“Qızılbarmaq” hekayəti: “Qalstuklu kişi sinidə pulları gətirdi...” – IV HİSSƏ
12 iyun 2020 20:15 (UTC +04:00)

“Qızılbarmaq” hekayəti: “Qalstuklu kişi sinidə pulları gətirdi...” – IV HİSSƏ

Əvvəli: https://lent.az/news/356900

 

Ötən əsrin 50-60-cı illər oğru Bakısının kriminal elitasına daxil olan Əliyeva Fatma Hacıağa qızının (“Balaca Fatma”, “Qızılbarmaq Fatma”) həyat tarixçəsi...

 

Dördüncü bölüm

 

 

...İndi saçım-başım ağarıb, ömür yarıdan çoxdan keçib, tamam başqa adamam. Hərdən oturub fikirləşirəm ki, mən yazığın həyatında dönüş nöqtəsi hara düşür. O hansı nöqtədir ki, çatandan sonra həyatı dəyişmək mümkün olmadı? Nə qədər fikirləşsəm də bir yox, bir neçə belə nöqtə tapıram. Mənim həyatım elə nöqtələrdən ibarətdir. Həmin nöqtələr arasındakı boşluqlar isə yoldur – bu yolun hər qarışı məni mənzil başına yaxınlaşdırır. Əslində, həmin o nöqtələrin hər birindən dönə bilər, bəsdir deyib tamam başqa həyat yaşaya bilərdim. Amma həyat yolunda addımladıqca, nöqtədən-nöqtəyə keçdikcə, əvvəlcə daha çətin, sonra nagüman, qorxulu, axırda isə qeyri mümkün oldu...

 

Hərdən ilk işimi xatırlayıram. Qapı-qapı ət satmağımı demirəm – ona uşaq oyunu kimi baxırdım, özüm üçün də maraqlı idi. Mən Parapetdəki satıcılığımı deyirəm. Elə bil, xiffətini çəkirəm. Bilmirəm indikindən daha cavan, lap uşaq olmaq istəyirəm, ya da, ömrümün əsl qırılma nöqtəsi elə bulka satdığım vaxtlara düşüb, ondandır. 

 

Heç yadımdan çıxmaz, bir dəfə işdən sonra həyətdə paltar suya çəkəndə qonşunun qızı məndən soruşmuşdu ki, harda işləyirsən? Fəxrlə, “Parapetdə” - demişdim. Qız da təəccüblə mənə baxmış, istehza ilə pıqqıldayıb, əlindəki işi yarımçıq qoyub, evlərinə yüyürmüşdü. Yaxşı qız idi, amma gülməyinin səbəbini o vaxt anlamadım. Mən sonradan bildim ki, həyatdakı yazıq qadınlar üçün həmin o qırılma nöqtəsi elə Parapetə düşür. Sonradan bildim ki, hamının Parapet dediyi yerin adı əvvəllər Quru bağ olub. Sən demə, bədənindən pul çıxaran qadınların çoxu “əmək fəaliyyətinə” elə ordan başlayıbmış. Əslində, Parapet  fransız sözüdü, məhəccər deməkdir. Bağın ətrafına möhkəm məhəccər çəkilmişdi və dörd qapısı vardı. Mən onda haradan biləydim ki, o qapılardan düz-əməlli adam keçmirmiş. Bulkanı sata-sata, bağda gəzişən bər-bəzəkli xanımlara baxır, için-için paxıllıqlarını çəkirdim, çünki kənardan tamaşa edəndə, çox qayğısız, xoşbəxt görünürdülər...

 

Nə isə...

 

Axşam Sonya xalanın tapşırdığı kimi, ağ xələtimlə ləçəyimi büküb, arabanın içinə qoydum, itələyə-itələyə aparıb üzbəüzdəki “Araz” kinoteatrının qarovulunu çəkən gözətçiyə tapşırdım, bulka-peraşkinin qalığını kağız torbaya doldurub, sevinə-sevinə evə üz qoydum – mənim maaşım həm də əlimdəki bulkalardan çıxırdı.

 

Axşam evdə dedim ki, bəs, gözünüz aydın, işimi dəyişmişəm. Pakizə xala soruşdu:

 

- Nə işdir, ay bala, nə iş görəcəksən? 

 

- Hələ özüm də bilmirəm.

 

- Kim söz verib? Barı tanıyırsanmı?

 

- Bir zəngin qadındır, dedi, yaxşı dolandıracaq. Nə bilim, bəlkə evində işlədəcək? Hər halda dedi ki, korluq görməyəcəksən. 

