Əvvəli: https://lent.az/news/354654
Ötən əsrin 50-60-cı illər oğru Bakısının kriminal elitasına daxil olan Əliyeva Fatma Hacıağa qızının (“Balaca Fatma”, “Qızılbarmaq Fatma”) həyat tarixçəsi...
Üçüncü bölüm
Fikirlərim qarma-qarışıq idi, bilmirdim üzümü hansı səmtə tutum. Nəhayət, özümü ələ alıb, ayağa qalxdım. Düşündüm ki, Beşmərtəbəyə qədər gedim, böyründəki bağda skamya tapıb oturaram, indi beynimi dələn ağır seçimi birtəhər çözərəm.
Tramvay xəttini keçib, bağa girdim. Erkən saatlar olduğundan, bağda süpürgəçilərdən başqa kimsə yox idi. Oturub körpəmə baxırdım. Üzünə gün düşür, burnu qıcıqlanırdı. Birdən asqırdı. Onun səsi sanki, vücudumun ən acıyan yerindən çimdik götürdü. Çarəsizliyim birdən çatdı mənə. Qəribədir, şəhər nə qədər iri olsa, adamı bir o qədər çaşdırır. İndi bu dünyadan bixəbər körpənin nə təqsiri vardı? Allah onun qanına anaya güvənmək hopdurmuşdu, Balacanın bu güvəncini xəstəxanada da hiss edirdim - qucağıma gələn kimi səsini xırp kəsirdi. Fikirləşirdim ki, doğum evinə gələndə tək idimsə, indi bütün müqəddəratı, bütün həyatı məndən asılı olan oğlum da var. Və mən nəyin bahasına olursa-olsun bu çətin vəziyyətdən bir çıxış yolu tapmalı idim...
Öz evimizə getməkdən söhbət gedə bilməzdi; qalırdı bircə Hökumə xalagil. Adını xatırlayan kimi, səsi qulağımda cingildədi: “İstəməsən, evə gəlməyə bilərsən”... Adama “gəlmə”ni necə deyərlər? O bir kəlmə söz məni hərəkətə sövq edirdi, oturmaqdan bir şey çıxmazdı, getmək lazım idi.
Hüsü Hacıyev küçəsinə çıxdım, üzü İçərişəhərə yollandım. Şors küçəsinə, Kamenistiyə çatanda üzü yuxarı buruldum. Elə bil, ayaqlarım özü yeriyir, məni qadın məsləhətxanasına tərəf aparırdı. Yadıma düşdü ki, Şorsun baş tərəfində bir bazar var, çox böyük olmasa da külək tutan yer deyil. İstəyirdim günortaya kimi vaxtımı orda keçirəm, sonra da keçəm Həmşəri palanına – qadın məsləhətxanasına.
Sovetskinin tininə çatanda, nəfəsimi dərmək üçün, ayaq saxlayıb qalxdığım yoxuşa baxdım. O vaxt Bakı indiki kimi deyildi, adamın baxışları iri binalar görmürdü, düz dənizə kimi aydın görünürdü – nə univermaq vardı, nə nazirlik. Fikirləşdim ki, bu boyda şəhərdə getməyə yerin olmaya...
Tramvayların gurhagur ötdüyü Sovetskidən keçəndə, tindəki çörək dükanının təzə bulka iyi burnumu qıdıqladı, səhərdən ac olduğumu birdən hiss etdim. Aman Allah, mən acmışamsa, gör, körpəm nə gündədi...
Cibimdə bir qara qəpik də yox idi ki, barı bir bulka alıb yeyim, qarnım doysun. Amma uşağı əmizdirə bilərdim. Fikirləşdim ki, yenə bazar xəlvət yerdi, bir küncə keçib uçağı əmizdirim. Sovetski bazarı sağ əldə idi. Balaca olduğundan hamı bir-birin tanıyırdı, elə bilirdin, iri bir həyətə girmisən. Qoca kişilər, arvadlar hərəsi qabağına bir yeşik qoyub, birinin də üstündə oturmuşdu, bu başdan o başa söhbətləşirdilər. İçəri girən kimi lap sıxıldım, deyəsən, gözlərinə yad adam dəymişdi, baxışlar ox kimi canıma saplandı.
