Dövlət və hökumət rəsmiləri Budaq Budaqovun vəfatı ilə əlaqədar başsağlığı veriblər
01 noyabr 2012 19:29 (UTC +04:00)

Dövlət və hökumət rəsmiləri Budaq Budaqovun vəfatı ilə əlaqədar başsağlığı veriblər

Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, başsağlığında deyilir: “Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, coğrafiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru, professor Budaq Əbdüləli oğlu Budaqov 2012-ci il noyabrın 1-də ömrünün 85-ci ilində vəfat edib.

Budaq Budaqov 1928-ci il fevral ayının 23-də Ermənistan SSR-in Zəngibasar rayonunun Çobankərə kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1945-1947-ci illərdə Yerevanda Azərbaycan pedaqoji məktəbində təhsilini davam etdirib, 1947-1951-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsində ali təhsil alıb. O, 1951-1955-ci illərdə Moskvada SSRİ Elmlər Akademiyasının Coğrafiya İnstitutunun aspiranturasında oxuyub.

Əmək fəaliyyətinə 1955-ci ildən etibarən Azərbaycan Respublikası Elmlər Akademiyasının Coğrafiya İnstitutunda kiçik elmi işçi kimi başlayan Budaq Budaqov burada 1958-1967-ci illərdə böyük elmi işçi, 1967-1986-cı illərdə şöbə müdiri işləyib, 1974-1983-cü və 1986-1989-cu illərdə isə institutun elmi işlər üzrə direktor müavini olub. O, 1994-cü ildən ömrünün sonuna qədər Azərbaycan Milli Elmlər Akademiyasının Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru vəzifəsində çalışıb.

Budaq Budaqov 1955-ci ildə namizədlik, 1967-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1969-cu ildə professor elmi adını alıb. O, 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilib. Budaq Budaqov respublikamızda coğrafiya elminin inkişafına qiymətli töhfələr verib.

Onun tədqiqatlarının başlıca istiqamətlərini geomorfologiya, landşaftşünaslıq, paleocoğrafiya və toponimika məsələləri təşkil edib. Budaq Budaqovun əsas elmi nailiyyətləri Böyük Qafqazın Azərbaycan hissəsinin geomorfologiyasının, yeni tektonik hərəkətlərin və qədim buzlaşmanın aşkara çıxarılması ilə sıx bağlıdır. Alimin rəhbərliyi və yaxından iştirakı ilə respublikada səhralaşma proseslərinin elmi əsasları araşdırılmış, landşaftın geokimyasına dair problemlər tədqiq olunub. Ölkəmizin ərazisinin irimiqyaslı landşaft xəritələrinin və atlasların tərtibində onun mühüm xidmətləri var.

Budaq Budaqovun araşdırmalarının nəticələri ölkədə və onun hüdudlarından kənarda nəşr edilmiş 600-ə yaxın elmi əsərdə, o cümlədən 25 monoqrafiyada əksini tapıb.

Alimin yaradıcılığında, həmçinin elmi-kütləvi və publisistik məqalələr də geniş yer tutur. O, mətbuatdakı müntəzəm çıxışları ilə ictimaiyyətin diqqətini ekologiya və ətraf mühitin qorunması problemlərinə yönəldib, ölkənin yurdumuzun zəngin sərvətlərindən səmərəli istifadə olunmasını təbliğ edib.

Budaq Budaqov elmi yaradıcılığı pedaqoji sahədəki fəaliyyəti ilə uğurlu şəkildə əlaqələndirib. O, respublikada coğrafiyaşünaslar məktəbinin formalaşdırılması üçün bilik və bacarığını əsirgəməyib, coğrafiya dərsliklərinin hazırlanması və yüksək ixtisaslı kadrların yetişdirilməsi işinə böyük qüvvə sərf edib.

Beynəlxalq konfrans və simpoziumlardakı çıxışları ilə Azərbaycan elmini yüksək səviyyədə təmsil edən Budaq Budaqov, həmçinin bacarıqlı elm təşkilatçısı kimi yaxşı tanınırdı. Respublikanın elmi-mədəni həyatının fəal iştirakçısı olan alim Azərbaycan Ağsaqqallar Şurasının sədri kimi də geniş ictimaiyyət arasında yüksək nüfuza malik idi.

Coğrafiyaşünas alim Budaq Budaqovun altmış ilə yaxın bir dövrü əhatə edən elmi fəaliyyəti layiqincə qiymətləndirilib. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə müxtəlif mükafatlara, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali təltifi “Şöhrət” ordeninə layiq görülüb.

Tanınmış alim, bacarıqlı elm təşkilatçısı, təcrübəli pedaqoq və səmimi insan Budaq Budaqovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin!

İlham Əliyev
Artur Rasi-zadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Misir Mərdanov
Mahmud Kərimov
Akif Əlizadə
Xoşbəxt Yusifzadə
Arif İsmayılzadə

Mərhumun cənazəsi vidalaşmaq üçün 2012-ci il noyabrın 2-də saat 14.00-dan 16.00-dək Azərbaycan Milli Elmlər Akademiyasının dairəvi zalında (Hüseyn Cavid prospekti, 31) qoyulacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2324

Oxşar yazılar