Hadi Rəcəbli Lent.az-a yazır: Mərhəmət və xeyirxahlığın sirri
01 noyabr 2012 17:24 (UTC +04:00)

Hadi Rəcəbli Lent.az-a yazır: Mərhəmət və xeyirxahlığın sirri

Bu gün cəmiyyətdə hiss olunan qədər defisitləşən, azalan ən yüksək mənəvi və əxlaqı keyfiyyət olan mərhəmət və xeyirxahlıqdır. İnkişaf ona gətirib çıxarıb ki, maddi imkanların çoxalmasına rəğmən insani dəyərlərin azaldığını, cinayət, zorakılıq, təcavüz və oğurluq kimi halların mövcudluğunu, insanlarda mərhəmət hissinin zaman-zaman azaldığını müşahidə edirik. Bizim qohumlarla, qonşularla, həmkəndlilərlə, sinif yoldaşlarımızla, qardaş-bacı ailə münasibətlərimiz necə idi?! İndi hətta qardaş-bacı münasibətlərində belə istilik azalıb, xala, əmi, bibi, dayı uşaqları bir-birinə yadlaşırlar. Nə üçün? Bəzən ənənələr ötürülmür, ailələr balacalaşıb, iki uşaq var, gənc ailələr valideynlərdən ayrı yaşayırlar, hətta onunda təsiri var ki, uşaqlar ana südü ilə qidalanmırlar. Uşaqların ana südü ilə qidalanmaması da insanların mərhəmət keyfiyyətlərini korlayır, bu məsələlərə təsir edir.

Bəs mərhəmət və xeyirxahlıq nədir?

İki məfhumun iki izahı

Mərhəmət hər kəsin yaxşılığını istəyib, ona yardım etmək arzusunu özündə ehtiva etməkdir. Başqasının gücsüzlüyünü, dərdini duymaq, onun halına yanmaq və şəfqət göstərməkdir. Bir sözlə, insanın imdadına çatmağa can atmaqdır. Tutaq ki, mərhəmətsiz insan başqalarına qarşı sərt, amansız olur, əlacsız vəziyyətdə olan adamları ələ salır, soyuqluq göstərir, digərlərinin iztirabından zövq alır. Mərhəmətli insan isə yad adamlara belə yardım etməyə çalışır, onun daha yaxşı, özü kimi şəraitdə yaşamasını istəyir, qəddarlığa, zorakılığa qarşı çıxır. Mərhəmət duyğusu olan insan günahkarlara, pislik edənlərə qayğı ilə yanaşır, kini rədd edir. Mərhəmət ədalətin qaynağıdır, bizi yaxşılıq etməyə, başqalarının vəziyyəti ilə maraqlanmağa və yardım etməyə, xeyirxahlığa yönləndirən bir duyğudur.

Daxilində mərhəmət hissi olan və müəyyən imkana malik insan xeyirxahlıq edir. Hələ məşhur ispan dramaturqu Servantes deyirdi ki, xeyirxahlıq artığı, çoxluğu ziyan verməyən bir əməldir. İnsan elədiyi yaxşılığı ögey-doğmalıq qoymadan, təmənna-minnət gözləmədən, edirsə, bu, xeyirxahlıqdır. Azərbaycanda Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Musa Nağıyev kimi xeyriyyə işləri ilə məşğul olan insanlar olub. Onlar neft quyularından, qızıl-mis mədənlərindən, balıq vətəgələrindən, əkin sahələrindən qazandıqları pulları Hacı Zeynalabdin Tağıyevin dili ilə desək “xalqın sərvəti” adlandırır və həmin sadə, kasıb xalqın övladlarının hər cür şəraiti olan binalarda firavan yaşaması, maariflənməsi, dünyanın tanınmış ali məktəblərində təhsil alıb, həyatda özlərinə layiqli yaşamaq yolu seçməsi üçün xərcləyirdilər. Bu əməllərlə məşğul olan həmin saf insanlar öz mənafelərini düşünmür, əksinə bundan daxilən rahatlanır, mənəvi zövq alırdılar.

