Vəhabilik nədir, vəhabilər kimlərdir? - ARAŞDIRMA – III yazı
14 avqust 2010 15:00 (UTC +04:00)

Vəhabilik nədir, vəhabilər kimlərdir? - ARAŞDIRMA – III yazı

“Qeyri-ənənəvi dinlər və təriqətlərlə bağlı inanılmaz faktlar” silsiləsindən

Azərbaycanda qeyri-ənənəvi dini təriqətlərin, dinlərin olması barədə adətən ümumi danışılır. Əslində isə ölkədə qeyri-ənənəvi İslam təriqətləri və cərəyanları, ənənəvi olmayan qeyri-İslam təriqətləri və qeyri-ənənəvi dinlər var. Lent.az bu yazılar silsiləsində Azərbaycandakı qeyri-ənənəvi təriqət, cərəyan və dinlərin bütün siyahısını təqdim edərək, onlarla bağlı qısa məlumat verir. Bugünkü yazıda onlardan ən populyarı olan vəhabilik barədə ayrıca yazıda geniş məlumat verəcəyik. Yazılar silsiləsindən gəlinə biləcək ümumi qənaət bu olacaq ki, qeyri-ənənəvi dinlər və təriqətlərin hamısının arxasında müxtəlif maraqlar var. Lakin onların arasında zərərsizi, nisbətən az zərərli və dəhşətli dərəcədə zərərlisi var ki, oxucular yazını oxuduqdan sonra bunu ayırd edə biləcəklər.

(I yazı bu linkdə: http://www.lent.az/news.php?id=36028), (II yazı bu linkdə: http://www.lent.az/news.php?id=36158)

20 yaşlı oğlan necə vəhabi oldu?

...T.-nı 13-14 yaşlarından tanıyıram. Həmin vaxt o, “Quran” kursuna gedirdi. Əslən sünnilərin məskunlaşdığı yer kimi tanınan Şəmkir rayonundan olsa da, T. Bakının şiələrin sıx olduğu yerdə yaşadığından, o da məhz şiə namazı qılırdı. Onun artıq şiə olduğunu demək olardı. T. 18 yaşı olanda hərbi xidmətə getdi. Hərbi xidmətdən gədəndən sonra təxminən üç-dörd ay (bəlkə də daha çox) işsiz, bekar gəzdi. Günlərin birində isə yaşadığımız məhəllədə hər kəsin dilindən “T. vəhabi olub” xəbərini eşitdim. Deyirdilər ki, o, qısa şalvar geyinir və saqqal saxlayır. Bir də deyirdilər T. özünə iş tapıb (əslində iş tapmasıyla vəhabi olmasının üst-üstə düşməsi bu iki məqam arasında əlaqənin olmasından xəbər verirdi).

Yalnız T.-nı görəndən sonra deyilənlərin yüz faiz dəqiq olduğuna inandım. Sonralar o məhəllədə cavan uşaqlar yığışarkən “sələfi olduğunu” və artıq düz yola gəldiyini deyirdi. O, məhəllə uşaqlarına düz yolda olmadıqlarını deyərək, onları da sələfiliyə çağırırdı. Məhəllə cavanları isə (onlar arasında həm sünni, həm də şiələr vardı) onunla mübahisə edirdilər. Bu mübahisələr bəzən hətta əlbəyaxa dava səviyyəsinə də çatırdı. Ancaq qurtarmırdı.

T. cümə namazlarını həmin vaxt fəaliyyət göstərən “Əbu-Bəkr” məscidində qılır, məscidin imamı Qamət Süleymanovun xütbələrini dinləyir, sonra da əhalinin vəhabilik adlanlırdığı, özünün təbirincə desək sələfiliyin təbliğatını aparırdı. Yeri gəlmişkən, o, tərəfdaşlarına “qardaş”, “qardaşlar” deyirdi...

Vəhabilik necə və hansı məqsədlə yaradılıb?