 

- Körpən olduğun bilir? 

 

- Hə Pakizə xala, demişəm. 

 

- Nə deyirəm bala, təki, yaxşı iş olsun. Bu əyyamda adam işsiz qalsa, acından ölər. 

 

...Bütün gecəni yuxuda Rübabə xanımı gördüm. Nə bilim, vallah, əlimdən tutub haralarasa aparırdı, görmədiyim yerləri gəzdirirdi. Yəqin Bakıydı, mən şəhərin harasını tanıyırdım ki...

 

Səhər ürəyim ağzımdan çıxa-çıxa Parapetə cumdum. Bilmirəm, neçə dəqiqəyə çatdım, bir də gördüm ki, “Araz”ın tinindən buruluram. Sonya xala artıq yerində idi. Bir az yanında girələndim, Rübabə də gəldi. Onu Nizami muzeyinin tinindən dönəndən görmüşdüm, bəzək-düzəyindən onsuz da hamıdan fərqlənirdi, yüngülcə ayağını çəkirdi - bilməsən, sezməzdin. Axsamağı anadangəlmə idi, qızlar bunu mənə sonradan demişdilər. Ruba qüsuruna uyğun elə bir yeriş tərzi seçmişdi ki, ilk dəfə görənə deməsəydin, bilməzdi. 

 

Gəlib bizə çatdı, Sonya xala ilə də mənimlə də çox səmimi görüşdü. Həmişəki bulka payını alıb, kağız paketə qoydurdu, üzünü mənə tutdu:

 

- Hə balaca, fikrini dəyişməmisən? Gedirik? 

 

Başımı tərpətdim.

 

- Onda, getdik, qızlar isti bulka gözləyir...

 

Sonya xala ilə qucaqlaşıb ayrıldıq. Paketi götürüb, gözəllər gözəli Rübabə xanımın yanına düşdüm. Erməni kilsəsinə kimi, kirimişcə getdik. Üzü Torqovıya dönəndə, səbrim çatmadı, dilləndim:

 

- Rübabə xanım...

 

Sözümü ağzımda qoydu:

 

- Mənə nə xanım de, nə xala. Rübabə də demirsən. Sənin üçün mən Rubayam, böyük podruqan!..

 

Nə soruşacağımı da unutdum, eləcə “baş üstə” dedim. Kilsənin qabağında dondurmasatan vardı. Ruba yəqin, burnumu salladığımı görüb, könlümü almaq istəyirdi:

 

- Qız, deyirəm bəlkə, adama bir dənə dondurma yeyək?

 

Dinmədim.

 

- Hansından istəyirsən?

 

Burnumun altında, “fruktovı” dedim – meyvəli. Dondurmaların ən ucuzu o idi – bulka qiymətinə. Beş-altı dəfə yemişdim, dadı xoşuma gəlmişdi, o birilərin dadını bilmirdim heç. Ruba çəpəki mənə baxdı:

 

- Ay qız, sən bilməzsən! Xanım qız, iki dənə plombir ver, sərinlənək...

 

Ürəyimdə fikirləşdim ki, qış hələ çıxmayıb, bu nə sərinlənməkdir belə? Dondurmanın birini şəstlə mənə uzatdı:

 

- Ağzında saxlaya-saxlağa ye, boğazın ağrımasın. Sonra əlində qalaram, bizə xəstələnmək qəti olmaz.

 

Amma dondurma qiyamət idi... İndikilərin yadına gəlməz, çim-yağ, qaymaq idi elə bil. Sərində də dondurma ləzzət eləyərmiş...

 

Bir az qırışığım açıldı, qısa tərəddüddən sonra, dilləndim:

 

- Ruba, bir şey soruşmaq istəyirəm, amma cəsarətim çatmır...

 

Baxışları ciddiləşdi:

 

- Soruş, amma bundan sonra, mənə sual vermə; nə lazımdırsa, özüm deyəcəm, səhvin olsa, özüm döyəcəm...

 

Bundan sonra soruşmaq olar? Səsimi kəsdim.

 

Yarım dəqiqə üzümə baxıb, amiranə dedi:

 

- Sənə soruş dedimsə, soruşmalısan! Qulağında sırğa elə: heç vaxt oxunu atıb, yayı gizlətmə...

 

- Ruba, mən nə iş görəcəm, bilmirəm axı...

