Azərbaycanın tək kolxozu, erməni fitnəsi, türk paşanın tapşırığı... - ARAŞDIRMA - FİLM
13 oktyabr 2012 14:20 (UTC +04:00)

Azərbaycanın tək kolxozu, erməni fitnəsi, türk paşanın tapşırığı... - ARAŞDIRMA - FİLM

Yolumuz Azərbaycanın həm təbiət, həm də insanları baxımından gözəl rayonlarından olan İsmayıllıyadır. Bu rayonun qədim tarixə və mədəniyyətə malik kəndləri, məkanları ilə yanaşı, həm də etnoqrafiya baxımından zəngin yerləri də var. Belə yerlərdən biri də İvanovka kəndidir. Bu kəndin sakinləri XIX əsrin əvvəllərində burda məskən salmış molokanlardır...

Donuz ətinə və spirtə qadağa

Molokanlığın əsasının kim tərəfindən qoyulduğu dəqiqliyi ilə məlum deyil. Ancaq tarixi mənbələrdə bu təriqətin geniş yayılmasının əsas səbəbkarlarından biri Semyon Uklein adında şəxs olduğu bildirilir. Molokanlıq Rusiyanın Tambov quberniyasında yaransa da sürətlə Saratov, Voronej, Həştərxan quberniyalarına yayılmışdı. 1805-ci ildə çar I Aleksandrın sərəncamı ilə molokanlara öz təriqətlərinə uyğun ibadət eləməyə icazə verilsə də I Nikolayın vaxtında onlar təqib olunmağa və bir yerdən başqa yerə köçürülməyə başladılar. Məsələ bundadır ki, molokanlar pravoslavlığın təməl prinsiplərini qəbul etmirlər. Məsələn, onlar müqəddəs 3-lüyü qəbul etsələr də, tanrı-oğlu və müqəddəs ruhu tanrı-ataya bərabər tutulmasını küfr sayırlar. Onlar hesab edirlər ki, tanrıdan savayı kiməsə ibadət etmək düzgün deyil. Bu baxımdan, molokanlar ikonaları, müqəddəsləri, kilsə iyerarxiyasını rədd edirlər. Əslində onların bütün bunlara sübut kimi Bibliyadan konkret dəlillər də gətirirlər. Bibliyada yazılıb: “Göydə, yerdə və torpağın altında hansı təsvir varsa, onlardan özünə ilah düzəltmə; onlara ibadət və onlara xidmət etmə, çünki sizin tanrınız mənəm”.

Beləcə pravoslavlığın təməl prinsiplərinə zidd gedən pravoslavlar Rusiya ərazisində arzuolunmaz insanlara çevriliblər. Molokan ifadəsinin yaranması ilə müxtəlif fərziyyələr var. Bunlardan birinə görə onları Melitopol qəzasının “Moloçnı” kəndinə sürgün elədiklərinə görə belə adlandırırlar. Digərləri hesab edir ki, molokanlar pravoslavlardan fərqli olaraq ibadət zamanı çaxır deyil, süd içdiklərinə görə bu adı alıblar. Bir qismsə hesab edir ki, pravoslavlardan sayca az olduqlarına görə onların adları “malo” , yəni “az” sözündən yaranıb. Çox maraqlıdır ki, molokanlar özləri bu adı məmnuniyyətlə qəbul edirlər və onu müqəddəs kitabdakı “yenicə doğulmuş körpə kimi təmiz söz südünü sevin” ifadəsilə əlaqələndirirlər.

Onların spirtli içki və donuz ətini haram bilmələri onları müsəlmanlarla daha çox yaxınlaşdırır.

