Xarici ölkələrə səyahətlərim zamanı oralardan şəkil və qısa videolar paylaşarkən bir çoxları vətənə qayıtdıqdan sonra səfər xatirələrimi paylaşmağımı xahiş edirdilər. Görüşdüklərimə bunlar haqqında danışa bilsəm də, ətraflı yazmağa imkan olmurdu. Bu günlərdə məcburi evdə qalmağım məni bu işə başlamağa vadar etdi. Beləliklə, Lent.az-a ilk yazımı keçən ilin avqustunda Pakistana etdiyim səfərlə başlayıram.
***
Avqustun 8-də səhər erkən oyandım. Nəhayət ki, bu gün Kvetta şəhərini tərk etməliydim. Onsuz da planlaşdırmadığım vaxt itkisinə əlavə olaraq iki gün də Bəlucistanın təhlükəsizlik orqanları tərəfindən bu şəhərdə “saxlanılırdım”.
Bir gün öncədən qaldığım hotelin resepsiyonundakı Məhəmməd adlı gəncdən səhər yeməyimin daha erkən hazırlanmasını xahiş etmişdim. Saat 7-də otağımda əl-üzümü yuyub, bayıra çıxdım. Otaq ikinci mərtəbədə yerləşirdi. Hotelin mərkəzində kiçik, müxtəlif növ ağac və bitkilərdən ibarət bağça vardı. Pakistan ərazisində olduğum son 4 qızmar günlə müqayisədə bura bir cənnət guşəsi təsəvvürü yaradırdı. Aşağı düşdükdə cavan oğlanın resepsiyonun arxasında yerə döşək salaraq hələ də yatdığını gördüm. Oyatdım, mətbəxə gedib yeməyi hazırlamağa başladı.
Axır ki, Məhəmməd birtəhər hazırladığı xudmani səhər yeməyini hotelin bağçasında yedikdən sonra ona polis bölməsinə zəng etməsini və mənim Lahor şəhərinə getməyim üçün yola salınmağımı xahiş etdim. Çox keçmədi ki, hoteldə qalan digər xarici – 65 yaşlı avstraliyalı turist də aşağı gəldi. O da bu gün Kvettanı tərk edəcəkdi. Amma onun yolu əks istiqamətə - İrana idi.
Təxminən saat 9-da bizi yola salmaq üçün dörd motosikldə kommandolar gəldi. Avstraliyalının öz motosikli olduğundan, mən gələn polislərin birinin motosiklinin arxasında əyləşdim. Şəhər mərkəzini keçdikdən sonra bizi yerli polislərə təhvil verdilər. Burada avstraliyalı ilə yollarımız ayrıldı. O, polis müşayiəti ilə şərqə - Taftan istiqamətə yol düşdü, məni isə dəmir yolu stansiyasına apardılar.
Gün ərzində Kvettadan Lahora iki qatar gedirdi: “Cəfər Ekspress” və ondan bir qədər ucuz olan “Əkbər Ekspress”. Qrafikə görə, birinci qatar saat 9-da, növbəti isə bir saat sonra yola düşürdü. Biz vağzala çatanda artıq saat 10 idi. “Əkbər Ekspress” stansiyada dayanmışdı və sərnişinlərlə dolu idi. Buna bənzər qatarları mən sovet dövrünün hind filmlərində görmüşdüm. Fərqi bu idi ki, bu qatarın üstünə sərnişinlər minməmişdi.
Müşayiət edən polislər məni stansiyadakı həmkarlarına təhvil verdikdən sonra sağollaşıb getdilər. Ucaboy polis əməkdaşı məni qatar tərəfə dəvət etdi. Qatar boyu getdikcə belə qatarda yol getmək həvəsi məni üstələyirdi. Amma bir sutkadan çox bu qatarda getməyin hansı məşəqqətlər verəcəyini hələ bilmirdim.
Üçüncü vaqonun qabaq girişindən içəri keçdik. Vaqona daxil olarkən bir qədər duruxdum. Çöl tərəfdən bilinməsə də, içəridə insan əlindən tərpənmək olmurdu. Vaqon oturacaqlardan başqa çantaların üzərində, hətta vaqonun döşəməsində oturan və ayaq üstə duran sərnişinlərlə dolu idi. Polis insanların arasından yol açaraq, məni vaqonun sonlarına qədər keçirdi. O, yan tərəfdən bir yeri boşaldaraq, burada əyləşəcəyimi, narahat olmamağımı və qatarda məni polisin müşahidə edəcəyini söylədi. Bir də, yaxşı yadımdadır, yerli insanlardan heç bir ərzaq almamağı tapşırdıqdan sonra ətrafdakı sərnişinlərə öz dillərində nə isə deyərək, çıxıb getdi. Sonradan bildim ki, polis bunlara mənim “xətrimə dəyməməyi” tapşırıbmış.
Çantamı, başım üstdəki baqaj hissədə boş yer tapmadığımdan, ayaqlarım arasında yerləşdirdim. Əyləşdiyim oturacaqla qarşıdakı arasında ağ rəngdə milli paltar - peruhan və tunban (uzunqol köynək və enli şalvar) geyinmiş, başına isə sarı və göy naxışlarla bəzədilmiş qırmızı rəngli Sindhi milli papağı – topi qoymuş cavan oğlan bir qutu üzərində oturduğundan, ayaqlarımı tam uzada bilmirdim.
Qatar yavaş-yavaş tərpənməyə başladı. Kvettanı tərk edirdim. İstiqamət Lahor tərəfə idi.
