Gündoğar əfsanəsi: nakam qızın min rəngbərəng durnası - REPORTAJ
12 iyun 2010 16:00 (UTC +04:00)

Gündoğar əfsanəsi: nakam qızın min rəngbərəng durnası - REPORTAJ

Xirosima qurbanlarının nigaran ruhları daim bu sərin suların üzərində dolanır...

13 saat təyyarədə olmaq 130 min dəfə o dünyanı görüb-gəlmək kimi bir şeydir. Hələ üstəgəl, Azərbaycandan birbaşa təyyarə reysinin olmaması Bakı ilə Tokio arasındakı yolu bir az da uzadır. Amma məsələ yolun uzunluğunda, necə gedib-gəlməkdə deyil, məsələ bitib tükənməyən yolların sonundakı cənnətdədir, bu dünyadakı cənnətdə. Məni qınamayın Yaponiyada göy üzünün rəngi də sözün yaxşı mənasında birtəhər idi, o göy bizim gördüyümüz göydən deyildi, başqa cür idi. Səma aydın, göylər təmiz, buludlar ağappaq idi. Biz hara düşmüşdük, Allah, heç anlaya bilmirdik. Cənnət bu qədər yaxın və bu qədər uzaq idimi? Yaponiyaya gedib-gələndən sonra nəinki başqalarının, heç özümün də suallarıma cavab tapa bilmirəm...

Yaponiya və bu ölkənin Azərbaycandakı səfirliyi ilə uzun-uzadı danışıqlardan sonra məlum oldu ki, səfərimiz baş tutacaq. Səfərdən düz 9 ay əvvəl. Çəkiliş proqramını yazmalıydım. Yazdığım proqram yaponları təəccübləndirmişdi. 18 günə bu qədər yeri gəzmək və bu qədər çəkiliş aparmaq çətin idi. Elə bildilər ki, naşıyıq. Bilmədilər ki, bu dünyadakı başqa planeti bəlkə də ömrümüzdə ilk və son dəfə bu qədər gəzə biləcəyik. Bir ölkədə ki, 2 pomidor 3 dollardır, bir dəfə yemək yemək azı 50 manatdır, gediş-gəliş üçün təkcə yol pulu 2000 manata yaxındır və s. o zaman bizim Yaponiya həsrətimiz başladığı yerdə də bitirdi. Nə isə getdik.