Cabir İskəndərli “Azərbaycanda qeyri-ənənəvi dinlər və təriqətlər” kitabında yazır ki, müasir cəmiyyətdə İslam sünni təriqətinin cərəyanlarından biri kimi tanınan vəhabilik XVIII əsrin ortalarında Ərəbistan yarımadasının mərkəzi ərazilərindən olan Nəcddə meydana çıxıb və tezliklə bölgədə güclü, siyasi hərəkata çevrilib. Bu cərəyanın yaranması XIV əsrin din alimlərindən olan ibn Teymuriyyənin müəllifi olduğu “İslamın təmizlənməsi və ilkin ənənəvi İslama qayıdış” konsepsiyasını genişləndirmiş Məhəmməd İbn Əbdülvəhab ilə bağlıdır. Vəhabilik cərəyanın qurucusu sayılan Məhəmməd İbn Əbdülvəhab İbn Süleymanın (1703-1792) uzun səyahətləri (Bəsrə, Bağdad, Qum, İsfahan, Həmədan, Dəməşq, Qahirə) və İlahiyyat elmilə təkidlə məşğul olması onun dünya görüşünün formalaşmasında böyük rol oynayıb.

O, İslam dinini “Quran” və Peyğəmbərin sünnəsi özülünə qaytarılması zərurətini irəli sürüb. Onun fikirləri Nəcddəki dindarlar tərəfindən yaxşı qəbul edilmədiyindən Əbdülvəhab anadan olduğu doğma əl-Üyeynə qəsəbəsinə qayıdır. Buraya gəldiyi gündən qəsəbənin əmiri Osman ibn Müəmmar, eləcə də çox görkəmli ərəb şeyxləri ilə dostluq əlaqələri qurmağa nail olur. Əbdülvahab yerli əmir Osman ibn Müəmmara belə bir təklif verir ki, əgər fikirlərini yaymaqda ona kömək edərsə, Allahın yardımı ilə Əmiri Nəcd ərazisinin hakimi elan edəcək. Artıq həmin dövrdə müəyyən qədər təşkilatlana bilmiş vəhabilər bütpərəstliyə qarşı mübarizə adı altında səhabələrin, mötəbər övliyaların, tanınmış şeyxlərin qəbirləri üzərində ucaldırmış türbələr sökür, müsəlmanların müqəddəs saydıqları yerləri – ziyarətgahları, pirləri, məqbərələri dağıdırdılar.

Vəhablərin hərəkətləri bir çox qəbilə başçılarını narahat edirdi. Onlar yeni təlimlə barışa bilmir, buna qarşı sərt müqavimət göstərirdilər. Osman ibn Müəmmarın himayəsi altında özünü o qədər də təhlükəsiz hesab etməyən Məhəmməd İbn Əbdülvəhab Əmir Məhhəməd ibn Səudun (1726-1765) hakimiyyəti altında olan Dəryə şəhərinə köçür. 1744-cü ildə ibn Səud vəhabiliyi qəbul edir və Əbdülvəhabla “Dəriyyə ittifaqı” adlı bir ittifaq bağlayır. Yeni ittifaqın açdığı imkanlar sahəsində ibn Əbdülvəhab öz təlimini təbliğ edir, ətrafına ardıcıllar toplayır, ibn Səud isə şan-söhrət qazanaraq Ərəbistanı öz hakimiyyəti altında birləşdirmək fürsəti qazanır. Həmin vaxt Əbdülvahabın dediklərini qəbul etməyən müsəlmanlara “kafir” damğası vurulurdu. İbn Səudun başqa əmrlikləri Səudilər dövlətinə tabe etməsi üçün başladığı qarşıdurmalar isə xüsusi amansızlığı ilə fərqlənirdi. XVIII əsrin 40-cı illərinin ortalarından etibarən Əbdülvahab açıq-aşkar siyasi mübarizəyə qoşulur. Onun təlimi Ali-Səud sülaləsinin Ərəbistan yarımadasında apardığı mübarizənin bayrağına çevrilir. Təxminən 20-25 il ərzində bir çox əmrliklər Ali-Səuda həvalə edilir. Məhəmməd ibn Əbdülvahabın vaxtında onun dediklərini qəbul etməyən müsəlmanlara “kafir” damğası vurlurdu. Onun sağlığında və ölümündən sonra bir sıra dəhşətli cinayətlər edildi: insanlar öldürülür, məqbərələr qarət edilir və s. Məsələn, 1802-ci ildə baş vermiş dəhşətli cinayət: Nəcəfdə şiələrlə baş verən bir mübahisə nəticəsində bəzi vəhvabilərin öldürülməsini bəhanə edərək Əbdüləziz ibn Səudun başçılığı altında 1802-ci ildə (Məhərrəm ayının 10-u, yəni Aşura günü) Kərbəlanı ziyarət edən minlərlə insan qılıncdan keçirildi və Həzrət Hüseynin (ə.) məqbərəsi qarət edildi...

