Yolumuzun həqiqəti - MİLLƏT VƏKİLİ YAZIR
27 sentyabr 2013 16:18 (UTC +04:00)

Yolumuzun həqiqəti - MİLLƏT VƏKİLİ YAZIR

 

Rafael Hüseynov,

Milli Məclisin deputatı,     AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor

 

Yolumuzun həqiqəti

 

Bu millət Azərbaycanın səadəti yolunda Prezident İlham Əliyevlə daim birgə olacaq

 

 

Tarix boyu insanların müqəddəs bildiyi, and içdiyi dəyərlər olub. Yerə, göyə, suya, Günəşə, Vətənə, anaya, bərəkətə and içiblər. Və tarixin bütün dövrlərində, bütün xalqlarda müqəddəs tutularaq and yeri sayılan bir dəyər də olub – yol!

Bir insanın da, bütöv bir xalqın da düz, dürüst yola ehtiyacı var. Yolunu doğru seçən, məqsədinə doğru düz gedən xalqı da, ayrı-ayrı insanları da, yolları nə qədər uzun, yorucu olsa belə, sonucda uğur gözləyib.

Tez-tez yolunu dəyişən, səmtini azan xalqların da, insanların da taleyi hər zaman düyünlü olub.

Ayağısürüşkənlik həmişə pisdir, əxlaqi naqislik əlamətidir. Yol tutub gedən insanın ayağısürüşkənliyi, tez-tez yönünü, sifətini, əqidəsini dəyişməyi isə mənəvi şikəstlikdir.

Yol həm də sanki bir ələkdir, yaxşı ilə yamanın nisbətini dəqiq müəyyənləşdirən tərəzidir. Səbəbsiz deyil ki, atalarımız hər insanı, hətta qardaşı belə etibarlılıq, sədaqət, saflıq, dözüm baxımından yolda sınamağı məsləhət görüblər.

Yolun bir sehri də odur ki, gizlinləri aşkar, örtülüləri əyan edə, maskaları yırta, saxta cildləri soyundura bilir. Ona görə yol peşman da edə, ürək də sındıra bilir, bel bağladıqlarının dönüklüyü, inandıqlarının vəfasızlığı xəyal qırıqlığı da yaradır. Amma neyləməli, bu həyatdır, bu yoldur. Yol elə ona görə yoldur ki, həmişə bizdən ağıllıdır  – dərs keçə, öyrədə, ibrətlər verə bilir.

22 ildir ki, Azərbaycan bütün tarixinin ən şərəfli yolunu gedir. Millət olaraq var olduğumuz müddətdə bizim qazandığımız ən ali sərvət istiqlalımız, dövlət müstəqilliyimizdir. Bu çətin, mübarizəli yolu getdiyimiz əsnada hər cür insanı gördük. Sadiqləri də, mərdləri də, yenilməzləri də, eyni zamanda yaramazları, satqınları, nankorları, hər rəngə girən buqələmunları da.

Həm aşağıda, həm yuxarıda.

Təəssüf ki, görməkdə də davam edirik. Çünki yol davam edir və yaşanmış dərslər də bir an belə sayıqlığı itirməməyə, sərvaxt olmağa səsləyir!

Tarixin həlledici anlarında, millətin və ölkənin taleyindəki vacib yolayrıclarında adi vaxtda mübhəm kimi qalan, bütün cizgiləri ilə aşkar görünməyən sifətlərə sanki işıq daha çox düşür və elə bil ki, hər şey və hər kəs daha çox olduğu kimi zühur etməyə başlayır.

Gün tam üstdən, tən ortadan düşür və kölgədə gizlənmək müşkülləşir, nala-mıxa vurmamaq, qəti mövqe bildirmək, əsl simanla görünmək zərurəti ortaya çıxır.

Dövlət başçısı seçmək ölkənin və xalqın tarixi və taleyindəki ən həssas, ən həlledici məqamlarındandır. Bu gedişatda nəticə etibarilə bir nəfər seçilsə də, əslində çox mətləblər bir də nəzərdən keçirilir, yolu kimlərlə davam etdirəcəyin barədə xeyli dəqiqləşdirmələr aparmalı olursan.

Biz növbəti dəfə bu sınaqlar sınağı qarşısındayıq.

Qədim Azərbaycan nağılı söyləyir ki, ölkəyə padşah seçmək istəyəndə quş uçururmuşlar. Bu şahlıq quşu iri bir meydana toplaşmış insanlardan kimin başına qonsa, onu da hökmdar seçər, danışıqsız bu rəhbərə tabe olarmışlar.

Xalqın yaratdığı hər nağılda, hər rəvayətdə, hər əfsanədə bir hikmət var.

Doğrudanmı o nağılın fəlsəfəsi bunca bəsitdir ki, ölkənin başçısını seçmək tam bir təsadüfün ümidinə buraxılır, bir dilsiz-ağızsız quşun hara qonmasından asılı olur?

