Rusiyadan Azərbaycana qarşı növbəti Gülüstan təxribatı
11 oktyabr 2013 13:16 (UTC +04:00)

Rusiyadan Azərbaycana qarşı növbəti Gülüstan təxribatı

Rusiya Xalqlar Dostluğu Universiteti azərbaycanlı alimin mühazirə oxumasına, iki ölkə alimlərinin dəyirmi masa keçirməsinə mane olub

 

 

Sabah Gülüstan müqaviləsinin imzalanmasının 200 ili tamam olur. 1804-1813-cü illər  Rusiya-İran müharibələrinin yekunu olaraq 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində Rusiya və İran dövlətləri arasında bağlanmış bu müqaviləyə əsasən,  Azərbaycan  torpaqlarının bir hissəsi -  Bakı, Qarabağ, Gəncə, Şirvan, Şəki, Quba, Dərbənd xanlıqları və Talış xanlığının bir hissəsi Rusiya imperiyasına  daxil edilib. Bu hadisənin Rusiya və Azərbaycan tarixində  mühüm əhəmiyyətini nəzərə alaraq Moskvadakı Azərbaycan diasporunun təşəbbüsü ilə oktyabrın 11-də Rusiya Xalqlar Dostluğu Universitetində (RXDU) AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi,  tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidinin  “1813-cü il Gülüstan  müqaviləsi – Azərbaycan xalqının və Azərbaycan dövlətçiliyinin taleyində dönüş hadisəsi kimi. 200 ildən sonrakı baxış”  mövzusunda açıq mühazirə oxuması  barədə universitet  rəhbərliyi ilə razılıq əldə edilib.

 

Solmaz Rüstəmova-Tohidinin Lent.az-a verdiyi məlumata görə, mühazirədən sonra Rusiyanın və Moskvada yaşayan azərbaycanlı alimlərin iştirakı ilə həmin mövzuda dəyirmi masanın keçirilməsi də nəzərdə tutulub. Lakin tədbirin vaxtına 6 gün qalmış tədbirin azərbaycanlı təşkilatçıları  RXDU-dan rəsmi məktub alıblar. Məktubda universitetdə tədris prosesində yeni qaydaların tətbiqi ilə əlaqədar boş auditoriyanın olmaması  (tədbir RXDU sosial və humanitar elmlər fakültəsinin akt salonunda keçirilməli idi)  səbəb gətirilərək nəzərdə tutulan mühazirənin baş tuta bilməyəcəyi barədə  üzrxahlıqla  xəbər verilir. Solmaz Rüstəmova-Tohidi  isə bu hadisəni məruzənin mövzusu ilə bağlı  bilavasitə  RXDU rəhbərliyinə  olunmuş təzyiqlərin nəticəsi hesab edərək son dərəcə təəssüf doğuran bir hal kimi qiymətləndirir:  “Mühazirənin keçirilməsi  azərbaycanlı və rusiyalı təşkilatçılar tərəfindən sentyabr ayının əvvəllərindən başlayaraq  bütün mərhələlərdə - rektorluq səviyyəsində razılaşdırılıb, “dəyirmi masa”da  iştirak edəcək alimlərin adları müəyyənləşdirilib, müvafiq hazırlıq işləri görülüb. Gülüstan müqaviləsinin Rusiya və İran dövlətləri arasında imzalandığına baxmayaraq, bu müqavilə Cənubi Qafqazda yaşayan xalqların, o cümlədən Azərbaycan xalqının və  həmin dövr artıq ayrı-ayrı dövlət qurumları kimi mövcud olan  xanlıqların nümunəsində formalaşmaqda olan Azərbaycan dövlətçiliyinin tarixində mühüm bir hadisə olub.  Məruzəmdə  Gülüstan və daha sonra Türkmənçay müqavilələrinin  bağlanmasına gətirib çıxaran tarixi hadisələri nəzərdən keçirtməklə, bu sənədlərin xalqımızın və dövlətçiliyimizin tarixində  mənfi və müsbət cəhətləri göstərmək nəzərdə tutulmuşdu. Azərbaycan xanlıqlarının guya Rusiya tərkibinə könüllü daxil olması kimi uzun illər sovet və Azərbaycan,  indi isə müasir  Rusiya  tarixçiliyində yer almış müddəaların heç də həqiqətə uyğun olmadığı, Gülüstan müqaviləsinin Azərbaycan xalqını ikiyə parçaladığı, milli Azərbaycan dövlətçiliyinin  tarixi - qanunauyğun yaranması prosesini elə ilkin mərhələdə pozduğu kimi məqamları Rusiya auditoriyasının diqqətinə çatdırmaq, bu müqavilə ilə İran və Türkiyə ərazilərindən ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi  siyasətinin əsasının qoyulduğunu  Rusiya mənbələrinə istinadən vurğulamaq məruzənin mühüm tezislərini təşkil edirdi. Eyni zamanda  Rusiya imperiyası tərkibində, yeni siyasi, iqtisadi, inzibati-hüquqi qaydalar sistemində Azərbaycan xalqının inkişaf yolunun mərhələləri, qabaqcıl rus və onun vasitəsilə Avropa mədəniyyəti ilə tanışlığı, Rusiya çarizm üsul-idarəsinin  xalqımıza qarşı yürütdüyü siyasətin  Azərbaycan  millətinin formalaşmasında rolu  və son nəticədə bütün bu amillərin 1918-ci ildə    demokratik əsaslar üzərində ilk milli Azərbaycan dövlətinin yaradılmasına gətirib çıxarması kimi müsbət məqamlar da məruzədə kifayət qədər yer almışdı. Məruzənin gedişində   elektron görüntü vasitələri ilə   xəritələr, cədvəllər, şəkillər, həmçinin  İrəvan qalası haqqında 5 dəqiqəlik video-rolik  nümayiş etdirmək də nəzərdə tutulmuşdu”.                               

