Bakının sirli daşları
30 aprel 2010 18:30 (UTC +04:00)

Bakının sirli daşları

Adi insanların oxuya bilmədiyi bu daşlar qədim mədəniyyətimizi bu günə daşıyan vasitə olaraq əsas vasitədir


“İstiqlaliyyət” küçəsinin qurtaracağındakı daş yollarla üzüaşağı düşəndə gözüm İçəri Şəhərin Qala divarlarının əhatəsində boylanan “Qız qalası”na sataşdı. Palçıq daşlarla bir-birinə bağlanmış qədim və nəhəng abidə buradan daha məğrur görünür. Əsrlər boyu əldən-ələ keçmiş, amma bu qədimliyi özü ilə indiki dövrə daşıyan paytaxt Bakımızın simvolu olan “Qız qalası”.


Qədim şəhərin daşları “müasirləşib”

Sirli daşlarla zəngin İçəri Şəhərə səyahətimizi təsadüfən “Filarmoniya parkı” tərəfdəki giriş qapısından başladıq. Amma nədənsə, bu dəfə XII əsrə aid Qala divarlarında yamaq kimi görünən müasir mişar daşları daha çox diqqəti çəkirdi. Bir qədər sonra eyni mənzərə ilə başqa binalarda da rastlaşırıq. Yerli sakinlərlə söhbətdən məlum olur ki, qədim tarixə malik abidədə köhnə daşları iki il əvvəl aparılan bərpa işləri zamanı “müasirləşib”.


Bu məsələ ilə bağlı “İçərişəhər” Tarixi Memarlıq Qoruğu İdarəsinin ekspertlərinin rəyini öyrəndik. İdarədən bildirirlər ki, bərpa işlərinə başlamazdan əvvəl Almaniyanın “Remmers” şirkətinin əməkdaşları “Qız qalası”nda tədqiqatlar aparıblar. Əvvəlcə qalanın tikildiyi daşlar öyrənilib, onların kimyəvi tərkibi və rütubətə davamlılığı araşdırılıb. Alman mütəxəssislərinin ilkin qənaəti belə olub ki, abidənin dənizə yaxın olması səbəbindən daşların əksəriyyəti yararsız haldadır. “Remmers” şirkətinin mütəxəssislərinin fikrincə, duzlu dəniz suyu və güclü külək daşları sıradan çıxarıb. Elə bu səbəbdən də əcnəbi mütəxəssislər təcili bərpa işlərinə başlamağı məsləhət görüblər.


“İçərişəhər” Tarixi Memarlıq Qoruğu İdarəsi isə “Remmers” şirkətinin əməkdaşlarının tövsiyələrinə dərhal əməl ediblər. Tədqiqatlar başa çatan kimi “Qız qalası” və Qala divarlarının bəzi hissələrində eroziyaya uğramış daşları sökülüb daha möhkəm daşlarla əvəz edilib. Amma bir məsələ var ki, bərpa işlərini yerinə yetirən inşaatçılar bu tikilinin XII əsrə aid olmasını “unudublar”. Daha doğrusu, iş icraçıları bərpa zamanı köhnə daşların yerinə “kubik”lərin qoyulmasının fərqinə varmayıb.


Adi və qeyri-adi İçəri Şəhər


Bakının sirli daşlarının sorağı ilə gəlib çıxırıq, Şirvanşahlar Sarayına. Burada hər şey sirli və qeyri-adidir. Qədim məbədlər, divanxana, türbə, məscidlər, səliqə-sahman adamı valeh edir. Həyətdə turistlər əlindən tərpənmək olur. Böyük əksəriyyəti də əcnəbi. İndi “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarixi Memarlıq Qoruq Muzeyinin yerləşdiyi binanın arxasındakı pilləkənlərdən o yana yazılı sal daşların sərgisi başlayır. Sirli və möcüzəli, Azərbaycan tarixini, mədəniyyətini, həyat tərzini özündə yaşadan daşlar.

Muzeyin elmi işlər üzrə direktor müavini Sevil Məmmədovanın müşayiəti və köməkliyi ilə bu daşların tarixi, onların haradan gətirildiyini öyrənməyə çalışırıq. Sevil xanım deyir ki, yazı və təsvirlərin əks olunduğu bu kitabələr Bakı buxtasından, suyun altından çıxarılıb. Daha doğrusu, daş kitabələr haqqında əfsanələr dolaşan “Səbayel qəsri”nin yerindən tapılaraq buraya gətirilib.


