“Atın belində onu qucaqladım, şeytan məni yoldan çıxardı” – MƏHBUS DRAMI
01 aprel 2010 18:45 (UTC +04:00)

“Atın belində onu qucaqladım, şeytan məni yoldan çıxardı” – MƏHBUS DRAMI

Lent.az-ın əməkdaşı Tərbiyə Müəssisəsindən yazır

...Bura əhali arasında “uşaq türməsi”, daha çox da “detski kolon” kimi tanınır. Rəsmi olaraq adı Penitensiar Xidmətin Tərbiyə Müəssisəsidir. Bəli, Tərbiyə Müəssisəsi. Çünki sakinləri uşaqlardır. Uşaqlara isə cəza verilmir; onlar tərbiyə edilir...

Qısaca olaraq bildirək ki, Azərbaycanda məhkəmələr yeniyetmələrlə bağlı alternativ cəza növlərindən istifadə edir. Həmçinin yeniyetmələr vaxtından əvvəl şərti olaraq azadlığa buraxılır. Yəni, məhkum yeniyetmə özünü yaxşı aparırsa, islah olunubsa, vaxtından əvvəl azad edilir. Qanunvericiliklə nəzərdə tutulub ki, 18 yaşına çatmış şəxslər tərbiyə müəssisəsindən cəzaçəkmə müəssisəsinə göndərilir. İslah olunan, özünü nizam-intizamlı aparan yeniyetmə 20 yaşına qədər tərbiyə müəssisəsində saxlanıla bilər. İslah olunmayanlar, həmçinin cəza müddəti böyük olan məhkumlar isə 18 yaşı tamam olan kimi böyklər üçün nəzərdə tutulan cəzaçəkmə müəssisəsilərindən birinə göndərilir.

Tərbiyə Müəssisəsi Xətai rayonu ərazisində yerləşir. Bu müəssisə yetkinlik yaşına çatmayan, daha dəqiqi, 14-18 yaş arasında olan, cinayət törətmiş məhkumlar üçün nəzərdə tutulub. Buradakı vəziyyət – həm yazılmış, həm də yazılmamış qanunlarıyla böyüklər üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisələrindən fərqlənir.

Düzdür, burada da yüngül dava-dalaş ola bilər. Ancaq tərbiyəçilər məsələni böyüməsinə imkan vermirlər.

Hazırda burada 40 tərbiyə olunan var. Onların yalnız 30%-nin hər iki valideyni var. 70%-nin isə ya atası, ya anası yoxdur.

Burada cəza çəkənlər arasında oğurluğa, soyğunçuluğa, adam öldürməyə, bədənə xəsarət yetirməyə, zorlamaya, seksual hərəkətlər etməyə görə tutulan uşaqlar daha çoxluq təşkil edir.

Bu gün həmin uşaqlardan biri – K.M. barəsində yazacağıq. K.M.-nın 16 yaşı tamam olub, 17-yə keçib. O, Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsilə (seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsilə 2009-cu il mayın 14-də həbs olunub. 8 il həbs cəzası alıb.

Bəribaşdan deyim ki, Tərbiyə Müəssisəsində məhkumlarla söhbət edərkən onların əksəriyyəti səmimi danışaraq, törətdiyi hadisəni bütün detallarıyla bir-bir nəql elədi. Yalnız bəziləri “mənə şər atıblar” deyirdi.

Səmimi danışanlardan biri də elə K.M. idi. Baxmayaraq ki, tutduğu iş ən pislərindəndir: o, qonşusunun 10 yaşlı övladını zorlayıb. Özü də oğlan uşağını. Ancaq vallah, K.M. hadisəni elə danışırdı ki, elə bil xırda bir oğurluq edib.

Onlar dağ rayonlarından birindəndirlər. Hadisə də elə həmin rayonun kəndində baş verib. Atası daş karxanasında işləyir, anası isə evdar qadındır. Dərsə getməkdən çoxdan imtina edən K. əsasən mal-qaraya baxmaqla məşğul imiş. Onların bir atı da olub. At yaz, yay və payız aylarında adətən otlamaq üçün çölə buraxılırmış. K. gedib onu tez-tez yoxlayardı. Günlərin birində yenə də ata baş çəkməyə gedəndə qarşısına qonşunun 10 yaşlı oğlu çıxır. K.-dan hara getdiyini soruşanda cavab verir ki, ata baxmağa gedirəm Uşaq deyir olar mən də gəlim? K. deyir niyə olmur, gəl.

