“Ermənilərin pul qazandığı, gürcülərin xidmət, azərbaycanlılar istirahət etdiyi cənnət” – REPORTAJ –
18 avqust 2012 14:21 (UTC +04:00)

“Ermənilərin pul qazandığı, gürcülərin xidmət, azərbaycanlılar istirahət etdiyi cənnət” – REPORTAJ –

- Siz də bu vaqonda bələdçisiniz? Nədənsə geyiminiz qatarın o biri bələdçilərininki kimi deyil...

Ortaboy, qarabuğdayı gürcü qızı gözünü hərəkət edən qatarın pəncərəsindən ayırmayaraq dodağı qaçmış halda cavab verir:

- Xeyr... Mən sanitaram, bələdçi isə gördüyün o biri xanımdır (eyni vaqonda iki nəfərdirlər - M.A.).

Sonra mənim təəccüblü baxışlarımı görüb izah eləməyə çalışdı:

- Bizdə hər vaqon üçün ayrıca sanitar təyin olunur. Sanitarlar adətən yayda tətil vaxtı iş axtaran tələbələr arasından seçilir. Çünki yay vaxtı Gürcüstanda turistlər o qədər çox olur ki, Batumiyə, Kabulettiyə və digər turistik yerlərə gedən hər qatarda vaqonlar təxminən iki dəfə artırılır. Mən də tələbəyəm... İstəyirdim bələdçi kimi işləyim, maaşı çoxdur, amma ali təhsili başa vurmadığım üçün götürmədilər. Burda bələdçi olmaq üçün gərək müvafiq ali təhsilin olsun...

- İndi o ixtisas üzrə oxuyursan?

Gülərək pəncərədən başını çevirib:

- Yox, mən pedaqoji universitetdə oxuyuram, sinif müəlliməliyi ixtisasındayam... İkinci kurs tələbəsiyəm, sadəcə bizdə yayda işləməsək, qışda oxumaq çətin olur. Mən hər il 300 dollar təhsil haqqı ödəyirəm. Dərs vaxtı isə işləmək olmur, çünki bütün imtahanları ancaq özümüz verməliyik...

“Əli və Nino”nu oxuyandan sonra erməni sevgilimi...”

Bu, Tiflis- Batumi qatarıdır, həmsöhbətim isə 20 yaşlı gürcü qızı Tikodur. O, dediyi kimi vaqonun sanitarıdır və işi heç də bələdçinin işindən az deyil. Çünki Tiflisdən Batumiyə getdiyimiz 7 saatlıq yol boyu 3 nəfərlik yoxlama qrupu 4-5 dəfə vaqonu ciddi yoxlayaraq ona təlimatlar verdi. İki nəfərlik kupelərində televizoruna, soyuducusuna qədər olan vaqonda isə sanitariya sözün əsl mənasında yüksək səviyyədə idi. Məsələn, ayaqyoluna girən zaman mütləq ayağa keçirilən sellofanlardan istifadə etmək lazımdır...

Vaqonun dəhlizində Tiko ilə söhbətimiz yarımçıq qaldı, onu bələdçi kupesinə çağırdılar. Gedəndən 5 dəqiqə sonra isə kupedən başını çıxarıb məni çaya dəvət elədi. Artıq burada Tiko ilə söhbətimizə bələdçi Rozali də qoşulmuşdu. Onun heç tanış olmadan söhbətə başlaması isə çox maraqlı oldu. Mən çay içməyə başlarkən gülümsəyərək dedi:

- Siz ya azərbaycanlısınız, ya da erməni...

Cavab gözləməndən etinasız formada çayını içməyə başladı.

Çay az qala boğazımı yandırdı. Ağzımı açıb cavab vermək istəyiridim ki, Tiko əvəzimə cavab verdi:

- O azərbaycanlıdır.

Rozalinin nədən belə deməyi məni maraqlandırmışdı. Bunu hiss edib özü aydınlıq gətirdi:

- Bağışlayın, xalqlarınız arasında olan problemdən xəbərim var. Amma mən neçə illik bələdçilik fəaliyyətimdə görmüşəm ki, dünyada iki xalq - bir azərbaycanlılar, bir də ermənilər çay içərkən qəndi fincana yox, ağızlarına (dişləmə - M.A.) atıb, üstündən çay içirlər.