Yaponiya adı gələn kimi tarix kitablarından ən çox tanıdığımız şəhərlərindən birinə - Xirosimaya getməyə can atdıq və getdik də. Təsəvvürümüzdə yerlə yeksan olaraq qalan Xirosima dünyanın cənnət guşələrindən biridir. Şəhərin içindən keçən 6 çay ona xüsusi gözəllik verir. İnana bilmirsən ki, İkinci Dünya müharibəsinin ən dəhşətli günləri burada yaşanıb. Tarixdən bilirik ki, düşmən üç şəhəri - Xirosima, Naqasaki və Kiotonu bombardman etməyi planlaşdırırdı, lakin bu planın bir hissəsi baş tutdu və iki şəhər yer üzündən silindi. Xirosimada bunu həm görürsən, həm də görmürsən. Şəhər yenidən elə qurulub ki, elə bil heç dağılmayıb. Eyni zamanda o dəhşətli hadisələri xatırladan elementlər burada həqiqətən də göz bəbəyi kimi qorunur. Mən Xirosimada anladım ki, hər hansı hadisənin xalqın tarixindəki yeri, əhəmiyyəti, mənfi və ya müsbət təsiri onun mahiyyəti ilə bərabər ona münasibətdən də asılıdır. Bəlkə münasibət mahiyyətdən daha da önəmlidir. Əsas məsələ qan yaddaşına nəyin yazılmasından daha çox, necə yazılmasıdır. Xirosima bütövlükdə yenidən qurulub, yalnız bir binadan başqa. Bu, müharibədən əvvəl mərasimlərin keçirildiyi saraylardan biridir. İndi onun adını Atom evi qoyublar və oranı hasara alaraq içəriyə kiminsə daxil olmasını qadağan ediblər. Düşünə bilərsiniz ki, burda qeyri adi nə var ki? O var ki, bu bina 1945-ci ildə necə olubsa, indi də elədir, bir daşına belə xələl gəlməyib. Bundan başqa şəhərdəki Atom evinin özü boyda maketi Atom muzeyinin içərisindədir. Muzeyə ilk addımını atan adam elə hesab edin ki, muzeyə yox, tarixin düz içinə - 1945-ci ilə ayaq basır. Bundan ətraflı danışacam. Amma hələlik muzeyin həyətinə baxaq. Səni ilk növbədə 9-10 yaşlı məktəblilər qarşılayır və onlar muzeylə bərabər həm də dərsdədirlər - Xirosima dərsində, tarix dərsində. Suallar belədir-haradan gəlmisiniz, niyə gəlmisiniz, bura sizin üçün nəyə görə maraqlıdır? Daha sonra əllərindəki xəritədə öz ölkəni onlara göstərməyi xahiş edirlər. Xirosimaya bomba atılanda insanlar yanıblar və onlar daha çox su istəyirmişlər. Muzeyin həyətindəki fəvvarə də onların şərəfinə ucaldılıb və orada inanırlar ki, Xirosima qurbanlarının nigaran ruhları daim bu sərin suların üzərində dolanır. Burda hər şey sənə tarixdən danışır, tərcüməçiyə, bələdçiyə-filana ehtiyac yoxdur. Atom muzeyindəki saatın belə başqa bir mənası var. Bu saatın başqalarından fərqi odur ki, onun 2 yox 4 əqrəbi var. Əqrəbin ikisi Xirosimaya bomba atılan anı, digərləri isə adi saatlardakı kimi yaşadığın zamanı göstərir. Muzeyin həyətindəki xatirə kompleksində xüsusi bir yer var və orada müharibədə həlak olanların adları yazılıb və bilirik ki, atom bombasının təsirləri bu gün də davam edir. Məhz bu səbəbdən dünyasını dəyişənlərin adları da həmin siyahıya əlavə olunur. Kompleksin üzərindəki rəngbərəng kağızlar uzaqdan belə diqqət çəkir. Bunun cavabı içəridəki şəkillərdədir. Orada balaca bir qızın şəkli var. Bizə onun haqqında danışdılar və məlum oldu ki, bomba atılan zaman yanan qızcığaz çoxumuza məlum bir əfsanəyə inanır və kağızdan min ədəd durna düzəldir. Həmin əfsanəyə görə min ədəd durna düzəldən qız arzusuna çatmalı və yaşamalıydı. Durnalar hazır oldu, amma qız yaşamadı. Burada örnək olası cəhət məhz muzeyin həyətindəki rəngbərəng kağızlardır. Hər gün, diqqət edək hər gün yaponlar rəngbərəng kağızlardan durna düzəldərək buraya gətirir və o balaca qızın, o nakam taleli qızın ruhuna hədiyyə edirlər. Bu tarixə necə bir ehtiramdır, bu insana necə bir qiymətdir, bu necə yaşamdır, bunun dərsini harada almaq olar, necə bu qədər vətənsevər olmaq olar, ümumiyyətlə olmaq olarmı? Belə çıxır ki, olar. Amma ortada cavabı tapılmayan suallar var - bunun üçün mütləq yapon olmaq lazımdırmı?
Bu dərsləri ala-ala, suallar qarşısında lal, susqun, həm də heyrət və çaşqınlıq içində qala-qala Atom muzeyinə daxil olduq. Burada Xirosima hadisələri haqqında 15 dildə şifahi, 17 dildə yazılı məlumat verilir. Elə bil odun içinə düşürsən. Buna səbəb onlarla monitorun quraşdırılmasındakı cəhətlərdir. Onlar elə quraşdırılıb ki, kinofilmlərdə gördüyümüz Xirosima və Naqasaki şəhərlərinə bomba düşməsi anı bir ekranda bitir, o birisində başlayır. Bütün mərtəbələrdə bu proses davam edir. Yəni burada hər saniyədə bomba partlayır. Elə bil dünya müharibəsinin lap ortasındasan. Faciənin elementləri muzeyə zərgər dəqiqliyi ilə köçürülüb. Düşünün ki, faciə zamanı insanların yanan paltarları belə muzeydə xüsusi manekenlərə geyindirilib. Şəkillər, xüsusi maketlər, yanan əşyalar, ümumiyyətlə Xirosima faciəsini andıran hər şey buradadır. Daş pilləkənlərin özünü və şəklini görəndə bunun niyə muzeydə olduğunu soruşdum. Dedilər ki, bir gənc oğlan bomba atılan zaman yanıb bu daşlara yapışıb. O üzdən həmin daşlar muzey əşyasına çevrilib. Xirosima hadisələri qurbanlarının hüquqları ilə əlaqədar fəaliyyət göstərən qeyri-hökumət təşkilatının rəhbəri Sunao Sibao da şəkillərdə özünü tapıb mənə göstərdi. O zaman 15 yaşı varmış. Bu o deməkdir ki, heç kəs və ya heç bir an gözdən qaçmayıb. Əgər söhbət tarixdən və onun doğru yazılmasından gedirsə, saxtalıq üçün əl yeri qoyulmamalıdır. Atom muzeyində elə örnək olası faktlarla rastlaşdıq ki, necə deyərlər əlimiz üzümüzdə qaldı. Xirosimada həlak olan gənclərdən birinin xanımı ana olmağa hazırlaşırmış. Həyat yoldaşı ölür, xanımı onun yanına çatanda onun üzərində yeganə həyat elementi olan bir şey varmış - hələ də işləyən saatı. Bilirsinizmi bir neçə ay sonra dünyaya gələn o uşaq və saat indi haradadır? Uşaq da muzeydədir, saat da. İkisi də işləyir, biri muzeyin direktorudur, digəri isə əşyası. Saat şüşə arxasında deyil, direktorun qolundadır. Atom muzeyində diqqəti daha çox çəkən cəhətlərdən biri də buradakı auditoriyalardır. Ölkənin müxtəlif yerlərindən gələn şagird və tələbələr burada dərs keçirlər. Bu əslində bir neçə cəhətdən əhəmiyyətlidir - həm muzeylər daim insanla dolu olur, həm də tarix demək olar ki, hadisələrin lap ortasında öyrənilir.