Qətiyyən yox! Bu nağıl, mənim düşüncəmə görə,  Azərbaycan insanının kamil cəmiyyət arzularından doğub. Elə gün gələcək, cəmiyyət, insanlar elə bir yüksək inkişaf səviyyəsinə yetişəcəklər ki, hər soydaş ölkəni idarə etmək səviyyəsində üstün zəkaya, çoxcəhətli qabiliyyətlərə malik olacaq. Mükəmməllik elə həddə çatacaq ki, bu qədər yaxşının arasından bircə nəfəri seçməyi püşkün, təsadüfün ixtiyarına da buraxmaq mümkün olacaq. Çünki istənilən halda o seçilən kəs mahiyyətcə təsadüfi adam olmayacaq. İşi bilən, yolu bilən, insanları və yurdu arxasınca aparmağa layiq və qadir birisi olacaq.

Hələ ki, nağıldakı həmin əhvalat, həmin nümunə bizə bir nağıl qədər uzaqdır. Hələ ki, biz yüz ölçüb bir seçməliyik, hələ ki, bizim millətin və ölkənin taleyini yüz faizli inanmadığımız, vaxtın imtahanından keçirmədiyimiz kiminsə ixtiyarına buraxmağa haqqımız yoxdur.

Bütöv bir millətin və dövlətin başında dəlləklik öyrənməyin ardında sarsıntılar, faciələr var. 

Bu 22 illik müstəqillik dönəmində nələr görmədik, hansı dərsləri almadıq!

1918-ci ildə istiqlalımızı dünyaya car çəkmiş, insanlarımıza müstəqilliyin şirin dadını anlatmış ilk Azərbaycan Cümhuriyyəti qurucularının hər biri atəşin vətənpərvər, sadiq millətsevər, yaxşı təhsil görmüş, təfəkkürü geniş, iliyinədək ziyalı, dövlət və xalq yolunda hər fədakarlığa hazır şəxsiyyətlər idilər. Lakin onlar hamısı birlikdə müstəqilliyimizi yalnız 2 ilə yaxın bir müddətdə qoruyub saxlaya bildilər. Sonra 70 il istiqlalın həsrətini çəkdik, nə qədər əzablı yollardan adladıq.

1991-ci ildə tarixin və taleyin hökmü ilə bizə növbəti dəfə nəsib olmuş dövlət müstəqilliyini zamanın acı kinayəsi ilə yenidən 2 yaşına çatmadan əldən verməyin gerçək vahiməsi ilə qarşı-qarşıya qaldıq. Azərbaycanın xoşbəxtliyidir ki, həmin həlledici tale anında müstəsna şəxsiyyət Heydər Əliyev təlatümlü tarix və siyasət meydanında dikəldi, qüdrətli əlləri ilə büdrəyən dövlətimizin qolundan yapışdı, endirilmək təhlükəsi ilə üzbəüz üçrəngli bayrağımızı yenidən vüqarla yüksəltdi, bəd ənənəni sındırdı, kövrək müstəqilliyimizi 3 yaşına, 5 yaşına, 10 yaşına çatdırdı, XX yüzildən XXI əsrə yetirdi.

Müstəqilliyin üstünə gələn hər növbəti illə isə bu istiqlal bir qədər də möhkəm, bir qədər də qayıdışsız olurdu.

Unudulmaz Heydər Əliyevin dövlətimiz və millətimiz qarşısında çox xidmətləri olub, bir qurucu olaraq Ulu Öndərin Azərbaycanda əsrlərcə yaşayacaq solmaz izləri var. Lakin o nadir dühanın xidmətlərinin, zəfərlərinin zirvəsində dayanan ən misilsiz işi müstəqilliyimizi 12 yaşa yetirməsidir..

Son 10 ildə Azərbaycana rəhbərlik etmiş Prezident İlham Əliyev həmin 10 ildə onillərə sığacaq qədər nəhəng quruculuq işləri görüb və bunlar da şəksiz ki, zaman-zaman yaşayacaq, gələcək nəsillərdə minnətdarlıqlar oyadacaq. Amma Prezident İlham Əliyevin də bütün millətəxeyir işlərinin ən ucasında dayanan onun itkilərsiz, acılarsız, xalqı və ölkəni zənginləşdirə-zənginləşdirə istiqlalımızı 22 yaşa çatdırmasıdır.

22 illik müstəqilliyimizin 20 ili bu iki adla, bu vahid yolla bağlıdır. Əlbəttə ki, bu şanlı yol davam etməlidir, əlbəttə ki, millətimizin ən əziz sərvəti olan müstəqilliyimizin bir az da mətinləşməsi, bir az da qüdrətlənməsi, bir az da yaşa dolaraq daha da dönməzləşməsi üçün bu gün Prezident İlham Əliyevdən etibarlı zəmanətimiz yoxdur.

Sübut Prezident İlham Əliyevin bunca rövnəqləndirdiyi, bunca dünyada tanınan və etiraf olunan etdiyi müasir, dünyaya Günəş kimi parlayan Azərbaycandır.

Dövlətin, millətin aqibəti məchul eksperimentlərin meydanı, “mən də bir sınaqdan çıxarım” eşqinə düşən sadədillərin laboratoriya təcrübəsi ola bilməz.

Bunun dəhşətli fəsadlarını biz uzaq olmayan tariximizdən yaxşı bilirik. Ona görə də Azərbaycanı sevən, Azərbaycanın dövlət müstəqilliyinin qədrini bilən, Azərbaycanın bundan sonra da yüksəlişlərini istəyən hər kəs Prezident İlham Əliyevin yanında olmalıdır!

