Və ya erməni ideoloqlarının «informasiya mübarizəsi» mədəniyyətinə bir nəzər
Adətən informasiya mübarizəsi onu aparan dövlətin imicinə xidmət edir. Klassik və ümumqəbul olunan informasiya mübarizəsi özünün ən sərt formasında belə dövlətin imicini şübhə altında qoymamalıdır. Əks təqdirdə dövlət nəinki beynəlxalq, hətta daxili səviyyədə belə legitimliyinin itirilməsi təhlükəsi ilə üzləşə bilər. Bu səbəbdən dövlətlər xüsusən bir-birlərinə qarşı apardıqları informasiya mübarizəsində arqumentlərinin həqiqilik və əsaslılıq dərəcəsinə xüsusi önəm verir, qarşı tərəfin xalqını deyil, məhz dövlət-hakimiyyət strukturlarını hədəfə alırlar. Son dövrlərin beynəlxalq səviyyədə aparılan ən nümunəvi «informasiya mübarizəsi» hallarına nəzər yetirdikdə tərəflərin məhz göstərilən standartlar çərçivəsində hərəkət etdiyi, bu oyun qaydasını qarşı tərəfə deyil, ilk növbədə özünə qarşı hörmət əlaməti kimi tətbiq etdiyinin şahidi oluruq.
«Qarayaxma kampaniyası»nı (və ya hamının başa düşdüyü kimi «Qara Piar») adətən geniş təmsilçilik və maddi rıçaqlara malik terrorçu qrupların nümunəsində cinayətkar subyektlər həyata keçirir. Bu da göstərilən tərəflərin əməllərinin, müvafiq olaraq da təlbiğat fəaliyyətinin hər hansı hüquqi və ya əxlaqi normalarla əsaslandırılması, izah edilməsinin mümkünsüzlüyü ilə bağlıdır.
1994-cü ilin may ayında atəşkəsə dair razılığın əldə olunmasından sonra fəal hərbi əməliyyatlara son verilməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində mübarizənin episentrinin mühüm ölçüdə informasiya cəbhəsinə meyllənməsinə əsas yaratdı. «Nə hərb, nə sülh» status-kvosunun doğurduğu vəziyyət labüd olaraq informasiya mübarizəsinin aktuallığını şərtləndirməyə başladı. Etiraf etmək lazımdır ki, informasiya mübarizəsi sahəsində erməni tərəfinin, xüsusən bu xalqın ifrat millətçi kəsimlərinin «zəngin təcrübəsi» mövcuddur. Müvafiq informasiya mübarizəsi strateji mənada bu xalqın ideoloqlarının xəyal dünyasının əsrlərdir ki dəyişməyən və ən ümdə məhsulu olan «Böyük Ermənistan» adlı fövqəl şüur layihənin həyata keçirilməsinə yönəlib.
İnformasiya mübarizəsi və təbliğat kampaniyasının erməni millətçiliyi nümunəsi «oyun qaydaları» və əxlaq kodeksinin mütləq çatışmazlığı ilə xarakterizə edilə bilər. Erməni ideoloqları və bu ideologiyanın icraçıları öz cinayətlərini məzlum və əzilən insan obrazının arxasında ustalıqla gizlətmək və bu «həqiqətə» hər kəsi inandırmaq qabiliyyəti ilə seçilirlər. Uzun illər ərzində erməni ideoloqları tərəfindən idarə olunan bu cür təbliğat mexanizmi bu millətin yetişən gənc nəslinin təsəvvürlərində artıq yalanın «həqiqilik obrazı»nın təlqin olunması baxımından dərin iz buraxmışdır. Məşhur bir təbliğat ustasının («yalan ustası» kimi də oxuna bilər) ifadə etdiyi kimi – «əgər siz kifayət qədər böyük bir yalan danışıb, bunu dəfələrlər təkrar etsəniz, nəticədə insanlar ona inanacaqlar».