Dinlərdə əksini tapan ehkam

Biz nə üçün mərhəmət və xeyirxahlıq hisslərini dində axtarırıq? Din bizim ululardan, qədimdən gələn və hətta bir az da cəmiyyətə transformasiya edən bir konsepsiyadır. Məsələn, deyirlər ki, “Quran” ayəsi kimi toxunulmazdır. Mərhəmət və xeyirxahlıq “Quran”-dan, dindən, islamdan gəlir. İnsanların sosial müdafiəsi, mərhəmət və xeyirxahlıq baxımından islam modelində daha önəmli qoyulub. Sosial ədalətin baş prinsipi nədir? Cəmiyyətdə gəlirlərin ədalətli bölüşdürülməsi! Dində sosial müdafiənin hansı elementləri var? Xüms, zəkat, fitrə, ehsan, sədəqə, yardım, kömək etmək islamda qəti qoyulub. Atalarımız əl tutmaq Əlidən qalıb, deyiblər bunların kökündə mərhəmət durur. Məsələn, xüms gəlirlərin qırxda birinin adamlara bölünməsidir. 1000 manat qazanırsansa, 25 manatını bölməlisən, paylamalısan. Görürsünüz ki, nə qədər real və mümkün olan bir şeydir. İslamda və digər dinlərdə də mərhəmət və xeyirxahlıq elementləri özünün bariz nümunələrini və əksini tapıb. Orucluq ayında, oruc tutmaqda əsas qayə insanlara mərhəmət hissinin aşılanmasıdır. Çünki oruc tutduğu müddətdə insan aclıq hissi keçirir və bu da ac insanları daha yaxşı duymağa yardımçı olur. İftar süfrələri məhz imkansızlar üçün açılardı.
İslam bütün canlılara mərhəmət göstərilməsini istəyir . Məhəmməd peyğəmbər müsəlmanlara mərhəmətli olmaq və xeyirxahlıq etməyin vacib olduğunu izah edərkən deyib ki, bir insan yolda gedərkən şiddətlə su içməyə ehtiyacı duyur və ətrafına baxarkən bir quyu görür. Quyuya enib doyunca su içib doyduqdan sonra susuzluqdan torpağı yalayan bir it görür. Öz-özünə “mənim susadığım kimi bu it də susamışdır” deyə düşünür. Dərhal quyuya yenidən enir və ayaqqabısını su ilə dolduraraq ağzına alır. Yuxarıya çıxıb suyu itə içirdir. Bu hərəkətindən dolayı Allah o adamın günahlarını bağışlayır. Hər canlı varlığa edilən yaxşılığın mükafatı var...
İudaizm, xristianlıq və buddizmin müqəddəs kitablarında da mərhəmət və xeyirxahlığa xüsusi yer ayrılır. Məsələn, xristianlıqda vurğulanır ki, mərhəmət Allahın insana bəxş etdiyi ən ali hissdir, insanın qarşısında vəzifələr müəyyənləşdirir, onu xeyirxah, ədalətli olmağa sövq edir. “Quran”-da da “Rəhman” , yəni çox mərhəmətli, xeyirxah olmaq Allaha aid edilir.