Xatırlayıram 1995-ci ilin son oktyabr günlərini. Nyu-Yorkda BMT-nin 50 illiyi münasibətilə dünya dövlətləri başçılarının iştirakı ilə möhtəşəm tədbir keçirilirdi. Azərbaycan Prezidenti Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti də o mərasimə qatılmışdı və mən də həmin dəstədə idim. Bir səhər BMT Baş Qərargahının binasına yaxınlaşarkən böyük Heydər Əliyev üzv dövlətlərin sıralanmış bayraqlarına baxaraq mənalı tərzdə: “Bax, müstəqillik bu deməkdir. Bizim bayrağımız ən böyük dövlətlərin bayrağı ilə eyni cərgədədir”, – dedi.

Və o güclüdən-güclü insan kövrəldi. 

Onda hələ müstəqilliyimiz sütül idi, yüz cür bəlaların əhatəsində yenicə dirçəlir, qədəm-qədəm irəliləyirdi.

2012-ci ildə isə Azərbaycan 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi və Azərbaycan Prezidenti dünyanın bu baş siyasi təşkilatının iclasına sədrlik etdi.

Budur Prezident İlham Əliyevin Vətənçi, Millətçi, Azərbaycançı fəaliyyətlərinin nəticəsi!

Yalnız Vətənin ən cahanşümul qələbələrinin və “Azərbaycan” kəlməsinin doğurduğu sonsuz fərəhin qəhərləndirə bildiyi Heydər Əliyev bu anı görsəydi, hansı duyğularla yaşayardı?!

Heydər Əliyev kimi siyasət və dövlətçilik dahisindən sonra ölkə rəhbərliyinə  gəlmək və yurdunu sələfinin dövründən 20 dəfə zəngin edə bilmək hakimiyyət hünəri, idarəçilik qəhrəmanlığıdır.

Budur Prezident İlham Əliyevin  əvəzsizliyi!

Bütün ardıcıl və çox zaman tabgətirilməz güclü xarici təzyiqlərə sinə gərərək müstəqil siyasət aparmaq, işğalçı Ermənistanı bütün sərfəli iqtisadi layihələrdən təcrid vəziyyətində saxlayaraq müflis duruma gətirmək, düşməni atəşkəs dönəmində tam məğlub halına endirmək.

Budur İlham Əliyevin misilsizliyi!

Azərbaycanın paytaxtından tutmuş ən ucqarlarınadək heyrət doğuran inkişafa, çiçəklənməyə müvəffəq olmaq, 10 il əvvəl yolunun başlanğıcında vəd etdiyi kimi hər bir azərbaycanlının Prezidenti olmaq, 10 il öncə ağır çətin yoluna qədəm qoyarkən elan etdiyi kimi “Azərbaycana yaxşı Prezident olmaq” öhdəliyini ləyaqətlə yerinə yetirmək  şərəfdir.

Bu şərəfi Prezident İlham Əliyev 10 il boyunca çəkdiyi zəhmətlər, səylər, apardığı mübarizələr sayəsində qazanıb.

1990-cı illərin ortalarında unudulmaz Heydər Əliyev əcnəbi qonaqlarla görüşlərindən birində: “Bizim yolumuz dini əsatirdə deyilən, Cənnətlə Cəhənnəm arasındakı qılıncdan iti, tükdən nazik Sirat körpüsü kimidir. Sağa, ya sola bir yanlış addım az qala ölümə bərabərdir”,  – dedi.

Həddən ziyadə mürəkkəb geosiyasi məkanda qərar tutmaq, maraqları toqquşan müxtəlif dünya gücləri ilə tarazlaşdırılmış siyasət apara bilmək, heç kəslə körpüləri yandırmamaq və milli maraqları da hifz edə bilmək xüsusi ağıl, istedad, incə siyasi fəhm və duyum, bəsirətlilik, qətiyyət, iradə, cəsarət tələb edir.

Təməlləri Heydər Əliyev qoymuşdu. İlham Əliyev bu yolu yeni şəraitlərdə bir az da təkmilləşdirərək irəlilətdi.

Bu ağırdan-ağır millət və dövlət yolunda Prezident İlham Əliyev dəfələrlə təzyiqlərlə də, təhdidlərlə də, tənqidlərlə də, lap böhtanlar, iftiralarla da qarşılaşıb. Hamısına dözüb, dözür. Çünki bilir və inanır ki, getdiyi yol gərəkli yoldur, ədalətli yoldur, doğru yoldur. Çünki millətin və dövlətin bəxtiyarlığı naminə hər cövrə tab gətirməyin alın yazısı olduğunu o çoxdan qəbul edib.

 Amerika Birləşmiş Ştatlarında, Fransada, İngiltərədə, Almaniyada... oturuşmuş güclü ölkələrdə dövlət başçısı olmağa nə var! Azərbaycan kimi mürəkkəb əhatəli, problemi çox, yolu yeni və görülməli işləri bol olan ölkənin Prezidentlik yükünü çəkmək üçqat, beşqat çətindir.

Prezident İlham Əliyev arxada qalan illərdə öz güclü şəxsiyyəti və çoxşaxəli səmərəli fəaliyyətləri ilə dünyada Azərbaycanı boyundan da uca göstərməyi bacardı.

Heydər Əliyev ömrünün son parçasında “Mən həyatımın qalan hissəsini də xalqıma bağışlayıram” demişdi.