* * *
2019-cu ildəki Mərkəzi Asiya ölkələrinə turum dəmir yolundan ən çox istifadə etdiyim səfər olmuşdu. Ümumiyyətlə, işimlə əlaqədar hər hansı səfərə çıxarkən əvvəlcədən tam plan qurmaq üçün vaxtım olmur. Demək olar ki, qəfil qərar verilir və çantamı götürüb, yola çıxıram. Bu dəfə də belə olmuşdu. Avqustun 2-də qısa müddətli məzuniyyətə çıxdım və gecə ilə qatarla Bakıdan Astaraya yollandım.
Səhər saatlarında buranı keçdikdən sonra Tehrana getmək üçün Astara avtovağzalına getdim. İranda dəfələrlə olduğuma görə, bu ölkənin bir sıra şəhərlərinə az da olsa, bələdəm və tez istiqamətlənirəm. Güneyli dostum Babək əvvəldən mənim üçün Tehrandan avqustun 4-də Pakistan ilə sərhəddə yaxın yerləşən Zahidan şəhərinə gedən qatara bilet almışdı. Mənim ehtiyatda bir günüm vardı və bu vaxtı dəyərləndirərək, Rəştə getməyi qərar verdim.
Rəşt şəhəri İranın Gilan ostanının mərkəzidir. Bu ostan keçən əsrin ortalarında Şərqi Azərbaycan ostanının Xəzərsahili əraziləri əsasında yaradılıb. Qısa müddətdən istifadə edərək, şəhəri bir qədər dolaşdım. Rəşt bələdiyyəsinin qarşısındakı mərkəzi meydanda İran Məşrutə inqilabının iştirakçısı, Cəngəlilər hərəkatının rəhbəri Mirzə Kiçik xanın at üstündə heykəli ucaldılıb. Elə meydanın yanında dayanan taksilərdən birinə minərək, yaxınlıqdakı Ənzəli şəhərinə də getdim.
Rəştə nisbətən daha kiçik olan bu liman şəhərində bir qədər çox qaldım. Şəhər əhalisinin bir qismi Azərbaycan türkləridir. Burada soydaşlarımızdan olan İbrahimlə tanış oldum. Əslən Ərdəbildən olan bu gənc qardaşı ilə birlikdə quru meyvələrin ticarəti ilə məşğul olur. Çantamı onların dükanında qoyub, şəhəri gəzməyə yollandım.
Ənzəlidə kiçik olsa da, maraqlı hərbi muzey var. Burada ingilis, Çar Rusiyası və sovet qoşunlarının istifadə etdikləri hərbi texnikalardan nümunələr saxlanılır. Sonra limanı, dəniz kənarı bulvarı dolandım, yerli sakinlərin sahildəki qayalıqlarda balıq tutmalarını seyr etdim. Fürsətdən istifadə edərək, Ənzəlidəki ictimai çimərlikdə keçən il üçün ilk dəfə olaraq Xəzər dənizinə girməyə də vaxt tapdım. Axşam saatlarında isə avtobusla Tehrana yollandım.
İranın paytaxtına səhər erkən çatdım. Azadi avtovağzalından Cavadiye dəmir yol vağzalına getdim. Binası Bakı vağzalından kiçik olsa da, xidmət göstərilən sərnişinlər həddən artıq çox idi. Əcnəbilər qatardan istifadə etməzdən öncə təhlükəsizlik orqanlarında yoxlanmadan keçirilir. Polis məntəqəsində növbədə olan zabit Ruhulla da əslən Azərbaycan türkü idi. Zahidan şəhərinə və oradan Pakistan sərhədinə gedəcəyimi bildikdən sonra yol ilə bağlı bir neçə faydalı məsləhətlər verdi. Qatarın getməyinə hələ vaxt qaldığına görə bir qədər vağzalın binasında dövrə vurduğum zaman Ruhulla mənimlə eyni qatarda gedəcək bir pakistanlını da polis məntəqəsində “saxlayıb” məni sərhəddə qədər ötürməyi xüsusi tapşırdı.
* * *
Tehrandan Zahidana qatarla təqribən bir sutkalıq yoldur. Əkbər Ekspresslə müqayisədə bu qatarın vaqonları xeyli rahat idi. Bizim qatarlardan fərqli olaraq, buradakı kupelər altı nəfər üçün nəzərdə tutulub və qapıları şüşəlidir. Tehran dəmir yolu vağzalında tanış olduğum pakistanlı Məhəmməd Ravalpindi şəhərində yaşayırdı və İrandakı tərəfdaşları ilə xırda ticarətlə məşğul olurdu. Qatardakı yerlərimiz qonşu vaqonlarda idi. Arada onun yanına gəlir, söhbətləşirdik, nahar və şam yeməyimizi də birlikdə etdik. Ondan İran sərhədindən Lahora qədər necə gedəcəyim barədə bəzi məsləhətlər aldım, hərçənd sonradan reallıqda bunların hamısının heç də onun dediyi kimi asan olmadığının şahidi oldum.
Qonşu kupelərin birində İranın Sistan-Bəlucistan ostanından olan musiqiçilər də gedirdi. Altı nəfər cavan oğlan Tehranda keçirilən folklor müsabiqəsindən qayıdırdılar. Bəluc gənclər ara-sıra milli musiqi alətlərində öz məharətləri və oxuduqları mahnılar ilə sərnişinləri feyziyab edirdilər. Onların repertuarına Azərbaycan mənşəli Britaniyalı müğənni, bəstəkar Sami Yusifin musiqisi də var idi.