Günümüzün acı reallıqları

Bu gün hansı reallıqlar var? Təəssüf ki, telekanallardan son illər daha tez-tez oğul atanı, ata oğulu, qardaş qardaşı, ər arvadı, arvad uşağını öldürdüyü haqda məlumatlar səslənir. Bu, mərhəmət defisitindən, bu ali hissin azalmağından qaynaqlanır. Çünki ailənin əsaslanmalı olduğu dəyərlər sevgi ilə bərabər həm də mərhəmətdir və mərhəmət hissinin yoxsulluğu bu kimi hallara yol açır. “Quran”-da da ailə barədə yazılarkən qeyd olunur ki, “Sizin hüzur tapmanız üçün aranızda sevgi və mərhəmət yerləşdirilməsi O-nun ayətlərindəndir”.
Müasir dövrdə insanlar gərgin iş rejimində çalışır, texnogen həyat, urbanizasiya, stressli anlar yaşayır, çalışdığı müəssisədə başqaları ilə nəzakətlə davranan şəxs, ancaq eyni münasibəti hərdən evdəkilərdən əsirgəyir, mərhəmətli olmur. Buna görə də ər-arvad və uşaqlar işdən evə gələnin narazı sifətini görür, səbirsiz davranışlarının şahidi olmaqdadırlar. Halbuki sevgi və mərhəmətlə böyüdülməyən uşaqlardan başqalarına qarşı mərhəməti münasibəti gözləyə bilmərik. Ailə fərdlərinə mərhəmətsiz davrananların başqa insanlara saxta təbəssümlə baxmaları isə ikiüzlülükdən o yana getməyəcək. Sevgi və mərhəmətimizi ilk növbədə ailəmizə bəxş etməliyik. Sevginin mərhəmət kimi təzahürü ailədə xoş əhval-ruhiyyə yaradır. İnsanlar ailədə bir-birini dinləməyə, anlamağa çalışmazsa, ailədə mərhəmət özünə yer tapmaz, mühit yaratmaz. Bu da böyük ailə faciələrinə, cinayətlərə yol açar. Zorakılığı təbliğ edən filmlər, teleseriallar, internet saytlarındakı “qanlı xəbərlər” də uşaqların, gənclərin psixologiyasına mənfi təsir edir. Odur ki, biz hər vasitə ilə övladlarımızı bu narahat təsirlərdən qorumağa çalışmalıyıq.

Örnək nümunə

Ümummilli lider Heydər Əliyev daim mərhəməti və xeyirxahlığı ilə hamımıza örnək olub. Prezident İlham Əliyev də bununla bağlı bariz nümunələr ortaya qoymaqdadır. Təkcə onu demək kifayətdir ki, dövlət başçısının Zaqatalada zəlzələdən, Saatlı, Sabirabad bölgəsində seldən zərər çəkənlərə və onlarla bu qəbildən olanlara yardım ayırması ilə bərabər, həmin insanlarla görüşməsi, bir müddət sonra dağılan binaların yerində müasir evlər tikilmiş həmin şəxslərə baş çəkməsi onun nə dərəcədə mərhəmətli və xeyirxah olduğunu, insanların ağrı-acılarına necə həssas yanaşdığını və onların xoş gününə sevindiyini göstərir.
Bu gün Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva xeyirxahlıq və mərhəmət ünvanıdır. Mehriban xanım talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə sahib durur, əlil uşaqlara qayğı göstərir, məhkumlarla bağlı amnistiya aktlarının qəbul edilməsi ilə əlaqədar təşəbbüslərlə çıxış edir. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu hər il qaçqın və məcburi köçkün uşaqlar üçün yeni il hədiyyələri ayırır, Novruz bayramında xüsusi şənliklər təşkil edir, qocalar evlərində ahıllara baş çəkir, orucluq bayramında iftar süfrələri açılır. Bu xeyirxahlığın sərhədləri indi ölkəmizin hüdudlarından xeyli kənara aşıb. Bu il Qurban bayramında Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Pakistanda imkansızları sevindirib. 26-28 oktyabr tarixlərində Pakistanın Tayfalar ərazisinin Lakki Marvat bölgəsində 250 baş, Pəncab əyalətinin Baraka-ho, Səid -Pur və Hari-Pur kəndlərində isə 100 baş iri və xırda buynuzlu qurbanlıq kəsilərək Mehriban Əliyeva adından bölgələrdə yaşayan 30 min nəfərdən çox imkansıza paylanılıb. Pakistan Müsəlman Həmrəylik Liqasının sədri, siyasətçi Səlim Seyfulla Xan belə bir aksiyanın keçirməsini yüksək qiymətləndirib, bunun əsl mənada dostluq və qardaşlıq münasibətinin göstəricisi olduğunu vurğulayıb. Bu aksiya, çətin maddi durumda olan və daim təhlükə ilə üzləşən bölgə sakinləri üçün təkcə maddi deyil, eyni zamanda, böyük bir mənəvi dəstək mənbəyidir.
Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda tikilən məktəblərin və təmir edilən uşaq evlərinin sayı xüsusilə diqqət çəkir. Son 5 ildə Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda 400-dən çox məktəb və uşaq bağçası tikilib. Bu, respublikamızda mərhəmət və xeyriyyəçilik fəaliyyəti baxımından ən örnək nümunə sırasındadır.

