölçü vahididir. 4 çömçə 1 kubdur. Çömçəni də necə doldurmaq traktor sürücüsünün insafına qalır. Onu da deyək ki, traktorçuların zəhmətini qum alan müştəri ayrıca ödəmir, qum satan bunu qumun satış qiymətində öncədən nəzərə alır və ödəyir. KAMAZ və ZİL sürücü-satıcıları isə gətirdikləri qumu özləri satırlar.

Bazarda artıq Mingəçevirdən gətirilən və keyfiyyəti ilə seçilən “qara qum” tapmaq mümkün deyil. Qum satanlar bildirdilər ki, bu yay Mingəçevir su anbarında suyun səviyyəsi artıb və o vaxtdan başlayaraq Mingəçevir su anbarı ətrafından qum gətirilməsinə qəti qadağa qoyulub. Yollarda polislər də buna xüsusi nəzarət edir, buna cəhd edən sürücülər cərimələnir, yük də geri qaytarılır.

Mingəçevir qumuna alternativ olaraq “Bəhramtəpə qumu” təklif olunur. “Bəhramtəpə qumu” bazarda 15-16 manata təklif olunur. Ancaq müşahidələrimiz zamanı gördük ki, fərasətli və təcrübəli müştərilərdən biri bir ZİL yükü, kubu 13 manatdan 5 kub “Bəhramtəpə qumu” aldı.

Bazarda Şorabat qumu adlanan qum da qiymətli qumlar sırasındadır və “Bəhramtəpə qumu” ilə təxminən ieyni qiymətə satılır. Gilli və o qədər də keyfiyyətli sayılmayan digər qumları bazardakı toçka sahibi olan satıcılardan 10-11 manata almaq olur.

Onu da qeyd edək ki, keyfiyyətli hesab olunan qum növlərindən əsasən suvaq işlərində, digər qumlardan isə hörgüdə istifadə olunur.
Çınqıl növlərinin qiyməti isə 11-13 manat arasındadır. Sorğu-suallarımız göstərdi ki bazarın girişində 13 manata təklif olunan çınqılı bazarın arxa hissəsində 10-11 manata da almaq olar.

O da bizə aydın oldu ki, qumu yerdə “toçka”sı olanlardan yox, KAMAZ sürücülərindən birbaşa almaq daha sərfəlidir. KAMAZ sürücülərindən biri dedi ki, “Bəhramtəpə qumu”nun kubu yük maşınında alan zaman 11 manatdan da aşağı düşür. Əgər öncədən müştəri sifariş etsə, bazara girmədən, yəni bazar haqqını ödəmədən birbaşa həyətə aparsa, kubunu 10 manata da gətirər.

Qum satanlar onu da dedilər ki, 1-2 həftədən sonra tikintilərin sürətlənməsi ilə qum da bahalaşacaq..

Sementin qiyməti stabildir

Bazarda ayrıca dükanlarda satılan sementin qiyməti isə 6 aydan çoxdur ki, stabildir. Böhran da dəmir məmulatlarının qiymətinə təsir etməyibmiş. “Qaradağ-Spesial” adlanan və 400 marka sayılan sementin qiyməti 6,50 manatdır. Bu sement əsasən dəmi-beton işlərində, bünövrə, monоlit tökərkən istifadə edilir. 300 marka “Qaradağ-Optimal” isə sementi isə hörgü işləri üçündür və kisəsi 5 manat 70 qəpiyə təklif edilir. Ancaq satıcılarla söhbətimizdən anlaşıldı ki, 1-15 kisə və daha artıq sement alanlara güzəşt var. “Qaradağ-Spesial”ın 1 kisəsini 6,10 qəpiyə, “Qaradağ-Optimal”ı isə 5 manat 50 qəpiyə verə bilərlər. Lakin “Qaradağ-Sement” şirkətinin nümayəndələri bundan xəbər tutmamalıdır, əks halda həmin satıcıya bir daha topdan qiymətlərlə sement verilmir. Diqqətimizi o da çəkdi ki, “Qaradağ-Sement” şirkətinin istehsalı olan bu məhsulların satışı ilə məşğul olanlar sementlərin qiyməti yazılan lövhələr qoyublar.

Bazarın dəmir məmulatları satılan hissəsində də olduq. Satıcılardan öyrəndik ki, dəmir məmulatlarının qiyməti 1 il əvvəlki ilə müqayisədə faktiki heç bir dəyişikliyə məruz qalmayıb. Məsələn, tikintidə daha çox müxtəlif diametrli “armatur”lardan istifadə olunur. 16 mm diametrə malik “armatur”un 1 metrinin qiyməti 1 manatdır. 1 il əvvəl də bu ölçülü “armatur” 90 qəpik-1 manat olub. Ən aşağı diametrli-12 mm-lik “armatur”u isə 45 qəpikdən aşağı tapmaq müşküldür.

Divarların daha keyfiyyətli suvanması, yaxud müxtəlif bəzək daşlarının divarlara vurulması zamanı istifadə olunan dəmir torların qiyməti ilə də maraqlandıq. Uzunluğu 5 metr, eni 2 metr olan dəmir torların birinin qiyməti 6,50 manatdır.

Satıcılar son 1 ildə dəmir məmulatlarının qiymətinin dəyişməməsini “Baku Steel Company” şirkətinin topdansatış qiymətlərdə dəyişiklik etməməsi ilə əlaqələndirdilər. Ukrayna və Rusiyadan dəmir məmulatlarının gətirilməsinin qəliz məsələ olduğunu vurğuladılar...

Sonda məlumat üçün onu da nəzərə çatdıraq ki, mişar daşını sürücü-satıcılar həyətyanı sahəyə apararkən əlavə yol haqqı istəmirlər. Ancaq şərt odur ki, həmin yer bazardan çox da uzaqda yerləşməsin. Qum və dəmir məmulatlarını bazardakı “toçka”lardan alan zaman isə yük maşını sifarişlə tutulur. Bu zaman müştəri 10-15 manatından keçməlidir.

Allah evinizi tiksin...

Ramiz Mikayıloğlu

Foto: İsaq Mayılov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3901

Oxşar yazılar