İti addımlarla bazarın o biri başına tələsdim, diqqətdən yayınmaq üçün, özümü işgüzar göstərmək istəyirdim. Bazarın başında qəssabxana var idi, arxasında da açıq qapılı bir daxma. Xəlvətcə sivişib içəri keçdim. Deyəsən, burda kəllə-paça ütürdülər; iyindən bildim.
İçəridə kimsə yox idi. Ortalıqdakı qap-qara kətili görünməyən küncə çəkib, masanın üstündəki əski ilə silib yerimi rahatladım. Uşağın üzündəki örtüyü qaldıranda, gördüm ki, yatıb. Döşümü sıxıb biraz südü kənara sağdım, körpəni sinəmə yaxınlaşdıranda, südün qoxusunu alıb oyandı və acgözlüklə əmməyə başladı. Bir az keçmiş içəri bir qadın girdi, məni görüb yaman səksəndi.
- Ay qız, burda neynirsən!
- Xala, bayır soyuqdu, uşağı əmizdirirdim...
Arvad bir mənə baxdı, bir qucağımdakı bələyə, yaxınlaşıb bələyi araladı. Körpəmin gözləri par-par yanırdı.
- Aman Allah bunun, gözlərinə bax, nəlbəki boydadı ki! Haralısan ay qız? Harda yaşayırsan?
Bunu eşidən kimi, gözümdən yaş süzüldü, için-için ağlamağa başladım. Xala küncdəki kətili çəkib mənimlə diz-dizə oturdu.
- Danış görüm! Niyə ağladın?
Əvvəlindən axırınacan, başıma gələnlərin hamısını, tanımadığım, adını da bilmədiyim bu xalaya danışmağa. Axırını da qayınanamın mənə dediyi son sözlərlə bitirdim...
- Qızım, belə çıxır ki, getməyə yerin yoxdur. Bəs neyləyəcəksən?
Maddım-maddım üzünə baxdım.
- Deyirəm, bəlkə bizə gedək? Qışın günü körpə uşaqla küçədə qalma... Bir az özünə gələrsən, sonrasına Allah kərimdi, bir yol açar...
Elə bil çiynimdən dağ boyda yük qalxdı. Bu məqamda mənim üçün əsas məsələ qalmağa yer tapmaq idi. Aclığımı, susuzluğumu tamam unutdum.
- Barı südün boldu? Uşaq korluq çəkmir ki?
Başımı bulayıb, “yox” dedim. Amma özlüyümdə fikirləşdim ki, kaş, bir dənə isti bulka olaydı...
Elə bil ürəyimi oxudu.
- Aclığın var?
“Yox” deməyə dilim gəlmirdi, hə deməyə də utanırdım. Yerimdə çarəsiz qurcalandığımı görüb, əlini saçlarıma çəkdi, ayağa qalxıb, başını bulaya-bulaya dükana keçdi. Beş dəqiqə keçməmiş, əlində yarım girvənkə mal ciyəri qayıtdı, ortalıqdakı primusu alışdırıb, dəmirin üstünə qoyub, çörək dalınca getdi.
O ciyərin dadı hələ də damağımdadı...
Yeyib toxtadım. Deyirəm, adamın qarnı tox olanda, dünya da başqa cür görünür – qarnımız tox, qalmağa yer də düzəldi...
...Xalanın adı Səlimə, qəssablıq edən ərininki isə Qərib idi. Xudmani evləri vardı, bazardan iki tin aralı. Uşaqlarını yerbəyer eləyib, baş-başa dolanırdılar.
Səhər uşağın səsinə oyandım. Kişi işə getmişdi, Səlimə xala isə bizi oyatmamaq üçün cınqırın da çıxartmırdı.