Dəmir yolu əsasən İranın Dəşti-Kəbir və Dəşti-Lüt səhraları ərazisindən keçirdi. Hələ Bakıda ikən Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanını oxumağa başlamışdım və məhz bu qatarda sona çatdırdım. Bu səhralıq ərazilərdən keçərkən əsərin baş qəhrəmanı Yedigey və onun Qaranəri gözlərim qabağına gəlir, məni xəyali olaraq Orta Asiyanın Sarı-Özək çöllərinə aparırdı. Bu səfər xatirəmi də məhz böyük qırğız yazıçısının üslubunda etməyə çalışdım.
Qatarımız avqustun 5-də yerli vaxtla səhər saat 10-da Zahidan şəhərinə çatdı. Məhəmmədlə birlikdə taksi ilə şəhər mərkəzinə getdik. O, qalacağı hotelə, mən isə şəhəri gəzməyə getdim. Zahidan Sistan-Bəlucistan ostanının mərkəzidir. Bu ostanın əhalisini əsasən sünnilər təşkil edir. Şəhərin görməli yerlərindən biri İranın ən böyük sünni məscidi olan Makki məscidi idi.
Zahidandan Pakistanla sərhəddəki son yaşayış məntəqəsi Mircave şəhərinə taksi ilə getdim. Yolumuz səhralıq idi. Mehriban bəluc sürücüyə tələsdiyimi deməyim kifayət etdi ki, o, öz məharətini göstərsin. Lap bizim “avtoş”lar kimi, bir-bir öndəki avtomobilləri keçərək köhnə “Pejo”sunun spidometrini bir neçə dəfə 200-ə qədər sıxdı. Nəhayət, günorta saat bir radələrində Pakistanla sərhəddə yetişdik.
* * *
“Əkbər Ekspress” Bəlucistanın bir vaxtlar milli lideri və Camhuri Vatan Partinin (Respublika Milli Partiyası) rəhbəri olmuş Əkbər Xan Buqtinin şərəfinə adlandırılıb. Qatarın vaqonlarının hündürlüyü bizimkilərdən azdır. Mən plaskart vaqonda gedirdim və yanda olan tək nəfərlik oturacaqda əyləşmişdim. Qarşı tərəfdə üç qatlı yerlər idi. Birinci qatda 4-5 nəfər əyləşmiş, ikincisi hələlik qatlanmış, üçüncüdə isə uzananlar vardı.
İsti havada sərinliyi təmin etmək üçün vaqonun tavanına quraşdırılmış çoxlu sayda ventilyatorların heç biri çalışmırdı. Dəmir barmaqlıqlar vurulmuş pəncərələrin şüşələri açıq saxlanılırdı. Yolumuz boz dağlar və yarımsəhra ərazilərindən keçdiyindən bir tərəfdən isti, digər tərəfdən də ara-sıra qalxan toz məni birtəhər edirdi. Havaların həddən artıq isti olmasına görə yerli əhali uzaq məsafələrə səfərləri zamanı özləri ilə müəyyən plastik qablarda və ya vedrələrdə iri buz parçaları götürürdülər. Bu, onlar üçün uzun müddətə soyuq içməli su ehtiyatı olurdu. Sonradan mən stansiyalarda və digər şəhərlərdə də belə buzların satıldığı yerləri gördüm.
Artıq vaqondakı sərnişinlərlə müəyyən ünsiyyət qurulmuşdu. Bir çoxları mənə maraq dolu baxışlarla baxırdılar. Özümü əsl turist kimi hiss edirdim. Pakistanın iki rəsmi dövlət dilindən biri ingilis (digəri urdu) dili olsa da, əyalətlərdə çox az sayda adam bu dildə danışa bilir. Qatar Kvettadan gəldiyinə görə, sərnişinlər əsasən bəluc, puştu və urdu dillərində danışırdılar. Qırıq-kəsik ingilis dilində ilkin olaraq hansı ölkədən olduğum, adım, işim və xüsusən də müsəlman olmağım barədə suallar verilirdi. Təəssüf ki, əksəriyyətinin Azərbaycan haqqında təsəvvürləri olmasa da, məndən arxalarda əyləşən bir gənc yaxınlaşaraq “Abi, nasılsınız?” deyə müraciət etdi. Səid adlı bu cavan oğlan bir müddət İstanbulda işlədiyindən, az da olsa, Anadolu türkcəsində danışa bilirdi. Məhz elə orada da Azərbaycan haqqında eşitmiş və bizim də türkcə danışdığımızı bilirdi. Səidin sayəsində yol boyu söhbətləşmək, digərləri ilə ünsiyyət qurmaq imkanı yarandı.
Bir neçə dəfə bilet yoxlaması keçirildi. Qatarda basabas olmasına baxmayaraq, hamının bileti vardı. Nəzarətçi məndən bilet soruşduqda, Səid mənim polis vasitəsilə bura gəlməyim haqqında izahat verirdi və heç bir narazılıq olmadan biletsiz gedişim davam edirdi.
Bir qədər yaxından tanış olduğum digər oğlan Əli idi. Digərlərinə nisbətən ingiliscə daha yaxşı danışan bu gənc əsgər idi və Kvettada hərbi xidmət keçirdi. İndi məzuniyyətə evlərinə gedirdi. Səfərim zamanı bir neçə dəfə pakistanlılar arasında hərbi vətənpərvərlik ruhunun çox yüksək olduğunun şahidi olmuşdum. Əli Pakistan ordusunun dünyada ən güclü olması, tezliklə Hindistana layiqli cavab veriləcəyi haqqında danışırdı.