Etiraf edim ki, ağzımdakı qəndin xırtıltısı qarışıq gülmək tutdu. Lakin cəld özümü toparlayıb ermənilərin bizdən fərqini, onların bizə qarşı etdiklərini izah etmək istəyirdim. Amma mənə aman vermədilər:

- Hər şeyi bilirik, aranızdakı problemi də bilirik. Hətta istəsəniz onların niyə Qarabağı tutmalarını da izah edə bilərik.

Bunu deyəndə gülümsünürdülər.

Özümü saxlaya bilmədim:

- Niyə tutublar sizcə?

Yaşca böyük olan Rozali söhbəti başqa məcraya yönəltməyə cəhd etdi:

- Gəlin siyasətdən və müharibədən az danışaq. Yaxşı olar ki, adətlərinizdən danışın.

Mən yemək-içmək adətindən tutmuş, yaşam adətlərimizə qədər danışdım. Söhbətin sonunu ermənilərlə müqayisəyə gətirib, belə yekunlaşdırmağa cəhd etdim ki, Qafqazda bütün xalqların adəti eyni ola bilər, amma yeganə gəlmə xalq olan ermənilərdən başqa...

Rozali sözümü kəsdi:

- Bilirsiniz, siz yenə onlardan danışırsız. Biz erməniləri yaxşı tanıyırıq. Xüsusilə mən daha yaxşı tanıyıram... Çünki sevgilim erməni olub, tələbə vaxtı tanış olmuşduq Tiflisdə. Adı Vahedir. Sizdə “Əli və Nino” kitabı var, yəqin oxumusunuz...

- Əlbəttə...

- Bax mən o kitabı oxuyandan sonra onunla illərdir aramızda olan münasibətə kölgə salan nəyinsə sanki qəfil səbəblərini tapdım. O kitabı oxuyandan sonra erməni sevgilimi həyatımda görmək istəmədim, çünki o da Naxararyan kimi etibarsız təsir bağışlayırdı. Beş illik münasibətimiz ərzində həm ondan, həm də ailəsindən elə şeylər gördüm ki... Şükürlər olsun ki indi həyatımda yoxdur.

Təxminən 20 dəqiqə sonra mən yenidən vaqonun koridorunda pəncərədən sürətlə hərəkət edən qatarın arxada qoyduğu təbiət gözəlliklərini seyr edirdim. Yadıma az əvvəl Borjomi dərəsinin yanından keçərkən Tikonun yarızarafat dedikləri düşdü: “Tanrı bizə nə qədər təbii zənginlik, gözəllik versə də, pul az verib. Elə istəyirdim universitetə girəndə tək yaşayım, kiməsə ehtiyacım olmasın. Amma Gürcüstanda bu mümkün deyil. Bu məsələdə siz azərbaycanlılar şanslısnız...”

Ürəyimdə “təki Allah ağzından eşitsin...” - deyib, cavab vermədim.

SOCAR “zapravka”ları və erməni iş adamları...

Batumiya demək olar ki, az qalmış stansiyaların birində qatarın fiti məni yuxudan ayıltdı. Ayılan kimi pəncərədən ilk gözümə sataşan bizim qatarla paralel dayanan qatardakı yazı oldu: Armenia, Erevan. Ermənistana gedən bu qatardakı vaqonlar ağzına kimi dolu idi. Bizimlə üzbəüz, bir metr məsafədə pəncərədən boylanan bir orta yaşlı kişi və yanlarındakı müxtəlif yaşlı uşaqlar bizə tamaşa edirdilər. Səfər yoldaşım Səxavətlə onlara baxaraq qatar haqqında etdiyimiz söhbəti eşidən kişi erməni ləhcəsində, amma Azərbaycan dilində soruşdu:

- Bakıdansınız?

Bu qəfil və bizə kinayəli görünən suala tutarlı cavab axtarana kimi qatar fit verərək bizdən uzaqlaşdı. Səliqəli və komfort gürcü xidməti ilə Batumiyə çatdıq.

Elə vağzaldan düşən kimi hiss olunur ki, Batumi Gürcüstan daxilində ayrıca bir “ölkə”dir...

Bura Qafqaz yox, elə bil Avropadır - həddindən artıq sıxlıq, nizamlılıq, sərbəst həyat və sair. Əsl cənnət yaradılır. Mobil telefonun balansının artırılması, marşrutlarda gediş haqqı belə bankomat, xüsusi aparatlar vasitəsilə həyata keçirilir.

