Qüdrət Həsənquliyev: “Putinə yazılan məktubu oxuyanda xəcalət çəkdim” - MÜSAHİBƏ
26 avqust 2013 18:59 (UTC +04:00)

Qüdrət Həsənquliyev: “Putinə yazılan məktubu oxuyanda xəcalət çəkdim” - MÜSAHİBƏ

- Bu prezident seçkilərini digərlərindən fərqləndirən cəhətlərdən biri də namizədlərin sayının kifayət qədər çox olmasıdır. Yaranmış vəziyyəti necə dəyərləndirisiniz?

 

- Prezidentliyə namizədliyini irəli sürən şəxslərin sayının çox olmasını normal qəbul edirəm. Azərbaycan Respublikasının Konstitusiyasında prezidentliyə namizədlərlə bağlı müəyyən tələblər var və bu tələblərə uyğun gələn istənilən Azərbaycan vətəndaşı öz namizədliyini irəli sürə bilər, yaxud onun namizədliyi təşəbbüs qrupu, siyasi partiya və ya siyasi partiyalar bloku tərəfindən irəli sürülə bilər. Amma doğrusu, mən inanmıram ki, sənədlərini Mərkəzi Seçki Komissiyasını təqdim edən şəxslərin hamısı namizədliklərinin müdafiəsi üçün gərəkli olan 40 imzanı toplaya bilsinlər. Bunu öz təcrübəmizdən çıxış edərək deyirəm. BAXCP Azərbaycanın əksər bölgələrində kifayət qədər tərəfdarı və formalaşmış strukturları olan partiyadır. Buna baxmayaraq, partiyanın ayrı-ayrı rayon, şəhər təşkilatları və tərəfdarlarımız imzatoplama kampaniyası zamanı kifayət qədər problemlərlə qarşılaşırlar. Çünki insanlar bu kampaniyaya həvəslə qoşulmurlar. Bu baxımdan seçkilərdə fərdi qaydada iştirak edən, eləcə də ciddi təşkilati strukturları olmayan qurumları təmsil edən şəxslərin bu işin öhdəsindən gələ biləcəklərinə şübhə ilə yanaşıram.

 

- Namizədliyinizin müdafiəsi ilə bağlı imzatoplama kampaniyası necə gedir? Hər hansı bir qanun pozuntusu ilə qarşılaşmısınızmı?

 

- Seçki kampaniyasının gedişi ilə bağlı isə onu deyə bilərəm ki, bu günədək qanun pozuntusu ilə qarşılaşmamışıq. Kütləvi informasiya vasitələrində seçkilərdə iştirak edən digər şəxslər və partiyalara münasibətdə də hər hansı bir qanun pozuntusuna yol verildiyi barədə informasiyaya rast gəlməmişəm. BAXCP-nin üzvləri Azərbaycanın əksər rayonlarında müvafiq seçki dairələri üzrə imzatoplama kampaniyasına başlayıblar. Verilən son məlumata görə əksər rayonlarda imzatoplama kampaniyası başa çatmaq üzrədir. Artıq imza vərəqələrinin bir hissəsi partiyanın seçki qərargahına təqdim olunub. İmzaların toplanılması üçün partiyanın müəyyənləşdirdiyi son tarix sentyabrın 2-də başa çatır. Bundan sonra isə təxminən 2-3 gün müddətində imza vərəqələri seçki qərargahında yoxlanılacaq və prezidentliyə namizədin qeydə alınması üçün tələb olunan digər sənədlərlə birgə Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq. Hesab edirəm ki, bizim imza toplayan partiya üzvləri kifayət qədər məsuliyyətli və təcrübəli şəxslərdir. Şübhəsiz ki, azsaylı səhvlərin olması da mümkündür. Amma əminəm ki, qanunvericiliyin tələblərinə cavab verən ən səliqəli imza toplayan və təhvil verənlərdən biri də biz olacağıq. Bu baxımdan, düşünürəm ki,  partiyanın seçkilərə qatılması üçün hər hansı bir problem yaranmayacaq. Təbliğat kampaniyası başladıqdan sonra isə, BAXCP yenə də fərqli bir seçki texnologtyası ilə çıxış edəcək. Çalışacağıq ki, seçkilərdə ciddi mübarizə aparaq, öz ideyalarımızı, fikirlərimizi Azərbaycan cəmiyyətinə çatdıraq.