Burada qısaca haşiyəyə çıxım. Deməli, mən Pakistan sərhədini keçdiyim gün – avqustun 5-də Hindistan prezidentinin fərmanı ilə ölkə Konstitusiyasında Cammu və Kəşmir əyalətinin xüsusi statusunu nəzərdə tutan 370-ci maddə ləğv edildi. Bu maddəyə əsasən, Hindistanın müsəlmanların çoxluq təşkil etdiyi bu əyalətə daxili siyasət sahəsində bir çox imtiyazlar verilsə də, xarici siyasət və müdafiə məsələləri mərkəzi hakimiyyətin səlahiyyətində idi. Prezident fərmanının ardınca Hindistan parlamenti 5-6 avqust tarixlərində “Cammu və Kəşmirin yenidən qurulması qanunu”nu hər iki palatada qəbul etdi. Yeni qanunla əvvəlki əyalətin ərazisi iki hissəyə bölündü və yeni ittifaq əraziləri “Cammu və Kəşmir” və “Ladax” yaradıldı.
Pakistanda olduğum həmin günlərdə hara gedirdimsə, TV-lərdə əsasən bu məsələ işıqlandırılırdı və Pakistanın baş naziri İmran Xanın çıxışları verilirdi. Əhali arasında da anti-Hindistan əhval-ruhiyyəsi yüksəlmişdi. Qeyd edim ki, tarixi Kəşmir regionu Pakistan və Hindistan arasında mübahisələndirilir və dəfələrlə iki dövlət arasında silahlı münaqişəyə səbəb olmuşdu. Hazırda bu tarixi vilayətin digər hissələri Pakistan (Azad Kəşmir və Gilgit-Baltistan) və Çinin (Şaksam Vadisi və Aksayçin) nəzarəti altındadır.
* * *
İran-Pakistan sərhədində demək olar ki, keçənlər yox idi. Amma bununla belə, sərhədin hər iki tərəfində müəyyən yoxlamalar ucbatından məni bir saatdan çox yubatdılar. Pakistan tərəfdə ilk yaşayış məntəqəsi Taftan şəhəridir. Sərhəddəki məmurların dediyinə görə, Kvettaya sonuncu avtobus artıq çıxmışdı və mən, çox güman ki, bu gün Bəlucistanın mərkəzi şəhərinə gedə bilməyəcəm. Amma sonradan başa düşdüm ki, təhlükəsizlik baxımından əcnəbilərin nəzarətsiz hərəkət etməsinə icazə verilmir.
Sərhəd buraxılış məntəqəsindən Taftan polis məntəqəsinə “dəvət” edildim. Burada jurnalda qeydiyyat aparıldı və bir qədər gözləyəcəyim bildirildi. “Bir qədər” gözləmə sabaha qədər çəkdi. Bir neçə saatdan sonra deyildi ki, Kvettaya getmək üçün polis müşayiətini yalnız səhər tezdən təşkil etmək mümkün olacaq və buna görə də orada qalmalıyam. Polis məntəqəsində təmir işləri gedirdi və mənə bir otaq ayrıldı. Bir qədər sonra polis nəfərinin müşayiəti ilə şəhərə getdim, nahar etdim və valyuta dəyişdim.
Günortadan sonra polis məntəqəsinə çoxlu sayda saxlanılmış mülkü şəxsləri gətirdilər. Onlar əsasən qeyri-qanuni olaraq sərhədi keçərək İrana, oradan da müxtəlif vasitələrlə Avropaya miqrasiya etmək istəyən adamlar idi. İran tərəfi onları saxlayaraq Pakistan tərəfinə təhvil vermişdi. Polis əməkdaşları onları bir-bir siyahıya aldılar. Səhv etmirəmsə, 81 nəfər idilər. Sonra hamısını harasa apardılar. Polislərdən birinin dediyinə görə, məhkəmə onlar haqqında qərar verməliydi.
Hava çox isti idi və otaqda yuxarıdan asılı ventilyator az da olsa, dadıma çatırdı. Otaqda qapıları bağlı köhnə bir şkaf vardı. Şkaf üzərindəki yazılardan başa düşülürdü ki, burada gecələyən əcnəbilərdən birincisi mən deyiləm. Mən də özüm haqqında orada balaca “iz” qoydum. Açığı deyim, polislərin mənə münasibəti çox yaxşı idi. Növbədə olanlar və istirahət edən polislərlə söhbətləşərək vaxtımı keçirirdim. Buradakı polislər ya çox arıq, ya da kök, əksəri də saqqallı idilər. Poqonlu forma və papaqlarını geyməsəydilər, onların polis əməkdaşı olduğu ağıla belə gəlməzdi.
Gecə istidən yatmaq da olmurdu. Durub yuyunub, polis məntəqəsinin həyətində gəzişirdim. Növbətçi saqqallı polis də orada təmizlik işləri ilə məşğul idi. Ondan Pakistan milli paltarında və avtomatla bir neçə foto çəkməyini də xahiş etdim. Nə biləydim ki, sonradan bu şəkillər Pakistan-Çin sərhədini keçəndə kiçik problem yaradacaqdı və mən Taliban üzvü kimi xeyli müddət sorğu-suala tutulacaqdım.
