Günəş tutulmaları zəlzələ yaradır?
27 yanvar 2010 21:45 (UTC +04:00)

Günəş tutulmaları zəlzələ yaradır?

Qurban Yetirmişli: “Təbiətdəki günəş tutulmalarının zəlzələ ilə birbaşa bağlılığı yoxdur”

Elçin Babayev: “Bu məsələni real hesab etmək üçün çox ciddi araşdırmalar aparılmalıdır”

Yanvarın 13-də Haitidə 150 min nəfərin ölümü ilə nəticələnən zəlzələ 2010-cu ilin ilk ən böyük təbiət hadisəsi kimi tarixçə yazıldı. Bundan iki gün sonra, yanvarın 15-də 2010-cu ilin ilk günəş tutulması qeydə alınıb. Bu cür kosmik və tektonik hadisələrin insanlar üçün ziyanlı olması bir yana, bəziləri günəş tutulmaları ilə zəlzələlərin bir-biri ilə əlaqədə olduğunu iddia edirlər. Hətta Haitidən sonra Çində, Əfqanıstanda, Hindistanda, İndoneziyada, Gürcüstanda baş verən yeraltı təkanları da günəş tutulmasının təzahürü kimi dəyərləndirənlər var.

Lent.az bu söz-söhbətin həqiqətə uyğun olub-olmadığını dəqiqləşdirmək üçün ekspertlərin rəyini öyrənib. MEA Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Haitidən sonra başqa ölkələrdə də bir-birinin ardınca zəif zəlzələlərin baş verməsinin günəş tutulması ilə heç bir əlaqəsi olmadığını deyir. Onun sözlərinə görə, zəlzələlər yerdaxili tektonik proseslərdən yaranır: “Yeraltı təkanlar blokların, plitələrin hərəkəti, onların bir-biri ilə toqquşması və sıxılması nəticəsində törənir. Bu zəlzələlər bir neçə yerə bölünür. Məsələn, Azərbaycanda baş verən zəlzələlərin hamısı tektonik hadisələrlə bağlıdır. Doğrudur, günəş tutulmalarının zəlzələlərlə əlaqəsi var, ancaq bu təsir çox cüzidir”.

Baş seysmoloq deyir ki, dünyada günəş tutulması ildə bir-iki dəfə olur. Zəlzələlər isə daim, bəzən hər gün baş verir, ilboyu yeraltı təkanlar qeydə alınır. Onun sözlərinə görə, ötən il ərzində təkcə Azərbaycanda 910 yeraltı təkan qeydə alınıb: «Doğrudur, bunların əksəriyyəti zəif təkanlardır. Amma bunların təxminən 20-yə qədəri hiss olunacaq gücdə olub. Yəni 3-3.5, 2-2.5 bal gücündə. İndi Azərbaycanda həssas cihazlar var və bütün yeraltı təkanlar orada qeydə alınır”.

Bununla belə, Qurban Yetirmişli deyir ki, kainatdakı bütün cisimlərin bir-biri ilə əlaqəsi var. Belə ki, təbiətdə baş verən təbii proseslər elektromaqnit dalğaları vasitəsilə bir-birinə təsir edir: “Amma təbiətdəki günəş tutulmalarının zəlzələ ilə birbaşa bağlılığı yoxdur. Günəşin, yaxud da ayın tutulmasının zəlzələ yaratdığını söyləmək düzgün deyil. Əsas məsələ yerin özünün daxilindəki seysmik qurşaqların, plitələrin hərəkəti və digər proseslərdir. Belə proseslər zamanı gərilmə məqamında güclü enerji yaranır və dalğanın təsiri yer üzərində intensivləşir və dağıntılar törənir”.

Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev də zəlzələlərin günəş tutulmaları ilə birbaşa əlaqəsini olmadığı qənaətindədir. Onun sözlərinə görə, günəş tutulmalarının zəlzələlərə təsiri barədə versiyaları ayın özünün fazası ilə bağlamaq daha inandırıcı görünə bilər. Çünki təzə ayın yerə istiqamətlənmiş cazibə qüvvəsi daha çox rol oynayır.

Bununla belə, Elçin Babayev hesab edir ki, zəlzələlərin günəş tutulmaları ilə əlaqəli olub-olmaması məsələsi hələ açıq qalır. Onun fikrincə, bu barədə müəyyən ehtimallar olsa da, bunun elmi əsası yoxdur: «Bu məsələni real hesab etmək üçün çox ciddi araşdırmalar aparılmalıdır. Çünki bu, çoxfaktorlu anlayışdır və hər bir faktorun özünün geniş tədqiqinə ehtiyac var”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 660

Oxşar yazılar