Bahəddin Həziyev: “O, mənim həyatımda ən böyük sarsıntıdır...” - MÜSAHİBƏ
30 aprel 2010 11:30 (UTC +04:00)

Bahəddin Həziyev: “O, mənim həyatımda ən böyük sarsıntıdır...” - MÜSAHİBƏ

Lent.az-ın “Persona” rubrikasının qonağı “Bizim Yol” qəzetinin baş redaktoru, 45 yaşını bu günlərdə tamamlamış Bahəddin Həziyevdir. Bahəddin müəllim bizimlə söhbətdə gecələr gözətçi, fəhlə kimi çalışdığı tələbəlik illərindən, həyatının ən ağır anından, jurnalistika sənəti ilə bağlı düşüncələrindən, arzularından danışdı…

- 45 yaşınız tamam oldu. Bahəddin Həziyev həyatının bu anında nələr barədə düşünür, yada salır?

- İnsan uşaqlıq və gənclik illərindən uzaqlaşdıqca keçmişin şirin xatirələri, bu günün problemlərini həll etmək və gələcək arzular, planlar barədə düşünür. Bu günün qayğıları daha çox yada düşür.

- 4 il əvvəl həyatınızda bir ağır dövr oldu, zorakılıqla üzləşdiniz, ciddi xəsarət aldınız. Bu ağrı-acının izləri nə dərəcədə qalıb?

- Bu, mənim həyatımın ən ağır məqamlarından biridir. Təbii ki, insan həyatında cürbəcür çətinliklərlə qarşılaşır. Mən də bir çox çətinliklərlə qarşılaşmışam. Amma o, mənim həyatımda ən böyük sarsıntıdır. Bunu xatırlamağa ehtiyac yoxdur, həmişə yadımdadır. Ağrı-acılarının keçməsinə gəlincə, həm fiziki, həm mənəvi ağrı-acıları var. Fiziki ağrıları da hələ keçməyib, azalmış ola bilər. Ancaq mənəvi ağrıları keçməyib, heç vaxt da keçməz.

- Həmin anlarda düşündünüzmü ki, gərək heç jurnalistikaya gəlməyəydim...

- Yox. Yaşadığımız illərə görə peşman ola bilmərik, çünki artıq onu yaşamışıq. Peşmançılığın faydası yoxdur, heç nə dəyişməz. Digər tərəfdən, uşaqlıqdan çətinliklərə öyrəşmişəm. Tələbəlik illərimiz, sonrakı illərimiz də çox qaynar, ağır vaxtlara düşüb. Həm müharibə, həm Hərəkat illərinin məhrumiyyətlərini yaşamışıq. Ondan sonrakı dövrlərdə də şəxsən özümə qarşı təqiblər... Bunların nəticəsində bir növ çətinliklər içərisində yaşamağa alışmışıq. Az qala bunu norma hesab edirik ki, elə belə də olmalıdır.
Hər bir insan yolunu özü seçir. Bu seçilən yola görə də heç kimə nə minnət qoymağa, nə peşman olmağa dəyməz.

- Ümumiyyətlə, heç vaxt fikirləşməmisiniz ki, jurnalist yox, məsələn, hüquqşünas, vəkil olsaydım, daha yaxşı olardı?

- Hüquq sahəsinə gedən insanlar içərisində də çətinliklər görənlər çoxdur. Şikayətlənmək olmasın, hamımızın həyatında problemlər var, bunları biz həll etməliyik və Allahın köməkliyi ilə həll edəcəyik. Doğrusu, peşmançılıq hissi keçirmirəm. Fikirləşmirəm ki, prokuror olsaydım, daha yaxşı olardı. Bilirəm ki, o sahələrə getsəydim, işləyə bilməzdim. Çünki mən özümü o sahənin adamı saymırdım, görmürdüm. Özümü jurnalistikada, yazı-pozu sahəsində görmüşəm. Ona görə fikirləşmirəm ki, başqa sahədə işləsəm, yaxşı olardı. Bilmirəm, bəlkə də yaxşı olardı.

- Ailəniz necə, həmin çətin məqamlarda istəyibmi ki, baxışlarınızı dəyişib, jurnalistikadan uzaqlaşasınız?

- Təbii ki, ailəm həmişə narahat olub, mənə çox deyilib ki, bu sahədən uzaqlaş, başqa işlə məşğul ol. Amma həmişə inandırmağa çalışmışam ki, bunlar keçib gedən şeylərdir. Bir məqamı xatırladım. Qarabağda döyüş əməliyyatları gedəndə mən Ağdərəyə, Ağdama ezamiyyətə gedirdim. Ancaq redaksiyadan ezamiyyət vərəqəsi götürürdüm və narahatlıq olmaması üçün evdə göstərirdim ki, guya Zaqatalaya getmişəm.

- Övladlarınıza təlqin etmisiniz ki, jurnalistikaya gəlin, yoxsa fərqli istiqamətə getmələrini istəmisiniz?