Nəhayət, avqustun 6-da səhər 7-də məni müşayiət edəcək 2 nəfər polis gəldi. Köhnə bir “Toyota”da Kvetta tərəfə istiqamət aldıq. Taftandan Kvettaya 630 km-lik quraqlıq yol Əfqanıstan sərhədi boyunca uzanır. Bəlucistan ərazinin təhlükəli olduğundan, əcnəbilərin polis nəzarəti olmadan hərəkətinə icazə verilmirdi. Bunun səbəblərini sonradan Kvettada olarkən daha ətraflı bildim. Mənim Taftanlı polislərlə “səyahətim” uzun sürmədi. Təqribən saat yarımlıq yoldan sonra başqa maşında bizi gözləyən iki nəfər polisə məni təhvil verdilər. Bu qayda ilə Kvettaya qədər bir neçə dəfə polis dəyişkənliyi həyata keçirildi. Hər belə postda pasport yoxlanması və əcnəbilərin qeydiyyatı üçün xüsusi jurnalda adımın yazılması proseduru aparılırdı. Bəzi hallarda polis nəfərlərinin adımı və “Azərbaycan”ı düzgün tələffüz edə və yaza bilmədiklərindən, bu işi onların əvəzinə özüm edirdim. Ümumiyyətlə, Pakistana səfərim zamanı pasportum, yalan olmasın, yüz dəfə yoxlanıldı.
Belə postların növbəti polis maşınını gözləmək xeyli vaxt çəkirdi. Yakmaç qəsəbəsinin polis məntəqəsində bu pik həddə çatdı və polislərin “faiv minits”ləri iki saata qədər uzandı. Daxili rabitə ilə hansısa daha yüksək rütbəliyə bir neçə dəfə etirazımı bildirdim. Nəhayət, növbəti polislər gəldilər. Onlar həmçinin taksidə gedən digər əcnəbiləri - əslən pakistanlı olan Avstriya vətəndaşı olan gənc ər-arvadı da müşayiət edirdilər. Mən həmin taksiyə əyləşdikdən sonra yola davam etdik.
Bir müddət getdikdən sonra Dalbandin şəhərinə çatdıq. Burada artıq yüksək rütbəli zabitlər mənim gəlməyimi gözləyirdi. Onların fikirlərinə görə, mən burada hoteldə qalmalı və sabah səhər digər polislərlə Kvettaya getməli idim. Bu qədər yubanmalar məni özümdən çıxardığından, onlarla yüngül mübahisə etdim və vaxt itkisinə görə etirazımı bildirərək, həmin bu taksi ilə getməyimə icazə vermələrini xahiş etdim. Məsləhətləşmələrdən sonra razılıqlarını bildirdilər.
Taksidə gedən Əli əslən həzara (türk əsilli xəzərlər – red.) xalqından idi və çox erkən olaraq Pakistanı tərk edərək əvvəlcə Avropada sığınacaq almış, sonra isə Avstraliyaya köçmüşdü. İndi o, həyat yoldaşı ilə şiələrin müqəddəs yerlərinin ziyarəti üçün İrana getmək fikrində idi. Lakin vizalarında problem yaşandığından, sərhəddən yenidən Kvettaya qayıdırdılar.
Yarımsəhralıq bu yollarda gördüyüm maraqlı məqamlardan biri də Pakistanın yük maşınları idi. İlk görünüşdə qorxulu təəssürat yaradan bu maşınlar əsl incəsənət əsərləri idi. “Cinql trak” ("jingle truck" – cingiltili yük maşını) kimi tanınan bu maşınlar əsasən bamperə bərkidilmiş zəncirlərin çıxardığı səslərə görə belə adlandırılıb. Bundan başqa, maşınların kabinəsi, yük hissəsi, təkərləri parlaq rənglərlə boyanmış əlavə detallarla bəzədilərək fərqli bir görünüş yaradırdı.
Artıq gecə düşəndə biz Bəlucistanın mərkəzinə yaxınlaşdıq. Əligil Kvettanın yaxınlığındakı qəsəbədə yaşadıqlarından, məni şəhərə qədər digər polislər müşayiət edəsi oldular. Bu dəfə kiçik bir zirehli maşın gəldi. Bu maşın da sonuncu olmadı. Şəhərin girişində başqa bir polis “pikap”ı məni qalacağım hotelə çatdırdı.
* * *
“Əkbər Ekspress”in getdiyi Kvetta-Lahor dəmir yolu yarımsəhra, dağlıq ərazilərdə salınmışdı. Bəlucistan ərazisində qatar dağ tunellərindən keçirdi. Ara-sıra qatardakı polis nəfərləri də gəlib mənimlə maraqlanırdılar. Təqribən 3-4 saatlıq yoldan sonra Maç stansiyasına yetişdik.
Buranın polis rəisi şəxsən mən olan vaqona yaxınlaşdı. Gülərüz şəkildə hal-əhval tutduqdan sonra kəskin şəkildə yanımda olan pakistanlılardan kənara çəkilməyi, oturacaqlar arasında əyləşənləri durmağı tələb etdi. Rəis ayaqlarımın tam uzadaraq oturmağım üçün “VIP” yer düzəltdi. Düzdür, qatar stansiyadan uzaqlaşdıqdan sonra yanımdakı sərnişinlərdən əvvəlki yerlərində oturmaqlarını xahiş etdim.
Yolboyu çoxlu sayda daş kömür mədənlərini müşahidə edirdim. Gördüklərimdən belə qənaətə gəlirdim ki, mədən işlərinin əksəriyyəti kustar üsulla - əl ilə görülürdü. Kömür kiçik arabalarda və kisələrdə daşınaraq yük maşınlarına doldurulurdu. Ümumiyyətlə, Bəlucistan əyalətində çoxlu sayda kömür mədənləri yerləşir. Burada 100 mindən çox insan çalışır və hər il onlarla ölüm hadisəsi baş verir.