Heydər Əliyev bu sözləri söyləyəndə onun ömrünün çoxu gedib azı qalmışdı, amma o millət öndəri aqil insan bu fikri söyləyərkən yalnız hələ yaşayacağı 5-10 ili deyil, əslində xeyli uzaq sabahları düşünürdü.

Onun Azərbaycana, xalqına bağışladığı ömrünün qalan hissəsi oğlu İlham Əliyev demək idi.

Və 10 ildir ki, İlham Əliyev bu ata nəsihətini, ata vəsiyyətini, ata tapşırığını inamla, alın açıqlığı ilə yerinə yetirməkdədir.

Qarşıdasa, daha bir mərhələ, daha 5 illik yol var.

Rayonlarımızdan birində görüşdə idik. Qürurla xəbər verdilər ki, əksər məktəblərimizi yenidən tikdik, bəzilərini əsaslı şəkildə yenidən qurduq, cəmi ikisi qalıb, onların da əvəzində yenilərini yaxın vaxtlarda tikib təhvil verəcəyik. Zarafatla söylədim ki, o iki məktəbdən birini olduğu kimi saxlayın. Çünki insanlar yaxşıya tez alışırlar və köhnəni asanca unudurlar. Qoy baxıb müqayisə etmək imkanları olsun ki, köhnə vaxtın ən yaxşı məktəbi necə idi, İlham Əliyev dövrünün ən sıravi məktəbi necədir!

İlham Əliyev Azərbaycan quruculuğuna indiyədək görünməmiş bir miqyas gətirib. Onun gördüyü işlərin, gerçəkləşdirdiyi layihələrin ölçüləri elədir ki, dünənlə heç vəchlə tutuşdurula bilmir. Tutalım, son 3 əsrdə dənizkənarı bulvar dəfələrlə təmir edilib, gözəlləşdirilib, genişləndirilib.

İlham Əliyev də bu işi gördü. Sadəcə təmir etmədi, genişləndirmədi, gözəlləşdirmədi. Büsbütün yeni bulvar qurdu. Əvvəlkindən bir neçə dəfə böyük, qat-qat gözəl, ağlasığmaz dərəcədə füsunkar. Özümüzünkülər də, xaricilər də  – kim  baxdı mat qaldı, valeh oldu.

100 il idi Bakıda şəhər quruculuğu gedirdi, müasir binalar, müəssisələr ucaldılırdı. İlham Əliyev 10 ilə o 100 ildəki həcmdən artıq və keyfiyyətli işlər gördü.

Budur yaşından qat-qat yetkin, çox uzaqları görməyə qadir cavan Prezidentimizin miqyasları, gələcək içərisindən bütün əzəməti bəlkə də indikindən daha aydın qiymətləndiriləcək  və həmişə minnətdarlıqlar oyadacaq əməllərinin bəhrələri.

Nə edilibsə bu millət üçün, Azərbaycan üçün edilib və hamımız haçansa getsək də, o işlərin hamısı qalacaq, sabahın Azərbaycanının, balalarımızınkı olacaq.

Amma bəs biz nə qədər qədirbilənik, bu zəhmətləri hansı nəcibliklə dəyərləndirə bilirik?

Dövlətimizin müxtəlif mükafatları, təltif nişanları var. Onların hamısını tərəqqimiz yolunda seçilən insanlara ölkə Prezidenti verir. Bu yolda ən çox əməkləri olan dövlət başçısınınsa ən böyük mükafatı vətəndaşlarının razılığı, məmnunluğu, bircə “sağ ol”udur. Zənnimcə, bu güman yanlışdır ki, Prezidentin o təşəkkürə, əməklərinə millətinin verdiyi qiymət olan “sağ ol”a ehtiyacı yoxdur.

Qədrşünaslığa hər kəsin insani ehtiyacı var.

Axı bütün bunlar səninçündürsə, sənin övladlarından ötrüdürsə, niyə görməyəsən, niyə dəyərləndirməyəsən?!

Azərbaycan yeraltı, yerüstü sərvətləri ilə zəngin bir ölkədir və Azərbaycanda İlham Əliyev dövrünün bir səciyyəvi cəhəti də odur ki, bu sərvətlər məhz onun rəhbərliyi dönəmində bunca geniş ölçüdə bütün ölkənin inkişafına yönəldilib.

Bu Vətənin də, bu dövlətin də sərvətlərinin ən mühümü Azərbaycan insanıdır və Prezident İlham Əliyev də hər vətəndaşını ən böyük dayağı sayır.

Cəmiyyətin hər təbəqəsi onun üçün əzizdir, lakin mənşəcə, mahiyyətcə özünün də birbaşa aid olduğu ziyalı təbəqəsi ona ruhən daha yaxındır. Çünki bu insanlar cəmiyyətin zəka yükünü, işığını daşıyanlardır və tarixin ən amansız dövrlərində də Azərbaycan daim öz seçkin ziyalısı ilə bərq vurmağı, fərqlənməyi bacarıb.

Təbii ki, hər özünə ziyalı yarlığı yapışdırıb ortaya atılanlar deyil, xalqının və dövlətinin rifahı, tərəqqisi, özünütəsdiqi üçün təmənnasız xidmət yolunu seçmiş, ortada əməklərinin hər kəsə bəlli məhsulları olanlar əsl ziyalılardır.