Direktor müavini arxeoloji tədqiqatlara əsaslanaraq deyir ki, “Səbayel qəsri” həqiqətən də mövcud olub. Onun sözlərinə görə, Bakı buxtasında, sahildən təxminən 300 metr aralı kiçik bir ada varmış. Orta əsrlərdə bu ada üzərində kifayət qədər böyük tikili inşa edilib. Lakin 1306-cı ildə Xəzər dənizində baş vermiş güclü zəlzələ nəticəsində suyun səviyyəsi qəflətən qalxıb. Bu səbəbdən də ada və onun üzərindəki tikililər, o cümlədən “Səbayel qəsri” suyun altında qalıb.


Sevil Məmmədovanın dediyinə görə, XVIII əsrin birinci rübündən etibarən dənizdə suyun səviyyəsi tədricən aşağı düşüb və bu proses XX yüzilliyin əvvəllərinə qədər davam edib: “XX əsrin 30-cu illərində yerli camaat sakit havalarda suyun altında üzəri yazılı daş kitabələr görürdü. Bu dövrdə Elmlər Akademiyasının Tarix İnstitutu 1939-cu ildən 1969-cu ilə qədər müəyyən vasitələrlə suyun altında arxeoloji tədqiqatlar aparıb. Həmin tədqiqatlar zamanı məlum olub ki, “Səbayel qəsri” uzun əsrlər suyun altında qaldığından dağılıb, onun təkcə özülləri və epiqrafik abidələri, yəni yazılı daş kitabələri qalıb”.


Oxunmayan daş yazılar


Hazırda “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət tarixi - memarlıq qoruq - muzeyinin orta həyətində 699 ədəd epiqrafik abidə - yazılı daşlar var. Bu daşların hamısı ötən yüzilliyin 30-cu illərindən sonra aparılan tədqiqatlar zamanı tapılıb. Bu daşların hündürlüyü 70, eni 25-50, qalınlığı isə 12-15 santimetrdir.


1969-cu ildə adada aparılmış sonuncu arxeoloji axtarış zamanı 58 epiqrafik yazılı daş əldə olunub. Bununla belə, hazırda suyun altında hələ 300-ə qədər də belə daş var. Muzeyin direktor müavini deyir ki, maliyyə çətinliyi ucbatından həmin daşlar suyun altından çıxarılması hələ mümkün olmayıb: “Daşların çıxarılması və tədqiq olunması həlli vacib məsələdir. Yaxşı olardı ki, lazımi maliyyə ayrılsın və Arxeologiya İnstitutu bu işi həyata keçirsin. Belə olsaydı, daşların üzərindəki yazıların oxunması üçün də şərait yaranardı. Çünki pozulmuş daşlar da var. Görkəmli alimimiz məşhədxanım Nemətovanın dediklərinə görə, bu daşların oxunması çətindir. Ona görə ki, bu daşlar sanki cırılmış daşların vərəqləridir. Məşhədxanım Nemətovanın dediyi kimi, kitabların cırılmış vərəqlərini də çıxara bilsək, onun oxunması imkanları genişlənər. O kitabələr çıxarılsa, tariximizlə bağlı bir çox məsələlərə aydınlıq gələr”.


Sudan çıxarılmış 699 ədəd yazılı daş kitabənin oxunmasını çətinləşdirən məsələlərdən biri də daşların hamısının bir yerdə olmaması, onların ardıcıl düzülməməsidir. Sevil Məmmədova deyir ki, üzü dənizin dibinə, yəni quma tərəf düşmüş daşlar yaxşı vəziyyətdə olsa da, yazılı hissə suya tərəf düşdüyündən eroziyaya uğrayıb. Hətta elə daşlar vardır ki, onların oxunması tamamilə qeyri-mümkündür.


Tədqiqatlar zamanı məlum olub ki, daş kitabələr üzərindəki yazılar “bismillah” sözü ilə başlanırmış: “Besmellahe əlrəhman əlrəhim haza fi emarəte mülke əlaəzzəm şiranşah vəlaəldonya vələddin...” Bu sözlər 10 daş kitabə üzərində həkk olunub. Kitabələrdə şirvanşahların genealogiyası da həkk olunub.