Bəlucistan əyalətinin dəmir yolu boyunca yerləşən yaşayış məntəqələrinin evləri çox bərbad vəziyyətdə idilər. Yol boyu həyətlərin qabağından 3-4 metr aralı məsafədə uzun uzadı zibilliklər yerləşirdi. İnsanlar qapısından aralanmadan əllərinə keçən zibili kənara atırdılar. Bu da illərlə yığılaraq zibil cığırları, yarğanları formasında inkişaf edirdi. Bundan başqa, sakinlər peyinin qurudulması üçün həyətlərinin ətraflarında yerə, evlərin divarlarına yapışdırırdı. Çox güman ki, bundan odun əvəzi istifadə olunurdu.
Qatarda getdiyim dövrdə yaddaşımda qalan məqamlardan biri də dəmir yolu ətrafında pakistanlı uşaqların çərpələng uçurmaları idi. Dəfələrlə bir uşağın əlində çərpələng uçurdaraq qaçdığını, qalanlarının isə onu qovmalarının şahidi oldum. Bu anlar əfqan əsilli Amerika yazıçısı Xalid Hüseyninin dünya şöhrətli əsərinin qəhrəmanlarını mənə xatırlatdı.
* * *
Pakistanın ən böyük əyaləti olan Bəlucistan İran və Əfqanıstan ilə sərhəddə yerləşir. Qonşu Əfqanıstanda aktiv hərbi əməliyyatların dayanmasına baxmayaraq, Bəlucistan hələ də regionun təhlükəli bölgələrindən biri hesab olunur. Əyalətin bəzi hissələrində mərkəzi hakimiyyətlə hesablaşmayan Taliban, İŞİD və digər terror təşkilatları ilə bağlılığı olan qüvvələr fəaliyyət göstərir. Vaxtaşırı bu əyalətdə terror aktları törədilir. Bəlucistan əyalətinin mərkəzi olan Kvettada isə terror qurbanları bir çox hallarda həzaraların nümayəndələri olur. Türk əsilli olan bu xalq əsasən Əfqanıstanda, bir qədər də Pakistan və İranda məskunlaşıb, Avstraliya, Avropa və Şimali Amerikada böyük saylı icmaları mövcuddur. Həzaraların şiə olması da onları bəzi hallarda bölgədə təqib və zorakılığın hədəfinə çevirir. Mənim avqustun 6-da gecə saatlarında Kvettaya gəldiyim gün əsasən həzaralara məxsus olan dükanlar yerləşən ərazidə bomba partladılmış, iki nəfər həlak olmuş və xeyli adam yaralanmışdı.
Məni müşayiət edən polis maşını ilə hələ şəhərə çatmamış artıq hansı hoteldə qalacağım müəyyən edilmişdi. Biz hotelə çatanda gecə saat 3-ü keçmişdi. Əyalət üçün ortabab sayılan bu hotel şəhərin daha təhlükəsiz ərazisində yerləşirdi və silahlı mühafizəçilər tərəfindən qorunurdu. Təqribən 20 saatlıq yol yorğunluğu məni taqətdən salmışdı. Bakıdan çıxası ilk dəfə idi hoteldə gecələyirdim.
Səhər açılanda hotelin əməkdaşları yalnız polisin icazəsi ilə buranı tərk edəcəyimi bildirdilər. Mənim təkidimlə onlar polis bölməsinə zəng etdilər və gözləməli olduğumu bildirdilər. Ümumiyyətlə, Pakistanda “müsəlmanın beş dəqiqəsi” ifadəsinin tam həqiqiliyinə şahid oldum. Bir neçə dəfə zənglərdən və gözləmə vədlərindən sonra nəhayət ki, təqribən saat 10-da polis nümayəndələri gəlib çıxdılar və biz Bəlucistanın yerli hökumətinin Daxili İşlər Nazirliyinə (Home and Tribal Department) getdik.
Pakistana səfərim öncəsi və səfər dövründə bu ölkənin Əqli Mülkiyyət İdarəsinin Kəraçi şəhərindəki bölməsinin əməkdaşı, əvvəldən tanıdığım Səid Nəsrullahın bir sıra məsləhətləri və yardımı olmuşdu. Səid özü də əslən Kvetta bölgəsindən idi. Bu şəhərdə qalacağımı bildiyindən, öz qohumlarına mənimlə görüşməsini və müəyyən köməkliklərin göstərməsini tapşırmışdı. Səidin qohumu Samiullah (Sami) Xan öz dostu ilə əvvəlcə mən qaldığım hotelə, məni orada tapa bilmədikdən sonra isə sonra DİN-ə gəldilər.
Əvvəldən mənim Kvetta şəhərində qalmaq planım yox idi. Buradan Lahora getməyi düşünürdüm. Yalnız nəqliyyat tapmağımdan asılı olaraq şəhəri qısa müddətə dolanmaq olardı. Sami onlara qonaq gedərək daha bir gün də qalmağımı, şəhərdən kənar görməli yerləri gəzməyə məni razı saldı. Bu məqsədlə də o, polisə ərizə ilə müraciət etdi. Hətta o, polis üçün dostluğumuzun inandırıcı olması məqsədilə aramızda tanışlığın “qısa hekayə”sini də fikirləşdi.