Erməni millətçiləri tərəfindən irəli sürülən təbliğatın mahiyyətinin kompleks təhlili göstərir ki, bu ölkənin ideoloqlarının hədəfi ilk növbədə daxili auditoriyadır. Erməni ideoloqları öz yalanlarına ilk öncə erməni xalqını, xüsusən də yetişməkdə olan gənc nəsli inandırmağa çalışırlar. Daha doğrusu gənc nəsli bu yalanla yetişdirməyi, tərbiyə etməyi hədəfləyirlər. Bu səbəbdəndir ki, erməni millətinin mənsubları dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq daim «mübarizə aparırlar». Və bu «mübarizə» heç bir zaman bitmir, çünki bitmək üçün nəzərdə tutulmayıb. Erməni kimliyi «özünü-təsdiq» üçün əbədi hədəf axtarışındadır. Erməni millətçilərinin Qafqaz coğrafiyasına səpələnmiş subyektləri yaşadıqları ölkələrdə «ərazi iddiası», «milli-mədəni hüquqları»nın pozulması, «vicdan azadlığı» hüquqlarının təmin olunmaması kimi «problemlərinin» həlli uğrunda savaşırlar. Sual olunur – nəyə görə bir xristian ölkəsi olan Gürcüstanda yaşayan müsəlmanlar «vicdan azadlığı» hüquqlarından şikayətçi deyil, lakin xristian erməniləri özlərinin dini statusundan şikayətçidirlər?
Etiraf etmək lazımdır ki, uzun illər ərzində formalaşmış erməni təbliğat məktəbi son dərəcə sistematik və çoxsəviyyəli fəaliyyət mexanizminə malikdir. Erməni millətçiliyinin təbliğatı yalanın ağlasığmazlığına hesablanıb. Yalan nə qədər ağlasığmaz və ürküdücü olarsa, bir o qədər inandırıcı olar. Çünki ağlasığmaz yalanın həqiqilik dərəcəsinin ölçülməsi mürəkkəbdir. Ermənilərin hədəfi həqiqətə deyil, nəticənin əldə olunmasına hesablanıb. Təhrif edilmiş milli tarix, başqalarının təhrif edilmiş tarixi, «süni düşmən obrazları» və buradan irəli gələn hər hansı rasional və tarixi məntiqə malik olmayan hədəflər – bütün bunlar ideoloqlarının erməni xalqına və dünya ictimaiyyətinə hesablanan informasiya mübarizəsinin ümumi mahiyyətini təşkil edir. Və təəssüf ki, erməni xalqı - ideoloqları tərəfindən onlara təlqin edilən «informasiya mübarizəsi» ideologiyasının əsiri olmaqda davam edir. Bu ideoloji əsarət o qədər dərin və hərtərəfli səciyyəyə malikdir ki, hazırkı, hətta yetişməkdə olan nəslin ondan qurtulması mümkünsüz görünür.
Bu gün də erməni ideoloqlarının bütün təbliğat potensialı «tarixən əzilən», «məhkumiyyətlərə məhrum olan», «başqa xalqlar, xüsusən də türklər tərəfindən ən müxtəlif formalarda hüquqları tapdanan» «erməni milləti» obrazının yaradılmasına yönəlib. Erməni ideoloqları üçün «məqsəd hər zaman vasitəyə haqq qazandırır». Bir sıra hallarda Dağlıq Qarabağ münaqişəsi tərəflərini məqsədli şəkildə «xristian» və «müsəlman» ifadələri ilə səciyyələndirib bu əsasda vahid dini baxışlara ümid edərək Qərb ictimaiyyətinin təəssübkeşliyini qazanmağa çalışan, əksər hallarda da təəssüf olsun ki, buna nail olan erməni ideoloqları üçün hər hansı müqəddəs dəyər mövcud deyil. Təəssüf hissi ilə qeyd etmək istərdik ki, bu kimi manevrlər və ümumiyyətlə aparılan «qara piar» kampaniyası bəzən öz əksini hətta beynəlxalq nüfuza malik mühüm KİV resursları və internet portallarında taparaq insanların şüurunda «həqiqətin təhrif edilmiş obrazı»nın formalaşmasına əsas yaradır. Məsələn, işğal faktı qeyd olunur, lakin bu hal əsasən keçmiş «Dağlıq Qarabağ Muxtar Vilayəti» ətrafındakı yeddi rayonla əlaqədar istifadə edilir. Bir sıra hallarda isə ümumiyyətlə «işğal» ifadəsindən məqsədyönlü yayınma meyllərinə rast gəlinir. Və ya Ermənistan işğalçı tərəf kimi deyil, daha çox «Dağlıq Qarabağ anklavında məskunlaşan erməniləri dəstəkləyən» dövlət kimi təqdim edilir. Halbuki Azərbaycan Respublikası ərazilərinin, o cümlədən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin işğal olunması beynəlxalq hüququn məntiqindən irəli gələn və əlavə sübuta ehtiyacı olmayan təbii reallıqdır.
