- Ən çox yadda qalan ad gününüzü nə vaxt keçirmisiniz?
- Bismillahir Rəhmanir Rəhim. Mən bütün Azərbaycan xalqını, cəmi müsəlmanları geridə qoyduğumuz Ramazan bayramı münasibətilə təbrik edirəm. Allahdan arzu edirəm ki, onlar xoşbəxt olsunlar. Qarşıdan seçkilər gəlir. Tövsiyə edirəm ki, bu seçkilərdə haqq-ədalətin tərəfdarı olsunlar. Mən insanları Heydər Əliyev ideyasına səs verməyə dəvət edirəm.
Həyatımda çətin günlər də yaşamışam. Xoşbəxt günlərim də olub. Ən xoşbəxt günlərim heç də doğum günü ilə bağlı deyil. Ən xoşbəxt günüm birinci dəfə Kəbədə olarkən, oranın minarəsinə qalxarkən olub. Bu hissi heç vaxt unutmaram. 1975-ci il uzun yol qət edib Kəbəyə yaxınlaşanda, uzaqdan Kəbənin minarəsini görəndə özümü saxlaya bilmədim və ağladım. Bu ağlamaq sevinc ağlamağı idi. Allahın mərhəmətinə qovuşmaq ağlamağı idi. Sonrakı dövrlərdə mənim həyatımda Heydər Əliyev həzrətlərinin ikinci dəfə hakimiyyətə gəldiyi günə təsadüf edir. Həmin gün Peyğəmbərimizin mövludu idi. Təzə Pir məscidində yığışmışdıq. Orda çıxış etdi. Həmin günə mənim də mövludum təsadüf edirdi. Heydər Əliyev orada çıxış edərkən mənim ad günümdən xəbəri yox idi. H. Əliyevin dövründə heç vaxt iki dəfə çıxış etməzdi. Sonradan icazə istəyib, ikinci dəfə çıxış etdi. İkinci çıxışında Heydər Əliyev həzrətləri mənə layiqli sözlər dedi. Məni təbrik etdi. Həmin gündə də məni ordenlə təltif elədi. Səhv etmirəmsə, “Söhrət ordeni” idi. Həmin günə həm Peyğəmbərimizin anadan olduğu gün, həm mənim doğum günüm, həm Heydər Əliyev həzrətlərinin illər sonra “Təzə Pir” məscidinə gəlməsi təsadüf edirdi. Sonrakı illərimi də Allah həmin günə uyğun bəxş etdi. Neçə illər sonra birinci nəvəm Xanlar da həmin günə təsadüf etdi. İndi İngiltərədə oxuyur. Daha sonra, oğul nəvəm Allahşükür də 26-da anadan olub. Bir sözlə, bu gün mənim üçün həmişə xoşbəxtlik gətirib. Həmin gün Mehriban xanım da dünyaya gəlib. Avqust ayı mənim üçün bayram ayıdır. Həmin ayda yoldaşım da anadan olub. Ailələrimizin çoxu avqust ayında dünyaya göz açıb.
- Hacı ad gününüzü kədərlə keçirdiyiniz illər olubmu?
- Təbii ki, həyatımda qəm-kədərli günlərim də çox olub. Mən indi xəbərlərə baxırdım. Misirdə insanların qırılmasını izləyirdim. Oradakı hadisələrdən çox kədərləndim. Mənim Misirlə sıx əlaqəm var. Misirin ən yüksək ordeninə layiq görülmüşəm. İndi orda baş verən hadisələr, qırğınlar, müsəlmanların bir-birini qırması, Livanda baş verən terror, sünni-şiə məsələsinin ortaya atılması və s. məsələlər məni çox narahat edir. Bundan başqa, 20 yanvarda baş verən hadisələr mənim heç vaxt yadımdan çıxmayacaq. Həmin ili mən heç ad günü də keçirtmədim. Həyatdır da... (köks ötürür)
20 yanvar tarıxında mən Azərbaycan xalqının böyüklüyünü gördüm. Baxmayaraq ki, xalqımızı o dövrdə əzdilər, qırdılar, öldürdülər, şəhid etdilər. Amma Azərbaycan xalqı səsini qaldıra bildi. Öz haqqını tələb etdi. Ən yadda qalan tarixidir. Mən bundan sonra Azərbaycan xalqını çox az halda birləşən gördüm. Məni heyrətləndirən iki hal oldu. 1990-cı il 20 yanvar faciəsi və 1994-cü ildə Heydər Əliyevin çağırışında xalqın birlik göstərməsi. O dövrdə mən də səhərə qədər orda idim. Həmin vaxt xalq öz istəyilə ora toplaşdı. Onlar Heydər Əliyevi dəstəklədilər. 20 yanvar günü də xalq qorxu bilmədi. Yalın əllə silahlı və qudurmuş rus imperiyasının ordusu qarşısına çıxdı. O tarix həm də Azərbaycan tarixinin qürur duyacağı səhifələri idi.