 

- Sadalayım, yadında saxla: bir – kimsəyə sual verməyəcəksən, iki – mən deyənlə oturub-duracaqsan, üç – rəfiqə seçəndə, əvvəl mənimlə məsləhət edəcəksən. Özü də bu bənd oğlanlara, kişilərə də aiddir. Dörd – gedəcəyimiz yerlərdə anlamadığın bir şey olsa, ancaq məndən, sonra soruşacaqsan. Beş – nə deyirəmsə, əzbərin olmalıdır!

 

Tutulmuşdum, lal-lal baxırdım. Ruba görəcəyim işdən bir söz demədi, mən də artıq bir sual vermədim. Amma bircə dəqiqə sonra ağzını elə ahənglə açdı ki, dorndurmam boğazında qaldı, elə çeçəyə-çeçəyə, dediklərini eşitdim:

 

- Hə, bir də: kosmetikadı-zaddı, görməyim səndə. Özüm yoxlayacam!..

 

Nə isə... Gəzə-gəzə gəlib, Torqovıya çatdıq. Mən buralarda olmamışdım. Mağazalar par-par yanır, əyin-başı bahalı xanımlar dükanın birindən çıxıb, digərinə girirdilər. Küçədə durmuş maşınların sayı-hesabı yoxdu. Bu küçədəkilər, elə bil, Bakı adamları deyildi, ən azından, mən öz məhəllələrimizdə bu sort insan görməmişdim. Başım çiyinlərim üstə o yan-bu yana hərlənir, dörd bir tərəfimə hayıl-mayıl baxırdım. Yavaşca ətəyimi çəkdi:

 

- Malışka, özünü görməmiş göstərmə, başın yerindən qopar...

 

Rubanın pıçıltısı məni reallığa qaytardı, özümə gəldim.

 

Dükanların birinə girdik. İçəridə adam çox idi, amma işçiləri camaatın başının üstündən bizi görən kimi, əl-ayağa düşdülər. Ruba isə mağazanın ortasında dinməz durmuşdu, qımıldanmırdı. Bir də gördüm, arxa otaqdan əynində ütülü kostyumu, barmağında üzüyü olan qalstuklu kişi çıxıb, bizə səsləndi:

 

- Oho, nə gözəl qonaqlarımız var! Buyurun içəri, zəhmət olmasa...

 

Ruba şəstlə adamların arasından keçib, arxa otağa girəndə, gəlib-gəlmədiyimi görmək üçün geriyə boylandı, gözü mənə dəyən kimi, qaşının birini qaldırdı – gözlərində sual vardı. Tələsik adamların arasına təpildim, özümü yetirdim...

 

Mən hələ belə mağaza görməmişdim. Arxa otaq ev kimi bəzəkli idi – kreslolar, laklı masa, ağır, qədim mebellər... Gözlədim, Ruba kreslonun birində əyləşəndən sonra mən də digərində oturdum, amma bir ayağım elə bil, qaçaq idi, aradan çıxdıq desələr, yel kimi yox olacaqdım. 

 

Bir qəşəng qız bizə yaxınlaşıb, Rubaya müraciətlə dilləndi:

 

- Xanımlar türk qəhvəsi içəcəkmi? Yəmən qəhvəsidir, bəyənəcəksiz...

 

Ruba razılıq əlaməti olaraq, başını ehmallıca tərpətdi, üzünü mənə tutub dedi:

 

- Malışka, bir qalx, səni yaxşı görsünlər!

 

Yerimdən dik atıldım. Əlimdə bir şey yox idi deyə, əllərimə yer tapa bilmirdim. Rəfiqəm bir, məni süzdü, bir əynimdəki nimdaş pal-partarı, sonra da üzünü kişiyə çevirib dedi:

 

- Bu qızımızı geyindirəcəksən! Amma sənə geyindirmək deyirəm ha! Başdan-ayağa! Bizdə dükan gəzən hal yoxdu... Qəhvənin dadına baxaq, sən də qızlara de, hər şeyi hazırlasınlar... 

 

Bir an sonra, iki satıcı qız başıma pərvanə kimi hərlənirdi. Bilmirdim qəhvəni hara içirəm. Məni diqqətlə süzürdülər, bir-biri ilə nəsə pıçıldaşıb getdilər. On dəqiqə sonra qucaqları dolu qayıtdılar, qızların biri nəzakətlə dilləndi:

 

- Balaca xanıma əziyyət verə bilərik? Zəhmət olmasa, yandakı güzgülü otağa keçək, gətirdiklərimizi primerka eləyək...

 

Rubaya baxdım, başını yüngülcə tərpətdi, ayağa qalxıb, yan otağa keçdim...