 

- Qüdrət bəy, bildiyiniz kimi Milli Şura artıq özünün ehtiyat namizədini müəyyənləşdirib. Amma yaranmış vəziyyət onu göstərir ki, Cəmil Həsənli Milli Şuranın ehtiyat yox, əsas namizədi kimi seçkilərdə iştirak edəcək…

 

- Hələ İctimai Palata vahid namizəd məsələsini müzakirə edəndə bildirmişdim ki, onlar üçün ən uğurlu namizədlər Cəmil Həsənli və ya Ərəstun Oruclu ola bilər. Yəni, bu şəxslərin namizədliklərinin üzərində dayansalar daha çox səs toplaya bilərlər.  Bununla yanaşı, bu şəxslərin də seçkilərdə qalib gəlmək şanlarının olmadığını söyləmişdim. Eyni zamanda qeyd etmişdim ki, Cəmil Həsənli və Ərəstun Oruclu həmin düşərgənin digər təmsilçiləri ilə müqayisədə daha çox səs toplaya və növbəti mərhələ üçün özlərini bir siyasi güc kimi qoruyub saxlaya bilərlər. Çox təəssüf ki, o zaman mənim məsləhətimə qulaq asmadılar. Mənim açıqlamamdan sonra Ərəstun Orucluya qarşı xoşəgəlməz, iyrənc bir kampaniya başladıldı. Ərəstun Oruclu da necə bir bataqlığa düşdüyünü gördü, ətrafındakı insanların nə qədər qeyri-səmimi olduqlarını anladı və o düşərgədən uzaqlaşdı. İndi özü müstəqil namizəd kimi seçkilərə qatılıb. Cəmil Həsənlinin namizədliyini isə çox urvatsız bir şəkildə irəli sürdülər. Həm də İctimai Palatanın yox, Milli Şuranın namizədi kimi… Və bu o zaman baş verdi ki, Milli Şura artıq Rusiyanın layihəsi kimi ifşa olunmuşdu. Siz bilirsiniz ki, Putinin Azərbaycana səfərinədək Milli Şuranın bütün siyasəti məhz Rusiya faktoru üzərində qurulmuşdu. Belə bir fikir aşılanırdı ki, Rusiya İlham Əliyevi növbəti dəfə prezident kimi görmək istəmir, buna görə də Rusiya Azərbaycanda hakimiyyəti dəyişəcək və onlar da hakimiyyətə gələcəklər. Putinin səfərindən sonra isə onlar çox sarsıdıcı bir iflas prosesi yaşadılar. Bundan sonra Milli Şuraya daxil olan partiyalar, o cümlədən İsa Qəmbər və Əli Kərimli seçkilərdə iştirakın mənasız olduğunu başa düşüb geri çəkildilər. Və çox urvatsız bir şəkildə Cəmil Həsənlinin namizədliyinin üzərində dayandılar. İndi isə nəinki Cəmil Həsənli, dünyanın bütün siyasi texnoloqları yığışsa da Milli Şuranı düşdüyü acınacaqlı durumdan, iflasdan xilas etmək mümkün olmayacaq. Əvvəla, mən daha öncə demişdim ki, Cəmil Həsənli, yaxud Ərəstun Oruclu, yəni adıçəkilən bu şəxslərdən biri İctimai Palatanın namizədi olarsa onlar nisbətən daha çox səs ala bilərlər. İndi isə onların hər ikisi seçkilərə qatılıb və bu da səslərin parçalanması deməkdir. Digər tərəfdən, Cəmil Həsənlinin namizədliyi daha öncə qeyd etdiyim kimi, Milli Şura iflasa uğradıqdan, bu qurumun Rusiyanın manipulyativ və uzaq strateji hədəfi olmayan layihəsi olduğuna şübhə qalmadıqdan sonra irəli sürüldü ki, bu da artıq onun milli güc kimi dəstək ala biləcəyinə ciddi şübhə yaradır. Əgər Cəmil Həsənli Milli Şuranın ifalasından sonra seçkilərə müstəqil namizəd kimi qatılsaydı daha çox səs qazana bilərdi. İndiki halda isə Cəmil Həsənlinin özü də, onun namizədliyini irəli sürənlər də Milli Şuranın prezidentliyə namizədinin bu seçkilərdə bir vasitə kimi iştirak edəcəyini etiraf edirlər. Yəni Cəmil Həsənli seçkilərə hakimiyyəti alıb Milli Şuradakı partiyalara ötürmək kimi bir missiya ilə görəvləndirilən şəxs kimi, vasitə kimi qatılır. Əgər o namizədliyini müstəqil şəkildə irəli sürsəydi və bəyan etsəydi ki, mən gələcəyəm və 5 il müddətində bu dövləti idarə edəcəyəm, bu təbii ki, onun namizədliyinin daha ciddi qəbul edilməsinə zəmin yaradardı. Amma indi Cəmil Həsənlinin seçkilərdə iştirakı 2 illik keçici bir dönəmə hesablanıb. Buna görə də, hətta Cəmil Həsənliyə şəxsi simpatiyası olan insanlar da onun seçkilərə Yusif Sərrac missiyası ilə qatıldığını yaxşı başa düşürlər. Amma bütün hallarda Milli Şuranın vahid namizədi əgər seçicilərin   1-2 faizinin səsini ala biləcəksə bunun yarısından çoxu Cəmil Həsənlinin cəmiyyətdə bir alim kimi tanınmasına görə, onun özünə görə olacaq. Milli Şuraya daxil olan partiyalara görə bu qurumun vahid namizədinin heç 1 faiz səs almaq imkanı belə yoxdur. Milli Şuraya daxil olan partiyalar bəyan etmişdilər ki. onların hər birinin Bakı şəhərində 5-6 min üzvü var. Əgər bunun real olduğunu qəbul etsək, o zaman belə anlaşılır ki, bu partiyaların üzvləri belə onları dəstəkləmirlər. Bunu sonuncu mitinq də sübuta yetirdi. Həmin mitinqdə Milli Şuradakı partiyaların funksionerlərindən özgə demək olar ki, heç kim iştirak etmirdi. Hətta bəzi partiyaların funksionerləri belə tam tərkibdə mitinqə qatılmamışdılar. Baxmayaraq ki, həmin şəxslər partiya rəhbərliyindən maaş alırlar. Bütün bunlardan sonra, həmin partiyaların siyasi güc mərkəzi kimi mövcudluqları ciddi şübhə doğurur.  