Müasir tariximizin taleyüklü bu yeni mərhələsi, növbəti Prezident seçkiləri ərəfəsində xaricdəki düşmən qüvvələr Azərbaycana qarşı həmişə olduğu kimi yenə müxtəlif xəbis planlar tökməyə başladılar və öz aləmlərində guya bu dəfə niyyətlərini psevdoziyalıların vasitəsilə həyata keçirməyi bacaracaqlarını düşündülər.

Turqut Ərciklərin saxtakar və iftiraçı yazıları, Qərbin kütləvi informasiya vasitələrinə yerləşdirilən qarayaxmalardan ibarət cızma-qaralarla çürük bünövrələr yapandan sonra ölkə içindəki çürükləri, sapı özümüzdən olan baltacıqları, dəhrəcikləri şəbəkələrinə cəlb etməyə başladılar. Düymələri ölkədən qıraqda olan bu zavallılar əldəqayırma qurumlar düzəltdilər, özləri deyib özləri eşitdikcə cuşa gəldilər, boş xəyallarının xumarında zənn elədilər ki, artıq vəziyyətin sahibidirlər. Hətta elə gerçəkdən Azərbaycan ziyalısının onlardan ibarət olması kimi xam xülyaya düşdülər.

Əsl Azərbaycan ziyalılığı bir möhtəşəm ordudur ki, həmişə onu sevən və qayğıkeşi olan Prezident İlham Əliyevin yanındadır, müstəqil dövlətinin, istiqlal içərisindəki millətinin xidmətindədir. Həmişə belə olub, bu gün də belədir, gələcəkdə də belə olacaq.

Hadisələr dövləti, dövlət idarəçiliyini özfəaliyyət dərnəyi səviyyəsində dərk edən o acizlərin umduğu səviyyədə cərəyan etsəydi, gedişat bizi elə çıxılmaz bataqlıqlara salardı ki, nəinki bu günəcən nail olduqlarımız əldən gedərdi, hətta müstəqilliyimiz də kölgə altına düşərdi. Axı sərhədlərin o tayında buradakı müti icraçıların buyruqçuları, pisimizi istəyənlər, badalaq vurmaq üçün girəvə gözləyənlər, marığa yatanlar, pusquda duranlar bəs deyincədir.

Baxın ki, özünü həmin qəlp ziyalı yığıntısının önündə gedənlərdən sayan, uşaqcasına guya Azərbaycan ziyalısı adından xalqa müraciət etmək səlahiyyətinin olduğunu fərz edən bir buqələmun Azərbaycanı 2013-cü ilin 22 sentyabrında necə görür, necə təsvir edir: “Dərin ictimai-siyasi, sosial-iqtisadi, hüquqi və mənəvi böhran həddinə gətirilib çıxarılmış”, “əksəriyyətin işsiz və çörəksiz olduğu məmləkət”; “Azərbaycanda həyat ağır və hətta, bir çox hallarda, dözülməz şərtlərini sürdürməkdə davam edir”.

Bu sizin gördüyünüz, içərisində yaşadığınız tərəqqi edən, tumurcuq-tumurcuq açılan Azərbaycan deyil, bədxah nəzərlərlə, düm qara eynəklə seyr edilən ayrı bir Azərbaycandır.

2008-ci ilin sentyabrında isə həmin şəxs başqa nəğmə oxuyurdu: “Prezidentimiz İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsində Azərbaycan nəinki regionda, eyni zamanda, dünyada lider dövlətə çevrilməkdədir”.

Bu iqtibas isə “İki sahil” qəzetinin 2008-ci il 9 oktyabr sayındandır. Azərbaycan dövlətinin insanlarımıza bəxş etdiyi firavanlığı, xoş həyatı öyən elə həmin Gültəkin Hacıyevadır: “Cənab Prezidentin son 5 ildə həyata keçirdiyi əhatəli siyasi  kursa gəlincə deyə bilərəm ki, o, dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən iqtisadiyyatın inkişafını, əhalinin sosial rifah halının yaxşılaşdırılmasını, işsizliyin, yoxsulluğun aradan qaldırılmasını, bölgələrin tərəqqisini qarşıya mühüm vəzifə kimi qoyub, hazırda respublikanın bölgələri iqtisadi inkişaf baxımından heç də paytaxtdan geri qalmır”.

Dünənəcən Azərbaycan iqtidarının şeyda bülbüllərindən olan, hər cümləsi iqtidara mədhlə başlayıb mədhlə bitən haqq carçısı 2013-cü ildə yazır: “Ziyalı cəmiyyətin vicdan səsidir. Bu gün Azərbaycan hakimiyyəti öz mənəvi-əxlaqi dəyərlər sistemindən vicdan anlayışını ləğv edib”.

Ziyalılığın düsturunu verən, vicdan kimi incə mövzulara girişən bu şəxs Gültəkin Hacıbəylidir və baxın görün bu gün mövcud hakimiyyət əleyhinə təzəlikcə tutduğu yoldan onu ölümün də döndərə bilməyəcəyini əhd edən həmin xanım bəyləşməmişdən qabaq, hələ Hacıyeva olduğu əyyamlarda eyni canfəşanlıq, eyni ehtirasla hansı tam əks mövqedən çıxış edirdi: “Biz bilirik ki, yolumuz haqq yoludur, düzgün və ədalət yoludur, yolumuz zəfər yoludur”.