Hər halda K. belə danışır. Özü də deyir ki, qonşunun oğlunu ata baxmağa aparanda hansısa plan-filan qurmamışdım (bəlkə də əvvəlcədən düşünübmüş, Allah bilir). Nə isə. Gəlirlər ata baxmağa. Ata baxırlar. Bu yerdə özü demişkən, “şeytan onu yoldan çıxarır”. Yəni, qonşunun oğluna sözün əsl mənasında tamah salır. Uşağın ata marağını görüb, deyir, istəyirsən səni ata mindirim? Oğlan sevincək “hə” deyir, az qalır qanad açıb uçsun. Yəhərsiz-yüyənsiz ata minmək çətin olduğundan heyvanı gətirirlər bir kiçik təpənin yanına. K. əvvəlcə uşağın ayağından tutub ata minməkdə kömək edir, sonra da özü minir: uşağın arxasında oturub onun belindən tutur. Bir az gəzirlər. K. uşağı arxadan qucaqlamağa başlayır. Boynuna alır ki, artıq həmin anda onunla nə edəcəyimi dəqiqləşdirmişdim. Elə atla gəlirlər bir dərənin yanına. Burada K. uşağa öz təkliflərini verir, onu aldadıb razı salır (bunlar çox iyrənc söhbətlər olduğundan detalları yazmıram). Beləliklə də 16 yaşlı K. ömründə ilk dəfə cinsi əlaqədə olur. Ancaq bu, anormal və axmaq əlaqə olur.

Sonra da birlikdə evə gəlmək üçün yola düzəlirlər. Yolda mübahisələri düşür. Əvvəlcədən razılaşdıqlarına baxmayaraq, uşaq deyir ki, olanları evdə deyəcəm, sonra da K. ilə yolunu dəyişərək evə başqa yolla qayıdır. K. isə uşağın “evdə deycəm” sözlərinə o qədər də əhəmiyyət vermir. Evə gəlib yatır. Bir də, axşamüstü səs-küyə oyanır. Sən demə, uşağın atası onlara dava eləməyə gəlibmiş. K. məsələni öyrənən kimi sivişib evdən çıxır. Uşağın atası onu tapmadığından döymək arzusu ürəyində qalır. Ancaq gecəyarı evə qayıdan K.-nı atası şilləylə vurur.

Səhəri gün isə uşağın valideynlərinin şikayət ərizəsi əsasında sahə müvəkkili gəlib K.-nı rayon polis şöbəsinə aparır: istintaq, məhkəmə və... 8 illik həbs cəzası. İndi o vaxtdan 10 ay keçib, hələ həbsinin bir ili tamam olmayıb.

Arabir K.-nın valideynləri Tərbiyə Müəssisəsinə öz övladlarına baş çəkməyə gəlir. K. deyir imkanları yoxdu, yoxsa tez-tez gələrlər. Ən çox dediyi söz isə “məni şeytan yoldan çıxartdı, çox peşmanam”dır.

K.-dan sonra elə onun yaşda bir oğlanla söhbətləşdim. Əvvəlki həmsöhbətimdən fərqli olaraq o, heç nədən peşman olmadığını deyirdi: “Axı heç nə eləməmişəm ki, peşman da olum...”

Onun səmimi danışmadığı açıq-aşkar hiss olunurdu. Ona görə də söhbəti yarımçıq kəsdim, dedim daha danışmaq istəmirəm. Ancaq az sonra Tərbiyə Müəssisəsindəki işçilərdən birindən həmin oğlanın nə üçün belə etdiyini, yəni danışmaq istəməməsinin səbəbini öyrəndim. Sən demə, o öz bacısını zorlayıbmış. Bacısı ondan hətta hamilə qalıb, uşaq da dünyaya gətiribmiş. Belə...

Pərvin ABBASOV

P.S. Növbəti yazıda həbsxanada yatan üç oğru qardaşın dramını oxuyun.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 569

Oxşar yazılar