“COVİD-19” infeksiyasının yaratdığı vəziyyətlə bağlı hökumətin pandemiya vəziyyəti yaranmadan xüsusi rejimin tətbiqinə başlanması təqdirəlayiqdir”.
Bunu APA TV-yə müsahibəsində millət vəkili Ceyhun Məmmədov deyib: “Azərbaycan bu istiqamətdə ən operativ qərar qəbul edən ölkələrdən biri oldu. Biz qısa müddət ərzində cərəyan edən hadisələrə qonşu ölkələrdə və digər ölkələrdə təhsil dayandırıldısa , bununla bağlı inzibati tədbirlər görüldüsə bu bizim ölkəmizdə daha öncə həyata keçirilməyə başlanıldı. Nazirlər Kabineti bu istiqamətdə müəyyən qərarlar qəbul etdi, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tövsiyələri ilə silsilə tədbirlər həyata keçirildi. Bu gün də dövlət bu sahəyə ciddi şəkildə nəzarət edir və dünən də operativ qərargahın qərarı oldu. Bu qərara hər birimiz hörmətlə yanaşmalıyıq. Çünki ümumi təcrübə göstərir ki, bu cür xəstəliklər insanların toplaşdığı məkanlarda sürətlə yayılır”
Ceyhun Məmmədov qeyd edib ki, əsas məsuliyyət cəmiyyətin üzərinə düşür: “Bu sahədə dövlət tərəfindən önləyici tədbirlər görülür. Ona görə də əhali bu dövrdə çox həssas olmalıdır. Hadisələrə soyuqqanlı yanaşılmalıdır. Çünki bu müvəqqəti çətinlikdir. Cəmiyyət bu qərarları anlayışla qarşılamalıdır. Bu gün bizə yas mərasimlərinin keçirilməsi ilə bağlı müraciətlər olub. Biz həmin insanlara da öz tövsiyəmizi verdik ki, bu zəruri tədbirlərdir. Biz həmrəy olmalıyıq, hər birimiz dövlətin qərarlarına hörmətlə yanaşmalıdır. İnsanların mağazalara kütləvi şəkildə axın etməsi müşahidə olunur. Buna ehtiyac yoxdur. Azərbaycan Hökuməti gərəkən bütün addımları atıb”.
Millət vəkili hesab edir ki, bu milli təhlükəsizliyimizin təminatı baxımında da çox önəmli qərarlardır: “Milli təhlükəsizlik baxımından da bu çox vacib bir məsələdir. Çünki epidemiyanın yayılması prosesi sürətlə baş verir. Təhlükəsizliyimizi qorumaq baxımından həm sərhədlərimizin bağlanılması, məhdudiyyətlərin qoyulması, inzibati tədbirlərin görülməsi bu məqsədə xidmət edir”.
“Azərbaycan–Türk qadınlar cəmiyyəti”nin sədri Tənzilə Rüstəmxanlı qeyd edib ki, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın davamlı olaraq ictimaiyyəti məlumatlandırması səmərəli nəticəsini verəcək: “Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məsələni ciddi nəzarətdə saxlaması önləyici tədbirlərin uğurlu nəticəsi olacağına təminatdır. Bilirsiniz ki, bir müddət əvvəl məktəblərin bağlanması atılan önəmli addımların birincisidir ki, xəstəliyin qarşısı alınsın və yayılmasın. Sərhədlərin bağlanması, gəlib gedənlərin yoxlanılması ilə dövlətimiz çox ciddi addımlar atır. Dünən axşam açıqlanan qərarlar isə millətimizin təhlükəsizliyi naminə ən ciddi addımlardır. Dövlət artıq bu addımı atdı. Hətta qərarı icra etməyənlərə belə xəbərdarlıq olundu. Bizə nə qalır? Azərbaycan ziyalılarına, aydınlarına kimin imkanı hansı səviyyədə çatırsa sosial mediada və mətbu orqanlarında məlumatlandırmaqdır”
Tənzilə Rüstəmxanlı vurğulayıb ki, qəbul edilmiş qərarlara riayət etmək cəmiyyət olaraq üzərimizə düşən ən mühüm məsuliyyətdir: “Millətimizin təhlükəsizliyi naminə deyilənlərə əməl olunmalıdır. Bu çox sürətlə yayılan bir xəstəlikdir. Təmizlik qaydalarına xüsusi nəzarət eləmək mütləqdir. Həmrəyliklə mübarizə nəticəsində biz bu xəstəliklə mübarizə nəticəsində ən az itki vermiş olacağıq. Qonşu dövlətlərdən daha çevik Azərbaycan dövləti ciddi önləmlər aldı. Atılan bu addımları millətimiz və dövlətimiz adına uğurlu hesab edirəm. Təhlükəsizlik sahəsində atılan ən mühüm qərarlardan biri kimi dəyərləndirirəm. Bu bizim hamımız üçündür, Azərbaycanımız üçündür. İnanın bunun çox müsbət nəticəsini görəcəyik. Hər kəs fərd olaraq qəbul edilmiş qərarlara riayət etsə biz bu xəstəliyə qalib gələ biləcəyik”.
Yazıçı Səlim Babullaoğlu hesab edir ki, vətəndaş dövlətin işinə dəstək verməlidir: “Azərbaycan hökumətinin koronovirusla bağlı dərhal operativ qaydada tədbirlər görməsi, ilk növbədə məktəblərin bağlanması, uşaqların mümkün ola biləcək fəsaddan qorunma tədbirləri və dünəndən etibarən də əlavə tədbirlərin də qüvvəyə minməsi lazımı və olduqca yerində atılmış addımlardır. Hesab edirəm ki, vətəndaşlarımız da həmin bu qaydalara əməl etməlidirlər”.
Səlim Babullaoğlunun sözlərinə görə cəmiyyət bu məsələdə səfərbər olmalıdır: “Hamının hökumətin, dövlətin tövsiyə etdiyi qaydalara uyması çox vacibdir. Bu həm də bizim bir millət kimi həmrəy olduğumuzun göstəricisi olacaq. İnanıram ki, yaxın vaxtlarda həm Ümumdünya Səhiyyə Təşkilatının, həm bizim yerli həkimlərin, ümumiyyətlə bu işlə maraqlanan bütün insanların köməyi və səyi nəticəsində bu xəstəliyin dərmanı tapılacaq. Və insanların həyatına tətbiq olunmuş müvəqqəti qadağalar aradan qalxacaq”.
Qeyd edək ki, koronovirusa qarşı mübarizə tədbirləri davam etdirilir.