"38 min nəfərin işlə təmin olunması həm işsizlik, həm də məşğulluq baxımından insanlarımız üçün böyük dəstəkdir. Eyni zamanda, regionlarımızda əlavə işçi qüvvəsi resurslarının cəlb edilməsi də bir çox mövcud problemlərin həllinə dəstəkdir. Bununla bağlı yaradılmış DOST iş mərkəzi vasitəsilə ötən il 38 min işçi cəlb edildi. Biz monitorinqlər tətbiq etdik. Monitorinqlər nəticəsində, ümumilikdə, il ərzində 9 min kənarlaşma müəyyən edildi”.
APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyev tərəfindən qəbul edilən zaman bildirib:
“Bununla bağlı biz həm yerli icra hakimiyyətlərinə, həm də aidiyyəti strukturlara məlumat verərək onları kənarlaşdırdıq. Ümumiyyətlə, 38 min əvəzinə 47 min təyinat oldu. Düzdür, bunlardan bir qismi müəyyən obyektiv səbəblərdən, - vətəndaş başqa iş tapıb, oraya müraciət edirdi, - amma böyük əksəriyyəti məhz monitorinqlər nəticəsində kənarlaşmaların müəyyən edilməsi ilə bağlıdır. Bundan əlavə, ictimai şəffaflığın təmin edilməsi üçün hər rayon üzrə ictimai işlərə cəlb edilmiş şəxslərin adlı siyahısı internet portalına yerləşdirilib. Biz dəfələrlə həm mətbuata, həm də vətəndaşlara müraciət etmişik ki, burada ictimai şəffaflıq və ictimai nəzarət tam təmin edilir. İstənilən mənfi fakt haqqında bizə məlumat versinlər və onların əsasında da bu işlər davam etdirilsin. Sizin tərəfinizdən atılan qətiyyətli addımlardan sonra xeyli irəliləyiş var. Bir çox istiqamətlərdə həqiqətən də biz dinamikanın çox müsbət olduğunu görürük”.
Nazir deyib ki, bəzi hallarda təmizləmə prosesi müəyyən qədər çətinliklə, lakin tam şəkildə gedir:
“Eyni zamanda, biz vətəndaşların kənarda qalmaması üçün də davamlılığı təmin etməyə çalışdıq. Çünki 38 min şəxsin dekabr ayında işdən azad olunması, yanvar ayında təkrar 38 min əmək müqaviləsinin imzalanması kifayət qədər vaxt apara, onların əməkhaqqını bir ay itirməsinə səbəb ola bilərdi. Ona görə davamlılığı təmin etdik. Mən xüsusi vurğulamaq istərdim ki, təyin etdiyiniz bir çox yeni icra başçıları tərəfindən ciddi monitorinq və inventarlaşdırma aparılıb. Bizə təqdim olunan siyahılardan haqsız şərtlər çıxarılıb”.