Bir sıra sənədləşmə işləri aparılarkən burada digər bir xarici turistlə tanış oldum. Əvvəldə qeyd etdiyim 65 yaşı olan bu kişi Avstraliyadan motosikl ilə Türkiyəyə səfər edirdi. Məndən fərqli olaraq, təqaüdçü olan bu şəxsi vaxt itkisi çox da üzmürdü. Hətta səfəri dövründə avtoqəza keçirmiş, yüngül xəsarət aldığından tibbi xidmətlərdən istifadə etmiş, motosikli də zədələnmişdi.
Əlqərəz, iki saat gözlədikdən sonra sənədlər qovluğu ilə məsul əməkdaşların qəbuluna getdik. Birinci görüşdüyümüz şəxs mənim Kvettada qalmağıma etiraz etməsə də, qəbulunda olduğumuz ikinci, daha yüksək rütbəli zabit Saminin “hekayəsinə” inanmadı və adam oğurluğu, qeyri-qanuni silahlı şəxslər və s. səbəblərə görə mənim onlarla vaxt keçirməyimə izin verilmədi. Son qərar belə oldu ki, mənim avqustun 8-də Bolan keçidi istiqamətindən Lahor şəhərinə getməyimə razılıq (No-objection Certificate - NOC) verilirdi və şəxsi təhlükəsizliyim təmin edilirdi. Eyni zamanda mənə müdafiə xarakterli ərazilərin fotosunu çəkmək, yerli şəxsləri ziyarət etmək və digər qadağalar qoyulurdu. Yolboyu hər stansiyada təhlükəsizliyin təminatı məqsədilə də ərazilər üzrə müvafiq göstəriş verilmişdi.
Burada qeyd etmək yerinə düşərdi ki, 2019-cu ilin martından Pakistan hökuməti turistlərin ölkəyə gəlişinin asanlaşdırılması məqsədilə əvvəllər əcnəbilərin girişi üçün qadağan olunan və xüsusi razılığın (NOC) tələb edildiyi ərazilərə getməyə icazə vermişdi. Yalnız bəzi ərazilərə qadağa qalırdı ki, onlardan biri də Əfqanıstan ilə sərhəd idi. Çox güman ki, buna görə də məni Lahora bir qədər qısa olan, Əfqanıstanla sərhəddə yaxın yol ilə deyil, məhz Bolan tərəfdən getməyimə icazə verilmişdir.
Mən və avstriyalının yenidən hotelə qayıtması üçün 4 motosikldə 8 nəfər kommando ayrıldı. Əvvəlki günlərdəki polislərdən fərqli olaraq, bunlar qara paltarlı, bir qədər fiziki hazırlıqlı, gülləkeçirməz jiletlərdə və daha çox silahlanmış idilər. Sami polisdən icazə alaraq məni öz maşınında hotelə apardı. Biz maşınla Kvetta küçələrində gedərkən yolboyu ətrafımızda silahlı kommandolar 4 motosikldə bizi müşayiət edirdi. Maraqlı hisslər yaşamışdım.
* * *
“Əkbər Ekspress”də ara-sıra Səid və Əli ilə söhbətləşirdik. Sərnişinlərlə xoş mühit yaranmışdı. Gənc əsgər Əli hər stansiyada mənə yemək almaq təklifi edirdi və mən razı olmurdum. Hava isti olduğundan, daha çox su içir və meyvə yeyirdim, qatarın bir qədər çox müddətə dayandığı cəmi iki stansiyada nahar və şam etmişdim. Vaqondakı xoş münasibətlə paralel olaraq, növbəti stansiyalarda məni yoxlayan polislərin sayı da azalır, bəziləri heç vaqona yaxınlaşmadan hər şeyin qaydasında olmasını işarələrlə soruşmaqla kifayətlənirdilər.
Artıq hava qaralmağa doğru gedirdi. Qatarımız Ceykobad stansiyasına daxil oldu. Mənə ilk təəccüblü gələn stansiyada heç bir polis əməkdaşının bizim vaqona yaxınlaşmaması və məni yoxlamaması oldu. Ceykobad şəhəri “Əkbər Ekspress”in yolunda Pakistanın Sind əyalətinin ilk dayanacağı idi. Bu şəhər Britaniya imperiyasının “Ost Hind” şirkətinin zabiti, XIX əsrin ortalarında bu ərazilərdə xidmət etmiş və bu şəhərin tikilməsinə bilavasitə rəhbərlik etmiş briqada generalı Con Ceykobun şərəfinə adlandırılmışdır.
Qatar Bəlucistan ərazisini keçmişdi, artıq Sinddə idik. Deməli, mənim “təhlükəsizliyimin təminatı” burada bitirmiş. Belə başa düşdüm ki, mənim mühafizəm üçün görülən bu tədbirlər, həm də əcnəbilərin Bəlucistan əyalətində müəyyən mənada nəzarətdə saxlanılması xarakteri də daşıyırdı.
Bir qədər sonra qatar yoluna davam etdi. Stansiyadan 5-10 dəqiqə aralandıqdan sonra qatara yeni minmiş 2 pakistanlı mənə yaxınlaşdı və öz dillərində müraciət etməyə başladılar. Düzü, hansı dildə danışdığını bilməsəm də, sonradan onlardan birinin mənim əyləşdiyim 66-cı yerə biletinin olduğunu başa düşdüm. Mən Səidin vasitəsilə bu yerin mənə polis tərəfindən verildiyini və durmayacağımı bildirdim. Onların danışıq tonları getdikcə sərtləşirdi. Ətrafdakı sərnişinlər də onlara vəziyyəti başa salmağa çalışırdılar. Mən soyuqqanlılıq göstərərək bu “dəliqanlılar”a reaksiya verməməyə çalışdım. Sərnişinlər də nəbadə yerimdən durmamağıma işarə edirdilər.