Bu sözləri Gültəkin Hacıyeva 2008-ci il sentyabr ayının 19-da deyib, təbii ki, indi yolçusu olduğu cığır barədə deyil, Prezident İlham Əliyevin başçılığı altında Azərbaycan iqtidarının getdiyi və özünün də o vaxtlar sıra nəfəri olduğu yol haqqında deyib.

G.Hacıbəyli bunlarısa indi, 2013-cü il sentyabrın 22-də “Azadlıq” qəzetində dərc edilən yazısında bəyan edir: “İndi iqtidar bir funksional institut kimi Azərbaycan xalqını məhv etməklə məşğuldur”.

Diqqət edin bu “sarsılmaz” məsləkli, amma ayağı yüngülvarı sürüşkən olduğundan vaxtaşırı getdiyi yoldan sapan, baxışları 180 dərəcə dəyişə bilən şəxs dünən nə deyirdi: “Vətəndaş birliyi, milli həmrəylik hər bir azərbaycanlının Prezidenti olmaq istəyən və olmağı bacaran hörmətli Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasətin məntiqi və ardıcıl davamıdır” (8 may, 2007. Milli Məclisin stenoqramları).  Yaxud, 2008-ci il oktyabrın 23-də verdiyi müsahibədə (“525-ci qəzet”) Azərbaycan xalqının xoşbəxt, firavan həyatının qurucusunun Azərbaycan iqtidarı olduğunu təsdiqləyərək xanım G.Hacıyeva xüsusi vurğulayırdı: “İlham Əliyevin 5 illik fəaliyyətinin xalq tərəfindən çox yüksək qiymətləndirilməsinin bir səbəbi də onun sözün həqiqi mənasında siyasi mənsubiyyətindən, siyasi spektrin hansı rəngini təmsil etməsindən asılı olmayaraq, bütün azərbaycanlıların maraqlarını təmsil etməsindən qaynaqlanır”. 

Nə oldu, bəs indi deyirsiniz iqtidar Azərbaycan xalqını məhv edir?!

Mən nə şərh edim, kor-kor, gör-gör, özünüz nəticə çıxarın, özünüz qiymət verin. İndi ağzına bu sözləri alan kəsin az müddət sonra öyrəncəli dilindən köhnə bayatıların səslənməsini, yaxud bugünkü baxışlarından tam fərqli özgə bir mövqeyin ifadə edilməsini, ya da ayrı bir kəsin yanında son damla qanınadək qalacağı barədə təzə bəyanatlarını oxusanız, eşitsəniz, təəccüblənməyin.

Və ciddiyə də almayın, çox da bənd olmayın. Dilin sümüyü olmur.

Əlbəttə, vaxt ötdükcə bir insanın baxışları da, siyasi əqidəsi də başqalaşa bilər, mümkündür ki, bu gün cəbhə dəyişərək birinin, sabah digərinin, o biri gün tamam ayrısının yanında dayanasan. Bu analoqu çox olan və siyasət təsərrüfatında az müşahidə etmədiyimiz haldır. Amma həqiqət ki həqiqətliyində qalır. Rəngini, səmtini dəyişən kimi həqiqətə münasibəti dəyişməməlisən axı! Onda da ki, bu həqiqətlər Vətənlə, dövlətlə, millətlə bağlı olmuş ola və sənin necə təqdim etməyindən asılı olmayaraq hər kəsə görünə.

Zənnimcə, bütün bu daban-dabana zidd baxış və mövqelərin bir şəxsdə birləşməsi lap yumşaq desək, ruhi uğursuzluğa düçar olmanın əlamətidir. Belə halların baş verməsinin nədən qaynaqlandığını isə G.Hacıyeva özü hələ 2007-ci il oktyabrın 25-də səriştə ilə izah edir, mərəzə bu cür diaqnoz qoyurdu: “Azərbaycan müxalifətinin uzun müddətdir uğursuzluğa düçar olmasının səbəbi riyakarlıqdır”.

Necədir?

O vaxt bu keyfiyyəti (ya keyfiyyətsizliyi) başqalarına – o zamankı rəqiblərinə (və indiki həmkarlarına) aid edib.

İndi, bu yerdə, bu məqamda həmin fikir nə dərəcə aktual səslənir, nə qədər avtoportret cizgisi kimi təsir bağışlayır, onu da oxucu müəyyənləşdirsin.

2013-cü il sentyabrın 22-də Azərbaycan hakimiyyətini insanlarımızın ucdantutma haqlarını tapdalayaraq hətta “Allaha qarşı meydan oxumaqda”  ittiham edən, fikirlərinə sanbal vermək üçün Allahı da özünə şahid götürməyə cəhd edən G.Hacıbəyli bir neçə il əvvəl iqtidarı müqəddəs sayır, həmin inamını Milli Məclisin və çeşidli mitinqlərin mikrofonlarına ürəklə, hündür səslə söyləyirdi. Hamısının yazıları qalır. Yazıya da pozu yoxdur!