- Şeyx həzrətləri, hər kəsin bir arzusu var. Ad günündə nə arzulardınız ki, Sizə hədiyyə olunsun? Yaxud, Allahdan özünüzə nə arzulardınız?
- Bu il mənim 64 yaşım tamam olacaq. Amma Peyğəmbərimiz 63 il yaşadı. Mənim üçün, bundan sonra nə yaşayacağamsa, Allahdan mənə hədiyyədir. Amma çox heyfslənirəm. Mən cavanlara çağırış edirəm. Nə qədər əllərində imkanları varsa, bədənlərində qüvvə varsa, ibadətdən əl çəkməsinlər. Allaha ibadətdən, orucdan, namazdan qalmasınlar. Çünki insan qocalanda istədiyi kimi ibadət etmir. İndi görürəm ki, əyilib-durmaqda çətinlik çəkirsən. Cavanlıqda etdiyin ibadətin ləzzətini yaşlaşanda o qədər də duymursan. Arzulardım ki, insanlar nə qədər əllərində imkanları var, Allah onlara nə qədər imkan veribsə, ibadətdən əl çəkməsinlər. Allahı unutmasınlar.
Mənim hədiyyəm hər gün aldığım nəfəsdir. Mənə ən böyük hədiyyə müstəqilliyimizin tam bərpasıdır. Torpaqlarımızın işğal altından qurtarılmasıdır. Həyatdır. İnsan dünyadan gedəndə, nakam kimi gedir. Mən ömrüm boyu azərbaycançılığı təbliğ eləmişəm. Torpaqların işğaldan azad olunması üçün döyüşmüşəm. Mənim əlimdə silah olmayıb. Hərbçi deyiləm. Amma qələmim heç vaxt əskik olmayıb. Torpaqlarımızın azad olunması, Qarabağ məsələsində həqiqətlərin dünyaya çatdırılması uğrunda imkan daxilində çalışmışam. Allah bizə torpaqlarımızn azad olunmasını nəsib etsin, İnşallah. Şəhidlərimizin qanı yerdə qalmasın. Bu mənim üçün böyük hədiyyədir.
- Biz uzun illərdir torpaqlarımızı sülh yolu ilə qaytarmağa çalışırıq. Lakin çoxu düşünür ki, bu, artıq mümkün deyil. Torpaqlarımızı mühaibə yolu ilə qaytarmağın vaxtı çatıbmı?
- Torpaq qaytarılması Ali Baş Komandanın əmri ilə olmalıdır. Hər bir vətəndaş da prezidentin yanında olmalıdır. Hər bir vətəndaş rəhbərə bu işdə kömək etməlidir. İstər müxalifət, istər iqtidar, istər din adamı, istərsə də qeyri-dindar, bu torpaq hamımızındır. Sonda kimliyindən asılı olmayaraq, torpaq ana kimi bizi qoynuna alacaq.
Eşitdim ki, Panamada Xocalı faciəsilə bağlı qərar qəbul ediblər. Çoxları bu faciənin genosid olmasını qəbul etdilər. Bu Azərbaycanın təbliğatı deməkdir. Azərbaycanlıların apardığı işlər deməkdir. Əgər belə təbliğatları aparsaq, hərə bir yana çəkmədən, hamı vətən haqqında çalışsa, ola bilsin ki, bu problem sülh yolu ilə həll olunsun. Onsuz da yetəri qədər qan tökülüb. Mən din xadimi kimi istərdim ki, Qarabağ münaqişəsi sülh yolu ilə həll olunsun.
- Bəzən deyirlər ki, Qarabağ müharibəsi Ermənistan-Azərbaycan yox, xristian-müsəlman müharibəsidir. Bu doğrudurmu?
- Bəli, elə fikirlər səslənir. Bu fikirləri münaqişəni daha da genişləndirmək, problemi daha da ağırlaşdırmaq istəyən qüvvələr yaradır. O qüvvələr öz maraqlarını güdürlər. İstəyirlər ki, Qarabağ münasibətlərini dini məcraya yönəltsinlər və xristian-müsəlman dünyasını qarşı-qarşıya qoysunlar. Əlbəttə ki, biz buna razı olmamalıyıq. Biz onlara şans verməməliyik.