- Onlar hələ orta məktəbdə oxuyurlar, son sinifdədirlər. Özləri üçün seçimlərini ediblər. Seçimləri humanitar sahə ilə bağlıdır, amma jurnalistika deyil.

- Bəs siz jurnalistikaya necə və niyə gəlmisiniz?

- Orta məktəb illərində dövrü mətbuatı, jurnalları oxuyurdum. Jurnalistikaya həvəs yaranmışdı. O zaman Füzulidə “Araz” qəzetində məqalələr dərc etdirirdim, hətta şeirlər də yazırdım. Düzdü, o şeirləri dərc etmədilər, görünür ki, zəif şeirlər idi. Yaxşı ki, tez başa düşdüm ki, məndən şair çıxmaz, ona görə şeir yazmağın daşını atdım. Amma məqalələr yazırdım. Sonra respublika səviyyəli mətbuatda, “Azərbaycan gəncləri”ndə yazılarım, müəyyən xəbərlərim çıxırdı. Bakı Dövlət Universitetinə qəbul oldum. Jurnalistika fakültəsinə sənəd verməyə çalışdım, ancaq sənədlərimi götürmədilər. Tofiq Rüstəmov mənə dedi ki, qəbul edə bilmərik, sənədlərinizi başqa fakültəyə verin. O zaman jurnalistika və hüquq fakültəsinə sənəd vermək üçün ən azı 2 il iş stajı, ya da hərbi xidməti başa vurmaq tələb olunurdu. Fikirləşdim ki, sənədləri hara vermək olar, nisbətən təcrübəli abituriyentlərdən biri mənə məsləhət gördü ki, sənədlərimi kitabxanaçılıq fakültəsinə verim, sonra jurnalistika fakültəsinə dəyişərəm. O məqsədlə də kitabxanaçılıq fakültəsinə sənəd verdim və qəbul oldum. Elə oldu ki, birinci kursdan sonra hərbi xidmətə getdim. O vaxt qayda elə idi. Hərbi xidmətdən qayıdandan sonra yazılarım qəzetlərdə dərc olunmağa başladı. Jurnalistika fakültəsinin tələbələri ilə qaynayıb-qarışdıq. Fikirləşdim ki, fakültəni dəyişdirməyə də ehtiyac yoxdur. İş belə alındı. Tələbəlikdə yazılarla çıxış etdim və bu sahəni seçdim. Əslində uşaqlıqdan, orta məktəbdə oxuyandan bu sahəni seçmişdim. Mətbuata belə gəldim.

- Bu sənətə meylinizin yaranmasında, yaxud bu arzunuza təkan verilməsində müəllimlərinizin rolu olubmu?

- Orta məktəbdə oxuduğum illərdə müəllimlərimizdən biri Hüseyn Cavidin tələbəsi olmuşdu, ondan dərs almışdı. O, Hüseyn Cavid haqqında xatirələrini danışırdı. Həmin müəllim məndə yazı-pozuya həvəs yaratmışdı. Sonra da universitetdə oxuyanda müəllimimiz Ağamusa Zeynalov Bakı Dövlət Universitetinin qəzetinin redaktoru idi. Ağamusa müəllim mənə şərait yaratdı ki, universitet qəzetində yazılarım dərc olunsun. Sonra da yavaş-yavaş respublika mətbuatında yazılarım dərc olunmağa başladı. Arif Əliyev rusca “Xazar” jurnalı buraxırdı, tərcümə mərkəzinin də rəhbəri rəhmətlik Aydın Məmmədov idi. 1990-cı ildə “Turan” agentliyi yarananda orada çalışmağa başladım. Ondan sonrakı dövrdə də artıq Nəcəf Nəcəfov “Azadlıq” qəzetini yaratdı. “Molodyoj Azərbaycana” qəzetində baş redaktor işləyəndə Nəcəf Nəcəfovla tanış olmuşdum, o qəzetdə də məqalələrim çıxırdı. Nəcəf Nəcəfovun nümunəsi məni bir az da həvəsləndirmişdi. Ümumilikdə, mənim jurnalistikada müəllim hesab etdiyim şəxs Nəcəf Nəcəfovdur. 1991-ci ildən “Azadlıq” qəzetində fəaliyyətimi davam etdirdim, jurnalist kimi orada formalaşdım.

- Ailənizdə jurnalistikaya maraq nə dərəcədə idi? Sizin bu sahəyə gəlməyinizi istəyirdilər?

- Atam Füzuli rayonunda Suvarma Sistemləri İdarəsində fəhlə işləyirdi. Anam da fəhlə idi. Ailədə 7 uşaq idik. Mən ailədə üçüncü idim. Bizim ailə bir sıra qəzetləri, son dövrlər “Literaturnaya qazeta”nı da alırdı. Orta məktəbdə tatar müəlliməmiz vardı, bizim kəndə təzə gəlin gəlmişdi, ondan rus dilini öyrənmişdim. Artıq orta məktəbin son siniflərində rusca qəzetləri oxuyurdum. Fəhlə ailəsi olsaq da, qəzet, kitab mütaliə edirdik. Evimizdə çoxlu kitab vardı. Valideynlərimiz savadsız olsa da, kitaba, qəzetə maraq vardı.

