“Qremio”da oynayan "Qalatasaray"ın keçmiş hücumçusu Karlos Vinisius unudulmaz bir gecə yaşayıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, braziliyalı futbolçu "Palestino"ya qarşı Cənubi Amerika Kuboku oyununda bir sıra uğursuz hadisələrlə üzləşib. Vinisius üç penaltini dəqiq yerinə yetirə bilməyib və VAR tərəfindən bir qol hesaba alınmayıb. Bu, gecəni futbol tarixinə düşəcək uğursuz anlar seriyasına çevirib.
Oyunun 11-ci dəqiqəsində "Qremio"nun lehinə penalti təyin edilib və Vinisiusun zərbəsini qapıçı Sebastian Peres dəf edib. VAR-ın yoxlamasından sonra penalti təkrarlanıb. Braziliyalı ikinci cəhdində top qapı dirəyinə dəyib, üçüncü cəhdində isə ayağı sürüşüb və qapıçı yenidən ona qol vurmağa imkan verməyib.
Hər üç penalti zərbəsində VAR qərarlarından istifadə edilib və "Palestino"nun qapıçısı xətti pozduğu üçün zərbə iki dəfə təkrarlanıb. Lakin Vinisius ardıcıl üç fürsətdən heç birini qola çevirə bilməyib.
Bəxtsizlik bununla bitməyib. Vinisiusun 78-ci dəqiqədə vurduğu qol, VAR araşdırmasından sonra, ötürmədən əvvəl əllə oynama səbəbindən sayılmayıb.
Oyun 0-0 hesabı ilə başa çatsa da, gecə Karlos Vinisiusun yaşadığı qeyri-adi bəxtsizliklərlə yadda qalıb.