Digər diqqətçəkən məqam, Ermənistanda fəaliyyət göstərən bir sıra KİV-lərdə, o cümlədən İnternet forumlarda Azərbaycana qarşı aparılan informasiya müharibəsinin daha aqressiv yürüdülməsi, türk varlığına nifrətin aşılanması və bu konteksdə ölkəmizdə milli münaqişə yaratmaq niyyətinin güdülməsidir. Belə informasiya resurslarının çətirinin Ermənistanın aidiyyəti rəsmi orqanları tərəfindən təmin edilməsi şübhə doğurmur. Bu da onu göstərir ki, işğalçı ölkənin hədəfi - təkcə Qarabağın Azərbaycandan hüquqi cəhətdən də qoparılması deyil, həm də ümumən Azərbaycan xalqının milli birliyidir.
Digər bir təəssüf doğuran hal dünyanın bir-sıra kitabxanalarının (xüsusən Qərb dövlətlərinin) biblioqrafiya qeydlərindən Azəbaycan həqiqətlərinin təbliğinə xidmət edən vəsaitlərin adlarının çıxarılması ilə bağlıdır. Belə düşünmək olar ki, məqsədöyönlü xarakter daşıyan müvafiq hallar xaricdə fəaliyyət göstərən və inzibati səviyyələrdə təsir imkanlarına malik erməni diasporu mənsublarının «xidmətləri» sayəsində mümkün olur.
XX əsrin sonu XXI əsrin əvvəli Cənubi Qafqaz regionunda yerləşən dövlətlər və yaşayan xalqlar üçün gələcəyə hesablanmış həyati əhəmiyyətə malik münasibətlər sisteminin formalaşmağa başladığı bir dövr idi. SSRİ-nin süqutu və «Soyuq müharibə»nin başa çatması ilə yeni geosiyasi reallığa qədəm qoyan bu dövlətlər və xalqlar belə demək mümkündürsə, hər şeyə sıfırdan başlamalı oldular. Müvafiq dövr özünün keçid xarakteri nə qədər çətin olsa da, hər halda yeni başlanğıc, keçmişdən nəticə çıxarmaq, gələcəyin daha rasional əsaslarının qoyulması baxımından müstəsna bir şans idi. XXI əsrin ikinci onilliyiin pəncərəsindən bu dövrü nəzərdən keçirdikdə belə bir qənaətə gəlirik ki, erməni xalqı Ermənistan dövlətinin timsalında bu müstəsna və tarixi şansı yetərincə dəyərləndirmədi. Cənubi Qafqazın qlobal münasibətlər sistemində mövqeyinin şəkilləndiyi, yeni çoxtərəfli əməkdaşlıq münasibətlərinin formalaşdığı, real inteqrasiya mexanizmlərinin tətbiq edildiyi bir dövrdə Ermənistan dövləti və erməni millətçiliynin ideoloqları öz xalqını müharibə və «erməni məsələsi» adlı rasional kimlikdən məhrum olan «problemlər layihəsi»nin təbliğinə xidmət edən informasiya mübarizəsinin və işğal siyasətinin əsirinə çevirdi.
Ermənistan dövləti 20 ildən çoxdur ki, Azərbaycan Respublikasının torpaqlarının təqribən 20 faizini işğal altında saxlayır. İyirmi il hər hansı bir dövrün yekunu ilə bağlı dəyərləndirmə aparmaq və qənaət ifadə etmək üçün kifayət qədər yetərli bir müddətdir. O zaman sual olunur - «bu işğal ermənin xalqına (Ermənistan dövlətinə və Qarabağdakı separatçı rejimə deyil, məhz erməni xalqına) nə verib? Çünki hər hansı fəaliyyətin konkret əsaslandırılmış, düşünülmüş məqsədi olmalıdır, o ki qaldı qonşu dövlətin beynəlxalq birlik tərəfindən tanınmış ərazisinin işğalı – bunun üçün milli təhlükəsizlik və milli maraqlar müstəvisində elə bir əsaslandırılmış səbəs olmalıdır ki, atılan addımın məsuliyyəti indiki və gələck nəsillərin, beynəlxalq birliyin və beynəlxalq hüquun nəzər diqqətində heç bir şübhə, tərəddüd predmeti təşkil etməsin. Erməni xalqını bir daha düşünməyə dəvət edirik. Axı xristianlığın peyğəmbəri Həzrəti İsa da buyurmuşdur kimi - «susduğun zaman belə düşünmürsənsə, deməli vaxtını hədər yerə sərf etmiş olursan». Ermənistanın hazırkı inkişaf səviyyəsinə nəzər yetirdikdə bu işğalın qonşu dövlətə hər hansı iqtisadi divident gətirmədiyini aydın görə bilərik. Əksinə işğal olunmuş torpaqlardakı rejimin saxlanılması İrəvan üçün maddi anlamda ağır bir yük təşkil edir.