Bu gün Azərbaycanda “37-ci ildə belə rast gəlinməyən iyrənc” halların mövcudluğunu yazan xanım G.Hacıbəyli 2007-ci il aprelin 16-da Avropa Şurası Parlament Assambleyasının tribunasından Azərbaycandakı demokratik mühit haqqında tam əks və son dərəcə müsbət mövqeyi ifadə edirdi: “Azərbaycan demokratiya yolu ilə gedir. Azərbaycanda demokratik təsisatların inkişaf dinamikası yüksəkdir”.

Azərbaycandakı demokratiya gəlişmələri haqda G.Hacıyevanın bu fikirləri isə 2008-ci il 17 fevrala aiddir: “Bütün beynəlxalq qurumlar kimi AŞPA təmsilçiləri, təşkilatın rəsmiləri dəfələrlə bəyan etmişlər ki, Cənubi Qafqazda apardığı demokratik islahatlara görə fərqlənən, qurum qarşısında götürdüyü öhdəliklərə hörmətlə yanaşan Azərbaycanda söz, mətbuat azadlığı, plüralizm inkişafdadır, insan haqlarının qorunması istiqamətində önəmli islahatlar aparılır, əhəmiyyətli qərarlar qəbul olunur” (“Yeni çağ” informasiya agentliyi).

Sovet tarixinin nəhs 1937-ci ilinə gəlincə, onun nə olduğunu mən çoxlarından yaxşı bilirəm. O dövr haqqında bir neçə irihəcmli araşdırma-kitabın müəllifiyəm. Azərbaycanın, Rusiyanın, Orta Asiyanın, Gürcüstanın Milli Təhlükəsizlik nazirliklərinin arxivlərində yüzlərlə məhbusun “cinayət işini” oxumuşam, Stalin repressiyalarının əzablarını yaşamış sıra-sıra insanı dindirmişəm. O dövrdə nəinki hakim siyasətə, ideolojiyə əks olan nəsə demək, yazmaq, hətta bu barədə öz ailən içərisində pıçıltı ilə danışmaq qorxulu olub, kimisə sadəcə tanıdığına, adını bildiyinə, ifşasında fəal iştirak etmədiyinə, kiməsə uzaqdan-uzağa rəğbətin olduğuna (yaxud nifrətini açıq bildirmədiyinə görə) insanları güllələyiblər, həbs ediblər, olmazın işgəncələrə məruz qoyublar, nəsilliklə qayıdışsız sürgünlərə yollayıblar.

Bu gün isə Azərbaycanda nə istəyirsiniz danışırsınız, nə istəyirsiniz yazırsınız, harada istəyirsiniz toplaşırsınız, həyatınız öz axarında davam edir. Nə sizə güldən ağır söz deyən var, nə qarşınızı kəsən. Budurmu 37?

G.Hacıbəyli yazır: “Cəmil müəllim bu gün kəfənini əyninə geyinib bizim üçün, bizim və övladlarımızın xoşbəxt və ləyaqətli gələcəyi üçün çətin və müqəddəs bir yola çıxıb”.

Bu deyiş tərzi məni çox narahat etdi və dalağım sancdı.

Bu nəyin anonsu, hansı mümkün təxribatlar üçün qoyulan özüldür?

Cəmil Həsənli prezidentliyə namizəddir, digərləri kimi çıxış edir, mövqeyini bildirir, olsun ki, nələrisə sərt söyləyir. Nə olsun, burada nə var ki! Söz deyir, ona da yaxşı-yaman sözlə cavab verilir.

Amma bu kəfən söhbətinin ortaya atılması məndə həqiqətən nigaranlıq oyadır.

Onsuz da ölkə əhalisinin ümumi əhval-ruhiyyəsi ilə tanışlıq açıqca göstərir ki, İlham Əliyev qarşıdakı Prezident seçkilərinin qalibi olacaq. Amma destruktiv qüvvələr, onları qıraqdan yönəldənlər haqq işimizə cüzi də olsa kölgə salmaq, bayram ovqatımıza zəhər damızdırmaq, özlərinin törətdiyini ayağımıza yazmaq üçün hər namərdliyə gedə bilərlər.

Yoxsa ki, bu kəfən qəziyyəsi boşuna, havadan yaranmayıb və dövriyyəyə də təsadüfi olmayaraq indi buraxılır. Gərək çox ehtiyatlı olaq.

“Azərbaycanın şəhərlərinə, rayonlarına, qəsəbələrinə, paytaxtımızın  küçə və meydanlarına nəzər salsaq, görərik ki, elə bir yer yoxdur ki, orada ölkəmizin inkişafının izləri hiss olunmasın”. Gültəkin Hacıyeva 2008-ci il sentyabrın 19-da “525-ci qəzet”ə müsahibəsində Azərbaycanı belə görürdü və üstündən 5 il ötəndən sonra ikiqat artıq tərəqqi etmiş Azərbaycan Respublikasını insanlarımızın “heç yaşamayıb sürünməyə məhkum edildiyi rəzil həyat” səhnəsi kimi dəyərləndirirdi (“Azadlıq” qəzeti, 22 sentyabr 2013).