Vəhabilikdən Məhəmməd ibn Əbdülvəhabın, Səudilər nəslinin qazancı və davamçılar

Bütün bu qeyd olunanların davamı haqda tarixi mənbələrdən daha ətraflı məlumat toplamaq olar. Bu istiqamətdə son olaraq bildirək ki, baş verənlər 18 sentyabr 1932-ci ildə Səudilər nəslinin nümayəndələrindən olan Əbdüləzizin hazırkı Səudiyyə Ərəbistanı Krallığının əsasını qoyması ilə sonuclandı (ölkənin adındakı “Səudiyyə” sözü məhz Səudilər nəslinin adıyla bağlıdır). Yekun olaraq demək olar ki, Məhəmməd ibn Əbdülvəhabın yaratdığı təriqət özünə davamçı yığmağa, Səudilər nəslinə isə XVIII əsrdən başlayaraq genişlənməsi XX əsrdə başa çatmış, ömrü hələ də davam edən bir hakimiyyət qazandırdı. Səudiyyə Ərəbistanı vəhabiliyin beşiyi sayılsa da, sonralar Məhəmməd ibn Əbdülvahabın davamçıları digər müsəlman ölkələrdə, hətta qeyri-İslam öldkələrində də təbliğatlarını yaymağa başladı. Bu təbliğat indinin özündə də davam edir, davamçılar missionerliklə vəhabiliyi yayır. Vəhabilik isə erkən İslam dövrünün qayda-qanunlarına qayıtmağı, təkallahlılıq prinsipinə ən ciddi şəkildə riayət etməyi, müqəddəslərə və müqəddəs yerlərə sitayişdən, başqalarından götürülən yeniliklərdən imtina etməyi təbliğ edən dini-siyasi cərəyandır. Bu cərəyanın tərəfdarlarının xarici görünüşü isə başqalarından qısa şalvar geymələri və uzun saqqal saxlamaları ilə fərqlənir.

Milli vəhabilər

Bu cərəyan Azərbaycanda var. Ölkə cəmiyyətində vəhabiliklə bağlı maraq, daha çox isə qorxu var. Maraq bəlkə də vəhabilərin öz adlarını belə etiraf etməkdən çəkinmələrilə bağlıdır. Qorxu isə yəqin onla bağlıdır ki, bir sıra hallarda bu cərəyanın adının qarşısına “radikal” sözü də əlavə olunur: radikal vəhabi, radikal vəhabi qruplaşması və s.

Vəhabilər isə özlərinin nəinki radikal, heç adicə “vəhabi” adlandırılmasının da qəti əleyhinədir. Onlar özlərinə “sələfi”, yaxud “əhli-sünnə və cəmaət” deyir və məhz belə adlandırılmasını istəyir.

