Ulvira Qarayevadan açıqlama: “ Bu naxoşdur...” - QALMAQAL
24 sentyabr 2012 17:00 (UTC +04:00)

Ulvira Qarayevadan açıqlama: “ Bu naxoşdur...” - QALMAQAL

“Bu canlı efirdir, burada bəzən gözlənilməz hadisələr ola bilər. Mənim qəbahətim var, ya yox, bunu teleşirkət özü müəyyən edəcək”. Bunu Lent.az-a açıqlamasında ANS televiziyasında “İkinci həyat” verilişinin aparıcısı Ulvira Qarayeva verilişində yaranan qalmaqala aydınlıq gətirərkən deyib. Teleaparıcı sözügedən məsələ ilə bağlı danışmaq istəmədiyini desə də, verilişində bu cür halın baş verməsinə çox üzüldüyünü deyib: “Kimin üçün xoş ola bilər? Bu hadisə mənim üçün naxoşdur. Hadisələrin baş vermə səbəbinə isə mən qiymət verə bilmərəm. Şirkət rəhbərliyi bu məsələyə aydınlıq gətirəcək. Əgər deyirlərsə ki səhv məndədir, yəqin elədir”.

Şirkətdən ayrılıb-ayrılmayacağına gəlincə isə Ulvira Qarayeva hələlik bu barədə şirkət rəhbərliyi tərəfindən hər hansı bir məlumat almadığını deyir.

Söhbət əsnasında Ulvira Qarayeva Milli Televiziya və Radio Şurası tərəfindən bağlanılması tələb olunan “Toy olsun” verilişini də uğurlu hesab edib.

ANS TV-nin sədri Mais Məmmədov isə bu cür halların canlı efirdə yaşanmasının qaçılmaz olduğunu bildirib. O, həmçinin qeyd edib ki, layihəyə başlamazdan əvvəl Ulvira Qarayevaya xəbərdarlıq edilib: “Bu məsələdə bütün günahları Ulviranın boynuna atmaq olmaz. Amma biz ona əvvəldən xəbərdarlıq etmişdik ki, tamaşaçılarla diqqətli olsun. Dəfələrlə bunu söyləmişdik. Doğrudur, canlı efirdə bilmək olmur hansı tamaşaçı nə danışacaq. Amma “Mən azadam” deyib efirdə qeyr-etik fikirlər səsləndirməmələri üçün tamaşaçılarla dil tapmaq lazım idi”.

Telekanalda fəaliyyət göstərdiyi müddətdə Ulviraya bir neçə dəfə xəbərdarlıq olunduğunu deyən Mais Məmmədov deyib ki, aparıcının işdən çıxarılıb-çıxarılmamağı hələlik dəqiq deyil: “Ulviranın ANS-dən gedib-getməyəcəyini bilmirik. Ya başqa verilişdə iş verərlər, ya da işdən ayrılar. Bilmirik hələ. Amma veriliş yeni aparıcının təqdimatında, yeni formada yayımlanacaq”.

Qeyd edək ki, ANS televiziyasında “Toy olsun” verilişi ilə məşhur olan aparıcı Ulvira Qarayevanın yeni layihəsi olan “İkinci həyat” verilişi ANS televiziyasında qalmaqala səbəb olub. Belə ki, verilişin sentyabrın 20-də efirə gedən buraxılışında gəlin-qaynana münasibətlərindən danışılarkən, efirə telefonla qoşulan qaynana gəlinin ünvanına küçə ifadələri işlədib.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7678

Oxşar yazılar