Bu təcrübəni görəndən sonra onu Azərbaycanda tətbiq etmək olar və ya olmaz sualları ilə bir ictimai müzakirə apardıq. Ağız deyəni qulaq eşitmirdi. Hərə bir yandan sual yağdırırdı. Tutaq ki, uşaqlar Şəhidlər Xiyabanına getməlidir. Müxtəlif məktəblərin şagirdlərinin müxtəlif vaxtlarda getməsinin planlaşması var, nəqliyyat vasitələrinin ayrılması var, benzinin alınması var. Mübahisə düşdü - bu xərci məktəb çəkməlidir, yoxsa valideyn? Səsimiz bir-birimizin başına elə düşmüşdü ki, hər şeyi – ideyanı da, təklifi də, tarixi də çəkiliş meydanında qoyub qaçdıq. Adam bilməlidir ki, nə harada və necə reallaşa bilər. Nə isə. Qayıdaq Xirosimaya və onun möhtəşəm Atom muzeyinə.
Muzeyin həyətindəki sülh zənginin gözəl bir mənası və amalı var. Buraya gələnlər əgər dünyaya sülh arzulayırsa bu zəngi bir dəfə çala bilərlər. Zəngin səsi elədir ki, onun bütün Xirosimaya yayıldığının şahidi olduq. Həm də adama elə gəlir ki, zəngin səsi bütün dünyaya yayılır. Bilmirəm bəlkə mənə belə gəldi. Bəlkə biz sülhün və qələbənin acıyıq və elə həsrətindəyik ki, o zəngi çalanda bu hissləri dərindən yaşadım və bu anı heç vaxt unutmadım. İnsan sirləri axtarır, düşüncə fərqinin kökünü axtarır, tarixə belə bir münasibəti mənimsəmək bir yana dərk etməyə can atır. Dərk etmək asan deyil ki, bu qədər varlı və müasir bir ölkədə yeni robotlara baxmağa gələnlərlə muzeylərə gələnlər arasında elə də ciddi say fərqi yoxdur. Yenidən Tokioya qayıtdıq. Düşünürdüm ki, hamı adamdır, hamını Allah yaradıb - bu əsrarəngiz ölkədə yaşayanları da, Afrikanın quraqlıqlarında əzab çəkən skeleti çıxmış zənciləri də, vaqonlarda ömür çürüdən azərbaycanlı qaçqınları da , lap elə biz də. Bələdçinin bizi göz bəbəyi kimi qorumasının da bu mətləblərə dəxli varmış, bunu elə oradaca öyrəndik.

Bir axşam rejissor xanımla mən çox yorğun olduğumuzdan yemək yeməyə getməyib oteldə dincəlməyə üstünlük verdik. Bizim qoca hesab etdiyimiz, amma piyada gedəndə çata bilmədiyimiz 65 yaşlı bələdçi qadın da bizimlə qaldı. Ac qalmağı əhəmiyyətli deyildi, bizim başımızda növbə çəkməliydi. Səbəbini soruşanda dedi ki, buraya gələnlərin bəziləri gizlənib Yaponiyada qalmağa çalışırlar. Bunu əsasən əslən Cənubi Azərbaycandan olanlar edirlər. Onları qınamıram. İnsanın ömür boyu can atdığı yer cənnət deyilmi? Dedik ki, rahat ol, bizdən qorxma. Biz hələ belə yerlərdə yaşamağa alışıq deyilik. Bəlkə nə vaxtsa nəvələrimizdən çəkinəsiniz. O da, biz də bilirdik ki, məsələnin nəvələr hissəsi də bir zarafatdır. Sabah şəhər parlamentinə getdik. Düşündüm ki, nə qaçıb qalmalı yerdir. Niyəsi çox maraqlıdır.
Bu maraqlı tərəfin daha dərin mətləbləri haqda növbəti yazıda...

Vəsilə Vahidqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 459

Oxşar yazılar