Ötən həftə özlərini feminist adlandıran bir qrup gənc paytaxtımızda aksiya keçirdi. Səsləndirilən şüarlardan başlayaraq, iştirakçıların şəxsiyyətinə kimi, bu aksiya ilə bağlı bütün məsələlər müzakirə predmetinə çevrildi. Kimisi gənc xanımları əxlaqsızlığı yaymaqda ittiham etdi, kimisi isə cinsi inqilabın baniləri adlandırdı. Səsləndirilən bəzi şüarlar cəmiyyətimiz üçün o qədər yad idi ki, hətta özünü liberal kimi təqdim edənlərin bir çoxu da öz əqidədaşlarını açıq dəstəkləməkdən çəkindilər. Çox vaxt keçmədi ki, aksiya iştirakçıları səs-küyə səbəb olan şüarların zahiri oxunuşunun yanlış olduğunu, həmin sözlərin obrazlı başa düşülməsinin gərəkliyini açıqladılar. Təbii ki, bütün bunlar ictimai təpkinin nəticəsində mümkün oldu.
Düzü, özlərini qadın haqları uğrunda mübarizə fədailəri kimi təqdim edən bir sıra həmvətənimizin radikal mövqeyi anlaşılan deyil. Həqiqətənmi Azərbaycan mədəniyyəti cinsi mövzular üzərində təmərküzləşib? Qadın azadlığı hökmən vulqarlıq və əndazəsizlikdən keçməlidirmi?
Qadın hüquqlarının müdafiəsi bir anlayış olaraq Qərb mədəniyyətinin məhsuludur. Müsəlman şərqində qadın üçün ticarət, mülkiyyət, vərəsəlik, nikah, təhsil və səs (biət) hüquqlarına malik olmaq və bu hüquqlardan kişilər qədər yararlanmaq təbii və adi olduğu qədər, qərb qadını üçün bu hüquqlara yiyələnmək ağlasığmaz idi. XIX əsrdə başlayan emansipasiya uğrunda mübarizə bir əsrdən sonra nəticə verdi - Qərb ölkələrində qadınların ibtidai insani hüquqları tanındı. Bir sözlə, qadın hüquqi müstəvidə şəxsiyyət kimi təsdiqləndi. Daha sonra Qərb qadını kişilərlə bərabərhüquqlu olmaqla yanaşı, bərabərimkanlı olmaq istədi. Hesab olunurdu ki, qadının kişi ilə bərabər imkanlara malik olmamasının səbəbi kişilərin cinsi həyatda daha çox sərbəstliyə malik olması idi. Təbii ki, hər dərdin dərmanını cinsi mövzularda görən Freyd və onun davamçılarının bu işdə "zəhməti" az deyildi. Qadını kişinin cinsi ləzzət alması üçün bir “qoşma”, “əlavə” kimi tərif edən freydizm, feministləri də əks-hücuma keçməyə vadar etdi. Hesab olunurdu ki, bu ədalətsiz yanaşmanın kökündə antik və xristian dəyərlərindən doğan əxlaq dayanır. Ona görə də Avropa bütün əxlaq normalarını ayaq altına ataraq, cinsi inqilaba büründü. Lakin bu da son olmadı. Ötən əsrin 90-cı illərindən etibarən feminizm cinsi mənsubiyyətin bioloji nəsnə olduğunu inkar etməyə, cinsiyyətin azad seçimlə müəyyən olunmasını tələb etməyə başladı. Bu gün uşaqları cinssiz varlıq kimi tərbiyə etmək, yeniyetmələri cinsini dəyişməyə təşviq etmək, valideynləri "ata" və "ana" sözləri ilə deyil, say rəqəmi ilə çağırmaq, bir sözlə, bütün ictimai hadisələri qurşaqdan aşağı müstəviyə yönəltmək - insan hüquqları sahəsində ən mütərəqqi nailiyyətlər hesab olunur.
Təbii ki, bütün bunları Azərbaycan üçün arzulayanlar da var. Lakin bu arzularla yaşayan siyasi cərəyanların nəzərdən qaçırdığı mühüm amil ondan ibarətdir ki, müsəlman dünyagörüşündə qadın-kişi dixotomiyası heç zaman olmayıb. Antik dövrdən XXI əsrə qədər Avropada mənəvi-maddi, dini-dünyəvi, intellektual-fiziki, hökumət-xalq, uca-alçaq oppozisiyası kişi-qadın dixotomiyası üzərində qurulurdu. Hətta müasir siyasi ideologiyalar müxalif cəbhələrin bir-birini üstələmək və əvəzləmək arzusundan yaranıb. Avropa üçün iki qütb arasında qarşılıqlı qısqanclıq və paxıllıq ictimai proseslərin alqoritmini təşkil edir. İslam dünyagörüşündə isə belə dualizm mövcud deyil. Qadın arxetipi olan Həvva kişi arxetipi olan Adəmin artıq qabırğası və ya asayişini əlindən alan kəs deyil. Qurani-kərim insanın bir kişi və bir qadından yaradıldığını bəyan edir. Beləliklə də nə kişi ucalığı, nə də qadın alçaqlığı tərənnüm edir. Nəticə etibarı ilə müsəlman dünyagörüşündə dövlət, hüquq, əxlaq, mədəniyyət nə kişimərkəzlidir, nə qadınmərkəzli. Belə bir zəmində cinsi inqilab haqda xəyal quranlar anlamalıdırlar ki, uğursuzluğa məhkumdurlar. Səmimi olaraq qadın haqları üçün çalışanlar isə reallığa və azərbaycanlı kimliyinə uyğun yol seçməlidirlər.