 

Solmaz Rüstəmova-Tohidi hesab edir ki, Rusiyanın tanınmış ali məktəblərindən olan RXDU-nin tələbə və müəllim-professor heyətinin  Gülüstan müqaviləsi kimi həssas bir mövzunun Azərbaycan tarixçisinin şərhində dinləmək  imkanının qarşısının alınması heç də təsadüfi deyil. Onun sözlərinə görə, bu ilin əvvəllərindən başlayaraq Rusiyanın elmi-siyasi dairələrində və mediasında  Gülüstan müqaviləsinin  200 illiyi  ilə bağlı bir sıra yazılar dərc olunub.  Bu yazılarda həmin tarixi sənədi müasir Rusiya dövlətinin geopolitik maraqları baxımından şərh etmək cəhdləri açıq nəzərə çarpır. Onların arasında özünü  Beynəlxalq Yeni Dövlətlər İnstitutu (BYDİ)  adlandıran bir qurumun “Gülüstan sülh müqaviləsinin  müasir əhəmiyyəti. Siyasi məruzə” adlı bir yazı xüsusi diqqət doğurur.  Rusiya hökumətinə təqdim edilmiş bu məruzədə  dövrün bir sıra tarixi faktları açıq-aydın təhrif edilir, Rusiya imperiyası tərəfindən  regionun məhz hərbi işğalının nəticəsi kimi bağlanmış Gülüstan müqaviləsi Rusiyanın Cənubi Qafqaza “sülhün təminatçısı” kimi gəlməsinin yekunu kimi qiymətləndirilir.  “Siyasi məruzə”də  Rusiyanın  bu gün Cənubi Qafqazdakı  müasir  suveren respublikalar ilə  yanaşı,   “yeni dövlətlər” adı altında regiondakı separatçı  rejimlərlə, o cümlədən  “Dağlıq Qarabağ (Arsaq) Respublikası” ilə münasibətləri təhlil olunur və bu “yeni dövlətlərin”  tanınmasının bilavasitə Rusiyanın dövlət maraqlarına uyğun olması fikri aşılanır: “Məruzədə   “real surətdə baş tutmuş bir dövlət” kimi qələmə verilən “Dağıq Qarabağ Respublikası”nın getdikcə  “regionda  müstəqil oyunçu”ya çevrildiyi xüsusi  qeyd olunur.  Sənəddə  Gülüstan müqaviləsinin bağlandığı  1813-cü il  və 2013-cü il  Rusiyanın Qafqaz siyasəti arasında paralel aparılır,  Cənubi Qafqazda sülhün bərqərar olmasının  Rusiyanın dövlət maraqlarına uyğun olduğu göstərilir, həmin  sülhün “açarının” isə  məhz “Dağlıq Qarabağda” olduğu vurğulanır.  “Siyasi məruzənin” müəlliflərinin fikrincə, yalnız bu “yeni dövlətin ərazisinə” , yəni Dağlıq Qarabağa  Rusiyanın sülh məramlı hərbi kontingentinin  yeridiləcəyi, ona iqtisadi və humanitar dəstək veriləcəyi təqdirdə  Rusiya Federasiyası “böyük Rusiya  İmperiyasının hüquqi varisi  kimi bütün Qafqazda sülhün təminatçısı kimi çıxış edə bilər”.  Bu sənədin müəllifləri  Aleksey Martınov, Modest Kolerov, Stanislav Tarasov,  Oleq İvannikovun adları və mövqeləri azərbaycanlı oxuculara yaxşı  tanışdır. Rusiya  media cəmiyyətində  açıq-aydın  erməni  lobbisi funksiyasını yerinə yetirən bu “ekspertlər”in Qafqazda nəinki “sülhün bərqərar olacağına”,  əksinə  mövcud gərginliyin daha da dərinləşəcəyinə  səbəb ola biləcək sərsəm təkliflərinin  Rusiyanın siyasi dairələri tərəfindən dərk edildiyinə və  ciddi qəbul olunmadığına  ümid edərək bu “Siyasi məruzə”yə  əhəmiyyət verməmək olardı. Lakin bu cür “məruzələrdə”  irəli sürülən fikirlərin mütəmadi olaraq Rusiya ictimaiyyətinə yeridilməsi, onların müqabilində həmin tarixi hadisələrə və onların nəticələrinə  fərqli münasibət bildirən  digər tərəfin, indiki halda azərbaycanlı tarixçi alimin Rusiyanın elmi ictimaiyyəti qarşısında  məruzə etməsinə  maneə törədilməsi bu  proseslərin nəzarət altında olduğunu söyləməyə əsas verir”.                

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2668
avatar

Oxşar yazılar