Xaliq bilər...

Xeyirxahlığa bağlı digər sevindirici nümunələr də var. Mən bu gün imkanlı ailələrin xanımlarını tanıyıram ki, uşaq evlərinə gedirlər, cürbəcür yardımlar edirlər. Heyf ki, bu işlərdə sistemsizlik var. Bir uşaq evinə 50 nəfər gedir, digər uşaq evinə heç kim getmir. Bu işlərin, mərhəmətin, xeyirxahlığın da əlaqələndirilməsi lazımdır. Yerli icra hakimiyyətlərində, yaxud başqa bir qurumda bu fəaliyyətin əlaqələndirilmə funksiyası yerinə yetirilməlidir.

Hər il Lənkəranda “Palıdlı” İstirahət Mərkəzində 50-100 qaçqın uşağı, yaxud imkansız ailələrin balaları istirahət edir. Ötən il veteranlar ictimai birliyinin sədri Mehdi-Mehdiyev Qarabağ əlillərinin 30 uşağının pulsuz istirahətin təmin etdi. İndi ölkədəki istirahət mərkəzləri və turist şirkətləri belə addımları tez-tez atırlar. Belə addımları başqaları da atır. Məsələn. Millət vəkilləri Elmira Axundova, Hüseynbala Mirələmov, Çingiz Əsədullayev hər il yayda kasıb ailələrin onlarla uşaqlarının istirahətini təşkil edirlər. Görürsən ki, deputatlarımız kasıb tələbələrə əl tuturlar. Bu, hallar kütləviləşməli və hər yerdə, hər strukturda olmalıdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir Füzuli Ələkbərov da əlillərə sistemli şəkildə, son illər yüksək səviyyədə, sanator-kurort putyovkalarının verilməsi ilə bağlı böyük işlər görür. Hətta əlilləri xaricə də istirahətə aparırlar. Bəzən görürsən ki, xaricə tamamilə təmənnasız, pulsuz gedən əlilə təyyarədə “ekonom-klas”da bilet alınır, ekonom-klasa minən əlil deyir ki, niyə mənə biznes-klass almamısan?! Buna oxşar şeylər olur, adam əsəbiləşir, yanıb tökülür. Mən tövsiyə edirəm ki, adamlar bundan inciməsinlər. Gərək mərhəmət göstərən xeyriyyəçilik edən adam bunları ötüşdürmək bacarığına malik olmalıdır, kobud desək bunları yeməli, üzərindən keçməlidir. Gəlin xeyirxahlığı Allah yolunda edək. Deyirlər ki, “balıq bilməsə də, xaliq bilər”. Sən öz xeyriyyəçiliyini elə! Bunu mütləq biləcəklər və qiymətləndirəcəklər.
Azərbaycanda dövlət səviyyəsində, qanunlarla da, sosial müdafiəyə ehtiyacı olan adamlara qayğı göstərilir. Məsələn, bu gün qaçqın və köçkün ailələrin uşaqları, o cümlədən şəhid ailələrinin ali məktəblərdə pulsuz oxuyurlar. Bu, qanunvericilikdə mərhəmət, xeyriyyəçilik məsələlərinin öz əksini tapmasıdır. 50 iş yerindən biri uşaq evlərindən tərxis olunmuş uşaqlar üçündür. 25 iş yerindən biri əlillər üçün nəzərdə tutulur.