İşgüzar və zəhmətsevər molokanlar

Ümumiyyətlə, molokanların Azərbaycan ərazisinə ilk köçürülmələri 1832-ci ilə təsadüf edir. Tarixi mənbələrə görə, onlar Rusiyadan Qarabağın Qızılqışlaq yaşayış məntəqəsinə “kilsə və pravoslav etiqadına zidd getdiklərinə görə” sürgün olunublar. 26 kişi və 30 qadından ibarət ilk dəstədən sonra növbəti illərdə molokanların Zaqafqaziya ərazisinə axını güclənir. Molokanların köçürüldüyü ərazilər sırasına müsəlmanların üstünlük təşkil etdiyi Borçalı və İrəvan bölgələri də daxil idi. Rus Çarının “roskolniklər” adlandırılan bu insanların türklərin yaşadığı Borçalı, İrəvan, Qarabağ, Şirvan kimi bölgələrə köçürülməsində təbii ki digər məqsədlər də var idi. Hər halda, molokanlar xristian sayılırdılar. Ancaq maraqlıdır ki, bu insanlar özlərinin zəhmətsevərliyi və düzgünlükləri ilə tez bir zamanda yerli sakinlərin rəğbətini qazanırlar. Məsələn, Don torpaqlarından sürgün olunmuş molokanlar haqqında Çar idarəsinə göndərilən təqrirdə yazılmışdı: “Sürgün olunmuş molokanlar yerli əhaliylə mehriban münasibətdədir. Onların arasında demək olar ki, əyyaşlıq halları qeydə alınmır. İşgüzar və zəhmətsevərdilər. Əsasən heyvandarlıq və əkinçiliklə məşğuldurlar”.

Hələ sovet dövründə molokanların yerli sakinlərlə mədəni adaptasiyasını izləmək üçün aparılmış tədqiqatlarda İsmayıllı rayonunda yaşayan molokanlar xüsusi yer tutur. Bura isə 19-cu əsrdə II Yekaterinanın əmri ilə yaşadıqları yerlərdən Rusiya imperiyasının ucqar bir əyalətinə - İsmayıllı rayonuna sürgün olunanların qurub, yaratdıqları İvanovka kəndindədir.

Bizim İvanovka

İvanovka kəndi təxminən 100 hektar ərazini əhatə edir. Kənddə 1070-dən çox ev var. İvanovka özünün sakitliyi və təkrarolunmaz gözəlliyi ilə ad çıxarıb. Bu səliqəli həyətlərə, rus evlərinə baxanda özünü həqiqətən bir rus kəndində hiss edirsən. İvanovkanın tarixi 200 ildən artıq olsa da, çox gözəl bir inkişaf yolu keçib. Kəndin girişindəki Sovetlər Birliyinin bu gerbi təbi ki, simvolik xarakter daşıyır və əslində hələ də uğurla fəaliyyət göstərən Nikitin adına kolxozun mövcudluğuna bir işarədir. Bəli, Azərbaycanda kollektiv təsərrüfatın nümunəsi olan Nikolay Nikitin adına İvanovka kolxozu var. Bu kolxoz 1936-cı ildə Voroşilovun adına yaradılıb. O vaxtlar molokanlar əllərində nə varsa hamısını kolxoza vermiş və bura üzv olmuşdular. Bütün Azərbaycanda olduğu kimi Böyük Vətən müharibəsi illərində İvanovkalı qadınlar da cəbhəyə gedən kişilərin və oğulların yerinə işləyərək bütün əziyyətlərə dözürlər. Ancaq müharibədən sonra işçi qüvvəsi çatışmadığından kolxozun göstəriciləri sürətlə aşağı düşməyə başlayır. İvanovka kolxozunun çiçəklənməsi 1953-cü ildən başlayır. Məhz bu il 27 yaşlı Nikolay Vasilyeviç Nikitin kolxoza sədr seçilir. 1958-ci ildən Kalininin adını daşıyan kolxoz artıq milyonçu bir qurum sayıla bilərdi. Təsəvvür edin ki, Sovetlər Birliyi dağıldığı ərəfədə kolxozun cari hesabında 12 milyon dollar pul vardı.

Bu gün İvanovkalılar həm Sovet dövründə, həm də müstəqillik illərində bu kəndə böyük diqqət ayıran Heydər Əliyevi minnətdarlıq hissi ilə yad edirlər. Heydər Əliyev həm Azərbaycan Kommunist Partiyasının birinci katibi olduğu vaxtlarda, həm də müstəqillik illərində bu kəndə hər zaman diqqət yetirmişdi. 1994-cü ildə Nikolay Nikitin vəfat eləsə də, kolxoz məhz buna görə saxlanmış və yenə diqqət mərkəzində olmuşdur.