- Yəni valideynləriniz bu sənətə gəlməyinizi istəyir, dəstək verirdilər?

- Mən 10-cu sinfidə oxuyanda atamı itirmişəm. Jurnalist olub-olmayacağım bilinməsə də, şeir, məqalə yazmağıma ailəmizdən müəyyən dəstək vardı.

- Tələbəlik illərində təqaüd alırdınız?

- Bəli.

- O təqaüdlə dolanmaq mümkün idi?

- Yox, təqaüdlə dolanmaq mümkün deyildi. Mən gecələr işləyirdim. Mağazalarda Qənimət Zahidovla gözətçi işləmişik. Bir gün Qənimət, bir gün mən gözətçilik etmişik. Tələbəlik illərində gecələr indi tanınmış vəkil olan Osman Kazımovla nəşriyyatda mətbəədə fəhlə işləmişik, qəzet yükləmişik. Oxuduğum illər ərzində işləmişəm, fiziki əməklə məşğul olmuşam. Hətta bəzən elə hal olub ki, rayonda ailəmizə kömək etmişəm, aldığım maaşdan evə göndərmişəm. Çünki bilirdim ki, ailəmizdə çətinliklər var, oradan mənə dəstək ola bilməz. Ona görə də məcbur idim ki, işləyəm, özümü dolandıram.

- Kirayədən nə vaxt canınızı qurtardınız?

- 1993-cü ildə. Kirayə qalmağın özü də böyük dərddir. Mən Bakının çox yerində kirayə qalmışam. O vaxt gənc mütəxəssis kimi ev növbəsinə durmuşduq. Elə bir sistem vardı, sonralar sovet dövlətinin dağılması ilə o sistem də dağıldı. Növbədə olduğuma görə mənə sığınacaq kimi bir otaq vermişdilər. Ev alsam, onu qaytarmalı idim. Onun hesabına mən kirayədən qurtarmışdım.

- Sonra o bir otağı böyüdə, sayını artıra bildiniz?

- Yox. Çox namünasib bir otaq idi. Şimala baxırdı, beşinci mərtəbədə idi. Şəraiti də yox idi. Sonra mən o otağı özəlləşdirdim, satdım. Açığı, o pulun müəyyən hissəsini müalicəmə, o cümlədən ailəmin ehtiyaclarına sərf etdim. Hazırda da ev ala bilməmişəm, evim yoxdur. Qohum var, hələlik onun evində qalıram.

- Yəni yenə kirayə kimi bir həyatdır...

- Kirayə deyil, amma qohum evidir.

- Bu qarışıq dövrlərdə ailə həyatını necə qurdunuz?

- 1991-ci ildə ailə həyatı qurdum.

- Jurnalistika bir vasitə oldu, yoxsa...

- Yox. Kəndimizdən evlənmişəm.

- O halda yəqin ki, ananızın məsləhəti olub.

- Biz bir-birimizi tanıyırdıq. Amma təbi ki, anamın da məsləhəti oldu.

- Bahəddin Həziyev “Bizim Yol”la jurnalistikada hansı məsafəni qət edəcəyinə, bu yolun hansı mərhələsinə qədər gedə biləcəyinə inanır?

- Mən jurnalistikaya bir missiya kimi baxıram. Bu, mənim işimdir. Mən bu işdən ləzzət alır, bu işlə yaşayıram. Təbii ki, mən bu qəzeti imkanım çatan qədər böyütməliyəm. Nə qədər mümkündürsə, o qədər edirəm. Cəmiyyət nə qədər varsa, media var. İstərdim ki, bundan daha yaxşı şərtlər yaranaydı, jurnalistika ilə daha yaxşı şərtlərlə məşğul olaydıq. “Bizim Yol” qəzeti yaşayır və çalışırıq ki, sözümüzü deyək.

- Bəs ən böyük arzunuz nədir?

- Ən böyük arzum odur ki, ailəmin problemlərini həll edim, işimizi inkişaf etdirək və övladlarımız təhsil görsünlər, cəmiyyətdə yerlərini tutsunlar. Təbii ki, bu, şəxsi arzulardır. Ümumi ictimai arzularımız da var. Arzumuz odur ki, ölkəmiz azad, daha firavan bir ölkə olsun. Biz təkcə özümüz üçün yaşamırıq, ətrafımızda insanlar var. İnsanların özlərini rahat, azad etməsi çox böyük arzudur. Bu da arzularımız. Bəlkə də bu, arzularımızın hamısı deyil...

Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1645

Oxşar yazılar