Oyandığımı görən kimi dilləndi:
- Sabahın xeyir, qızım, zaxod bayırdadı, əl-üzünü yu. Təzə çay dəmləmişəm.
Hava açılmışdı. Otağa dönəndə masanın üstündə pürrəngi çay, bir az da şor çörək gördüm. İndiki ağlım olsaydı, yerdən-göyə dil-ağız eləyərdim...
- Fatma, mən getdim bazara, sən də, bekar durma, apar uşağı məsləhətxanada yazdır, hava da xoşdu...
Açarı masanın üstünə qoyub, çıxdı...
Bu minvalla bir neçə həftə qaldım onlarda. Kişi hər gün işdən gələndə, cibində mənə bir ovuc şirni gətirirdi – manpası yadınızda olmaz, o vaxtların ən sevilən şirnisi, kasıbların deserti idi.
Artıq iş tapmaq barədə fikirləşirdim. İstəmirdim bu xeyirxah insanlara yük olum. Səlimə xalaya dedim ki, iş tapmaq istəyirəm, dolanışığım olsun, sizə də yük olmayım, maaşım olsa yaxınlıqda bir ev tapıb köçərdim, onsuz da əziyyətimi çox çəkdiniz...
- Nə deyim, ay qızım, özün bilən məsləhətdi, onda gərək soraq eləyək. İş tapana kimi, onsuz da evsiz deyilsən, öz evindi nə qədər istəyirsən qal. Kişi də sizi çox istəyir...
Bir gün Səlimə xala işdən əlində yekə bağlama ilə qayıtdı, uşağa bələk dəsti almışdı. Sevindiyimdən nə deyəcəyimi bilmirdim, möhürlü hökumət mələfələri bezdirmişdi məni, hər görəndə kimsəsizliyim yadıma düşürdü. Üstündən də dedi ki, deyəsən, sənə qalmağa yer tapdıq, uşağın əynin dəyiş, gedək baxaq...
Ər-arvad orta yaşlı adamlar idi. Tək oğulları, davada itkin düşmüşdü. Rəsul kişi qırçılıq edir, Pakizə xala da evdar idi. Sakit fağır adamlardı. Mənimçün rahat olacaqdı, uşağa da baxacaqdılar, rahat işləyə bilərdim. Qalırdı bircə iş tapmaq.
Səhəri gün təzə evimizə köçdüm. Sağ olsunlar, Səlimə xala tez-tez bizə dəyməyə gələr, hər gələndə də əlində pay-püşü olardı...
Amma mən iş dalınca hara gedirdimsə, əliboş qayıdırdım. Heç şəhəri də əməlli-başlı tanımırdım axı. Eləcə aşağı məhəllələrə enib, dolaşırdım, qayıdanda da səmti tutub, tanış yerlərə çatınca yoxuş qalxırdım.
Bir gün Pakizə xala dedi ki, qonşuluqda bir arvad var, evində bulka, peraşki bişirib Parapetdə satır. Deyir ki, işim ağırdı çatdıra bilmirəm, köməkçi axtarıram.
Bulka adını eşidəndə uşaq kimi sevindim, Pakizə xala isə sözünə davam edirdi:
- Qızım, bacararsansa, səhər gedək danışaq.
Ertəsi gün Parapet deyilən bağa gəldik. Arvad peraşki-bulkasını indiki “Araz” kinoteatrının qarşı səkisində qoyduğu arabadan satırdı...
İndiyə elə araba qalmaz, fanerdən düzəldib, altına dörd dənə podşipnik təkər vurur, ağ rəngə boyayırdılar. Peraşki-bulkanın üç-dörd dənəsini boşqaba qoyur, qalanı soyumasın deyə, yeşiyin içinə yığırdılar. Satıcının da mütləq gərək ağ xalatı, başında ləçəyi olaydı.
Arvadın adı Sona idi, müştəriləri onu Sonya xala deyə çağırırdı. Çox səliqəli və təmiz geyinmişdi, danışmağına da söz ola bilməzdi – rus dilini tum kimi çırtlayırdı.