Ermənistanın işğal faktı əhali yerləşdirmə motivi ilə də əsaslandırıla bilməz. Çünki ölkə əhalisinin təbii artımında qeydə alınan ümumi mənfi dinamika, xaricə üz tutan əmək miqrantları və əcnəbi ölkələrdən sığınacaq istəyən ölkə vətəndaşlarının sayı o həddə çatıb ki, hazırda Ermənistan dövləti öz sərhədləri daxilində belə məskunlaşdırma potensialını realizə edə bilmir, o ki qaldı işğal edilmiş torpaqlarda insanların yerləşdirilməsi. Xarakterik haldır ki, 1994-cü ildən sonra işğal edilmiş torpaqların məskunlaşdırılmasını özünün anneksiya siyasətinin ən vacib prioriteti elan edən, bütün maddi və müvafiq təbliğat resurslarını bu istiqamətə yönəldən Ermənistan dövləti son 18 ildə bu istiqamətdə demək olar ki hər hansı ciddi məsafə qət edə bilməmişdir.
Bu və digər faktların təhlili ilə Azərbaycan torpaqlarının işğalının Ermənistan xalqı üçün hər hansı üstünlük təmin etmədiyini aşkar surətdə görmüş oluruq. Lakin eyni sözləri Ermənistan dövləti və separatçı rejim barəsində demək olmur. Etiraf etmək lazımdır ki, Azərbaycan torpaqlarının işğalı prosesinin əsas oyunçuları olan hazırkı Ermənistan iqtidarı və separatçı rejimin elitası bu günkü mövqeyinə və maddi səltənətinə görə məhz «anneksiya siyasəti»nin davam etdirilməsinə borcludurlar. Bu məqamı dolayısı ilə Ermənistanın sabiq prezidenti Robert Koçaryan Avropa Şurası Parlament Assambleyasının tribunasından da şəxsən etiraf etmişdir. Başqa sözlə, sadə Ermənistan vətəndaşı üçün Azəbaycan torpaqlarının işğalı heç nə vəd etmədiyi kimi, bu ətrafda rəsmi İrəvan və onun ideoloji təsiri altında qalan subyektlər tərəfindən yürüdülən «informasiya mübarizəsi»nin («qara piar» kampaniyası kimi də oxuna bilər) də onlara hər hansı üstünlük gətirmədiyi yəqindir.
On illərdir yürüdülən və xarici ölkələrdəki erməni diasporunun «ümumi dərdi» olan «Osmanlı dövləti tərəfindən soyqırıma məruz qalmaları» ilə bağlı təhrif edilmiş faktlar və rəqəmlər toplusundan ibarət kampaniyanı da eyni məntiq müstəvisindən nəzərdən keçirmək olar.
Yazının əvvəlində də qeyd etdik – «informasiya mübarizəsi» hər hansı subyektin öz statusu ilə bağlı həqiqətlərin çatdırılmasına xidmət edən labüd fəaliyyət formasıdır. Bu fəaliyyətin subyekti olmaq normal bir təzahürdür. Bu gün Azərbaycan Respublikası da bütün daxili və xarici resurslarından istifadə etməklə fəal informasiya mübarizəsi aparır. Azərbaycan Respublikasının Prezidenti bilavasitə informasiya mübarizəsində «hücum taktikası»nın əsas götürülməsinin vacibliyini vurğulamışdır. Lakin Ermənistandan fərqli olaraq ölkəmizin apardığı informasiya mübarizəsi «yalanın təbliği və həqiqət kimi təqdiminə» deyil, həqiqətin özünün çatdırılmasına xidmət edir. Azərbaycanın informasiya mübarizəsi hər hansı digər dövlətə və ya xalqa qarşı ərazi, milli, mədəni və sair mümkün iddialarla yüklənməmişdir. Bizim informasiya mübarizəmiz sadəcə olaraq pozulmuş hüquqlarımızın və tarixi ədalətin bərpasına yönəlib. Azərbaycan tərəfinin informasiya mübarizəsində istinad etdiyi – torpaqlarımızın işğalı, xalqımıza qarşı müxtəlif dövrlərdə həyata keçirilmiş etnik təmizləmə, soyqırım, deportasiya siyasətləri, mədəni-tarixi abidələrimizin məqsədyönlü surətdə məhvi, özününküləşdirilməsi, qaçqın və məcburi köçkün problemimiz və sair bu kimi faktlar «saxta təxəyyül məhsulu» olmayıb real maddi və əyani sübutlara əsaslanır.
Xəzər Təbrizi