Perşinin 11 nəfəri

Bu yerlərə Çar idarəsinin təqiblərindən yaxa qurtarmaq üçün birinci gələn İvan Perşin adlı şəxs olub. 1834-cü ildə 11 ailə ilə birgə Topçu kəndinin yaxınlığındakı Ax-ox çayının sahilində məskunlaşan molokanlar Rusiyanın soyuq iqlimindən sonra bu rütubətli mühitə uyğunlaşa bilmirlər. Ona görə də 1847-ci ildə onlar bir qədər yüksək, rütubətin olmadığı, qışın da soyuq keçdiyi yerə köçməyi qərara alırlar. Beləcə, sürgün olunmuş molokanlar indiki İvanovka kəndində yerləşirlər. Güman ki, bu ərazidə məskunlaşan molokanlar İvan Perşinin xatirəsinə buranı İvanovka adlandırıblar. XX əsrin 30-cu illərinə qədər bu kənddə yalnız molokanlar yaşayırmış. Sonradan İvanovkaya ləzgilər və azərbaycanlılar da köçməyə başlayır. Beləliklə, əsl beynəlmiləl bir kənd yaranır.

Nikitin adına kolxozun qorunub saxlanması birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Respublikaya ikinci dəfə rəhbərlik etdiyi dövrdə o, Nikolay Nikitini şəxsən qəbul eləmiş və 200 ildən artıq bir müddətdə Azərbaycanın ağır və sevincli günlərində yerli əhaliylə birgə yaşamış və çalışmış bu insanların kompakt şəkildə yaşamalarının təminatı kimi kolxozun saxlanmasını məqbul hesab eləmişdi. Bu diqqət və qayğı prezident İlham Əliyev tərəfindən davam etdirildi. Təsadüfi deyil ki, Azərbaycan prezidenti dəfələrlə İvanovkada olmuş, bu insanların problemləri ilə maraqlanmış, həmişəki kimi yaşamaları və çalışmaları üçün bütün şəraitin yaradılmasının təmin etmişdi. Məhz bunun nəticəsidir ki, hələ 70-ci illərdə birbaşa Finlandiya və Bolqarıstan ilə iqtisadi əlaqələr qurmuş kolxozun bu günü də ürəkaçandır. Respublika rəhbərliyi tərəfindən İvanovkalıların hər bir təşəbbüsünə diqqətlə yanaşılır və onların həyata keçməsi üçün bütün səylər göstərilir.

Bu gün İvanovka bütün mədəni və iqtisadi infrastruktura malik müasir bir yaşayış məntəqəsidir. Kənddəki uşaq bağçası, geniş və rahat teatr lojası olan 700 nəfərlik mədəniyyət evi fəaliyyət göstərir. İvanovkalıların folklor ansamblını dinləmək isə başqa aləmdir...

Ermənilərə uymayan molokanlar

İvanovkalılar Azərbaycan tarixinin çox olaylarına şahidlik ediblər. Bütün dövrlərdə onlar həmişə azərbaycanlıların və Azərbaycanın yanında olublar. Ağsaqqal molokanlar danışırlar ki, 1918-ci ildə ermənilərin törətdikləri qırğınlar vaxtı daşnakların azərbaycanlılara qarşı hücumlar eləmək təkliflərini hamılıqla rədd ediblər. Türk-İslam Ordusunun Azərbaycan türklərinə yardım məqsədilə bura gəldikləri zamanı da molokanlar yaxşı xatırlayırlar. Qocalar danışırlar ki, bir dəfə inəkləri otaran çoban türk paşasının yanına gəlir, qonşu kəndin sakinlərinin onu döydüklərini, inəklərini isə apardıqları barədə şikayət edir. Türk paşası əsgərlərinə oğruların dalınca getməyi tapşırır. Türk əsgərləri qısa müddətə oğruları tuturlar, inəkləri qaytarırlar. Bundan sonra türk paşası yaxın kəndlərin bütün mollalarının və ağsaqqallarını İvanovkaya yığaraq, onlara deyir: “Birdəfəlik yadınızda saxlayın ki, burda bir İvanovkalının başından bir tük əksik olmamalıdır.”

Belə hadisələr İvanovkada çox olub. Və indinin özündə də ağsaqqallar atalarından eşitdikləri bu olayları xatırlayır, tanrılarına şükür eləyirlər ki, nə yaxşı 1918-ci ildə ermənilərin “türk əsgərləri İvanovkaya gəlir, sizi qıracaqlar” kimi yalanlarına inanmayaraq özlərinə doğma hesab etdikləri bu yeri tərk etməyiblər...

İlham Tumas

ilham-tumas@mail.ru
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3255

Oxşar yazılar