Qara Dəniz sahili boyunca dağ ətəyi uzanan şəhər sanki başdan-başa istirahət üçün inşa olunub.

Batumidə kazinolar, çoxsaylı disko-barlar, hətta striptiz klublar belə dövlət tərəfindən himayə olunaraq işlədilir və dövlət büdcəsinə buradan vergi tutulur. Yerli sakinlərin dediyinə görə, prezident Mixail Saakaşvili özü də tez-tez bu əyləncə mərkəzlərində olur, özü də nümayişkəranə şəkildə

Şəhərdəki “Əli və Nino”ya ucaldılmış, gecələr hərəkətə gələn dəmir abidə isə xüsusi gözəllik daşıyır. Ümumiyyətlə əyləncəli və cazibədar tikililər burada çoxdur.

Ümumilikdə isə Batumidə Türkiyənin təsiri hiss olunur. Çünki postsovet ərazisi olmasına baxmayaraq, artıq yerli əhalinin çoxu gürcü dilindən savayı ikinci dil kimi rus dilindən yox, türk dilindən istifadə edir. Şəhərdəki banklardan tutmuş, kafelərə, disko-barlara qədər əksəriyyətini türklər işlədirlər.

Bu məşğuliyyət sırasında ikinci yerdə isə ermənilər gəlir.

Burada ən çox gözə dəyən avtomobillər Ermənistan nömrəsi daşıyan maşınlar, ən çox gözə dəyən benzindoldurma məntəqələri isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ- SOCAR) məxsusdur.

Kafelərin birində yemək yeyərkən tanış olduğumuz orta yaşlı bir türk söhbət əsnasında zarafata salaraq dedi: “Batumidə qafqazlılardan ermənilər pul qazanırlar, gürcülər xidmət edirlər, az sayda olsa da azərbaycanlılar istirahət edirlər”.

Həqiqətən şəhərdəki istirahət obyektlərinin, xüsusilə də paltar və ərzaq dükanlarının xeyli hissəsi ermənilərə məxsusdur. Ən əsası da odur ki, ermənilərin çoxu burada oturaqlaşıb - yerli sakinlərə çevrilirlər.

Buna baxmayaraq Gürcüstanın digər yerlərində olduğu kimi Batuminin də əsas enerji təchizatçısı Azərbaycandır. Ən azı şəhərdə addımbaşı rastlaşdığımız SOCAR-a məxsus yanacaqdoldurma məntəqələri bunu deyir. Bunu yerlilər də etiraf edirlər.

Yerli acarlar və gürcülərdə azərbaycanlılara və türklərə qarşı xüsusi rəğbət var (Tiflisdən fərqli olaraq - M.A.). Xüsusilə yerli hakimiyyətdən narazı olan acarlar azərbaycanlılara və türklərə sanki böyük qardaş kimi yanaşırlar. Biz onlarla hər ünsiyyətdə bunun şahidi olduq.

Şəhərdə olduğumuz müddətdə təsadüfən Azərbaycanın Batumidəki Baş Konsulluğunun konsulu Arzu Mikayılovla tanış olduq. Onunla söhbətimiz zamanı məlum oldu ki, artıq son vaxtlar azərbaycanlıların burada fəaliyyətinin genişlənməsinə başlanıb: “Batuminin Qara Dəniz sahilində, Qafqazda xüsusi strateji yerdə yerləşməsi bizim fəaliyyətimiz üçün kifayət qədər impulslar yaradır”.

Onu da deyim ki, Batumidə də Azərbaycan və İran “qonşudur” - konsulluqlarımız eyni binadadır.

“Heç bilirsiz o kim idi?!”

Geri qayıdan zaman eyni qatarla Tiflisə yola düşdük. Açığı Batumidə olduğumuz 2 gün ərzində burada erməni fəaliyyətinin yüksək olmasını görməyimiz bir az kefimizə soğan doğramışdı. Amma qaldığımız evin acar sahibi və şəhərdə tanış olub dostlaşdığımız Levon və Laşa adlı gürcü qardaşlarının bizi olduqca mehriban yola salması bu təəssüfü bir az üstələyirdi.

Vaqona minmək istəyəndə gəldiyimizdən fərqli olaraq bələdçi qadın Səxavətdən pasportunu tələb etdi. Pasportu alıb nəzərdən keçirən bələdçi: “Azərbaycandansınız” - deyib, qıyğacı baxaraq, içəri keçməyimizə işarə elədi.