Sonya xala başdan-ayağa məni süzüb, gülümsədi:
- Ağəz, Pakizə bu ki, lap malaletkadı... Uşağı neyləyəcək, işləyə biləcək?
- Ay qız, narahat olma, diribaşdı. Körpəyə də özüm baxacam...
Səhəri işə çıxası oldum, amma utandığımdan maaşı soruşmamışdım. Sonya xala mənə dedi ki, iki həftə məni öyrədəcək, özü də işimə göz qoyacaq. Elə ki, püxtələşdim, özü evdə peraşki-bulkasını bişirib gətirəcək, mən də satacam.
Mənə çox şey öyrətdi. Beş-on günə adamları uzaqdan tanıyırdım. Bilirdim ki, mal alan kimdi, gəzib dolaşmağa gələn kim. Ciyər peraşkisi, bir də vanilli bulka satırdıq – peraşki köhnə pulnan əlli qəpik, bulka bir manat. Sovetin təzə pulu ilə peraşki beş qəpik, bulka on qəpik.
Tək işləməyə başlayan gündən, Sonya xala maaş barədə özü mənə dedi. Dedi ki, sənə günə iki bulka, iki peraşki verəcəm. Dörd yüz manat da pul alacaqsan. Xeyli pul idi, ayda qırx dənə bulka edirdi...
Müştərilərim növbənöv adamlar olurdu. Boyum balaca idi deyən, hərdən məni uşaq bilib pulun qəpik-quruşunu almırdılar. Alıcılar arasında pulluları da olurdu. Ən çox səhər tezdən, bir də günorta üstü satırdıq.
Müştərilərimdən hər səhər bulka almağa gələn bir qadından lap xoşum gəlirdi. Zalım qızı elə bil toya bəzənirdi. Sinəsi açıq, dekolte şal paltar, lodoçka dikdaban çəkmə, əlində lak redikül olardı. Üst-başının qır-qızılı da öz yerində. Hər dəfə iyirmi-otuz isti bulka alır, məni bir xeyli şirin-şirin danışdırırdı. Adını Ruba çağırırdılar. İndi deyəcəm kim olduğunu, biləcəksiniz. Həmin o Ruba idi ki, məşhur “Qara volqa” kitabında onun haqqında yazmışdılar. Əsl adı Rübabə imiş, oğru Rübabə...
Mən kütbeyin də bunun üst-başına baxıb fikirləşirdim ki, handa bir vəzifəlinin arvadıdı.
Bir gün məndən soruşdu ki, burdan nə qədər qazanırsan? Dolana bilirsənmi?
Özümü saxlaya bilməyib şikayətləndim. Dedim ki, çətin dolanıram. Körpə uşağım olduğunu bilirdi. Gülümsünüb, dedi:
- Buralar sənlik deyil. Mənimlə getsən, əməlli-başlı gün görərsən. Heç nədə korluğun olmayacaq, bəy qızı kimi dolanacaqsan.
Ruba kimi bir xanımla getmək üçün ürəyim atlanırdı, amma Sonya xaladan keçə bilməzdim, arvad işsiz, naçar vaxtımda mənə əl tutmuşdu:
- Ruba, səninlə gedərdim, amma Sonya xalaya heç nə deyə bilmərəm, boynumda haqqı-minnəti çoxdu.
Rübabə gülümsündü, üsulluca başını bulayıb, dilləndi:
- Sonya ilə işin yoxdu, o mənlikdi. Söhbəti özü açacaq, özü də sənə get deyəcək.
Səhər mal gətirəndə arvad sözlü adam kimi məni zənnlə süzdü.
- Fatma, sən Rubanı yaxşı tanıyırsan? Onunla getmək istəyirsən?
Var-dövlət tapmış adamlar kimi, sevincək, hə - dedim, - istəyirəm.
Daha dinmədi. Eləcə dedi ki, səhər gələndə iş paltarı geyinmə, Ruba dalınca gələcək...
(ardı var)