Bir qədər keçəndən sonra Ceykobadlı sərnişinlər qatar bələdçisi ilə gəldilər. İngilis dilini bilən bələdçi nə səbəbdən mənim biletsiz getdiyimi soruşduqda, vəziyyəti ona başa salsam da, onu tam qane etmədi. Sanki başqa dünyaya düşmüşdüm, Bəlucistandakı “imtiyazlarım” burada keçmirdi. Çox keçmədən qatardakı başqa bir polis nəfəri də gəldi. Pasport yoxlaması ilə yanaşı, ona Bəlucistan DİN-i tərəfindən mənə verilmiş sənədi də təqdim etdim. Bundan sonra vəziyyət bir qədər sakitləşdi. Yeni sərnişinləri arxa yerlərdə birtəhər yerləşdirdilər.
Gecə vaxtı tualetə getmək üçün oyanmışdım. Birtəhər vaqonun döşəməsində yatmış sərnişinlərin arasından keçərək vaqonun arxa tərəfinə keçdim. Bu vaxt ceykobadlıların da oyaq olduğunu və pıçıldaşdıqlarını eşitdim. Birtəhər telefonun işığı vasitəsilə tamburdakı tualeti tapdım. İlk dəfə idi burdan istifadə edirdim. Təsəvvür edilməz dərəcədə üfunətli və murdar yer idi. Tualetdən qayıdarkən “dəliqanlı” artıq mənim yerimdə oturmuşdu. Bu canlanmada digər sərnişinlər də oyaq idilər. Heç nə demədən tərs baxışlarla qabağında durmuşdum. Bir tərəfdən Səid, bir tərəfdən ətrafdakı sərnişinlər onu “dilə gətirməyə” başladılar. Danışıqları zamanı “mehman” sözündən bir neçə dəfə istifadə etmələrindən başa düzdüm ki, ona qonaq olduğumu söyləyirlər. Bir az keçəndən sonra ceykobadlı ayağa qalxıb öz yerinə keçdi və kiçik “münaqişəmiz” sülhlə yoluna qoyuldu.
* * *
Yay olduğundan hava tez açılırdı. Mən yuxudan ayılanda artıq hava işıqlanmışdı. Vaqonun açıq pəncərəsindən azacıq sərinlik hiss olunurdu. Üzücü yarımsəhralıq və qızmar istidən əsir-əlamət qalmamışdı. Qatar Pəncab əyalətinin ərazisində hərəkət edirdi. Düzdür, havanın temperaturu hələ də yüksək olsa da, yaşıl təbiət bunu çox hiss etməməyə imkan yaradırdı. Dəmir yolu yaşıl əkin sahələri, kiçik meşəliklər, çayların çoxluq təşkil etdiyi bölgələrdən keçirdi. Təəssüf ki, Sind əyaləti ərazisindən gecə vaxtı getdiyimizdən, Hind çayının üzərindən keçərkən yuxulamışdım. Pakistanın ən böyük çayını yaxından görmək imkanım bir həftə sonra Gilgit-Baltistan bölgəsinə gedərkən oldu.
Pəncab ərazisinə görə Bəlucistandan sonra Pakistanın ikinci böyük əyalətidir. Hind çayı və onun qolları boyu münbit torpaqların olmasından ölkə əhalisinin yarıdan çoxu burada məskunlaşıb. Hərbi güc baxımından regionun öndə gedən dövlətlərindən biri olmasına, nüvə silahına sahibliyinə baxmayaraq ölkə əhalisinin böyük hissəsinin yaşayış səviyyəsi çox aşağıdır. Dəmir yolu ətrafı ərazilərində köhnə çadırlarda, kiçik komalarda, demək olar ki, mal-qara ilə böyür-böyürə insanların yaşadığının şahidi olunca, buna daha da əmin olurdum.
Artıq günorta saatlarında qatarımız Şahdara Bağ stansiyasına daxil oldu. Pəncab əyalətinin mərkəzi olan Lahor şəhərinin şimal ətrafı olan bu ərazilərdə Moğol hökmdarı Cahangirin və onun həyat yoldaşı Nur Cahanın məqbərələri və daha bir neçə tarixi abidə yerləşir. Qatar hərəkət etdikcə, qədimi tikililər uzaqdan görünürdü.
Budur, artıq qatar bol sulu və enli Ravi çayının üzərindəki metal körpüdən keçirdi. Havanın istisindən qorunan çoxlu sayda camışlar çayda “istirahət” edirdilər. Çayın sahilində “cinql-trak”ların böyük bir dayanacağı (TIR parkı) vardı. Relslərin ətrafları gecəqondular və zibilliklərlə dolu idi. Qatar uzun-uzadı fit verirdi. “Əkbər Ekspress” yavaş-yavaş Lahor şəhərinin dəmir yol vağzalına daxil olurdu...
P.S. Səfər xatirələrimdə toxunduğum yerlər və hadisələr haqqında çəkdiyim qısa videoları yeni yaratdığım m_elnur1975 Youtube kanalımda izləyə bilərsiniz.
Elnur Məmmədli,
Göygöl rayonu Balçılı kəndi,
aprel, 2020