 

On dəqiqədən sonra təzədən otağa girəndə, çaşqınlığımdan az qalırdı əynimdəki xoşrəng şal paltarın balağını dartıb, uzadım – hələ dizin altına kimi paltarım olmamışdı; mən bir az uzun geyinirdim.

 

Ruba məni bir xeyli süzdü, əllərinin hərəkətini sezib, məlahətli təbəssümlə, ərkyana göz vurdu:

 

- Dəymə, malışka, belə moddu... Sürtukunda qızıl saat zənciri görsənən kişi də məndən gözünü çəkmirdi. Xeyli baxıb, məni o üz-bu üzə çevirdi, sonra da dilləndi:

 

- Necədir? Bəyəndiniz?..

 

Az qaldı, cavab verəm, amma başımı qaldırıb, üzünü Rubaya tutduğunu görüb, kəlməmi uddum.

 

Rubabə dilləndi:

 

- Babatdı... Çəkməni də dəyişdiniz, eləmi? Yaraşır. Malışka, rəngini bəyənməsən, de, dəyişsinlər!

 

Sevindiyimdən qanadım yox idi uçmağa, ən çox sevdiyim rəng idi paltar – sumağı, söz tapa bilmirdim:

 

- Məncə, pis deyil... Amma deyəsən, çəkmə bir az sıxır.

 

Rubanın qaşının biri yenə qalxdı. Kişi əyilib, əlilə yoxladı:

 

- Yaxşıdır, xanım, yarım saat ayağından çıxarmasa, yaxşı olacaq; lap razmeridi...

 

- Bax, ha! Bir də qayıtmayaq.

 

- Əladır, vallah, özünüz görəcəksiniz...

 

Ruba daha dinmədi, redikülünü açıb, bir bağlama pul çıxardı:

 

- Hesabını çıx, Həbib! – sonra da üzü mənə tutub, həlim səslə soruşdu – Daha qəhvə istəmirsən ki?

 

Başımı buladım. Burda yaman sıxılırdım – bilmirdim, dəbdəbədən idi, yoxsa, heç vaxt görmədiyim diqqətdən. İki dəqiqə keçmiş, kişi pulun artığını balaca sinidə gətirdi, Ruba da qızların hərəsinə bir əllilik verib, qalxdı. Qolunu qatlayıb, dirsəyini mənə uzatdı:

 

- Getdik, podrujka!

 

Onun qoluna girdim. Boyum balaca idi, mənə elə gəlirdi, qolundan sallanmışam...

 

Dükandan çıxıb, yolumuza davam etdik. İri voentorqa çatmamış, soldakı ara küçədə qadın bərbərxanası vardı, ora girdik. Yenə içəridə çaxnaşma düşdü. Rubanın amiranə səsi eşidildi:

 

- Tereza, malışkaya bir dənə kare! – Qolundakı incə qızıl saata baxdı, düyməni basdı, zümrüdlü qapağı açıldı - Mən bir az gəzəcəm, qırx dəqiqəyə burdayam!

 

Saçlarımı nə vaxt yuyub, kəsdiklərini bilmədim, amma aynaya baxanda anbaan nə qədər gözəlləşdiyimi görürdüm. Axı, mən yazıq, nə bilirdim, kare nədir...

 

Ruba lap vaxtında gəldi, qalxıb, qoluna girdim, bərbərxanadan çıxdıq. Deyəsən, kare saç onun üçün təzə deyildi – heç baxmadı da. Bir-iki addımdan sonra ayaq saxlayıb, redikülündən iki dənə qov kimi yüngül ipək ləçək çıxardı:

 

- Birini boynuna sal, o birisini başına bağla... Biri çəkmənə düşür, o biri paltona...

 

Tələsik tapşırıqlarını yerinə yetirdim, yola düzəldik. Tinə çatan kimi, bir “Pobeda” taksiyə əl elədi, sürücü düşüb, arxa qapını açdı.

 

- Qız, acından qırıldıq, yemək istəmirsən?

 

- Ruba, bulkalar qaldı axı, qızlara vermədin...

 

- Eybi yox... Bulkanı ki, peçin üstündə qızdırırsan, arasına kərə yağı ki, basıb yeyirsən, bilirsən nə qiyamət olur?.. Uf, lap ağzımın suyu axdı, qız, sənin canın yanmasın! Getdik balıq yeməyə...

 

Üzünü sürücüyə tutdu:

 

- Basanojkaya sür!  

 

(Ardı var)        

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 86209
avatar

İlqar Əlfi

Oxşar yazılar