Qamət Süleymanov Azərbaycandakı, özlərinin təbirincə desək, sələfilərin lideridir. Ancaq o, özünü tərəfdarlarının lideri yox, sadəcə “Əbu Bəkr” məscidinin imamı sayır. Həmin məscidin ki, 2008-ci ildə orada terror hadisəsi baş verdi, məscid partladıldı. Həmin vaxtdan indiyədək “Əbu Bəkr” məscidi hələ də bağlıdır. Qamət Süleymanovun vəhabiliklə bağlı, daha doğrusu vəhabiliyin ümumiyyətlə olmaması ilə bağlı öz arqumentləri var: “Ümumiyyətlə, İslam dinində vəhabilik adlı firqə yoxdur. Sadəcə, başqa təriqətdə olanlar - hansı ki onlar dindən əlavə özlərindən uydurma şeylər çıxarıblar – bu sözü atıblar ortaya. Bunun yayılmasının səbəbi isə dini savadsızlıqdır. Çünki Azərbaycanda dini maarifləndirmə sıfır səviyyəsindədir”.

Qamət Süleymanov əslində Allahın adlarından birinin də Vahab olduğunu deyir: “Əslində, vəhabi insan adından, yəni Məhəmməd Əbdülvahabın adından götürülən söz deyil. Vəhabi – tək Allaha ibadət edən deməkdir. Biz vəhabi deyilik. Əgər vəhabi olsaydıq bunu deyərdik. Axı niyə də deməyək? Biz heç kimdən qorxmuruq”.

“Dini etiqad və vicdan azadlığı haqqında” qanuna edilən əlavə və dəyişiklikdən sonra Qamət Süleymanovun rəhbəri olduğu “Nərimanov dindarları” dini icması dövlət qeydiyyatından keçməyib (buna qədər onların dövlət qeydiyyatı var idi).

Yeri gəlmişkən, Qamət Süleymanov əvvəlcə Sudanda (bu Afrika ölkəsi vəhabiliyin yayıldığı yerlərdən biridir), sonra isə Səudiyyə Ərəbistanında (bu ölkə isə yazının əvvəlindən göründüyü kimi, vəhabiliyin beşyidir) təhsil alıb. Maraqlıdır ki, o, hələ ilk dəfə Sudana gedəndə artıq sələfi imiş: “1992-ci ildə Sudana getmişəm. Ancaq hələ Bakıda olarkən - 1988-ci ildə, 18 yaşımda sələfi oldum. Həmin vaxt cürbəcür firqələr var idi. Eşitdim ki, sələfi əqidəsi də var. Oxuyandan sonra gördüm ki, bu əqidədə sırf din təbliğ olunur, artıq şey yoxdur, bəyəndim. Elmimi artırandan sonra da arxayın odum ki, haqq yolu budur”.

Qamət Süleymanov vəhabilərin (özlərinin təbirincə desək sələfilərin) görünüşünün fərqli olmasını isə belə əsaslandırır ki, əslində digər təriqətlərdə saqqal saxlamaq var, lakin onlar buna əməl etmir: “Məsələn, sufilərdə, şiələrdə də saqqal saxlamaq var, şalvarın qısa olması var. Ancaq onlar saqqal saxlamır, şalvarlarını da qısa eləmir. Sələfilər isə edir”.

Sual çıxır: niyə? Axı məsələn, şiəlikdə uzun saqqal saxlamaq tələb olunursa, onlar niyə saqqallarını uzatmır? Qamət Süleymanov sualı belə cavablandırır: “Mən oxuyuram, Allah və rəsulun qanunu var, belə olmalıdır. Mən, sadəcə, qanuna tabe oluram”.

Onlar terrorçudur?

Cabir İskəndərli “Azərbaycanda qeyri-ənənəvi dinlər və təriqətlər” kitabında vəhabliyə yaxın olan və cinayət törətmiş təşkilatlar barədə yazıb. Məsələn, qeyd olunub ki, 1999-cu ildə Azərbaycanın təhlükəsizlik orqanları bir sıra ağır cinayətlər törətdiyinə görə vəhabiliyə yaxın olan “Ceyşullah” (“Allahın ordusu”) təşkilatının 14 üzvünü həbs edib. Onlar Azərbaycan Ekstrasenslər Birliyinin sədri Etibar Erkin və iki oğlunu qətlə yetirməkdə, Avropa Yenidənqurma və İnkişaf Bankının ofisini qarət etməkdə və “Krişna şüuru” dini icmasının Bakı qərargahını partlatmaqda məhkəmənin hökmü ilə təqsirləndirilərək, həbs olunublar.