Onlar isə mənim bir müddət öncə dediklərimin üzərinə gəldilər. Amma çox gec və uğursuz bir şəkildə…

Yenə də onlara məsləhət görürəm ki, öz vahid namizədlərinə seçkidən sonra təzyiq etməsinlər və ona qarşı «seçkilərin nəticələrini tanıma», «seçilmiş prezidentin legtimliyini şübhə altına al» kimi mənasız və heç bir perspektiv vəd etməyən tələblər irəli sürməsinlər. Əksinə yaxşı olar ki, seçilmiş prezidenti təbrik etsinlər, ölkənin və cəmiyyətin inkişafı naminə əməkdaşlıq təklifində bulunsunlar. Radikal mövqedən əl çəksinlər. Çünki radikallıqla cəmiyyətdə heç nəyi dəyişmək mümkün deyil. Cəmiyyət o zaman dəyişikliyə gedir ki, onun özü buna hazır olsun. Belə olacağı və liderlərini dəyişəcəkləri təqdirdə növbəti mərhələdə nəyə isə nail ola bilərlər. Yaxşı olar ki, Milli Şuraya daxil olan partiyalar bir siyasi təşkilatda birləşsinlər və Cəmil Həsənli də həmin təşkilatın sədri olsun. Bu ideyanı qəbul edərlərsə növbəti parlament seçkilərində onların parlamentdə təmsil olunmaq imkanları yarana bilər. Amma Milli Şura ilə bağlı yaranmış vəziyyət bu qurumdakı partiya sədrlərinin nə qədər səriştəsiz, məsuliyyətsiz və qabiliyyətsiz davrandıqlarını ortaya çıxartdı. Bu vəziyyət onların bu günə kimi özlərinə xitabən bəyan etdikləri «mili qüvvə», «mili-demokratik qüvvə» iddialarının da nə qədər puç və əsassız olduğunu sübuta yetirdi. Rusiyadan, İrandan dəstək gözəmək, həm də demokratiyanın inkişafı istiqamətində dəstək gözləmək, onların dəstəyilə Azərbaycanda hakimiyyətə gəlməyi düşünmək, bu istiqamətdə fəaliyyətə qoşulmaq və eyni zamanda «mili demokratik qüvvə» adına iddia etmək qədər təzadlı düşüncəyə, ziddiyyətli mövqeyə rast gəlmək mümkün deyil. Baş verənlər sübuta yetirdi ki, bu adamlar nəyin bahasına olursa olsun hakimiyyətə gəlmək, həm də öz ölkələrində dəhşətli rejim yaratmış insanların dəstəyilə iqtidara yiyələnmək istəyirlər. Burada heç bir millilikdən, demokratik düşüncədən söhbət gedə bilməz. Sözün doğrusu, onların Putinə yazdıqları məktubu oxuyanda xəcalət çəkdim. Elə bil bu məktubu Putinə yox, Nelson Mandelaya yazıblar… Bununla da özlərini tamilə ifşa etdilər. Yaxşı olar ki,  çətin də olsa özlərində güc tapıb öz partiya yoldaşlarına sonuncu yaxşılıqlarını etsinlər: Üsulu siyasətdən getsinlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1266
avatar

Oxşar yazılar