   Müdam iqtidarla təmaslarda olan, hakimiyyətin yaratdığı imtiyazlardan illərcə geninə-boluna istifadə edən, günlərin birində hansısa maraqları təmin olunmayanda qəfilcə asqırıb ayılan, cırnayaraq: “Mən cahan mülkündə mütləq doğru halət görmədim, Hər nə gördüm əyri gördüm, özgə babət görmədim” bağıranların, şəxsi qayğılarını ümummilli problemə çevirib  şikayətlənənlərin, quyruqları qapı arasında qalandan sonra əlüstü demokratlara, inqilabçılara çevrilənlərin sözlərindəki səmimiyyətə heç vaxt inam, etibar olmayıb, olmayacaq da.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün usanmadan gecə-gündüz aparılan işi, qaçqınların, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün bütün Azərbaycan boyu layihələr həyata keçirilməsini, qəmli çadır şəhərciklərinin yerli-dibli ləğv edilməsini və ərazilərimizin işğalı probleminin həllini həm də iqtisadi müstəviyə yönəltməklə Ermənistanı miskin vəziyyətə yetirən genişmiqyaslı dövlət siyasətini insafsızca danan G.Hacıbəyli bu gün istehza ilə belə yazır: “Vətənpərvər” iqtidarımız bizi ötən 20 ildə Qarabağa 20 metr də yaxınlaşdırmadı”.

2007-ci il noyabrın 9-da Milli Məclisdə çıxış edərkən bu xanımın iqtidarın vətənpərvərliyinə şübhəsi yox idi: “Qarabağ siyasətinin bütün yükü cənab Prezidentin üzərindədir”.

2008-ci il sentyabrın 17-də isə G.Hacıyeva belə deyirdi: “Prezidentimiz söz verdiyi kimi beş il ərzində Azərbaycanın hərbi müdafiə büdcəsini Ermənistanın bütünlüklə dövlət büdcəsinə bərabər səviyyəyə qaldırdı. Eşq olsun Ali Baş Komandanımıza!” (“Yeni Azərbaycan” qəzeti, 18 sentyabr 2008).

Olsun, buna hər kəs razı. Bəs mövqeyini, əqidəsini beləcə kəlləmayallaq dəyişənə nə olsun?!

Və bir daha dinləyək iki fərqli ladda eşidilən eyni səsi: “Yolumuz işıqlı, parlaq, nurlu yoldur. Bu yol bizi işıqlı gələcəyə aparacaq. Bu yolun təməlini ümummilli liderimiz Heydər Əliyev qoyub və bu yol bizi çiçəklənən, güclü, qüdrətli Azərbaycana qovuşduracaq” (Gültəkin Hacıyeva. “Yeni Azərbaycan” qəzeti. 18 sentyabr 2008).

Bu da həmin ifadır. Ancaq indi dalğa başqa, koordinat başqa: “Bu yol rahat yol deyil. Bu yolda heç birimiz həbslərdən, ölümdən belə sığortalanmamışıq. Bu yolun hansı məhrumiyyətlərdən keçməsindən asılı olmayaraq, mən bu haqq yolunda şərəfli mübarizəsində sonadək Cəmil Həsənlinin yanında varam!” (Gültəkin Hacıbəyli. “Azadlıq” qəzeti, 22 sentyabr 2013).

***

Orta çağın mütəfəkkir insanı və ötkəm şəxsiyyəti Həzrət Əli ibn Əbi Talibin müdrik bir fikri uzun yol aşaraq VII əsrdən bu günümüzə yetişib və o qənaət doğru yolun əbədi hikməti ilə bağlıdır: “Qabaqda olanlar bizi gözləyəcəklər, arxada qalanlar özlərini bizə çatdıracaqlar. Çünki bizim yolumuz haqq yoludur”.

Bu elə bizim – Azərbaycanın da getdiyi yoldur.

Bu elə Prezident İlham Əliyevin getdiyi yoldur.

Millətin və Ölkənin yüksəlişlərə, zəfərlərə, tərəqqiyə doğru səmt götürmüş yolu.

20 il əvvəlki Azərbaycan, 10 il əvvəlki Azərbaycan deyil. 10 il qabaqkı Azərbaycan 5 il öncəki Azərbaycan deyil.

Bugünkü Azərbaycan 5 il əvvəlkindən çox irəli gedib.

20 il əvvəl, 10 il qabaq bizdən xeyli qabaqda olanların, bizə üstdən baxanların əksəri indi sözümüzü eşidir, rəyimizlə hesablaşır. Dünya dövlətləri ailəsində çəkimiz də, nüfuzumuz da müqayisəyəgəlməz dərəcədə artıb, arta-arta da gedir. Görənlər görür, bilənlər bilir və geci-tezi var – görməyənlər də görməyə vadar olacaq, görüb dilə gətirmək istəməyənlər də mütləq bu heyrətlər doğuran oxşarsız inkişafı görüb etiraf etməyə məcbur qalacaqlar.

Azərbaycan, həqiqətinə inandığı  böyük yoldadır.

Milləti ilə əl-ələ, ürək-ürəyə olan Prezident İlham Əliyev daha parlaq üfüqlərə doğru böyük yoldadır.

Və bu yolun hər sabahında zəfərlər var. Çünki bu yol ayağı sürüşkənlərin, dönüklərin, riyakarların, hər hava şəraitində dəyişənlərin yox, sadiqlərin, sabitqədəmlərin, üzü və sözü bir olanların getdiyi  haqq yoludur!

Haqq köməyimiz olsun!

# 979
avatar

Oxşar yazılar