Qatar artıq yola düşmüşdü, üzü gecəyə yol gedirdik. Mən rahat yuxuya getməyimiz üçün səhər tezdən Tiflisə saat neçədə çatmağımız öyrənmək məqsədilə bələdçi otağına yollandım. Bayaq yoldaşımın pasportunu yoxlayan bələdçisi xanım çay içirdi. Məni görən kimi çaya dəvət elədi. Ehtiyac olmadığı üçün imtina etdim. Vaxtı öyrənəndən sonra geri qayıtmaq istəyirdim ki, soruşdu:

- Siz tam azərbaycanlısınız, yoxsa?..

- Əlbəttə.

- Sizi çeçenlərə bənzədirəm bir az. Bilirsiniz, bu səhər rəfiqəm onlarla bağlı mənə bir videoçarx göstərdi... Baxandan bəri dəhşət içindəyəm: çeçen oğlan bacısını milliyətcə rus oğlanı sevdiyi üçün öldürüb basdırır... Sizcə burada qız günahkardırmı ki, oğlan belə qəddarlıq edir?

Ani olaraq bilmədim necə cavab verim. Bir neçə saniyə ona bəzi şeyləri başa salmağa cəhd etdim:

- Dinin təsirin güclü olduğu yerlərdə belə hallar yaxşı qəbul edilmir. Həm də ki, onların arasında müharibə olub, qan tökülüb...

Təqribən 33-35 yaşlı bu qadının olduqca sarışın çöhrəsini süzüb beynimdəkini izah etmək məqsədilə doruşdum:

- Siz də russunuz, yoxsa gürcü?

- Yox, erməniyəm.

Verdiyi cavab fikrimi qarışdırdı. Ürəyimdə “elə bircə bu çatmırdı” düşündüm. O da deyəsən üzümdəki məyusluğu hiss etdi:

- Demədim ki, donuzam, dedim erməniyəm. Bir də ki, başa düşürəm sizi... Amma mən heç Ermənistanda olmamışam, burada doğulub, burada da böyümüşəm.

Özümdən asılı olmayaraq onun sözünü kəsdim:

- Bayaq dediniz bir videoçarxd bir çeçenin öz bacısını öldürməsi sizə pis təsir etdi.

- Əlbəttə, çox dəhşətli idi.

- Ola bilsin ki, o fərdi olaraq ruhi xəstə də ola bilər. Amma yəqin ki, ən azı televizorda izləyərsiniz: Qarabağda, xüsusilə Xocalıda insanlar erməni birləşmələri tərəfindən kütləvi şəkildə necə vəhşicəsinə öldürülüb. Özü də dinc sakinlər.

- ...Xahiş edirəm, bütün bunlar siyasətdir.

Yenə sözünü kəsdim:

- Bayaqkı çeçenlə bağlı dediyinizə də mən asanca dini don geyindirdim. Kim istəsə buna siyasi, dini ya da başqa don geyindirə bilər. Amma reallıq odur ki, sizin videoçarxda baxdığınızla müqayisədə bu faciələr heç tamaşa ediləcək səhnələr deyil.

- Siz nə əcəb düşünmürsünüz ki, bu Rusiya təsirdir, rus siyasətidir?


- Rusiyanın təsiri Qafqazın hər nöqtəsində ola bilər, amma nə gürcülər, nə azərbaycanlılar, nə çeçenlər, nə də digər yerli xalqlar Rusiyanın əlində bu qədər alət olmadı.

- Deməli, ermənilər bu qədər axmaq formada oyuncağa çevriliblər?

Acı istehza ilə siqaret yandırdı.

- Bunu özünüz etiraf etdiniz. Mən bir şey əlavə edə bilərəm ki, Qafqazda heç bir yerli xalqı qonşu yerli xalqa qarşı bu qədər amansız olmaz. Ermənilər qonşuya qarşı bu vəhşilikləri ilə gəlmə, yad olmalarını bir daha sübut etdilər.

O cavab verməyib üzünü yana çevirdiyi üçün mən də orada dayanmadım.