QHT sektorunda xeyriyyəçilik

Bu gün açıq cəmiyyətdən danışarkən QHT sektorundan və bu sektorda xeyriyyəçilik institutunun formalaşmasından da danışmalıyıq. Respublikamızda onlarla veteranlar, fiziki qüsuru olan şəxslərlə bağlı əlillər cəmiyyətləri var. Bu, böyük bir sahədir və böyük bir ordudur. İndi Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası var. Dövlət büdcəsindən Şuraya vəsait ayrılır, o vəsait ailələrə, evlərə həmin QHT-lər vasitəsi ilə paylanılır. Bu institutun inkişafına çalışmalıyıq.
Bir məqamı da qeyd etmək istəyirəm. Mərhəmət daha çox insanın daxili aləmindən gəlir və pulla bağlı deyil, xeyriyyəçilik isə daha çox maliyyə və maddi imkanlarla bağlıdır. Eyni zamanda az pulla da, hər bir vətəndaşın iştirakı ilə də adamlar, 5-10 manat üzvlük haqqını yığaraq QHT-lər, sonra o vəsaitlə hansısa imkansız ailəyə kömək edirlər. Mərhəmət qonşunun qonşuya, sağlamın əlilə dəstəyidir, köməyidir, yıxılanı qaldırmaqdır. QHT-lər xeyriyyəçilik fəaliyyətinin cəmiyyətdə təbliği istiqamətində də ciddi çalışmalıdırlar. Bu, orta təbəqənin, fiziki şəxslərin, iş adamlarının xeyriyyəçiliyə daha ciddi önəm verməsinə də yol açar.
Görürəm ki, bəzi məktəblərdə və digər strukturlarda varlı, imkanlı adamlar gəlib imkanı olmayan uşaqlara yardım edirlər. Bunu elə edirlər ki, heç kim bilməsin. Bilindirmədən qaçqın uşaqlara yardım edirlər. Amma təəssüf ki, bizim elə sahibkarlar var ki, televiziyanı gətirib çəkdirir ki, uşağa pul, paltar verəndə göstərilsin. Belə hallar olmamalıdır.

Himayədar ailə və övladlığa götürmə məsələləri

Xeyriyyəçilik və mərhəmətdən danışarkən himayədar ailə və övladlığa götürməyi xüsusi vurğulamaq lazımdır. Himayədar ailədə xeyriyyəçilik elementləri, övladlığa götürmədə mərhəmət elementləri var. Bizdə bir də görürsən, bu məsələlərdə də yanlışlığa, hətta eybəcərliklərə yer verirlər. Məsələn, övladlığa götürəndə deyirlər ki, mənə 2 yaşında uşaq gətirin, anlamasın, gözü, qaşı, burnu mənə oxşasın. Amma ABŞ və Avropada mərhəmət baxımından nə edirlər? Zənci uşağı, yaşca qismən böyük, əlil uşağı övladlığa götürürlər. Bu oldu mərhəmət! Bizdə bəzən uşağı niyə övladlığa götürürlər? Sabah böyüyəndə ona yiyə dursun. Təəssüf ki, mahiyyət bu olur!
Ölkədə böyük hacılar ordusu formalaşır. Hacılar nə isə etmək istəyirlər, çalışırlar, xeyirxahlıqda, mərhəmət də göstərirlər, amma övladlığa uşaq götürmürlər, himayədar ailə kimi çıxış etmirlər. Himayədar ailə nədir? Uşaq 5 gün uşaq evində qalır, həftənin 2 günü uşağı öz yanında saxlayır. Bir maraqlı məqam da var. Məsələn, bu yaxınlarda Rusiyada gördüm ki, zooparkda olan heyvanları, meymunu, zürafəni insanlar himayəyə götürürlər. Azərbaycanda da xalq artisti Səməd Səmədov harada heyvan gördü, qayğı göstərməyə çalışdığını söyləyib. Elza Seyidcahan bu məqsədlər üçün konsertlər verir. Heyvan saxlayan insanlarda mərhəmət, xeyriyyəçilik hissləri güclüdür. Ümumiyyətlə, mərhəmətin, xeyriyyəçiliyin təşviqi təbliği çox lazımdır. Bəs bu, haradan başlanmalıdır?

