Azərbaycan-Xorvatiya əməkdaşlıq münasibətləri hüquqi sahədə uğurla inkişaf edir.
Lent.az xəbər verir ki, 2 ölkənin Ədliyyə nazirlikləri arasında imzalanmış Əməkdaşlıq haqqında Memorandum çərçivəsində ədliyyə nazirlərinin qarşılıqlı səfərləri həyata keçirilir, səmərəli təcrübə mübadiləsi aparılır.
Əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın məhkəmə-hüquq sistemi və aparılan islahatlarla tanış olmaq məqsədilə Xorvatiyanın ədliyyə naziri İvan Malenitsa nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlib.
Qonaqlar oktyabrın 30-da əvvəlcə Fəxri Xiyabanda bu il 100 illiyini qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə gül dəstələri qoyublar. Həmçinin, Şəhidlər Xiyabanında Vətən uğrunda həlak olmuş həmvətənlərimizin məzarları ziyarət olunaraq üzərinə tər çiçəklər düzülüb.
Sonra iki ölkənin ədliyyə nazirlərinin görüşü keçirilib.
Görüşdə Azərbaycan və Xorvatiya arasında əlaqələrin uğurla inkişaf etdiyi, ikitərəfli münasibətlərin möhkəmləndirilməsində dövlət və hökumət başçılarının xüsusi rolu və qarşılıqlı səfərləri vurğulanıb, Xorvatiya Baş nazirinin yaxın zamanda Azərbaycana səfər edəcəyi qeyd olunub.