Biz Tiflisdən “Sınıq körpü” Sərhəd Məntəqəsinə gəlmək üçün avtobusa gecikmişdik. “Ortaçala” avtovağzalında xeyli maşın axtardıq. Ancaq sifarişlə gedənlər vardı ki, onların da dediyi qiymət bizə sərf eləmirdi. Yerli sürücülərlə söhbət etdiyimiz zaman bizə təxminə yaşı altmışdan yuxarı bir kişi yaxınlaşdı. O da bu sürücülər kimi gürcü ləhcəsilə rusca danışırdı. Bizə dedi ki, avtomobili ucuz yanacaq işlədir və bizə aşağı bir qiymət dedi. Razılaşdıq. Mən etika xatirinə ona izah etdim ki, əslində o biri sürücülərin də dediyi qiymət problem deyil (Gürcüstanda digər qiymətlər kimi bu da xeyli ucuzdur - M.A.), sadəcə bir neçə gündür Gürcüstanı gəzirik, pulumuz azalıb. O hər şeyi başa düşdüyünü deyib şeylərimizi qoymaq üçün yük yerini açdı və şərt qoydu ki, ancaq gürcü valyutası götürəcək. Bizdə də milli valyuta idi və ondan gözləməsini xahiş edib yaxınlıqdakı puldəyişmə məntəqəsinə üz tutduq. Az aralanmışdıq ki, ortaboy, qarabuğdayı bir oğlan bizə yaxınlaşıb Azərbaycan dilində qırıq-qırıq sözlərlə hara getdiyimizi soruşdu. Dedik. Qiymətini deyib apara biləcəyini bildirdi. Biz ona daha ucuz maşın tapdığımızı deyib aralandıq. Pul dəyişəndən sonra Səxavət su almaq istədiyini deyib məndən tapdığımız maşının yanında 5-10 dəqiqə gözləməyi xahiş etdi. Sürücümüz məndən bayaq bizə yaxınlaşanın nə istədiyini soruşdu. Sualına cavab verdim. O tərəfə baxıb bildirdi:

- O ermənidir, Qriqoryan. Bildiyim qədər isə siz azərbaycanlısınız.

- Hə. Amma onsuz da Gürcüstanda onlara addımbaşı rast gəlirik.

Sözümü kəsdi:

- Mən yerli gürcülərdənəm, sizin də bütün problemlərinizi bilirəm, onların da sizə nə etdiyindən yaxşı xəbərim var. Mənim az yaşım yoxdur, Qafqazda olanları, xalqlarının xüsusiyyətini yaxşı bilirəm.

Ermənilərin arxasınca demək olar dişinin dibindən çıxanı söylədi. O hətta dedi ki, yerli gürcülər də həm bazarda, həm də təsərrüfatda onların əlindən beziblər.

Səhərdən heç nə yeməmişdik və artıq nahar vaxtını da ötürmüşdük: sürücüdən xahiş etdik ki, yolda bir yerdə saxlasın, nahar edək. Yolüstü bir kafenin yanında saxladı. Lakin dərhal düşdü üstümüzə ki, bəs yol pulunu indi verin. Bayaqdan etdiyi söhbətin fonunda kişinin belə qəfil tələbi bizi çox təəccübləndirdi.

- Bu nə hərəkətdir? Qaçmırıq ki! Çatıb verəcəyik...

O gözləmədiyimiz bir cavab verdi:

- Siz bayaq dediniz pulumuz azdır, indi yeməyə otursanız sonra deyərsiniz ki pulumuz çatmır.

Özü də bütün bunları qışqıra-qışqıra, kafenin gürcü sahibləri eşidə-eşidə elə deyirdi ki, az qala kafe sahibi də bizi oğru kimi qarşılayacaqdı.

Artıq bunun nə demək olduğunu başa düşüb, mübahisə etmədik, onun pulunu verib, yeməyimizi yeyib yola davam etdik...

Sərhəd məntəqəsinə çatıb maşından düşüb yaxınlıqdakı keçid postuna yaxınlaşırdıq ki, üç gün əvvəl bu postu Gürcüstana keçən zaman tanış olduğumuz marneulili azərbaycanlı sürücüylə rastlaşdıq.

Bu dəfə bizi təəccüblə qarşıladı. Salamlaşan kimi:

- Siz düşdüyünüz o taksiyə harada minmişdiniz?

- Tiflisdə.

- Heç bilirsiniz o kimdir?! Ermənidir! Özü də bizim millətdən olan sürücülərlə heç vaxt yola getmir. Azərbaycanlı müştəri də əlinə düşəndə, başına min oyun açır. Yaxşı qurtarmısınız...

Bakı- Tiflis- Batumi- Bakı

Mübariz Aslanov

[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10039

Oxşar yazılar