Qamət Süleymanov isə deyir ki, məsələn, sünnilərdən ibarət hansısa quldur dəstəsi bir cinayət törədirsə, bu, bütün sünnilərin cinayətkar olması anlamına gəlməməlidir: “Cinayəti şiə də, sünni də, başqaları da törədə bilər. Biz belə şeylərin əleyhinəyik. Ona görə də məhz biz terrora məruz qaldıq (O, sonuncu cümləni “Əbu Bəkr” məscidinin partladılmasını nəzərdə tutaraq deyir – P.A.)”. Qamət Süleymanov vəhabilərlə bağlı olduğu iddia edilən və bir sıra cinayətlər törətmiş “Ceyşullah”, həmçinin “Hizbu-t-təhrir” təşkilatlarının əleyhinə olduqlarını söyləyir.

Cabir İskəndərlinin kitabından: “…Digər məscidlərdən fərqli olaraq “Cümə” məscidi günün 24 saatı vəhabilərin üzünə açıq oldu. Bura onların həm ibadət, həm də görüş yerinə çevrildi. Çeçenistan, Dağıstan, Özbəkistan və digər respublikalardan gələn vəhaiblərlə görüşlər məhz bu məsciddə keçirildi. Məscidə toplaşanlar arasında “Çeçen press” agentliyinin bülletentləri yayılırdı…”

Qamət Süleymanov deyir ki, məscidin 24 saat açıq olması normaldır, çünki məscid Allahın evidir: “O ki qaldı çeçenlərin bizim məscidə gəlməsi, onlar başqa məscidlərə də gedirdilər. Ancaq hansısa bülleten yayılmırdı, təbliğat aparılmırdı. Bunlar hamısı qərəzli mövqedir, cəfəngiyyatdır”.

Əhalinin vəhabi kimi tanıdığı, özlərinə isə sələfi deyən şəxslərin Azərbaycandakı sayı barədə dəqiq məlumat yoxdur. Ancaq onların sayının on minlərlə olduğunu təxmin etmək olar. Çünki vəhabilərin təbliğat və idarəçilik metodları çox sadə və effektlidir: İdeologiyanı mənimsəyən şəxslər digərlərini də bu yola dəvət edirlər. Hər yeni cəlb olunan şəxs yeni adamlarla ünsiyyətə yaradır. Əvvəl ailə üzvləri, sonra qohumlar və qonşularla müvafiq söhbətlər aparılır, onlar qrupun yeni üzvlərinə çevrilirlər. Beləliklə, vəhabi şəbəkəsinin zəncirvari həlqəsi formalaşır (bu cümlələrdən sonra yazının əvvəlindəki “20 yaşlı oğlan necə vəhabi oldu” yarımbaşlığındakı sonuncu abzası oxusanız daha çox şey aydın olacaq). Vəhabiliyin yayılması üçün müxtəlif adlar altında ayrı-ayrı mənbələrdən (məsələn, Küveyt İslam İrsinin Dirçəlişi Təşkilatı kimi) hesabına pul vəsaitləri də cəlb olunur.

Qamət Süleymanov özü tərəfdarlarının sayını bilmədiyini deyir: “Bu cür hesablama aparmamışıq...”

Pərvin ABBASOV

[email protected]

Yazı “Qadın Konsensus Mərkəzi” İctimai Birliyinin “Azərbaycan qeyri-ənənəvi dini təriqətlərin fəaliyyətinin araşdırılması, monitorinqi və bu yöndə ictimai məlumatlandırmanın təşkili” layihəsi çərçivəsində elan edilmiş yazı müsabiqəsinə təqdim olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 39491

Oxşar yazılar