Başlanğıc...

Mərhəmət hissinin tərbiyə olunması ailədən, məktəbdən, televiziyadan, qəzetdən, saytlardan başlanılmalıdır. Ən başlıcası təməl ailədir, ailədə mərhəmət hissi bərqərar olmalı, insani hisslər inkişaf etdirilməlidir. Uşaq evinə yardım aparanda balaca uşağı, nəvəni, övladı da ora aparmaq lazımdır ki, uşaq mərhəmət hissini öyrənsin, görsün. Uşaq hiss etsin ki, bir xəstə uşağa kimsəsizə, imkansıza yiyə duruldu. Mərhəmət hissinin cəmiyyətdə, ailədə genetik mövcudluğu ilə yanaşı sonradan nəsillilərin ənənələri ilə də tərbiyə edilməsi lazımdır.
Yeri gəlmişkən, toylarda yeməklərin, cəmiyyətdə geyimlərin, davranışın israfı var. Bəzən adamda təbii olaraq sual doğur? Şadlıq saraylarından israf dərəcəsində olan süfrələrdən uşaq evlərinə xörək göndərirlərmi? Təəssüf ki, o şadlıq evi axşamdan qalan yeməyi sabah yenə başqa vətəndaşın toyunda camaata verir. Yaxud bir çox insanlarımız orucluqda ehsanı kimə verir? Ən varlı adamları, qohum-əqrəbasını yığıb, ona ehsan verir! Niyə sən ehsanı məsciddə, kasıblara, yoxsullara vermirsən? Fitrə çıxarır, görürsən ki, qohum-əqrəbasına verir. Kasıba, yetimə ver! Varlı adamlar simvolik olaraq xüms, zəkat verirlərmi? Oliqarxlarımız var, qazandıqlarının 1/40-ni paylayıb, kasıblara vermək olmazmı? Bundan məqbul, rahat yardım, kömək forması olmaz ki, daha buradan o yana yer yoxdur ki?

Xeyriyyəçilik baxımından yol çəkmək, körpü salmaq, uşağın təhsilinə kömək etmək , xəstələrin müalicəsinə dəstək olmaq xüsusən qeyd olunmalıdır, alqışlanmalıdır. Məsələn, Rusiyada telekanallarda xəstələrin hesabına pul köçürülməsi aksiyaları təşkil olunur. Bizdə də eynən, “Xəzər” telekanalında Hacı Nuranın aparıcılığı ilə “Xeyir körpüsü” verilişi işıq üzü görürdü. Bu veriliş köməksiz insanlara, əlillərə yardımı, xeyriyyəçiliyi təbliğ edirdi. Hacı Nuran indi səhhətində ciddi problemlə bağlı müalicə alır, Allah şəfa versin. Yaxud xeyriyyə aksiyasında ANS televiziyasının, bir sıra KİV-lərin Gülər Məmmədovanın müalicəsi üçün ilkin mərhələdə tələb olunan məbləğin toplanması yaxşı haldır. Allah bu xanıma da şəfa versin.

Ümumiyyətlə, telekanallarımızın hər birində mərhəmətə, xeyriyyəçiliyə çağırışla bağlı verilişlər işıq üzü görməlidir. Cenevrədə Ali Qaçqınlar Komissarlığının binasında yazılmışdır: “Sən də qaçqın ola bilərdin!”. Yəni sənin də başına bu iş gələ bilərdi, mərhəmətli ol. Sən də əlil ola bilərdin! Yəni səni də maşın vura, yolda gedəndə başına daş düşə bilər, əlil ola bilərsən. Mərhəmət hissini, xeyriyyəçilik hissini itirmə, unutma qoru bir az da inkişaf etdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2817

Oxşar yazılar