Azərbaycanlılaşan Tiflisdə 2 gün –
29 oktyabr 2012 19:00 (UTC +04:00)

Azərbaycanlılaşan Tiflisdə 2 gün –

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər Təşkilatının tərəfdaşlığı ilə gerçəkləşən səfərdə əsas məqsəd azərbaycanlı jurnalistlərin Gürcüstanda (Tiflisdə) iki günlük istirahətinin təşkil etmək idi. Səfərimizdən istifadə edərək, bir sıra görüşlərdə də iştirak etdik. Əvvəlcə soydaşlarımızın yaşadığı Borçalı mahalında olduq. Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı millət vəkilləri Azər Süleymanov, Əli Məmmədov, Mahir Dərziyev və Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) sədri Fazil Həsənovla görüşərək, həmyerlilərimizin sosial problemləri ilə maraqlandıq.

Həmyerlilərimizin problemləri hələ də qalıb

Mübahisəli məqamlarla yadda qalan görüşdə həmyerlilərimizin əsas qaldırdıqları məsələ təhsil problemləri idi. Kadr çatışmazlığı yaşadıqlarını deyən həmyerlilərimiz bildirirlər ki, məktəblərdə hələ də 80 yaşlı müəllim idman, biologiya və fizika dərsi deyir. Dəfələrlə Təhsil Nazirliyinə müraciət edilsə də, heç bir müsbət cavab almayıblar. Azərbaycanlı məktəblərin bağlanması təhlükəsi ilə üzləşdiklərini deyən həmyerlilərimiz, bildirirlər ki, 4-5 ildir onlara ana dili, Azərbaycan qrammatikası və birinci sinif dərslikləri gətirilmir.

Daha sonra Marneulidə yeni istifadəyə verilən “Çay evi” nə baş çəkdik. Milli musiqi alətləri ilə bəzədilmiş kabinet olduqca zövqlə hazırlanmışdı. Burada rəqs, şahmat, xalçalıq, rəssamlıq, kompüter, bir sözlə 4-25 yaş arasında həmyerlilərimizin asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb. Dövlət Neft Şirkəti tərəfindən hazırlanan bu bina soydaşlarımıza pulsuz olaraq xidmət göstərəcək.

Ziyalılarımızın sığınacaq yeri - Tiflis

Borçalıda görüşləri başa vurduqdan sonra yenidən Tiflisə yola düşdük. Tariximizin önəmli səhifələrini özündə əks etdirən bu şəhər insana olduqca doğma təsir bağışlayır. Təsadüfi deyil ki, Azərbaycan Demokratik Respublikası 27 may 1918-ci ildə məhz bu şəhərdə bəyan edilib. Digər tərəfdən isə bu torpaqda 19-cu əsrdə Azərbaycanlı adını yeni dünyaya daşıyan, öz timsalında yeni ziyalı düşüncəsi yaradan Axundovun və digər aydınlarımızın məzarları yerləşir. Ötən əsrin əvvəllərində xalqımızın ictimai və mədəni şüurunun inkişafında xüsusi yeri olan mətbuat nümunələrindən biri, bəlkə də birincisi olan “Molla Nəsrəddin” jurnalı bu şəhərdə işıq üzü görüb. Bu şəhərdə xalqımız üçün saymaqla bitməyən tarixi hadisələr həkk olunub. Ən əsası isə Tiflis tarix boyu bizim ziyalıların sığınacaq yeri, ocağı olub.

Ziyalılarımızın əzəmətli məzarlığı

Biz də Tiflisə qədər gəlib, oradakı aydınlarımızın qəbrini ziyarət etmədən geri dönməyi özümüzə xəyanət hesab edib yola düşdük. Beləliklə, ADRNŞ-in Gürcüstan nümayəndəliyinin regional meneceri Şövqi Mehdizadənin müşayiəti ilə məzarlığa doğru addımladıq. Məzarların yerləşdiyi Botanika bağı çox hündür bir təpədə yerləşir. Olduqca səliqəli və gözəl havası olan bağa qalxmaq üçün bir neçə kilometr qət etdik.

Məzarlığın girişində kiril əlifbası ilə hazırlanmış daş lövhə var. Ərazidə bir neçə qəbir yerləşir. Qəbirlərin bəzilərinin üzəri əski əlifba ilə yazıldığı üçün adlar oxuya bilmədik. Məzarlıqda Həsən bəy Ağayev (ADR parlamentinin sədr müavini), Fətəli xan Xoyski (ADR hökumətinin başçısı), görkəmli ziyalılar, publisistlər Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Əliqulu Qəmküsar, Fərəc Sultanov, Eynəli bəy Sultanov, Rzaqulu Nəcəfov, Mahmud Zakir, Adilə Şahtaxtinskaya, Behbudağa Şahtaxtinski, Müzəffər Nərimanov, Mehdiqulu xan Vəfa, Həmzət bəy Qayıbov, Məhəmmədhəsən Hacinski, Nazlı xanım Məmmədquluzadə, Mirzəli Abbasov, İbrahim İsfahanlı, Abbas Qurbanov və digərlərinin məzarı yerləşir.