Dənizin ortasındakı qala

Yeri gəlmişkən, bu kitabələr ərəb qrafikalı fars əlifbası ilə yazılıb. Sevil xanımın fikrincə, orta əsrlərdə belə bir ənənənə olub ki, bütün müsəlman dövlətlərinin görkəmli mütəfəkkirləri fars dilində poeziyasını yazıb, elmini isə ərəb dilində öyrənib.


Daş kitabələr üzərində müxtəlif ev heyvanlarının təsvirlərinə də rast gəlinir. Sevil xanım hesab edir ki, həmin təsvirlər bu və ya digər şirvanşahın hökmranlıq illərini göstərir. Onun sözlərinə görə, orta əsrlər mərhələsində Yaxın Şərq ölkələrində bu və ya digər ili heyvan adları ilə adlandırırdılar: “Taclı insan başlarının təsvirləri yəqin ki, şirvanşahlar sülaləsinin ayrı-ayrı nümayəndələrinə aiddir. Kitabələrdən “sultan” və “şah” kimi titullar, Şirvanşahlar dövlətinin ayrı-ayrı şəhərlərinin adları oxunub. Məlum olub ki, qəsrin memarının adı Əbdülməciddir. Adı bərpa edilmiş məşhur memar Əbdülməcid, eyni zamanda dairəvi Mərdəkan qalasının da müəllifidir”.


Xatırladaq ki, 15 yarımdairəvi bürclə əhatə olunmuş “Səbayel qəsri” şimali-cənub istiqamətində uzanan qeyri-düzgün formalı düzbucaqlı şəklində olub. Onun uzunluğu 180, eni isə 40 metr təşkil edib. 1946-cı ildə buradakı arxeoloji qazıntılar zamanı 9 yaşayış otağının bünövrəsi aşkar edilib. Sevil xanım deyir ki, tədqiqat zamanı odda yandırılmış qara və qırmızı gil qabların parçaları tapılıb. Həmçinin XII-XIII əsrlər üçün səciyyəvi olan şirlənmiş qabların parçalarına da rast gəlinib.


Qalanın tikilməsi vaxtının I göstəricisi divarın hörgüsündən tapılmış, XIII əsrin I rübündə zərb edilmiş şirvanşah III Fəriburzun pulu olub. Alimlərin tədqiqatlarına əsasən, Şirvanşah III Fəriburz ibn I Quştəsb 1225-1243-cü illərdə hökmranlıq edib və qalanın tikilib başa çatdırılması, yaxud da yenidən bərpa edilməsi vaxtı onun hakimiyyət illərinə düşür. Şərq müəlliflərinin məlumatlarına əsasən, monqollar uzun müddət Bakını ala bilməyiblər. Şəhər mühasirə olunarkən, qəsrin yuxarı hissəsi divar uçuran maşınlarla qismən dağıdılıbmış.


“Şirvanşahlar Sarayı Kompleksi” Dövlət tarixi memarlıq qoruğu muzeyinin həyətindəki sirli daşlar barədə söhbətimizi yekunlaşdırıb Sevil xanımla sağollaşırıq. Direktor müavini tarixi abidələrimizi qorumağın hər birimizin borcu olduğunu dönə-dönə qeyd edir: “Hər bir insanın qəlbində II Məni yaşayır. II Mənimiz bizi düz yola hidayət edir, haqsız əməllərdən çəkindirir və sanki bizə deyir: Müqəddəs mənəviyyatımız olan mədəni irsi hifz edin, sevin və yaşadın. Bir tikintinin kitabəsində deyildiyi kimi: “Bizim gücümüzə və böyüklüyümüzə şübhə edirsənsə, ucaltdığımız tikililərə bax!” Mənə -- Möminə xatın türbəsinə, Mənə -- Çıraq qalaya, Mənə—Əlincə qalasına, Mənə –Gülüstan qalasına, Mənə -- məğlubedilməzlik rəmzi “Qız Qalası”na, Mənə -- Şəki xan sarayına, Mənə -- od məbədi “Atəşgaha”...

P.S. Yazı “Azercell Telekom” MMC-nin “Daş - bizi qədimdən bu günə qədər daşıyan vasitədir” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.


Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 889

Oxşar yazılar