Sovet dönəmində emansipasiyaya yönəlik hesablanmamış siyasət onunla nəticələndi ki, qadının durumu daha da ağırlaşdı: ailə qayğılarına iş yükü də artırıldı. Avropanın təcrübəsi də ürəkaçan olmadı. Avropa İttifaqı Fundamental İnsan Hüquqları üzrə Agentliyinin məlumatına əsasən, bu gün Avropa Birliyində qadınların 30% məişət zorakılığının qurbanı olduğunu etiraf edib. Aİ üzrə ən yüksək göstəricilər isə, sosial rifah cənnəti sayılan Skandinaviya ölkələrinin öhdəsinə düşür - 50%. Bütün bunlar gender münasibətlərinin ən sərt qanunlarla tənzimləndiyi bir coğrafiyada baş verir. Deməli, məsələnin siyasi-hüquqi yolla həll imkanları olduqca məhduddur. Hüquq insana öhdəliklərini sadalayır, siyasət bu öhdəliklərə riayət etməyə məcbur edir, lakin heç biri insanda məsuliyyət hissi yaratmır. İstəsək də, istəməsək də etiraf etməliyik ki, məsuliyyət mənəvi kateqoriyadır. İnsanın, o cümlədən qadının hüquqları yalnız daxili tənzimləyicilər vasitəsilə təmin oluna bilər. Bu tənzimləyicilər, başqa sözlə desək, mənəvi prinsiplər olmayan yerdə qanun və siyasət effektiv nəticə verə bilməyəcək. Kimsə etiraz edə bilər ki, mənəviyyat olduqca mücərrəd bir anlayışdır. İnanın ki, mənəviyyat heç də azadlıq, ədalət, haqq anlayışlarından daha mücərrəd deyil. Burada müasir ədəbiyyatşünasların bu və ya digər janrın tərifi haqda mübahisələri yadıma düşdü. Ədəbi tənqidçilərdən biri söyləmişdi ki, konkret janr altında nəyi nəzərdə tuturuqsa, həmin janrın tərifi elə odur. Yəni ədəbiyyatçı bütün bunları intuitiv hiss edir. İnsanla bağlı kateqoriyalar da belədir. Lakin bir insan özünü tapmaq əvəzinə, özünə süni kimliklər uydurursa, həm mənəvi duyumunu itirir, həm də mənəviyyat onun gözündə mücərrədləşir. Deməli, bütün problemlərin kökündə insanın özünü tanımaması və bundan doğan məsuliyyətsizlik dayanır.
Qadın haqlarının müasir müdafiəçilərinin bir çoxu qadın üçün bütün hüquqları tanıyır, yalnız özü olmaqdan başqa. Neçə qadının ailə zorakılığına, iqtisadi ayrı-seçkiliyə, psixoloji təpkiyə və s. məruz qalmasının statistikası aparılır. Lakin qadınların nə istədiyi, özlərini hansı halda xoşbəxt hiss etdiyi heç kimə maraqlı gəlmir. Kişilik və qadınlıq məfhumlarının aradan getməsini istəyənlər ümumiyyətlə qadınları xoşbəxt görmək, yoxsa hansısa marginal qrup və azlıqların ambisiyalarını təmin etmək istəyirlər? Nə üçün qadını azad etmək kimi nəcib bir missiya daşıdığını iddia edənlər, əks fikirli insanlara, insanın təbii halına, mənəvi dəyərlərə, hətta onlar kimi olmayan qadınlara qarşı radikal və aqressiv mövqe sərgiləyirlər? Düşünürəm ki, kiminsə xoşbəxtlik və azadlığını nifrət və kin üzərində qurmaq mümkün deyil. Necə ki, qadının əzildiyi bir cəmiyyətdə kişi xoşbəxt ola bilməz.
Azərbaycan qadını hər zaman hürr və kişi ilə bərabər olub. Bəli, siyasətin hərb, iqtisadiyyatın əkinçilik üzərində qurulduğu dönəmdə fiziki güc ön plana keçir. Bu da kişi ilə qadının iş bölgüsünün fiziki göstəricilər əsasında aparılmasını qaçılmaz edir. Bəli, bu gün məcburi evlilik, erkən nikah, məişət zorakılığı, təhsildən yayındırma kimi ayrı-ayrı hallara rast gəlinir. Bunun da ucqar bölgələrdə kadr və infrastruktur çatışmazlığı, maarifləndirmənin zəifliyi, insanımızın özünəinamsızlığı, müasirliyin yanlış təqdimatı və valideynlərin bu "müasirlikdən" qorxması durur. Bu sahədə istənilən araşdırmalara baxsaq, görərik ki, bir çox hallarda qadınımız elə qadın qohumlarının şiddət və təpkisinə məruz qalır. Bu hallar mənəvi dəyərlərimizə bağlılığın deyil, əksinə onlardan uzaq düşməyin nəticəsidir. İntellekt və mənəviyyata söykənən ictimai düzəndə cinsiyyətlərin fərqi tamamilə önəmsiz olmalıdır. Belə cəmiyyətdə hər bir kəs digərinə təmənnasız dəstək olmaq, inanmaq, güvənmək istəyir. Ona görə də, yad mədəniyyətlərin uğursuz təcrübəsini yamsılamaq əvəzinə, öz yolumuz haqda düşünsək daha yaxşı olar. Bu yol, universal olmaqla yanaşı, Azərbaycan qadınının özünəməxsusluğunu da qoruyub saxlamalıdır.
Hacı Şahin Həsənli