Mən, hər bir vicdanlı azərbaycanlı kimi xalqımızın mənafeyi üçün sözün əsl mənasında fədakarlıq edən aydınlarımızın məzarını ziyarət etməkdən qürur duydum. Şövqi Mehdizadə qeyd etdi ki, məzarlığa gəlmək üçün yol olduqca uzaq olsa da, mütəmadi olaraq əraziyə nəzarət olunur, təmizlik işləri aparılır.

Axundovun muzeyi ...

Məzarlığı ziyarət etdikdən sonra Axundovun yenicə təmir olunan əzəmətli ev muzeyində olduq. 4 mərtəbədən ibarət bu binada son tamamlama işləri gedirdi. Bizə bildirildi ki, muzeydə 2011-ci ildə təmirə başlanılıb. 4 mərtəbədən ibarət binanın 3 mərtəbəsi muzeyə məxsus olub. Sonra bina ARDNŞ tərəfindən alınaraq, əsaslı təmiri həyata keçirilib. Hazırda burada son tamamlama işləri aparılır. Muzeyin girişində Axundovun şəxsi əşyaları və mebeli ilə yanaşı Azərbaycan mədəniyyəti və tarixi şəxsiyyətlərinə dair əlavə eksponatlar və məlumatlar yerləşdirilib. Muzeyin birinci mərtəbəsi yerdən aşağı səviyyədədir və ora əsasən sərgi salonu, ekspozisiya mərkəzi kimi fəaliyyət göstərəcək. Həmçinin, burada ədəbi kafe istifadəyə verilməsi nəzərdə tutulub. Kafedə Azərbaycan mətbəxinin təbliği məqsədi ilə çay, şirniyyat təklif ediləcək. Eyni zamanda qonaqlar burada nadir və maraqlı kitabları oxumaq imkanından yararlana biləcəklər. Kafedə Mirzə Fətəli Axundovun Londondakı Madam Tyusso muzeyində hazırlanan təbii ölçülərdə mum maketi yerləşdirilib. Binanın sonuncu mərtəbəsində isə toplantılar keçirmək, dərnəklər təşkil etmək və musiqi axşamları təşkil etmək üçün müasir şərait yaradılıb.

Tiflis azərbaycanlılaşır...

Yuxarıda qeyd etdiyim kimi, vaxtilə bir çox ziyalılarımızın, soydaşlarımızın pənah gətirdiyi şəhərdə bu gün də hər addımda Azərbaycana aid izlərə rast gəlinir. İndi Tiflisdə böyük bir ərazi sanki Azərbaycana məxsusdur. Burada Heydər Əliyevin büstü olan park, məscidlər, Axundovun muzeyi, milli mətbəximizin təqdim olunduğu restoran və Heydər Əliyev adına teatr daxildir. Sözügedən teatr olduqca baxımsız vəziyyətdə olsa da ARDNŞ rəsmisi bildirdi ki, yaxın günlərdə teatrın əsaslı təmirinə də başlanılacaq. Qız Qalası formasında inşa edilən ARDNŞ-ın binası isə Tiflisdə ən yaxşı tikililərdən hesab olunur.

Qeyd edək ki, səfərimiz Azərbaycanın bir qrup jurnalistinin təmsil olunduğu “Mətbuat qeyri-rəsmi” Qrupunun təşəbbüsü ilə həyata keçirilib. Səfərdə “Xəzər”TV, “Lider”TV, İctimai TV, ANS, AzTV, “Cənub” TV, “Səs” TV, MuzTV, APA, “Lent.az”, “Trend”, “Azadinform” agentliklərinin, o cümlədən “Qafqazinfo”, Modern.az “Mediaforum” saytlarının, bundan başqa “Baku Post”, “Gündəlik teleqraf”və digər qəzetlərin əməkdaşları da iştirak edirdilər.

“Mətbuat qeyri-rəsmi” Qrupunun əsası media nümayəndələrinin istirahətinin təşkili məqsədilə qoyulub. Sonralar qrup fəaliyyətini bir qədər genişləndirərək, qarşıya Azərbaycan jurnalistlərinin mütəmadi olaraq bölgələrimizlə, eləcə də xarici ölkələrlə tanışlığı məqsədini qoyub. Hazırda qrupun Azərbaycan və Türkiyə mətbuatı da daxil olmaqla 213 üzvü var.

Jalə Məmmədli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2761

Oxşar yazılar